Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-876/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X8 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8367/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 9A ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi, ümumi ərazisi 588,2 kv.m olan torpaq sahəsinə hüququn 27 fevral 1985-ci il tarixdə vəfat etmiş X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-8367/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 9A ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi, ümumi ərazisi 588,2 kv.m. olan torpaq sahəsinin X5 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 588,2 kv.m olan torpaq sahəsinə hüququn ölmüş şəxsə, yəni X5 məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabehə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, həmin evlə bağlı təqdim edilən hüquqmüəyyənedici sənədlərlə bağlı arxivdə heç bir məlumat aşkar edilməmişdir və elektron kadastr baza məlumatına əsasən texniki pasportla faktiki vəziyyət arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqləri mövcuddur. Bundan başqa, təqdim edilmiş texniki pasporta əsasən yaşayış evinə bitişik və həyətyanı torpaq sahəsində əlavə köməkçi tikililər inşa edilmiş və texniki pasportda göstərilən həyət tikililəri isə sökülmüşdür. Əlavə olaraq, fərdi yaşayış evinin ümumi sahəsi faktiki olaraq 65,9 kv.m təşkil edir. Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın dəqiqliyinə riayət olunması qanunvericilik qaydasında qeydiyyat orqanının üzərinə vəzifə kimi qoyulmuşdur. Cari iş üzrə müraciət olunan əmlakın qeydiyyatının aparılması reyestrin dəqiqliyi prinsipinə ziddir. Belə ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair təqdim edilən hüquqmüəyyənedici sənədlərlə bağlı arxivdə heç bir məlumat aşkar edilməmişdir. Belə olan halda inzibati orqan tərəfindən reyestrin dəqiqliyinin yoxlanılması və təmin olunması ilə qeydiyyat aparılması qeyri-mümkündür. Həmçinin texniki pasportla daşınmaz əmlakın faktiki vəziyyəti arasında bir çox uyğunsuzluqlar müəyyən olunmuşdur. Belə ki, elektron kadastr baza məlumatına əsasən texniki pasportla faktiki vəziyyət arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqləri mövcuddur. Bundan başqa təqdim edilmiş texniki pasporta əsasən yaşayış evinə bitişik və həyətyanı torpaq sahəsində əlavə köməkçi tikililər inşa edilmiş və texniki pasportda göstərilən həyət tikililəri isə sökülmüşdür. Əlavə olaraq bildirilir ki, fərdi yaşayış evinin ümumi sahəsi faktiki olaraq 65.9 kv.m, torpaq sahəsi isə 926.2 kv.m təşkil edir. Göründüyü kimi, barəsində heç bir məlumat aşkar olunmayan sənəd müvafiq daşınmaz əmlakın faktiki vəziyyətinə də tam uyğun olmamaqla, mötəbərliyinə dəlalət edən heç bir əsas qeyd olunmadan məhkəmə tərəfindən hüquqmüəyyənədici sənəd kimi qəbul olunaraq cavabdehin üzərinə əsassız öhdəlik qoyulmuşdur. Daha əvvəl də qeyd edildiyi kimi, texniki pasportla daşınmaz əmlakın faktiki vəziyyəti arasında bir çox uyğunsuzluqlar müəyyən olunmuşdur. Belə ki, elektron kadastr baza məlumatına əsasən texniki pasportla faktiki vəziyyət arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqləri mövcuddur. Göründüyü kimi, iddiaçıya məxsus olduğu iddia olunan sahənin naturada yerləşmə vəziyyəti faktiki vəziyyətindən bir çox vacib xüsusiyyətlərinə görə fərqlənir. Belə uyğunsuzluğun aradan qaldırılması qeydiyyat orqanının vəzifəsi deyildir. Belə ki, vətəndaşlara ayrılan sahələrin naturada yerinin düzgün müəyyən olunması və texniki göstəricilərin hüquqmüəyyənədici sənəddə düzgün əks olunması müvafiq daşınmaz əmlakı ayıran və sənədi tərtib edən orqanın (qurumun) vəzifəsidir. Belə uyğunsuzluq mövcud olduğu halda isə qeydiyyat orqanının qeydiyyatın həyata keçirilməsindən imtinası əsaslıdır. Məhkəmə tərəfindən qeyd olunan uyğunsuzluqlar tam və ətraflı araşdırılmamış, sənəd üzrə həm yaşayış evi, həm torpaq sahəsinin ölçü, sahə, konfiqurasiya fərqləndiyi halda, eyniləşdirmə və uyğunsuzluğun araşdırılması tam həyata keçirilmədən iddiaçı tərəfindən iddia olunan, mötəbərliyi heç bir əsasa söykənməyən sənəddə qeyd olunan göstəricilərə dair məhkəmə qərarı çıxarılmışdır. İddiaçı tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd edilir: Birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün iddiaçının “qanuni gözlənti”si var. Belə ki, vəfat etmiş arvadına atasından miras qalmış əmlak onun vərəsəsi olaraq iddiaçının mülkiyyətinə aid olmalıdır. Belə olan təqdirdə birinci instansiya məhkəməsi düzgün olaraq hesab edib ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh idarənin apellyasiya şikayətinə etirazının digər bir dəlili kimi qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Onun cavabdeh tərəfindən tələbindən imtinaya isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsində qeyd edilən əsaslardan heç biri yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 3 fərdi yaşayış evinin mərhum X4 adına qeydiyyata alınmasına, habelə həmin ünvan ilə bağlı onun adına ilkin texniki pasportun tərtib edilməsinə dair məlumat (sənəd) aşkar edilməmişdir. İş materiallarında olan Qaradağ rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci ildə verilmiş AZ-İİ seriyalı, 244107 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 yanvar 2022-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Qaradağ rayonu Qızıldaş qəsəbəsi İK tərəfindən xx.xx.1985-ci ildə verilmiş İİİ-JQ seriyalı, 292545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27 fevral 1985-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sorğuya əlavə edilmiş texniki pasportun təsdiq edilmiş surətinin verilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sorğuya ksero surəti əlavə edilmiş Bakı şəhəri, Qızıldaş qəsəbəsi, Az.N.S, 9a saylı fərdi yaşayış evi ilə bağlı tərtib olunmuş texniki pasport haqqında idarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xudmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 20 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi- qızı X7 tərəfindən Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.1985-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi- qızı X2 ərizəsi əsasında tərəflərindən V-372/2017 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və mərhumun əri İddiaçı tək vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi-ünvanında yerləşən 9A nömrəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd - çıxarış verilməsi xahiş edilmişdir. İş materiallarında olan texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, X5 məxsus Qızıldaş qəsəbəsi (AZNS), 9A saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1978-ci ildə X4 adına “Şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir. Texniki pasporta əsasən fərdi yaşayış evi 588,2 kv.metr həyətyani torpaq sahəsində inşa edilmişdir. Cəmi tikinti sahəsi 134,5 kv.m, həyət 453,7 kv.m, cəmi torpaq sahəsi 588,2 kv.m təşkil edir. Texniki pasportda evin plan-cizgisi də göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının müraciəti əsasında ünvan 7 ünvanına baxış keçirilmişdir, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.05882 ha-dır. Torpaq sahəsi hasar daxilindədir, 3 tərəf qonşu, 1 tərəf boşluq, 1 tərəf yoldur. Arxiv texniki pasportunda göstərilən “A” yaşayış evi mövcuddur, evə bitişik köməkçi otaq inşa edilmişdir. Texniki pasportda göstərilən həyət tikililəri sökülmüşdür, torpaq sahəsinin konfiqurasiya fərqi vardır, 338.0 kv.m əlavə torpaq vardır, ********** ərizə nömrəsi ilə müraciət olunmuşdur, faktiki vəziyyətə baş plan tərtib edilmiş, koordinat əlavə olunmuşdur. Baş plan və koordinatlar müayinə aktına əlavə edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. İşin faktiki hallarından görünür ki, iddiaçı X5 məxsus Qızıldaş qəsəbəsi (AZNS), 9A saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1978-ci ildə X4 adına “Şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir. Texniki pasporta əsasən fərdi yaşayış evi 588,2 kv.metr həyətyani torpaq sahəsində inşa edilmişdir. Cəmi tikinti sahəsi 134,5 kv.m, həyət 453,7 kv.m, cəmi torpaq sahəsi 588,2 kv.m təşkil edir. Texniki pasportda evin plan-cizgisi də göstərilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xudmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 20 avqust 2022-ci il tarixli məktubundan görünür ki, X4 xx.xx.1985ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi- qızı X2 ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və mərhumun əri İddiaçı tək vərəsə kimi tanınmışdır, icraatda olan vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi-ünvanında yerləşən 9A nömrəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd - çıxarış verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının (həmin fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı») tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Qeyd olunan sənədin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh qeyd olunan ünvan ilə bağlı tərtib olunmuş texniki pasport haqqında idarənin arxivində hər hansı məlumatın aşkar edilmədiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəməyə kollegiyası qeyd edir ki, bu, imtina üçün əsas hesab edilmir. Belə ki, sənədlərin arxivə verilməsi və arxivdə saxlanılması hallarına görə iddiaçı cavabdehlik daşımır. Bu, inzibati orqanların vəzifələrinə aiddir. Bundan başqa, iddiaçıda texniki pasportun əsli vardır və notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Eləcə də məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədin (Texniki pasport) qeyri-mötəbərliyi ilə bağlı inzibati orqan tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Əksinə, həmin texniki pasportun təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənəd mötəbər sübut qismində qiymətləndirilir. Təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və sənəddə torpaq sahəsinin ölçüləri barədə məlumat qeyd edilməklə iddiaçının faktiki sahibliyində olduğundan və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən sənədin arxiv nüsxəsinin mövcudluğunun müəyyən olunmaması daşınmaz əmlakın X5 məxsusluğu barədə arayışın verilməsi üçün maneə hesab edilə bilməz. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8367/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.