Məhkəmə qərarları › İş №2-1(103)-877/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-877/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-877/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseyn sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)- 5091/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 05.09.2008-ci il tarixdən, 55 yaşdan iddiaçıya 2004- 2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. O, uzun müddət zərərli iş sahəsində işlədiyinə görə 2010-cu ildən, 57 yaşından güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin onun pensiyasının vaxtı düzgün hesablanmamışdır. Belə ki, o, 24.09.1971-ci il tarixdən 01.11.1972-ci il tarixədək Azərbaycan SSR Elmlər Akademiyasında çilingər peşəsində işləmişdir. 25.11.1972-ci ildən 19.11.1974-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 31.12.1974-cü il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli fəhlə peşəsinə qəbul edilmişdir. 12.09.1975-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. 17.11.1975-ci il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli yardımçı fəhlə peşəsinə qəbul edilmişdir. 25.07.1977ci il tarixdə 2-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. 29.02.1980-ci il tarixdə 3-cü dərəcəli çilingər keçirilmişdir. 29.12.1980-ci il tarixdə 2-ci dərəcəli bənna ikinci peşəsi verilmişdir. 18.11.1983-cü il tarixdə 1-ci dərəcəli qaz ilə kəsən ikinci peşəsi verilmişdir. 05.05.1986-cı il tarixdə 2 nömrəli sexə 2-ci dərəcəli qaz ilə kəsən peşəsinə keçirimişdir. 11.02.1992-ci il tarixdə Petrov adına maşınqayırma zavodunun adı Zabrat maşınqayırma zavodu adlandırılmışdır. 24.02.1992-ci il tarixdə “Turan” kiçik müəssisəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. 24.02.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək “Turan” kiçik müəssisəsinə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. 01.09.1992-ci il tarixdə Zabrat maşınqayırma zavoduna 4-cü dərəcəli qaz ilə kəsən vəzifəsinə qəbul edilmişdir. 19.04.2004-cü il tarixdə işdən azad edilmişdir. 20.04.2004-cü il tarixdə “SDL Denholm LTD” şirkətinin filialında boru çilingəri peşəsinə qəbul edilmişdir. 31.03.2017-ci il tarixdə işdən azad edilmişdir. İddiaçının 24.09.1971-ci il tarixdən 01.01.2006-cı il tarixədək 34 il 1 ay 25 gün ümumi əmək stajı vardır. 18.11.1983-cü il tarixdən 01.08.1997-ci il tarixədək qaz ilə kəsən peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 13 il 2 ay 6 gün xüsusi stajı vardır. Onun 24.09.1971-ci il tarixdən 01.08.1997-ci il tarixədək 25 il 5 ay 26 gün ümumi əmək stajı vardır. Ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajının mövcud olması tələb olunur.Onun xx.xx.1953-cü ildə anadan olduğunu nəzərə alaraq 01 avqust 1997-ci il tarixədək 12 il 6 aydan çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı və 25 ildən artıq ümumi iş stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü və 67-ci maddələrinə müvafiq olaraq 55 yaşdan, yəni 05.09.2008-ci il tarixdən yaranmışdır. Beləliklə, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, onun 55 yaşının tamam olduğu 05.09.2008-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Bununla əlaqədar olaraq o, 55 yaşının tamam olan vaxtdan, həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin İdarədən ona ünvanlanmış 03 iyun 2020-ci il tarixli cavab məktubunda onun müraciətinin təmin olunmasından imtina edilmişdir. 15.09.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. 12.11.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 05 sentyabr 2008-ci il tarixdən (55 yaşdan) əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin iddiaçının pensiya hüququnun yarandığını hesab etdiyi 05.09.2008-ci il tarixində qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni həmin tarixdə kişilərə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün iki şərtə cavab verilməsi tələb edilirdi: 1) 57 yaşa çatma; 2) 25 il ümumi staja malik olub onun 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrdə işləmiş olma. Yəni həmin tarixdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün o, qeyd olunan iki tələbə də cavab verməli idi. İddiaçı isə həmin tarixdə 57 yaşına çatmamışdı, buna görə də, ona müvafiq pensiya təyin edilə bilməzdi. İddiaçı iddia ərizəsində belə bir hüquqi əsasa istinad etmişdir ki, “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajının mövcud olması tələb edilirdi.” İddiaçının belə bir qənaətə gəlməsinin əsasının nə olduğu bəlli deyil. Nə mövcud qanunvericilikdə, nə də iddiaçının pensiya hüququnun yarandığını hesab etdiyi 05.09.2008-ci il tarixində belə bir istisna nəzərdə tutulmamışdı. İstisna yalnız Qanunun 9.8-ci maddəsi ilə müəyyən olunmuşdur ki, orada da söhbət 01 avqust 1997-ci il tarixinədək deyil, 01.01.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış şəxslərin həmin tarixədək qüvvədə olmuş yaş həddindən güzəştli şərtlərlə pensiyaya çıxa biləcəyindən gedir. İddiaçıya isə, hətta 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla pensiya təyin edilsə idi belə, yenə də 57 yaşdan təyin ediləcəkdi. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Yəni 01.01.2006-cı ilə qədər belə bu yaş həddi artıq 57-ə çatdırılmışdı. Buna görə, nəinki 2008-ci, hətta 2002-ci ildə 55 yaşı olsa idi belə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 55 yaşdan deyil, 57 yaşdan təyin ediləcəkdi. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5091/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 05 sentyabr 2008-ci il tarixdən (55 yaşdan) əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuş, 24.09.1971-ci il tarixdən 01.11.1972-ci il tarixədək Azərbaycan SSR Elmlər Akademiyasında çilingər peşəsində işləmiş, 25.11.1972-ci il tarixdən 19.11.1974-cü il tarixədək hərbi xidmətdə olmuş, 31.12.1974-cü il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli fəhlə peşəsinə qəbul edilmişdir. 12.09.1975-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. 17.11.1975-ci il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli yardımçı fəhlə peşəsinə qəbul edilmişdir. 25.07.1977-ci il tarixdə 2-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. 29.02.1980-ci il tarixdə 3-cü dərəcəli çilingər keçirilmişdir. 29.12.1980-ci il tarixdə 2-ci dərəcli bənna ikinci peşəsi verilmişdir. 18.11.1983-cü il tarixdə 1-ci dərəcəli qaz ilə kəsən ikinci peşəsi verilmişdir. 05.05.1986-cı il tarixdə 2 nömrəli sexə 2-ci dərəcəli qaz ilə kəsən peşəsinə keçirilmişdir. 11.02.1992-ci il tarixdə Petrov adına maşınqayırma zavodunun adı Zabrat maşınqayırma zavodu adlandırılmışdır. 24.02.1992ci il tarixdə “Turan” kiçik müəssisəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. 24.02.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək “Turan” kiçik müəssisəsinə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. 01.09.1992-ci il tarixdə Zabrat maşınqayırma zavoduna 4cü dərəcəli qaz ilə kəsən vəzifəsinə qəbul edilmişdir. 19.04.2004-cü il tarixdə işdən azad edilmişdir. 20.04.2004-cü il tarixdə “SDL Denholm LTD” şirkətinin filialında boru çilingəri peşəsinə qəbul edilmişdir. 31.03.2017-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi iddiaçının müraciətinə verilən 03.06.2020-ci il tarixli imtina məktubunda göstərmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-İi siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə qeyd etdiyiniz əsaslarla 55 yaşdan müəyyən edilməklə yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşə baxan məhkəmə isə iddianı təmin etmiş və “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini hazırkı mübahisəyə tətbiq edərək hesab etmişdir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 1997-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi iş stajı, bu müddətin azı 12 il 6 ayını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması iş materialları ilə təsdiqini tapdığından onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası, ilk növbədə nəzərə alır ki, iddiaçıya 2010-cu il 05 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırkı halda, mübahisə olunan iddiaçıya eyni məzmunlu əmək pensiyasının onun 55 yaşının tamam olduğu 05 sentyabr 2008-ci il tarixdən təyin edilməli olub-olmadığından ibarətdir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən (1997-ci il avqustun 1-dək qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1- dən başlayaraq 2000ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, həmin normaların tələbləri nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olaraq, kişilərə 55 yaşdan pensiya təyin edilməsi üçün həmin maddənin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır. Həmin şərtlərin iddiaçı tərəfindən təmin olunduğu, yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə əmək pensiyasının təyin edilməsini tələb etmək hüququnu 1997-ci ilin avqustun 1-dək qazandığı mübahisəsizdir. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1- ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası, nəzərə alır ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. İşdən göründüyü kimi, iddiaçı ona 2010-ci il 05 sentyabr tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğunu 2020-ci il 21 may tarixədək mübahisələndirməmiş, yalnız həmin tarixdə cavabdehə müraciət edərək onun əmək pensiyası hüququnun 55 yaşda – 2008-ci il sentyabrın 5-də yarandığını bildirmiş və həmin tarixdən 2010-cu il 05 sentyabr tarixədək olan müddət üçün iki illik pensiya məbləğinin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Lakin iddiaçıya 2008-ci il 19 oktyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaqla onun müraciət etdiyi 2019-cu il 12 sentyabr tarixədək pensiya ödənişləri icra olunduğundan, bununla da, müraciət etdiyi 2019-cu il 12 sentyabr tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi istisna edildiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5091/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5091/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar