Məhkəmə qərarları › İş №2-1(103)-877/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-877/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-877/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8759/2021 saylı, 29.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 05.05.2021-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 16.05.1985-ci il tarixdən 31.09.1989-cu il tarixədək teplovoz maşinisti köməkçisi, 01.10.1989-cu il tarixdən 03.05.2016-cı il tarixədək teplovoz maşinisti işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının «21 Nəqliyyat» maddəsinin «21.4.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər»i bəndinə əsasən «teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi» peşələri güzəştli şərtlərlə pensiya hüququ verir. İddiaçının 30 il 11 ay 17 gün güzəştli stajı vardır. X5 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir (AR Vergilər Nazirliyi: qeydiyyat № **********) O, yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı 01 iyul 2021-ci il tarixli məktubu ilə pensiya təyinatından imtina edərək bildirmişdir kionun işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən güzəştli stacı yoxdur. Bundan başqa onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 il 11 ay 21 gün təşkil edir. Eyni zamanda, ona pensiya təyin olunması üçün minimum pensiya məbləğinin ödənişinə imkan verən 48000 manat məbləğində pensiya kapitalı tələb olunduğu halda onun fərdi hesabının sığorta hissəsində 40107,63 manat pensiya kapitalı mövcuddur. Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubuna uyğun əsaslarla iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8759/2021 saylı, 29.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 05.05.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiaya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayəti imtina məktubunun məzmununa uyğun əsaslandıraraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirakedən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, onun tələb olunan xüsusi və ümumi staja malik olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. İddia ərizəsində iddiaçı 57 yaşından güzəştli şərtlələ pensiya təyin edilməsini tələb edir və bunu onunla əsaslandırır ki, onun 30 il 11 ay 17 gün X3 (indiki: Holcim (Azərbaycan) ASC) teplovoz maşinisti və köməkçis kimi güzəştli pensiya hüquq verən 30 ildən çox iş stajı mövcuddur. Cavabdehin imtinasında, iddia ərizəsinə etirazında və apellyasiya şikayətində ilk öncə mübahisəlndirdiyi hal ondan ibarətdir ki, iddiaçının güzəştli pensiya hüququ verən xusisi stajı yoxdur. Belə ki, onun istinad etdiyi işlədiyi peşələrdə çalışdığı istehsalat sahəsi dəmiryol nəqliyyatına aid deyildir. Məhkəmə kollegiyası aşağdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçının istinad etdiyi müəssisədə işlədəyi həmin peşələr ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas vermir. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında»Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir(Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqust ayının 1-dən 52 yaş həddinə çatmışdır). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «c» bəndinə əsasən hərbi xidmət dövrü, «d» bəndinə əsasən ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçının işə əlavə olunmuş əmək kitabçasının qeydləri təddiq olunduqda müəyyən olunur ki, o, X3 (indiki:Holcim (Azərbaycan) ASC) 16.05.1985-ci il tarixdən 31.09.1989-cu il tarixədək teplovoz maşinisti köməkçisi, 01.10.1989-cu il tarixdən 03.05.2016-cı il tarixədək isə teplovoz maşinisti peşələrdə çalışmışdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə ilə təsdiq olunmuş Siyahılarda həmin istehsalat sahəsinə aid göstəricilərdə teplovoz maşinisti və köməkçisi peşələrinin zərərli iş şəraitinə aid olan peşələr sırasında yer aldığı müəyyən olunmur. Belə ki, iddiaçı həmin peşələrdə X3 (indiki: Holcim (Azərbaycan) ASC), yəni tikinti materialları, o cümlədən sement istehsal edən bir istehsalavt sahəsində çalışmışdır. Həmin istehsalat sahəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» istər 1 №-li Siyahısının 14-cü bölməsində təsbit olunan XİV «Tikinti materialları istehsalı» bölməsinə (kod ********), istirsə də 2 №-li Siyahısının eyni adlı XVİİ bölməsinə (kod ********) aid olunur ki, həmin istehsalat sahəsinin göstəricilərində iddiaçının çalışdığı teplovoz maşinisti və teplovoz maşinisti peşələrinin adları yoxdur. Qeyd olunmalıdır ki, həmin Siyahının «Ümumi peşələr» bölməsində də həmin peşələrin adları çəkilmir. Eyni zamanda. AR Nazirlər Kabinetinin 23.0.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Siyahı”nın Tikinti materialları istehsalı bölməsində də həmin peşələrin adları mövcud deytildir. Qeyd olunan peşə adları yalnız 2 №-li «Siyahı»nın «Nəqliyyat» (XXVİİİ) bölməsinin 1-ci bəndinin (“Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər”) 23001000—14241 saylı (“teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”) və 23001000-16878 saylı (“teplovozlarda maşinist köməkçiləri”) kodları altında güzəştli pensiya hüququ verən göstəricilər sırasında təsbit olunmuşdur. Beləliklə də müəyyən olunur ki, iddiaçının işlədiyi peşələrin aid olduğu istehsalat sahəsi ilə «Siyahı»da güzəştli pensiya hüququnu nəzərdə tutan peşələrin aid olduğu sahə tamamilə bir-birindən fərqlidir. Qeyd olunmalıdır ki, oxşar iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddianın təmin edilməməsi barədə 08.02.2021-ci il tarixli 2-1(103)- 551/2021 saylı və 1(103)-2349/21 saylı 25 noyabr 2021-ci il tarixli qərarları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq olaraq 2-1(102)-1313/2021 saylı 14.092021-ci il tarixli və 2-1(102)-645/2022 saylı 19.04.2022-ci il tarixli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də iddiaçının X2 (indiki:Holcim (Azərbaycan) ASC)) 16.05.1985-ci il tarixdən 31.09.1989-cu il tarixədək teplovoz maşinistinin köməkçisi, 01.10.1989-cu il tarixdən 03.05.2016-cı tarixədək dövrdə teplovoz maşinisti kimi çalışdığı peşələr, sahə uyğunsuzluğu səbəbindən 2 №-li Siyahının «Nəqliyyat» bölməsində təsbit olunan göstəricilərə aid edilməsi istisna edilir. Belə olan halda isə onun 01.01.2006-cı il tarixinə kimi azı 12 il 6 ay xüsusi stajı toplanmır. 12 il 6 ay xüsusi stajı mövcud olmadığı halda güzəştli şərtlya güzəştli pensiya hüququ yaranmır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının işlədyi peşələrin Siyahıda qeyd olunan sahəyə (Nəqliyyat» bölməsinə) aid aid olmadığını mübahisələndirən dəlilləri əsaslıdır. Ona görə də məhkəmə kollegiyası prosessual qənaət prinspi baxımından onun şikayətinin onun 25 il ümumi iş stajının olmadığını və fərdi hesabında zəruri pensiya kapitalının yığılmadığını mübahisələndirən digər dəlillərinin araşdırılmasını zəruri hesab etmir Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işə baxılarkən qeyd olunanlar nəzərə alınmamış, iddiaçının işlədiyi müəssisə (Holcim (Azərbaycan) ASC)) tərəfindən verilmiş 05.04.2021-ci il tarixli güzəştli arayışa və iddiaçının işlədəyi həmin stehsalat sahəsinə düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamış, iddianın təmin olunması barədə səhv nəticəyə gəlinmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8759/2021 saylı, 29.10.2021-ci il tarixli qərarı ləğv olunmalı və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8759/2021 saylı, 29.10.2021-ci tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar