Məhkəmə qərarları › İş №2-1(103)-877/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-877/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-877/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7385/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 500 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri XDS İcrakomun 13/713 saylı, xx.xx.1989-cu il tarixli Qərarına əsasən 300 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 01 iyun 2000-ci il tarixli 500 nömrəli səramcamından məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 300 kv.m. torpaq sahəsi Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 13/713 saylı, xx.xx.1987-ci il tarixli Qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh öz imtinasında bildirmişdir ki, təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Qaradağ Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 500 saylı səramcanı Dövlət Arxivinin Bakı Filialında mövcuddur, lakin həmin sərəncamda iddiaçı barəsində heç bir məlumat yoxdur. Cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının hüquqlarını pozur. Belə ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 13/713 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsinin iddiaçının adına ayrılması təsdiqlənmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 500 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsi Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 13/713 saylı, xx.xx.1989-cu il tarixli Qərarı ilə əri X4 adına verildikdən sonra çıxarış verilmişdir. Cavabdeh orqan onun ərizəsini təmin etməməkdə haqlı olmamışdır və ona ayrılmış torpaq sahəsinə dair çıxarış verməli idi. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-7385/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Hazırki qərarla razı deyil, həmin qərar ləğv edilməli, onun iddiasının təmin edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Belə ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 500 nömrəli Sərəncamına, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 13/713 saylı, xx.xx.1989-cu il tarixli Qərarına əsasən 300 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 01 iyun 2000-ci il tarixli 500 nömrəli sərəncamından məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 300 kv.m. torpaq sahəsi Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 13/713 saylı, xx.xx.1987-ci il tarixli Qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə Qaradağ Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 500 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda iddiaçı barəsində heç bir məlumat yoxdur. Cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının hüquqlarını pozur. Bakı şəhəri XDS İcraiyyə Komitəsinin qərarında fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsinin iddiaçının adına ayrılması öz təsdiqini tapmışdır. Cavabdehin etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının 31 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Qaradağ Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 500 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda iddiaçı barəsində heç bir məlumat yoxdur. Bundan başqa elektron kadastr məlumatlarına əsasən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 500 saylı sərəncamı əsasında sahəsi 600 kv.m olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) əsasında qeyd edilən torpaq sahəsinə bitişik ərazidə digər şəxs X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman iki torpaq sahəsinin bir hasar daxilində yerləşdiyi məlum olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qaradağ Rayon İH-nin arxiv fondu üzrə 500 saylı xx.xx.2000-ci il tarixli sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Milli Arxiv idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Qaradağ Rayon İH-nin arxiv fondu üzrə 500 saylı xx.xx.2000-ci il tarixli sərəncamından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün bir sıra fərdi şəxslərə torpaq sahəsi ayrılmışdır. X11 və Xəritəçəkmə Komitəsi tərəfindən A nömrəli 336244 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmişdir ki, fərdi yaşayış evi tikmək üçün iddiaçının adına 300 kv.m sahənin planı və ölçüsü tərtib edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından qeyd edilmişdir ki, İddiaçı müraciəti əsasında Korgöz qəsəbəsi torpaq sahəsinə baxış keçirilərək müəyyən olunmuşdur ki, torpaq sahəsinin sahəsi 0,0357 ha torpaq sahəsi hasar daxilindədir, üç tərəfi qonşu, bir tərəfi yol, iki torpaq sahəsi bir hasar daxilindədir, ara sərhəd şərtidir, digər torpaq sahəsi iddiaçının ərinə məxsusdur, torpaq sahəsində köməkçi tikili vardır. Beləliklə, hüquq müəyyənedici sənəd olan rayon icra hakimiyyətinin müvafiq sərəncamına əsasən 3 sot torpağın iddiaçının istifadəsinə verildiyi aşkardır. Bundan başqa, yerində yoxlama zamanı da ərinə məxsus 5 sot torpaq sahəsi ilə iddiaçıya verilmiş 3 sot torpaq sahəsinin eyni hasar daxilində mövcudluğu da aşkar edilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi ilə bağlı vergiləri də ödəmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının 31 avqust 2023-cü il tarixli məktubuna əsasən Qaradağ Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 500 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların döviət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 500 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda İddiaçı barədə heç bir məlumat yoxdur. Həmin məktubla məhkəməyə təqdim edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 500 saylı 01 iyun 2000-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamının surətindən görünür ki, Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq bir sıra vətəndaşlara (eyni zamanda X2) Korgöz qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin sərəncamda torpaq sahəsi ayrılmış vətəndaşların sırasında iddiaçının adı qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 500 nömrəli Sərəncamına əsasən ona ayrılmış 300 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının 31 avqust 2023-cü il tarixli məktubuna əsasən Qaradağ Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 500 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur, lakin həmin sərəncamda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda Qaradağ rayon İHnin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 500 saylı sərəncamının Dövlət Arxivinin Bakı Filialında mövcud olması, lakin həmin sərəncamda İddiaçı barədə heç bir məlumatın olmaması qeyd edilmişdir. Həmin məktubla Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 500 saylı 01 iyun 2000-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamının surəti məhkəməyə təqdim edilmişdir, həmin sərəncamda bir sıra vətəndaşlara (eyni zamanda X2) Korgöz qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır, lakin sərəncamda torpaq sahəsi ayrılmış vətəndaşların sırasında iddiaçının adı qeyd olunmamışdır. Göründüyü kimi, İddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 500 nömrəli Sərəncamına əsasən ona ayrıldığını iddia etdiyi 300 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsini xahiş etsə də, həmin sərəncamda torpaq sahəsinin ayrıldığı şəxslərin siyahısında iddiaçının adı qeyd edilməmişdir. Qeyd olunan sərəncamla iddiaçıya torpaq sahəsinin ayrılması halı məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmadı. Lakin məhkəməyə təqdim edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 500 saylı 01 iyun 2000-ci il tarixli Sərəncamından görünür ki, iddiaçının əri X6 Korgöz qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında X6 Korgöz qəsəbəsində ayrılmış torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla ona çıxarış verilmişdir. Beləliklə, ərinə həmin sərəncamla ayrılmış torpaq sahəsinə dair çıxarış verilsə də, bu sərəncam əsasında iddiaçıya da torpaq sahəsinin ayrılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7385/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar