Məhkəmə qərarları › İş №2-1(103)-878/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-878/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-878/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi, vəkil X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və q. qarşı (üçüncü şəxs: AR Maliyyə Nazirliyi) “kompensasiya ödənilərərk fərdi yaşayış evinin boşaldılması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-699/2019 saylı qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 97860 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 699/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-699/2019 saylıqərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - - RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 3/6 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 316 nömrəli reyestr kitabının 29445 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərar vermişdir. Həmin qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri İddiaçınə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinindövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. - ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşür. - İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar «xxxxxxxxxxxx» MMC-ni müstəqil qiymətləndirici kimi cəlb etmişdir. Müstəqil qiymətləndirici «xxxxxxxxxxxx» MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində xx.xx.2018-ci il tarixdə tərtib olunmuş “Qiymətləndirmə hesabatı”na əsasən daşınmaz əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanuni ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cavabdehlərə 97860 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. - xx xxxxxx 2018-ci il aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsinə görə 97860 manat kompensasiya təklif edilmiş, lakin cavabdehlər könüllü razılaşmadan imtina etmişlər. Nəticədə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması ilə aydın olmuşdur ki, ünvan 1 ünvanındakı paylı mülkiyyətdə olan evin digər payçıları ilə razılıq əldə edilərək alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi «Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.» kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə «Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir kimi redaksiyada verilmişdir. Yuxarıda qeyd edilən dəyişiklik əsasında yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: Torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Məhkəmə, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni-alan orqan İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Eyni zamanda, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsində isə alan orqanın alınan əmlakla bağlı sahibliyin əldə edilməsinə dair məhkəmə qərarının icrası ilə bağlı müddəa nəzərdə tutulmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafıq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 699/2019 saylıqərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar