Məhkəmə qərarları › İş №2-1(103)-878/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-878/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-878/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli 2-1(112)-7995/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdtirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2005-ci ildən hərbi qulluqçu kimi ona əmək pensiyası təyin olunmuşdur. 2007-2018-ci illərdə Fövqəladə Hallar Nazirliyində xidmət etdiyi müddətdə əmək haqqından məhz pensiya kapitalı üçün qanunla müəyyən edilmiş məbləğlər tutularaq pensiya kapitalı yığılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsaslanaraq təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması barədə ərizə ilə cavabdeh filiala müraciət etmiş, lakin sonuncu əsassız olaraq 18 may 2021-ci il tarixli cavab məktubu ilə Qanunun qeyd olunan normasının tələbləri nəzərə alınmaqla, sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ona yaşadığı ərazi üzrə DSMF-nin aidiyyəti filialına və DOST Mərkəzinə müraciət etməsi tövsiyə olunur. Cavabdeh iddia ərizəsinə etirazında iddinın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 6.3 və 37.3.1 maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bakı İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli 2-1(112)-7995/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarı ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Cavabdeh apellyasiya şikayətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təmnat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na, ”Əmək pensiyaları haqqında” Qanunun 3.1, 9.6, 22.4-cü maddələrinə istinadən,aşağıdakılarla əsaslandırılmışdır: “...Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”indəki təminat xərcliyinə əsasən təyin edilir.Qanunun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maşları, xidməti illərinə görə faiz əlavəsi və s., ümumilikdə, təminat xərcliyini təşkil edir. Daha sonra, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5 və 29-ci maddələrinin tələblərini qeyd etdikdən sonra bildirir ki, Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1.Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2.Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. Həmin Qanunun 9-cu maddəsinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Qeyd olunanlar baxımından, iddiaçıya Qanunun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nin aidiyyəti rayon şöbəsinə müraciət etməlidir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onunla razılaşmamış birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” İddiaçının iş materiallarında olan pensiya işinə dair sənədlərə (pensiya uçot vərəqinə, pensiya təyinatı barədə qərara, məlumat vərəqinə və s.) əsasən müəyyən olunur ki, iddiaçı 03.05.2005-ci il tarixində hərbi xidmətdən tərxis olunmuş və ona Azərbaycan Rspublikası Hərbi Komisarlığının 10.07.2007-ci il tarixli məlumat vərəqi əsasında cavabdeh tərəfindən 10.09.2008-ci il tarixli qərarı ilə 01.07.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş AR Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin 11.04.2022-ci il tarixli arayışına və işdə olan “Sosial arayışa”, habelə, məhkəmənin tapşırığı əsasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sosial sığorta stacı üzrə elektron məlumatlara əsasən müəyyən olunur ki, iddiaçı pensiyaya çıxdıqdan sonra da 14.03.2007-25.2018-ci illərdə sözügedən Aviasiya Dəstəsində həqiqi hərbi xidmətdə olmuş, məcburi dövlət sosial sığorta haqları ödəmiş, 2006-cı ildən sonra onun fərdi hesabının sığorta hissəsində ******* manat məbləğində pensiya kapitalı yığılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən “yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.” Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçı, hərbi xidmətdən tərxil olunub pensiyaya çıxdıqdan sonra, fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. (İPM m.14.3). Belə olan halda, cavabdeh tərəfindən onun pensiyasının yenidən hesablanmasından imtina olunması qanunsuz olmuş, hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbinin təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli 2- 1(112)-7995/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli 2-1(112)-7995/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar