Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-879/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X1 qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9127/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindəki xx.xx.2021-ci il tarixli yazılış qeydləri ilə aparılmış “Əlavə dəyər vergisi” üzrə 25717,0 manat məbləğin, “Mənfəət vergisi” üzrə 28574,4 manat məbləğin, ümumilikdə 54291,4 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9127/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindəki xx.xx.2021-ci il tarixli yazılış qeydləri ilə aparılmış “Əlavə dəyər vergisi” üzrə 25717,0 manat, “Mənfəət vergisi” üzrə 28574,4 manat, ümumilikdə 54291,4 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsininin üzərinə qoyumuşdur. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 21.01-17.04.21-ci il tarixində "xxxx" MMC-nin e-qaimə üzrə satışında 116,7 min manat (ƏDV-siz) və 64,9 min manat (ƏDV-li) dəyərində “parakontank, gigiyenik maska, əlcək, emulsiya, xidmət və s.“ təqdim edildiyi, lakin vergi ödəyicisinin idxalı və e-qaimə üzrə həmin malların alışı müəyyən edilməmişdir. "xxxx" MMC-nin qeydiyyata alınmış obyekti yoxdur. Əmək müfəttişliyinin hesabatına əsasən işçisi olmamışdır. Bunu nəzərə alaraq, əldə olunmamış malların və göstərilən xidmətlərin satışı riskli hesab edilmişdir. Belə ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********646000 nömrəli Qərar göndərilmişdir. Ödəyicinin riskli ödəyicilər siyahısından çıxarılması məqsədi ilə xx.xx.2021-ci il tarixli müvafiq hesablama aparılmış və ödəyici riskli ödəyicilər siyahısından çıxarılmışdır. Hesablanmış ƏDV üzrə 25707 manat, MV üzrə 28574,4 manat əlavə vergi məbləği vergi ödəyicisinin zəmanət məktubuna əsasən hesablanmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi mübahisəli məsələni iddianın təmin edilməsi ilə həll etmiş və mövqeyini əsaslandırarkən Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadındakı mövqeyə əsaslanaraq qeyde etmişdir ki, “... cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində əlavə vergi məbləğləri hesablamış, lakin bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmamış, icraat nəticəsində həmin inzibati aktı qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki mübahisənin əsasına görə, cavabdeh inzibati orqan tərəfindən iddiaçı MMCyə hazırda mübahisələndirilən müvafiq əlavə dəyər və mənfəət vergisi üzrə borc hesablanaraq, iddiaçının şəxsi hesab vərəqəsinə daxil edilmişdir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin inzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır.” “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Hazırki mübahisə üzrə iş materiallarından görünür ki, cavabdeh tərəfindən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun icraat aparılmasının nəticəsi olan əsaslandırılmış inzibati akt olmadan iddiaçının şəxsi hesab vərəqəsinə vergi məbləği hesablanmış və bununla da qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən qeyd edlən qaydada inzibati icraat aparılmasını və ya inzibati aktın mövcudluğunu sübut edən dəlil apelyasiya şikayətinə əlavə edilməmiş, apelyasiya araşdırması zamanı məhkəməyə təqdim edilməmişdir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. AR VM-in 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçı MTKya hesablanmış faiz məbləği əsassız olduğundan azaldılaraq 29.677,75 manat məbləğində qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-879/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-879/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver