Məhkəmə qərarları › İş №2-1(103)-879/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-879/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-879/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin qeydiyyata alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10062/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia qaldıraraq cavabdehin 10 aprel 2023-cü il tarixli 3-16-5/2-13ə1772/2023 saylı imtinasının qanunsuz hesab edilməsi və “Müdafiə xətti” İctimai Birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçılar 08 fevral 2023-cü ildə “Müdafiə Xətti" İctimai Birliyini təsis etmiş, Birliyin təsis edilməsi haqqında qərar qəbul edilib. Birlik tərəfindən Azərbaycanda insan haqqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb. Birlik həmçinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətlər bölgüsünün təmin edilməsi, hökumətin hesabatlılığının və şəffaflığının təmin olunması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlüklə demokratiyanın inkişaf etdirilməsi güdülür. 08 fevral 2023-cü ildə İB-in təsis yığıncağı keçirilmişdir. Təsis yığıncağının protokoluna əsasən təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib, həmçinin İB-in təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin İB-in təsisçisi İddiaçı1 həvalə edilməsi müəyyən edilib. Təsis yığıncağında həmçinin müəyyən edilib ki, birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imnzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, lazım olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi İddiaçı1 tapşırılıb. 08 fevral 2023-ci il tarixli İctimai Birliyin təsis edilməsi haqqında qərardan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib və İB adından qanuni təmsilçilik hüququ İddiaçı1 verilib. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim ediblər. Cavabdeh 10 aprel 2023-cü il tarixli məktubla sənədləri geri qaytarıb. Cavabdeh imtinasında göstərib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib və ərizədə digər təsisçi fiziki şəxslərin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməyib. Cavabdeh imtinasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5.2, 5.3.1, 11.3.1-ci maddələrinə və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 3.1-ci maddəsinə istinad edərək əsaslandırıb. İddiaçılar hesab edir ki, cavabdehin 10 aprel 2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir. Çünki Təsisçilər təsis yığıncağında təsisçi İddiaçı1 qanuni təmsilçi kimi seçiblər və sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsini isə yenə İddiaçı1 həvalə ediblər. Buna uyğun olaraq ərizə qanuni təmsilçi kimi İddiaçı1 tərəfindən imzalanıb…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “…«Müdafiə Xətti» ictimai birliyi xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi Azərbaycanda insan haqqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım etməkdən ibarətdir. Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2022ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, adı çəkilən Qanunun 5.2-ci, 5.3.1 -ci maddələrinin və «Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq ərizədə digər təsisçi fiziki şəxsin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməmiş, ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Həmçinin qurumun adında onun təşkilati-hüquqi forması göstərilməmişdir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10062/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “…İddiaçıların seçdikləri ad onların fəaliyyətinin mahiyyətinə (istiqamətinə, əlamətinə) uyğundur. Bundan əlavə, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 60-61-ci maddələrinin tələblərinə uyğun olaraq əsaslandırılmayıb. Cavabdeh “fəaliyyət xarakteri” dedikdə nəyi nəzərdə tutduğunu izah etməyib. Nəticə etibarilə, cavabdehin imtinası həm “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə ziddir, həm də “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş normaların pozuntusudur. Məhkəmənin və cavabdehin bu yanaşması qanunsuzdur. Çünki cavabdehin imtina kimi qeyd etdiyi hal Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 8.3-cü maddəsində nəzərdə tutulub. Həmin normaya əsasən, təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. Cavabdeh bilərəkdən bu normaya istinad etmir, çünki bu normaya istinad etməklə sənədləri geri qaytardıqda, növbəti müraciət zamanı başqa bir nöqsan göstərmək mümkün deyil. Lakin cavabdeh qanunun 11.3.1-ci maddəsinə istinad edərək sənədləri geri qaytarır ki, bu zaman cavabdeh növbəti müraciətlər zamanı da bu normaya istinad etmək imkanına malik olur. Ona görə də iddiaçılar məhkəmə və cavabdehin yanaşması ilə razı deyil. Hesab edirlər ki, onların təqdim etdikləri sənədlər qanunvericiliyin tələbinə uyğun olub, Konstitusiya və qanunlara zidd deyil...” Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər iddiaçı və cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 30.4 və 62.3-cü maddələrinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə, cavabdehin üzərinə “Müdafiə Xətti” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmamışdır. İşin cavabdeh tərəfindən etiraz olunan halları isə ondan ibarətdir ki, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 5.2-ci, 5.3.1 -ci maddələrinin və «Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq ərizədə digər təsisçi fiziki şəxsin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməmiş, ərizə bütün təsisçilər tərəfindən imzalanmamış, həmçinin qurumun adında onun təşkilati-hüquqi forması göstərilməmişdir. İddiaçıların isə apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan əsasla onlara imtina verilməsini əsassız hesab edərək mübahisələndirirlər ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi qanuna ziddir, onların hüquqlarını pozur. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3. Ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. 5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; 5.4.5. hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd; 5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; 5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyrikommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi; 5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, hüquqi şəxsin qeydiyyəta alınması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli ərizənin forması və ona əlavə edilmiş sənədlərin konkret siyahısı imperativ qaydada göstərilmişdir. Lakin iddiaçılar tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamış, Qanunun 5.2-ci, 5.3.1 -ci maddələrinin və «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq qeydiyyat orqanına təqdim olunan ərizədə digər təsisçi fiziki təsisçinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməmiş, ərizə bütün təsisçilər tərəfindən imzalanmamış, həmçinin qurumun adında onun təşkilati-hüquqi forması qeyd olunmamışdır. İddiaçıların iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə əsasən də müəyyən olunur ki, qeyd olunan halların mövcudluğu onlar tərəfindən mübahisələndirilmir. İddiaçılar tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, tərəflərindən təsis edimiş “Müdafiə Xətti” İctimai Birlyinin 08 fevral 2023-ci il tarixli qərarı ilə Birliyin dövlət qeydiyyatına alınması vəzifəsi onun sədri (qanuni təmsilçi) seçilmiş təsisçi İddiaçı1 həvalə edilmişdir və onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericiliyin tələbinə uyğundur. Halbuki, iddiaçılar tərəfindən qanunvericiliyin sadalanan imperativ normalarında təsbit olunan tələblərinə açıq-aşkar riayət olunmamışdır. Cavabdehin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubundan hətta görünür ki, iddiaçılara məsələyə qeyd olunan nöqsanların aradan qaldırıldığı təqdirdə baxılacağını bildirsə də, sonuncular buna əhəmiyyət vermədən həmin nöqsanların aradan qaldırmaq üçün cavabdehə yenidən ərizə ilə müraciət etmək əvəzinə məhkəməyə müraciət etməyi üstün tutmuşlar. Beləliklə də, iddiaçılar tərəfindən təsis edilən “Müdafiə Xətti” İctimai Birlyinin cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. İPM-in 14.3-cü maddəsi isə nəzərdə tutur ki, sübutetmə yükü iddiaçıların üzərinə düşür. Bu baxımdan, cavabdehin hərəkətləri qanunsuz hesab edilə və iddiçıların hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz onu ehtiva edir ki, məhkəmə inzibati orqanın üzərinə o halda, inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10062/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10062/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar