Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-88/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2-1(112)-775/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat idarəsinə (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyinatından cavabdehin imtina edilməsinin qeyriqanuni hesab edilərək, onun 10.06.1977-26.10.1980, 02.09.1987-29.02.1988-ci il tarixlərdə işlədiyi illəri əmək stajına daxil edilməklə ona 13 iyun 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün almadığı ayların birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 28.02.2020-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya pensiya hüququ yarandığı 13 iyun 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1962-ci ildə Dəvəçi (indiki Şabran rayonu) rayonunun Eynibulaq kəndində doğulmuşdur. 57 yaşından yaşa görə ağır sənaye ilə pensiyaya çıxmaq üçün tələb olunan sənədləri 07.11.2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinə təqdim etmişdir. “ASAN xidmət “mərkəzi ona pensiya təyin edilməsi üçün qəbul etdiyi sənədləri yeni yaradılmış DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi ona 14.11.2019-cu il tarixdə **********7 nömrəli məktubla imtina cavabı vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdə ümumi stajı 25 ildən az təşkil edir. O, ilk əmək fəaliyyətinə 10.06.1977-ci il tarixdən Siyəzən üzümçülük sovxozunda başlamış və 10.06.1977-ci il tarixdən 26.10.1980-cı il tarixə kimi həmin sovxozda fəhlə işləmişdir. Bu barədə ona Şabran rayon Dövlət Arxivi tərəfindən 24.09.2019-cu il tarixli 158 nömrəli arayış verilib. Ondan sonra 15.11.1980-01.11.1982-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xitmətdən qayıtdıqdan sonra müxtəlif işlərdə (27.01.1983-26.01.1984, 06.02.1984-01.07.1984, 08.10.1984-16.11.1984, 20.12.1984-26.03.1985, 09.04.1985-08.10.1985, 05.11.1985- 28.12.1986, 03.01.1987-30.06.1987, 02.09.1987-29.02.1988 (arayış), 30.05.1988- 01.11.2001, 22.11.2001-05.05.2003 (xəstə oğluna qulluq), 05.05.2003-01.03.2004, 01.03.2004-31.08.2007, 06.05.2008-04.09.2008, 17.09.2008-hal-hazıra kimi) işləmişdir. Bütün qeyd olunan iş stajlarını topladıqda 01.01.2006-cı il tarixə kimi 26 il 09 ay 09 gün təşkil edir və bu da ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 06 ay güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün hüquq verir. 22.11.2001-07.04.2003-cü ilə kimi və 14.04.2003-cü ildən 05.05.2003-cü il tarixə kimi oğlu X6 xəstə olduğu üçün ona qulluq etmiş və həmin dövrlərdə işləməmişdir. Uşağa qulluq etdiyi dövrün (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa) əmək stajı sayılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.4-cü bəndində də qeyd olunmuşdur. Bundan başqa 30.05.1988-19.10.1995-ci illərdə “Siyəzənneft “NQÇİ-də kran maşinisti və 19.10.1995-ci ildən 01.11.2001-ci ilə kimi “Azneftlayihətikinti" Birliyinin Siyəzən Tikinti Quraşdırma Sahəsində 5-ci dərəcəli krançı vəzifələrində, 07.04.2003-14.04.2003-cü illərdə “xxxx” ASC-də qazla metal kəsici, 05.05.2003-01.03.2004-cü illərdə kran sürücüsü, 01.03.2004-31.08.2007-ci illərdə X17 kran sürücüsü vəzifələrində işləmişdir. İşlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı və 23 yanvar 2007-ci il 12 nömrəli qərarı üzrə təsdiq olunmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı İdarəyə qarşı “güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasına dair” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qazkondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) krançı, kran maşinisti vəzifələri nəzərdə tutulmamışdır, metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) isə kran maşinistləri (krançılar) və metallurgiya istehsalatının kran maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı idarəyə təqdim etdiyi “Siyəzənneft” NQÇİ-nin iddiaçıya dair 18.10.2019-cu il tarixli AB-04/311 nömrəli müvafiq arayışında 27.05.1988-19.10.1995-ci il tarixləri arasındakı dövr ərzində kran maşinisti, SOCAR-ın Baş ofisinin 29.10.2019-cu il tarixli SOCAR **********80020123X00363 nömrəli arayışında isə 1995-cı ilin oktyabr ayından, 2000-ci ilin sentyabr ayınadək müvafiq olaraq maşinistkrançı, krançı, kran sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmçinin vətəndaşın İT-10688020 nömrəli əmək kitabçasında 05.05.2003-01.03.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də körpülü kran maşinisti, 01.03.2004-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “X19” MMC-də Təkrarqarametal Tədarükü sahəsində kran sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının “Siyəzənneft” NQÇİ-də işlədiyi vəzifələr, “xxxx” ASC-də və “X19” MMC-də isə işlədiyi sahə Siyahıda qeyd olunan vəzifə və sahəyə uyğun deyil. Həmçinin iddiaçının idarəyə təqdim etdiyi sənədlərdən məlum olur ki, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bakı İnzibati Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2-1(112)-775/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 15.11.1980-cı il tarixdən 01.11.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, 27.01.1983cü ildə “Kaspnefteqazflot İdarəsinə SİKP 50 illiyi TMS-də matros şagirdi kimi qəbul edilmiş, 29.03.1983-cü ildə 2-ci sinif matros vəzifəsinə köçürülmüş, 26.01.1984-cü ildə SSRİ-nin ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 06.02.1984-cü il tarixdən 01.07.1984-cü il tarixədək Siyəzən Qazma İdarəsində 3 dərəcə qazma qurğularına xidmət vəzifəsində işləmiş; 08.10.1984-cü il tarixdə Quyuların əsaslı və yeraltı təmiri sexinə quyuların əsaslı təmiri üzrə üçüncü dərəcəli takelajçı vəzifəsinə işə qəbul edilmiş, 16.11.1984-cü il tarixdə Uralsk şəhərinə SSRİ-nin sənaye tikintisinə getməsi ilə əlaqədar işdən azad edilmişdir. 20.12.1984-cü il tarixdən 26.03.1985-ci il tarixədək müvəqqəti olaraq 4 dərəcəli bənna vəzifəsində işləmişdir. 09.04.1985-ci il tarixdən 08.10.1985-ci il tarixədək TSMS trestinin Tikinti materialları və konstruksiyaları kombinatında 3-cü dərəcəli suvaqçı rəngsaz vəzifəsində işləmişdir. 05.11.1985-ci il tarixdən TSBİ sexin 4-cü dərəcəli betonçu vəzifəsinə qəbul edilmişdir, 16.06.1986-cı il tarixdə JBİ sexinə 4-cü dərəcəli krançı vəzifəsinə köçürülmüş və 28.12.1986-cı il tarixdə işdən azad edilmişdir. 03.01.1987-ci il tarixdən 30.06.1987-ci il tarixədək Sovet rayonu Novorossiysk xüsusi təsərrüfatının avtomobil qarajında sürücü vəzifəsində işləmiş, 30.05.1988-ci il tarixdə 4-cü dərəcəli krançı vəzifəsinə qəbul olunur, 01.07.1991-ci il tarixdə 5-ci dərəcəli krançı ixtisası verilir, 19.10.1995-ci il tarixdə “Azərneft” Layihə Tikinti Birliyinin tabeçiliyində yeni yaradılmış təsərrüfat hesablı Siyəzən TQS-yə köçürülməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. 19.10.1995-ci il tarixdən “Azərneftlayihə” tikinti birliyinin Siyəzən TQS köçürmə yolu ilə 5-ci dərəcəli krançı kimi işə qəbul olunmuş və 01.11.2001-ci il tarixdə işdən azad edilmişdir. 07.04.2003-cü il tarixdən 14.04.2003-cü il tarixədək “xxxx” ASC-nin 2-ci sahəsi, səyyar briqadaya qazla metal kəsici; 05.05.2003-cü il tarixdən 01.03.2004-cü il tarixədək “xxxx” ASC-nin Keşlə sexinə körpülü kran sürücüsü; 01.03.2004-cü il tarixdən 31.08.2007-ci il tarixədək “Təkrarqarametaltədarükü” (X19) (Keşlə sahəsi və Yayma sexində) kran sürücüsü; 06.05.2008-ci il tarixdən 04.09.2008-ci il tarixədək “xxxx” ASC-nin 1 saylı Metaləritmə sexində kran maşinisti; 17.09.2008-ci il tarixdən “X18” Şirkəti Nəqliyyat sexinə buldozerçi vəzifəsinə işə qəbul olunub, 02.02.2009-cu il tarixdə quyuların yeraltı və əsaslı təmir sexinə körpülü kran maşinisti vəzifəsinə keçirilib və hal-hazırda işləyir. Ukrayna SSR X2 zavodu tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı 02 sentyabr 1987-ci ildən 29 fevral 1988-ci il tarixindək X2 zavodunda kran sürücü vəzifəsində işləmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 24.09.2019-cu il tarixli 158 saylı arxiv çıxarışından və məhkəmənin müvafiq sorğusuna əsasən Şabran Rayon İcra Hakimiyyəti Şabran Rayon Dövlət Arxivinin 30.01.2020-ci il tarixli 04 №-li məktubu ilə məhkəməyə göndərilmiş həmin arxiv çıxarışının verilməsinə əsas olmuş sənədlərdən müəyyən olunur ki, 1962-ci il təvəllüdlü İddiaçı ərizəsinə əsasən müvəqqəti olaraq 10.06.1977-ci il tarixdən 8 saylı üzümçülük briqadasına fəhlə qəbul edilməsi və 26 oktyabr 1980-ci il tarixli 187 №-li əmr ilə 11 saylı üzümçülük briqadasının fəhləsi İddiaçı Sovet ordusu sıralarına çağrıldığı üçün iki həftəlik posobiya vermək şərti ilə 26 oktyabr 1980-ci il tarixdən işdən azad edilmişdir. “xxxx” QSC-nin X11 2019-cu ildə verdiyi arxiv arayışına əsasən iddiaçının işlədiyi gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmiləri deyirdirlər. Arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli, 539 nömrəli fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X21 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 nömrəli və 10.01.2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət X13nin və Xəzər Dəniz Neft Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X13” QSC yaradılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış 11.12.2019-cu il tarixli imtina məktubuna əsasən iddiaçının əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumatın qeyd edilməməsi, bundan başqa 01.01.2006-cı il tarixə iddiaçının ümumi iş stajının 25 ildən az olması əsası ilə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir; 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə) ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınması zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. Cavabdeh imtina məktubunda iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etməsinə istinad etmişdir. Lakin iş materiallarında olan hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən və işlədiyi müəssisə tərəfindən verilmiş arxiv arayışlarından göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. İşin cavabdeh tərəfindən mübahisələndirilən digər halı iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda qeyd edilən peşələrlə üst-üstə düşməməsi ilə bağlıdır. SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və qazçıxarma İdarəsinin AB04/311 saylı 18.10.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 104/k nömrəli 27.05.1988-ci il tarixli əmrə əsasən 30.05.1988-ci il tarixdən 19.10.1995-ci il tarixinədək “Siyəzənneft” NQÇİ-də kran maşinisti işində işləməklə iş stajı 07 il 04 ay 20 gün təşkil edir. 1988-ci ildə “Siyəzənneft” NQÇİ-nin Tikinti Quraşdırma Sahəsində sahə rəisi vəzifəsində işləmiş, X7, mühasib X1, çilingər X3 iştirakı ilə tərtib olunmuş və “Siyəzənneft” NQÇİ-nin möhürü ilə təsdiq olunmuş 27.02.2020-ci il tarixli aktdan müəyyən olunur ki, 1988-ci il 2001-ci il ərəfəsində İddiaçı yüksək mərtəbəli binaların tikintisində qülləli kranda 5-ci dərəcəli krançı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: XXVİİ bölmə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsi (kod 22900000 ), kopyorçular-kod 2290000a-13121 və kopyor maşinistləri kod 2290000a13783. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, İddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (13.06.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 13.06.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2-1(112)-775/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-88/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-88/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver