Məhkəmə qərarları › İş №2-1(103)-88/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-88/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-88/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxslər X12 və X13 iştirakları ilə İddiaçının hüquqi varisi X22 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (X24 və X25 üçüncü şəxs qismində cəlb olunmaqla) “sərəncamın qismən etibarsız hesab edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2- 1(112)-3847/2021 saylı qərarından üçüncü şəxslər tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və İstismarı Birliyinin 29 dekabr 2004-cü il tarixli 92 nömrəli protokolunun, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsindən bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinin, X3 və İstismarı Birliyi ilə vətəndaş X10 arasında 11 yanvar 2005-ci il tarixdə Ləhiş ərazisindəki 3144 saylı bağ sahəsinə dair bağlanmış 33877 saylı müqavilənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə X24 və X25 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. İddiaçı daha sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin verdiyi 30 noyabr 1990-cı il tarixli orderə əsasən Ləhiş bağlar sahəsindən 177 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ iddiaçının X8nın istifadəsinə verilmişdir. X8 23 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. Bağ sahəsini dəmir setka ilə çəpərləmiş və orada müxtəlif meyvə ağacları əkmişlər. Mütəmadi olaraq bağ sahəsindən istifadə edərək həmin meyvə ağaclarının məhsullarından bəhrələnmişlər. Anasının vəfatından sonra bağ sahəsinə ancaq yay ayları gedə bilmişlər. Təxminən 2012-ci il tarixdə bağ sahəsinə gedərkən görmüşdür ki, bağın bir tərəfi qazılıb və orada hasar çəkilməsi üçün hazırlıq işləri görülüb. Bunu kimin etdiyini öyrənmək istəsə də, bütün yayı orada heç kimi görə bilməmiş və heç bir məlumat əldə edə bilməmişdir. Sonrakı illərdə də heç nə baş verməmişdir. 2018-ci ilin aprel ayında o, bağ torpaq sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu ilə onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2-1(82)-3451/2018 saylı qərardadı ilə iddia ərizəsi mümkünsüz sayılaraq, ona bildirilmişdir ki, ilk növbədə miras əmlakın - Bakı şəhəri, Ləhiş bağlar sahəsi, 177 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsinin xx.xx.2005-ci ildə vəfat etmiş X23 məxsus olması haqqında arayışın verilməsi barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməlidir. O, yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin İdarənin xx.xx.2019-cu il tarixli **********62 saylı imtina məktubunu 04 fevral 2019-cu il tarixdə almışdır. Həmin imtinada göstərilir ki, 177 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3144 nömrəli bağ sahəsinin ayrılmasına dair X17 adına order İdarənin arxivində mövcuddur. Məlumat üçün bildirilmişdir ki, vətəndaşın Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 3144 nömrəli bağ sahəsi üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciətində göstərilən sahənin digər fiziki şəxsin adına qeydiyyata alınması barədə **********25 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla cavab verilmişdir. Belə ki, imtina məktubundan görünür ki, həmin bağ sahəsinə mərhum X17 adına order İdarənin arxivində mövcuddur. Lakin idarə arayış verməkdən imtina etmişdir. Ona görə də mərhum X17 vərəsəsi kimi o, yenidən məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sərəncamına cavab olaraq məhkəməyə sənədlər təqdim olunmuşdur. Həmin sənədlərə əsasən məhkəmədə bildirilmişdir ki, onun iddiasına iddia icraatı qaydasında baxılmalıdır. 2019-cu ilin may ayında o, iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və sənədləri geri götürmüşdür. Səhhətində olan problemlə bağlı məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İnzibati-İqtisadi Məhkəməsinin sərəncamına əsasən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onun X8na Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyi tərəfindən 30 noyabr 1990-cı il tarixli orderlə Ləhiş bağlar sahəsindən 177 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi verilməsinə baxmayaraq, X3 və İstismarı Birliyi 11 yanvar 2005-ci il tarixdə həmin bağ sahəsinə dair vətəndaş X10 ilə 33877 saylı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında xx.xx.2013-cü il tarixdə Torpaq sahəsinin kadastr planı alınmış və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhəri 5 saylı Notariat Kontorunun 17 yanvar 2014-cü il tarixli 52 saylı məktubundan görünür ki, X10 xx.xx.2004-cii il tarixdə vəfat etmişdir. Belə olan halda X10 11 yanvar 2005-ci il tarixdə X3 və İstismarı Birliyi ilə necə müqavilə bağlaya bilərdi? Müqavilənin saxta olması heç bir şübhə doğurmur. Belə ki, X4 ölümündən sonra X3 və İstismarı Birliyi 29 dekabr 2004-cü il tarixli 92 saylı protokolunu təsdiq edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edir və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-ci il tarixli 319 saylı Sərəncamının 2.42-ci bəndi ilə həmin tarixə kimi vəfat etmiş və onunla müqavilə olmadan iddiaçının anasına məxsus olan bağ sahəsinə dair iclas protokolu təsdiq edilir. Bundan sonra, 14 mart 2014-cü il tarixdə onun qızı həmin bağ torpaq sahəsinə öz adına vərəsə kimi Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında onun adına xx.xx.2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bütün göstərilən sənədlər verilərkən heç kim müqavilənin 11 yanvar 2005-ci il tarixdə bağlanmasını nəzərə almamış və yaxud da nəzərə almaq istəməmişlər. Mərhum X8nın vərəsəsi kimi onun həmin bağ sahəsinə istifadə hüququ vardır. 3144 saylı bağ sahəsi anasının istifadəsinə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/374 saylı qərarına əsasən, yəni bunu etməyə vəkil edilmiş dövlət orqanının qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK-nın nəzdində verilmişdir. Hesab edir ki, bağ sahəsinə dair X8nın adına verilmiş orderin qüvvədə olması onu göstərir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 adına bağlanmış müqavilə onun ölümündən sonra bağlandığından qanuni hesab edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-3847/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsinin ayrılması barədə 2.42-ci bəndinin etibarsız hesab edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxslər birlikdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı öz iddia ərizəsində Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin 30 noyabr 1990-cı tarixli orderinə əsasən, Ləhiş bağları sahəsindən 177 saylı BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 3144 saylı bağın onun X8nın istifadəsinə verilməsini, həmçinin həmin sahədən mütəmadi istifadə etdiklərini, habelə sonradan anasının 23 dekabr 2005-ci il tarixdə vəfat etməsini, eləcə də anasının vəfatından sonra yalnız yay aylarında həmin sahəyə getdiklərini, təxminən 2012-ci il tarixdə ona məxsus olan bağ sahəsinə getdikdə orada bağ sahəsinin bir tərəfində qazıntı və hasar çəkilməsi üçün hazırlıq işlərinin görüldüyünü, lakin, bu işlərin kim və ya kimlər tərəfindən görüldüyünü öyrənmək istəsə də, öyrənə bilmədiyini və nəhayət 2018-ci ilin aprel ayında həmin sahəni özəlləşdirmək istədiyini bildirmişdir. Bundan başqa, iddiaçı qeyd olunan torpaq sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etdiyini, lakin, ərizəsinin təminindən imtina ediliyini bildirmişdir. Daha sonra isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, məhkəmə tərəfindən qeyd olunan bağ sahəsinin iddiaçının mərhum X8na məxsus olub-olmamasının öyrənilməsi üçün həmin iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi səbəbi ilə iddia ərizəsi mümkünsüz hesab edilmişdir. İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsinin mərhum X8na məxsusluğuna “inanaraq”, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin, ona həmin torpaq sahəsinin mərhum anasına məxsus olmaması barədə imtina məktubu göndərilmişdir. Həmin imtina məktubunda 177 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3144 nömərli bağ sahəsinin ayrılmasına dair X17 adına orderin idarənin arxivində mövcud olması qeyd edilmiş, bundan başqa da iddiaçıya qeyd olunan sahənin qanunvericilik normaları əsasında digər bir şəxsin adına qeydiyyata alınması barədə də məlumat təqdim edilmişdir. Bütün bunlara baxmayaraq, İddiaçı 1990-cı ilin orderini əsas götürməklə yenidən həmin sahənin mərhum anasına məxsusluğunu sübut etmək üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin sorğusuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş sənədlərdə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və X15 ərazisindəki 3144 nömrəli bağın istifadəyə verilməsi haqqında 11 yanvar 2005-ci il tarixli müqavilə ilə X7 10 il müddətinə istifadəyə verilməsi göstərilmişdir. Bundan başqa isə, X10 13 dekabr 2004-cü il tarixdə vəfat etmişdir. Beləliklə də, İddiaçı Ləhiş bağlarında yerləşən həmin torpaq sahəsindən istifadə hüququnun onun mərhum anasına məxsus olması əsası ilə, yəni 1990-cı ilin orderi ilə, habelə X4 vəfatından sonra onunla müqavilənin bağlanması əsası ilə belə qənaətə gəlmişdir ki, həmin torpaq sahəsini başqa şəxsə məxsus olduğu halda öz xeyrinə özəlləşdirə bilər. Nəticədə də, İddiaçı bu iki sənədi əsas gətirməklə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Yekun olaraq həmin Məhkəmənin 09 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli X9 Avtalıbovna adına Ləhiş bağlar sahəsində bağ sahəsinin ayrılması barədə 2.42-ci bəndi etibarsız hesab edilmişdir. Cavabdeh şəxsin məhkəməyə orderin qüvvədə olub-olmamasına dair sənəd təqdim etməməsi ilə, yəni məhkəmə proses iştirakçılarının təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmamışdır. Məhkəmə təqdim olunmuş sənədlərdə kifayət qədər sübut olmadan, iş üçün əhəmiyyət kəsb edən əsaslı sənədləri əldə etmədən, yəni sübutlar tam və hərtərəfli araşdırılmadan qiymətləndirilmişdir. İşin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında heç bir əlaqə yoxdur. Belə ki, məhkəmə iddiaçının (və iddiaçının anasının) adına verilmiş 1990-cı il tarixli orderin hansı əsasla verilməsini, orderin verilməsinə dair digər təsdiqedici sənədlərin olub-olmadığını və ya orderin qüvvədə olub-olmadığını, yəni, torpaqdan istifadə hüququnun müddətli və ya müddətsiz olduğunu, habelə müddətli olduğu təqdirdə - müddətini, eləcə də müddətsiz olduğu təqdirdə - torpaq vergisinin ödənilibödənilməməsini dəqiqləşdirmədən, icra hakimiyyəti tərəfindən belə hüqunun ləğv edilməsi və ya qüvvədə olması barədə hər hansı bir sübut əldə etmədən, yəni faktiki halları araşdırmadan iddiaçının tələbini təmin etməklə, hazırda cavabdehin maraqlarına xələl gətirməyən, lakin 3-cü şəxslərin hüquq və mənafelərinə əsassız olaraq xələl gətirən qərar qəbul etmişdir. Hazırkı işdə iş üçün əhəmiyyətli olan hallar ondan ibarətdir ki, məhkəmə iddiaçının təqdim etdiyi orderin hansı əsaslarla verilməsini, qüvvədə olduğu təqdirdə iddiaçı tərəfindən torpaqdan istifadəyə dair verginin ödənilməsi barədə qəbzlərin olmasını sübut etməmiş, 3-cü şəxslərin müvafiq zaman ardıcıllığı ilə torpaq sahəsinə hüquqları necə əldə etdiklərini və bundan sonra həmin sahəni qanunvericiliyə əsasən başqa şəxsin adına, daha sonra daha bir başqa şəxsin adına özəlləşdirilməsi tam aydınlaşdırmamışdır. Torpaq üzərində hüququn restitusiyasına yol vermiş, yol verilmiş bu qanunsuzluqlara görə 3-cü şəxslərin hüquqları pozulmuş, bundan başqa həmin şəxslərin məhkəmə iclasları barədə rəsmi qaydada məlumatlandırılmamaqla işdə iştirakları təmin olunmamışdır. Bundan başqa, iş üçün əhəmiyyətli olan hallar ondan ibarətdir ki, məhkəmə təqdim olunmuş orderin qüvvədə olub-olmamasını araşdırmadan iddiaçının tələbini mümkün hesab etmiş, torpaqdan istifadə hüququ olan şəxsin isə belə bir hüququnu ləğv etməklə, iddiaçıya torpaqdan istifadə hüquqları vermişdir. Bakı İnzibati Məhkəməsinin sözügedən qərarında göstərilmiş nəticə işin hallarına uyğun deyildir. Belə ki, üçüncü şəxslərin (müvafiq zamanda) müəyyən hüquqlarla torpaq sahəsinin özəlləşdirilməsinin icraedici orqanın möhürü və imzası ilə təsdiq edilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq mülkiyyət hüququnun pozulması nəticəsinə gəlmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər apellyasiya şikayətinə uyğun izahatlar verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə bağlı qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etdiyinə görə Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə hüquqi varisi (oğlu) X30 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddaçının hüquqi varisinin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan SSRi Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X26 bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən verilmiş orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi X23 ayrılmışdır. Order 177 saylı BTK-nın sədri tərəfindən xx.xx.1990-cı il tarixdə imzalanmışdır. İşdə olan AZ-İ 171415 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 23 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 12 mart 2018-ci il tarixli, 148 saylı məktubdan görünür ki, X14 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat kontoruna X31 və İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X18 xx.xx.2005-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsələri X31 və İddiaçı ərizələri əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 3144 saylı bağ sahəsində olan 0,12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən X19 verilmiş 36/1635 saylı, xx.xx.2013-cü il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2004-cü ilə dair sərəncamlar kitabında X3 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında“ xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncam vardır. “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X3 və İstismarı Birliyinin 29 dekabr 2004-cü il tarixli, 92 saylı Protokolu təsdiq edilmişdir. 29 dekabr 2004-cü il tarixli, 92 saylı protokoldan görünür ki, “Vətəndaşların rəsmi notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamının 2.42-ci bəndinə əsasən X7 Ləhiş ərazisində bağ sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X3 Departamenti ilə X10 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilədən görünür ki, Birlik tərəfindən Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha 3144 saylı bağ sahəsi xx.xx.2015-ci ilədək T.Kazımovanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli, 36676 nömrəsi ilə uçota alınmış A № 480141 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.metr sahəsi olan 3144 saylı bağ Bakı şəhər İH-nin BTİ və İB-nin xx.xx.2005-ci il tarixli, 33877 saylı müqaviləsi ilə bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı plan və ölçüsü tərtib edilmişdir. Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 2014-cü il tarixli məktubdan görünür ki, X5 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə notariat kontoruna X25 tərəfindən müraciət olunmuşdur. T.Kazımovanın xx.xx.2004-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə S.Sultanovanın ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3144 saylı bağ sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X4 adına qeydiyyata alınmışdır. Bakı şəhər 5 saylı notariat kontoru tərəfindən 14 mart 2014-cü il tarixdə verilmiş 2V1- 64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 dekabr 2004-cü ildə vəfat etmiş X4 vərəsəsi qızı X20r və miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən 0,116456 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X13 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması dövründə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 3144 saylı bağ sahəsinə dair arxiv qovluğundakı bütün sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********55 saylı məktub əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 33877 nömrəli müqavilə əsasında ayrılmış 3144 bağ sahəsinə və 177 nömrəli BTK nəzdində ayrılmış 3144 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba yuxarıda sadalanmış X4 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, X13 adına verilmiş RX seriyalı ******* saylı Çıxarışların, Bakı şəhər 5 saylı notariat kontoru tərəfindən 14 mart 2014-cü il tarixdə verilmiş 2V-1-64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli, 36676 nömrəsi ilə uçota alınmış A № 480141 saylı torpaq sahəsinin plan və ölçüsünün, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X3 Departamenti ilə X10 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilənin, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən X19 verilmiş 36/1635 saylı, xx.xx.2013-cü il tarixli arxiv arayışının, həmin arayışa əlavə olunmuş xx.xx.2004-cü il tarixli, 92 saylı protokolun, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X3 və İstismarı Birliyi tərəfindən Ləhiş bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən X17 adına verilmiş orderin surətindən əlavə aşağıda qeyd olunan sənədlərin surəti əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyi tərəfindən 177 saylı kooperativin sədrinə ünvanlanmış 30 noyabr 1990cı il tarixli məktubdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 05 noyabr 1990-cı il tarixli 7/374 saylı qərarına əsasən X23 177 saylı kooperativin tərkibində bağ sahəsi verilməsinə icazə verilmişdir. Həmin məktuba əlavə edilmiş AN-İ № ******* saylı, 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X25 ünvan 6 ünvanında yerləşən 0,116456 ha torpaq sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X12 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması dövründə məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, 05/2-3491/13 saylı məktubla məhkəməyə təqdim edilmiş 1071 saylı, 24 avqust 2005-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X10 13 dekabr 2004-cü il tarixdə vəfat etmişdir. Beləliklə, iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X26 bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən verilmiş orderə və Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi xx.xx.1990-cı il tarixdə X23 ayrılmışdır. Həmin bağ sahəsinin sonuncuya ayrılmasına baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 319 saylı, xx.xx.2004-cü il tarixli sərəncamının 2.42-ci bəndinə əsasən bağ sahəsi X7 ayrılmış və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X3 Departamenti ilə X10 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqaviləyə əsasən sözügedən bağ sahəsi Tamara Kazımovanın istifadəsinə verilmiş, sonuncunun adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Daha sonra, həmin bağ sahəsi vərəsəlik qaydasında onun qızı X13 adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. S.Sultanova onun adına mülkiyyət hüququ əsasında qeydə alınmış bağ sahəsini AN-İ № ******* saylı, 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncunun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda bağ sahəsi X12 mülkiyyətindədir. Göründüyü kimi bağ sahəsi ilkin olaraq X23 ayrılmışdır və X.Yaqubovaya bağ sahəsinin ayrılması barədə qərar və order qüvvədə olduğu halda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinə əsasən sözügedən bağ sahəsi X7 ayrılmışdır. Buna dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 Departamenti ilə X10 arasında 11 yanvar 2005-ci il tarixdə bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, X10 13 dekabr 2004-cü il tarixdə vəfat etmişdir. Həmçinin, işin birinci instansiya məhkəməsində araşdırması dövründə bağ sahəsinin X.Yaqubovaya ayrılması barədə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarının hazırda qüvvədə olub-olmaması barədə məlumatın verilməsi cavabdehdən tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab verilməmiş, həmin qərarın ləğv olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə təqdim olunmuş orderin qüvvədə olub-olmamasını araşdırmadan iddiaçının tələbini mümkün hesab etmiş, torpaqdan istifadə hüququ olan şəxsin isə belə bir hüququnu ləğv etməklə, iddiaçıya torpaqdan istifadə hüquqları vermişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlilinə, o cümlədən bütünlüklə apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi həmin bağ sahəsinin Xalsa Yaqubovaya ayrılması barədə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/374 saylı qərarı qüvvədə olduğu halda, həmçinin sərəncam verilənədək artıq ölmüş şəxs barəsində verildiyindən hüquqi cəhətdən etibarlı sayıla bilməz. İnzibati akt ölmüş şəxs barəsində verildiyindən o, icrası mümkün olmayan inzibati akt olmuşdur və həmin inzibati aktın etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsaslıdır. Üçüncü şəxs S.Ə.Əfəndiyev tərəfindən verilmiş iş üzrə iddia müddətinin tətbiq olunması barədə ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından və iş üzrə tərəflərin verdikləri izahatlardan müəyyən olunur ki, iddiaçı mübahisələndirilən sərəncam haqqında məlumatı başqa bir işə baxılarkən əldə etmiş və dərhal (xx.xx.2021-ci il tarixdə) hazırki iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddia müddətinin tətbiq edilməsi haqqında ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxslər X12 və X13 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-3847/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar