Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-88/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1726/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 sentyabr 2020-ci ildə könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmış, 6 oktyabrda birinci dəfə yaralanmış, “MPZ. Barotravma” diaqnozu qoyulmuş və müalicə olunmuşdur. 14 oktyabrda sol baldır nahiyəsindən ikinci dəfə yaralanmış, Füzuli rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş və yenidən toplanış mərkəzinə təxliyə olunmuş, döyüş əməliyyatlarında yenidən iştirak etmişdir. xx.xx.2020-ci ildə hərbi xidmətdən ehtiyata tərxis edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra postravmatik pozuntular özünü büruzə verib, müalicə almağa başlamışdır xx.xx.2021-ci il tarixdə 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 2 nömrəli Respublika Psixiatriya xəstəxanasına göndərilmiş, xx.xx.2021xx.xx.2021-ci il tarixədək 2 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla’’ diaqnozu ilə stasionar müalicədə olmuşdur. Hazırda da öz hesabına müalicə alır. Faktiki olaraq heç bir işdə işləyə bilmir, psixoloji pozuntuları var. Həmçinin gündəlik olaraq ağır təsirli sakitləşdirici dərmanlardan istifadə edir, bir sıra vəziyyətlərdə faktiki anlaqsızlıq halında olur. 23 dekabr 2021-ci il tarixində ona əlillik dərəcəsinin təyin olunması üçün Bakı şəhər 1 saylı şəhər poliklinikası tərəfindən sənədləri əsasında Forma-88 arayışı tərtib olunmuş, Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. 7 aprel 2022-ci il tarixində TSEK tərəfindən ona imtina cavabı gəlmişdir. İmtina səbəbi olaraq göstərilib ki, bu diaqnoz əlillik əlaməti təyin etmir. Ona Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı tərəfindən verilən sənəddə diaqnoz kimi “Posttravmatik stress pozuntusu F43.1" göstərilib. "Əlilliyin müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında F43.1 diaqnozu əlillik dərəcəsinin verilməsi üçün əsaslı diaqnoz kimi göstərilmişdir. Ona N saylı hərbi hissənin tibbi xidmət rəisi tərəfindən verilən arayışda da öz əksini tapıb ki, “əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə “M.P.Z Barotravma” və xx.xx.2020-ci il tarixdə “Sol baldır nahiyyəsinin qəlpə yaralanması” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır”. 23 noyabr 2021-ci il tarixdə tibb elmləri doktoru, professor, Fuad İsmayılov tərəfindən müayinə olunmuş və Posttravmatik stress pozuntusu F43.1 diaqnozu qoyulub. 17 noyabr 2021-ci ildə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon idarəsi rəisinin xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 2 nömrəli Respublika Psixiatriya xəstəxanasına göndərilmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 2 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstəlik haqqında şəhadətnamədə xəstəliyin diaqnozu kimi “uzunmüddətli posttravmatik stress pozuntusu (depressiv daxilolmalarla) ” müəyyən olunur. Göstərilir ki, müşayiətçiyə zərurət var. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-1726/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı könüllü olaraq Vətən Müharibəsində iştirak etdiyi müddətdə iki dəfə yaralanmışdır. İddiaçıda posttravmatiq pozuntular əmələ gəlmiş və ona 2 nömrəli Respublika Psixiatriya xəstəxanasında “posttravmatik stress pozuntusu depressiv daxilolmalarla” diaqnozu qoyulmuşdur. Əlillik dərəcəsi verilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə iddianı təmin etməmişdir. İddiaçı ilk dəfə müraciət etdikdə hakim prosesdə ona sənədlərinin geri götürülməsinə yardım etmişdir. İnzibati Prosesual Məcəlləsinin 13-cü maddəsinə əsasən Məhkəmənin iddiaçıya yardım etmək vəzifəsi olduğu halda hər hansı köməklik göstərməmişdir. Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası olduğu halda, iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə həmin qurumun eksperti cəlb edilmişdir. Bu halda cavabdeh öz qanunsuzluğunu etiraf edəcək deyil, əksinə əvvəlki qərarı qüvvədə saxlamağa məcburdur. İddiaçı Nazirlər Kabinetinin 413 saylı qərarı tətbiq edildiyi müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qərarda ona əlillik dərəcəsinin təyin edilməsi mümkün olmadığı halda, məhkəmə tərəfindən vətəndaşın xeyrinə olan qanunun geriyə qüvvəsinin şamil edilməsi yanaşmasını rəhbər tutaraq Nazirlər Kabinetinin 187 saylı qərarını tətbiq edib əlillik dərəcəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilərdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçının Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarından görünür ki, Forma 88: 2782003AAB6S, qiymətləndirmə tarixi: xx.xx.2022, diaqnoz: Posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı. Qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya. Astiqmatizm, Sadə miopik astiqmatizm. Hipotoniya. Dəmir defisitli anemiya. İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki, İddiaçı əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2782003AAB6S göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stressə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.1 - P...; Diaqnozun mətni: Posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya. Astiqmatizm, sadə miopik astiqmatizm. Hipotoniya. Dəmir defisitli anemiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, T468/2022 saylı ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı 1 saylı şəhər poliklinikasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli 2782003AAB6S göndərişlə göndərilmiş 88 saylı formada qeyd edilən “F43.1 posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. 195.9-Dəqiqləşdirilməmiş hipotenziya, hipotoniya; D50.8 digər dəmir defisitli anemiyalar; L90.5 dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi hərəkət zamanı partlayış səbəbi ilə yaralanma. S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin trvmasmdan sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sadə miopik astiqmatizm.” diaqnozu şəxsin stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, laborator instrumental müayinələrinin əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər diaqnozun qeyd edilən formada deyil, natamam təsdiqinə əsas verdiyindən əlillik dərəcəsinin təyini zamanı ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların bəndlərindən heç birini aid etmək mümkün olmadı. İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 28 iyul 2023 tarixli, T480/2023 saylı ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına 1 saylı şəhər poliklinikasında tərtib edilmiş Forma 88-də qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar onun tam reabilitasiyası mümkün deyildir və diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər diaqnozun yuxarıdakı formada təsdiqinə əsas vermədiyindən əlillik dərəcəsinin təyini zamanı ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların bəndlərindən heç birini aid etmək mümkün olmadı. Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı yenidən əyani müayinəyə cəlb edilməklə müvafiq rəyin məhkəməyə təqdim edilməsi məqsədilə yenidən inzibati icraatın aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı İlə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6S nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadına uyğun olaraq vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-1208/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir: Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) aşağıda adı göstərilən 5 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 4) Bakı şəhər sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında elektron qaydada xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1998/2023 nömrəli qərardadına əsasən İddiaçı 3-17-4/1- 47085/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinə məqsədilə Agentliyə dəvət edilmişdir. Araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 23120 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2021-xx.xx.2021-ci il tarixli 5228/21 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli 10566 nömrəli Tibbi rəyində diaqnoz "Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1924/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, gecə yuxusunun pozulmasından, yuxu görmələrdən və boğulmalardan şikayətlənmişdir. Zahirən gərgin, ara-sıra hərəki tiklər qeyd olunmuş, ünsiyyətə həvəssiz qoşulmuş, sualları aqressiv cavablandırmışdır. Əhvalı enik, emosiyaları bir qədər sönük, düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi bütün istiqamətlərdə saxlanılmışdır. Uzun müddət Escita və Klonazepam preparatları qəbul etdiyini bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Uzun qedişli posttravmatik stress pozuntusu, Qəzəbli depressiv daxilolmalar və hərəki tiklərlə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları "na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2782003AAB6S göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış (Diaqnoz - Posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla) və diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, T468/2022 saylı ekspert rəyinə əsasən iddiaçıda Bakı 1 nömrəli Şəhər Poliklinikasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli 2782003AAB6S göndərişlə göndərilmiş 88 saylı formada qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər diaqnozun qeyd edilən formada deyil, natamam təsdiqinə əsas verdiyindən əlillik dərəcəsinin təyini zamanı ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların bəndlərindən heç birini aid etmək mümkün olmamışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadına əsasən cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6S nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadına uyğun olaraq vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 28 iyul 2023 tarixli, T480/2023 saylı ekspert rəyinə əsasən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər diaqnozun qeyd olunan formada təsdiqinə əsas vermədiyindən əlillik dərəcəsinin təyini zamanı ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların bəndlərindən heç birini aid etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıda aşkar edilmiş xəstəliklərin «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1726/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-88/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-88/2024
05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver