Məhkəmə qərarları › İş №2-1(103)-880/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-880/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-880/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 4502/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi İdarəsinə qarşı iddiaçıya qanunla hüququnun yarandığı gündən, yəni 55 yaşının tamam olduğu 25.05.2016-cı il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 25.06.1979-cu ildən başlamışdır. İddiaçıya X7 tərəfindən verilmiş 08.11.2019-cu il tarixli güzəştli arayışa əsasən 04.01.1987-ci ildən 03.10.1988-ci il tarixinədək “yandirma” sexində futerləyici-bənna vəzifəsində çalışmış və güzəştli stajı 1 il 9 ay təşkil edir. “Holcim (Azərbaycan)” ASC-nin 08.11.2019-cu il tarixli güzəştli arayışından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarının “14. Tikinti Materialları maddəsinin “14.1 Sement istehsalı” bəndinə əsasən futerləyici-bənna peşəsi iddiaçıya güzəşt şərtlərlə pensiya təminat hüququ yaradır. "xxxx" ASC-nin Xəzər X9nın 05.11.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı X6 (MPK-459 Geofızik) 06.11.2008-ci il tarixindən “M.Süleymanov” gəmisində aşbaz kimi işə qəbul edilərək 15.01.2016-cı il tarixinədək, “G.Şıxlinski” gəmisində aşbaz kimi 15.07.2016-cı il tarixinədək işləmişdir. 2017-ci ildən gəmilərdə aşpaz xidməti artıq (CATERİNG) ayrıca yemək şirkətlərinə verildiyi üçün iddiaçı yenidən 16.02.2017-ci ildən "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq gəmi struktur bölməsinə aşpaz kimi işə başlamış və hal-hazırda üzən heyət “G.Şıxlinski” gəmisində aşbaz kimi işləyir. Ərizəyə əlavə etdiyi "xxxx" ASC-nin Xəzər X9nın 14.11.2019-cu il tarixli arayışına əsasən 06.11.2008-ci il tarixdən işlədiyi (MPK-459 Geofızik) “M.Süleymanov” gəmisi və 15.07.2016-cı il tarixinədək “G.Şıxlinski” gəmiləri tarixlərində istismarda olub və üzən gəmilər siyahısına daxildir. İddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı 2 dəfə ardıcıl olaraq cavabdeh quruma rəsmi müraciətlər etmiş, amma buna baxmayaraq hər iki müraciətinə 17.12.2019-cu və 07.01.2020-ci il tarixlərdə müxtəlif məzmunda əsassız imtina cavabları verilərək əmək kitabçasında əmək stajının 10 ildən az təşkil etdiyini göstərilmişdir. Sonuncu dəfə Mərkəzi Filial tərəfindən 17 dekabr 2020-ci il tarixdə “güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında” **********1 nömrəli məktubla filiala təqdim etdiyi sənədlər geri qaytarılaraq əmək kitabçasında 16.02.2017-ci il tarixindən bu günədək "xxxx" MMC-də gəmi struktur bölməsində aşbaz peşəsində işlədiyinin qeyd edildiyi, lakin sözügedən müəssisədə işlədiyi peşənin yuxarıda qeyd olunan siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə iş yerinin arayışının Mərkəzi Filiala təqdim etmədiyi göstərilmişdir. Göstərilənlərə əsasən halhazırda işlədiyi "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş 12 yanvar 2021-ci il tarixli 16 nömrəli arayışla iddiaçının müraciətinə cavab olaraq göstərilmişdir ki, həqiqətən də iddiaçı 16.02.2017-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-nin “Atlet-24” gəmisində üzən heyətdə aşbaz xidməti göstərir. İddiaçının hal-hazırda işlədiyi vəzifələr (peşələr) üzən heyət və işlədiyi gəmilər Xəzər X9nın gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yarımçıqxidmət gəmiləri, xidmət şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyyası hüququ verdiyi göstərilmişdir. Tərəfindən cavabdehin 17 dekabr 2020-ci il tarixdə “güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında” **********1 nömrəli məktubunu təmin etmək üçün "xxxx" MMC-də gəmi struktur bölməsində aşbaz peşəsində işlədiyini və işlədiyi işin zərərli iş olmasına dair arayışını alıb 13.01.2021ci ildə yenidən cavabdehə müraciət edərək ərizəsinin təmin edilməsini xahiş etmiş, amma buna baxmayaraq cavabdeh qurum 35 günün tamam olmasına baxmayaraq heç bir tədbir görməmişdir. Bundan əlavə cavabdeh qurum 17.12.2019-cu il və 07.01.2020-ci il tarixli imtina məktubunda güzəştli iş stajının 01.01.2006-cı ildən 10 ildən az olduğunu göstərmişdir. Halbuki, iddiaçının əmək kitabçası üzrə ümumi stajı 21 il və güzəştli şərtlərlə iş stajı 13 il 6 ay 4 gün təşkil edir. Göründüyü kimi cavabdeh iddiaçının pensiya təminatı hüququnun təmin edilməsi ilə bağlı etdiyi müraciətlərinə cavab vermədiyi üçün onun sosial təminat hüququnu məhdudlaşdırır, konstitusion hüquqlarını pozur. Ona görə cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-4502/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. 13.12.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 01.10.2017- ci il tarixində 10 il tamam olur. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 01.10.2017-ci il tarixindən yəni hüququnun yaranan gündən təyin edilməsinin İnzibati orqana həvalə edilməsi barədə tələb qoymalı idi. Çünki 01.10.2017-ci il tarixinə 35 il ümumi iş stajı o, cümlədən 10 il güzəştli iş stajı və 56 yaşı olmuşdur. İşin apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona yaşa görə 57 yaşının tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17.12.2020-ci il tarixli **********1 saylı və 19.03.2021-ci il tarixli **********2 saylı eyni məzmunlu məktubları ilə iddiaçının ərizələrinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydalarfna 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat (21) bölməsində dəniz və çaydonanması (21.2) bəndində üzən heyətdə dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 27.07.1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 16.02.2017-ci il tarixindən bugünədək "xxxx" MMC-də gəmi struktur bölməsində aşpaz peşəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisədə işlədiyi peşənin yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Mərkəzi Filiala yuxarıda qeyd olunan müvafiq arayış təqdim edildikdən sonra baxılacagı izah olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07.01.2020-ci il tarixli **********7 saylı məktubu ilə iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçının iddia tələbində göstərdiyi 25.05.2016-cı il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən yaş senzi- iddiaçının 52 yaşının tamam olması əsas şərtlərdən biridir. Lakin, işin hallarından göründüyü kimi iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 52 yaşdan deyil, 55 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, ona 57 yaşından (iddiaçı xx.xx.1961-ci il təvəllüdlür və onun 57 yaşı 25.05.2018-ci il tarixdə tamam olmuşdur) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyindən, iddiaçıya münasibətdə Qanunun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş normalar deyil, hazırda qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olduğu tarixədək 20 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 57 yaşının tamam olduğu tarixədək 10 il güzəştli iş stajının mövcud olması.

3. İddiaçının 57 yaşının tamam olduğu tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus 27.07.1979-cu il tarixdən doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı 01.09.78-07.79-cu ilədək orta ixtisas təhsili almış (10 ay), 25.06.1979-cu ildən (əmr 469, 26.06.1979) 30.09.1983-cü ilədək (əmr 448, 30.09.1983) Bakıelektikmaşınqayırma zavodunda (“Azərelektromaş” Elmi-İstehsalat Birliyinin tərkibinə verilmiş) elektrik izolyasiya məmulatlarını sarıyan, 09.11.1983-cü il tarixdən (əmr 136K) X7na elektrik sexinə elektrik-montyoru-sarıyan təyin edilmiş, 04.01.1987-ci il tarixdən (əmr 1K) 03.10.1988-ci il tarixədək yandırma sexində futerləyicibənna işləmiş, 03.10.1988-ci il tarixdən (əmr 139K) 21.01.1999-cu il tarixədək (əmr 72/K 21.01.1999) zavodda müxtəlif vəzifələrdə işləmiş, 12.01.2000-ci il tarixdən (7/K saylı əmr) 01.02.2001-ci il tarixədək (29/K saylı əmr) X7nda işləmişdir. 01.02.2001-ci il tarixdən 13.11.2001-ci il tarixədək “X3 (Azerbaijan)” xadimə, 13.11.2001-ci il tarixdən 01.11.2002-ci il tarixədək "xxxx" MMC-də xadimə, 01.11.2002-ci il tarixdən 01.04.2006-cı il tarixədək "xxxx" MMC-də xadimə, 01.09.2005-ci il tarixdən 01.11.2005-ci il tarixədək “X12 Konsaltants (UK) Ltd” Şirkətində AR-da filialına mətbəx köməkçisi, 01.11.2005-ci il tarixdən 01.10.2007-ci il tarixədək “Yurest Səport Services (“Sayprəs İnternəşnl Limited” şirkətinin AR-da filialı) iaşə xidmətləri üzrə köməkçi (30047 saylı əmək müqaviləsi), 06.11.2008-ci il tarixdən Cənub rayon X13 İdarəsində 06.11.2008-ci il tarixdən “M.Süleymanov” gəmisində aşpaz (əmr 160, 06.11.2008-ci il), 16.08.2009-ci il tarixdən “MPK-452” gəmisində aşpaz (əmr 103/K), 01.06.2010-cu il tarixdən “MPK-459” gəmisində aşpaz (əmr 92/K), 01.03.2012-ci il tarixdən 17.09.2012-ci il tarixədək “Geofizik” gəmisində aşpaz (əmr 1124/k), 01.10.2012-ci il tarixdən (əmr №1941\sh 20.09.2012) 27.03.2013-cu il tarixədək (əmr №595sh 27.03.2013) Abşeron Rayon X13 İdarəsinin “M.Süleymanov” gəmisində aşpaz, 01.04.2013-cu il tarixdən (əmr №284 01.04.2013) 18.12.2015-ci il tarixədək Xəzər X9nın ”M.Süleymanov” gəmisində aşpaz, 16.01.2016-cı il tarixdən (əmr №109 15.01.2016) 15.07.2016-cı il tarixədək (əmr №643-k 15.07.2016) aşpaz işləmiş, 16.02.2017-ci il tarixdən (əmr №129/k 16.02.2017) "xxxx" MMC-də gəmi struktur bölməsində aşpaz qəbul edilmişdir. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olduğu 25.05.201-ci il tarixədək ümumi iş stajı 20 ildən artıq olmuş və o, qanunvericiliklə nəzərdə tutulmuş ilk şərti ödəmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: - HOLCİM (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin 08.11.2019-cu il tarixli güzəştli arayışından görünür ki, iddiaçı 136K saylı əmrlə 09.11.1983-cü il tarixdən 21.01.1999-cu il tarixədək və 29K saylı əmrlə 12.01.2000-ci il tarixdən 01.02.2001-ci il tarixədək X7nda işləmişdir. İddiaçı 04.01.1987-ci il tarixdən 03.10.1988-ci il tarixədək (əmr 1K) “Yandırma” sexində Futerləyici-bənna vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının “14.Tikinti materialları” maddəsinin, “14.1 Sement istehsalı” bəndinə əsasən Futerləyici - bənna peşəsi güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 1 il 9 aydır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X7 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASCnə çevrilmişdir. - "xxxx" QSC-nin Xəzər X9nın 05.11.2019-cu il tarixli EN01/02-707 saylı arxiv arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 06.11.2008-ci ildə Cənub rayon X9 “M.Süleymanov” gəmisinə aşpaz peşəsinə (06.11.2008-ci il tarixli 160-k nömrəli əmr) işə qəbul edilmişdir. 01.06.2010-cu ildə “MPK - 459” gəmisinə aşpaz (01.06.2010-cu il tarixli 92-k nömrəli əmr), 01.03.2012-ci ildə “Geofizik” gəmisinə aşpaz peşəsinə (01.03.2012-ci il tarixli 1124-k nömrəli əmr) keçirilmişdir. 17.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (07.09.2012-ci il tarixli 1940-k nömrəli əmr) işdən azad edilmişdir. 01.10.2012-ci ildə “M.Süleymanov” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə (20.09.2012-ci il tarixli 1911-k nömrəli əmr) işə qəbul edilmişdir. 27.03.2013-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (27.03.2013-cü il tarixli 595-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 01.04.2013-cü ildə “M.Süleymanov” gəmisinə 2-ci dərəcəli aşpaz (01.04.2013-cü il tarixli 284-k nömrəli əmr) işə qəbul edilmişdir. 18.12.2015-ci ildə “G.Şıxlinski” gəmisinə kambuzçu peşəsinə (18.12.2015-ci il tarixli 3511-k nömrəli əmr), 16.01.2016-cı ildə “M.Süleymanov” gəmisinə aşpaz peşəsinə (15.01.2016-cı il tarixli 109-k nömrəli əmr) keçirilmişdir. 15.07.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (15.07.2016-cı il tarixli 653-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. - "xxxx" QSC-nin Xəzər X9nın 14.11.2019-cu il tarixli MF 01/02-712 saylı arayışından görünür ki, iddiaçı 05.11.2019-cu il tarixli EN 01/02-707 saylı Arxiv arayışında qeyd olunan “M.Süleymanov”, “MPK-459”, “Geofizik”, “G.Şıxlinski” gəmiləri arayışda göstərilən tarixlərdə istismarda olub və üzən gəmilər siyahısına daxildir. - "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş 12 yanvar 2021-ci il tarixli 16 nömrəli arayışdan görünür ki, o, 16.02.2017-ci il tarixindən hal-hazıra qədər "xxxx" QSCnin ”Atlet- 24” gəmisində üzən heyyətə aşpaz xidməti göstərir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. - "xxxx" QSC-nin Xəzər X9nın 06.05.2021-ci il tarixli TQ№01/02-419 saylı məktubundan görünür ki, İddiaçı Xəzər X9nda 06.11.2008- 17.09.2012-ci, eləcə də, 20.09.2012-27.03.2013-cü və 01.04.2013-cü ildən 15.07.2016-cı ilədək müvafiq olaraq 2ci dərəcəli aşpaz, kambuzçu peşələrində işləmiş və 15.07.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə (15.07.2016-cı il tarixli, 653-k nömrəli əmr) xitam verilmişdir. Həmçinin işin apellyasiya icraatı zamanı məhkəmənin müvafiq sorğuya cavab olaraq, "xxxx" QSC-nin Xəzər X9nın 09.03.2022-ci il tarixli, 01/02-268 №-li cavab məktubuna əlavə edilmiş Arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən Xəzər X9nda 06.11.2008-17.09.2012-ci, eləcə də, 20.09.2012- 27.03.2013-cü və 01.04.2013-cü ildən 15.07.2016-cı ilədək müvafiq olaraq “M.Süleymanov", “MPK-459”, “Geofizik”, “G.Şıxlinski” gəmilərində aşpaz və kambuzçu peşələrində işləmişdir. 15.07.2016-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (15.07.2016-cı il tarixli 643-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. Onun tutduğu peşələr üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nm 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş 21.06.1993-cü il tarixil 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtləriə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Əsas: Şəxsi iş, kadr əmrləri, ştat cədvəli,“Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi”. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma" idarəsi 07.03.2007-ci ildən Xəzər X9 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X6in və Xəzər X9nın yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.” Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçı 04.01.1987-ci il tarixdən 03.10.1988-ci il tarixədək (əmr 1K) “Yandırma” sexində Futerləyici-bənna vəzifəsi ( 01 il 09 ay), 06.11.2008- 17.09.2012-ci, 20.09.2012-27.03.2013-cü və 01.04.2013-cü ildən 15.07.2016-cı ilədək müvafiq olaraq "xxxx" QSC-nin Xəzər X9nın müxtəlif gəmilərində 2-ci dərəcəli aşpaz, kambuzçu peşələrində (07 il 08 ay) , 16.02.2017-ci il tarixindən etibarən Grand Catering MMC-də gəmi struktur bölməsində aşpaz peşəsində çalışır (57 yaşının tamam olduğu 25.05.2018-ci ilədək 01 il 03 ay 09 gün). Göründüyü kimi iddiaçının 57 yaşının tamam olduğu 25.05.2018-ci il tarixədək güzəştli iş 10 ildən artq təşkil etmiş və bu iş materiallarında olan əmək kitabçası və iş yerlərindən arayışlarla təsdiq edilmişdir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qanunvericiliklə nəzərdə tutulmuş olan iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtli ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş cavabdehin 09.09.2021-ci il tarixli, **********5 saylı məktubda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19380,73 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 29848,78 manat olmaqla, cəmi pensiya kapitalı 49229,51 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34200,00 manat məbləğində hesablanmışdır. Yuxarıda qeyd edilən məktubdan müəyyən edilir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş üçüncü şərti ödəyir, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Göründüyü kimi iddiaçının 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmiş və onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona münasibətdə müəyyən edilmiş 34200,00 manat məbləğindən artıqdır. Lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş yerindən müvafiq arayışlarla öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, lkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 4502/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 25 may 2018-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar