Məhkəmə qərarları › İş №2-1(103)-880/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-880/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-880/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh X6rşı “fərdi parklanma talonunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9572/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh X6rşı məhkəməyə müraciət edərək, özünə məxsus olan “Kia” markalı “K3” modelli, ** MP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yaşadığı ünvanın yaxınlığında təşkil edilmiş parklanma ərazisi üzrə park etməsi üçün müraciəti əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən parklanma talonlarının verilməsindən imtina edilməsinin əsassız hesab edilməklə iddiaçıya məxsus olan qeyd edilən nəqliyyat vasitəsini park etməsi məqsədilə pulsuz parklanma yerlərinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yaşayan İddiaçı özünə məxsus olan “Kia” markalı “K3” modelli **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yaşadığı ünvanın yaxınlığında təşkil edilmiş parklanma ərazisi üzrə park etməsi üçün müraciəti əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən parklanma talonlarının verilməsindən imtina edilməsinin əsassız hesab edilməklə yanaşı İddiaçı özünə məxsus olan qeyd edilən nəqliyyat vasitəsini park etməsi məqsədilə pulsuz parklanma yerlərinin ayrılması və fərdi talon verilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci il təvəllüdlü İddiaçı 1992-ci ilin may ayında, yəni, 3 (üç) yaşı olarkən Laçın rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi ünvan 2 ünvana köçmüş və həmin tarixdən bugünə kimi, artıq 32 (otuz iki) ildir ki, qeyd edilən ünvanda atasının vəfat etməsindən sonra anası Sona Abdullayeva ilə birlikdə yaşamaqdadır. İddiaçı qeyd edilən ünvanda daimi əsaslarla yaşamaqla yanaşı qeyd edilən ünvanda yerləşən 276 nömrəli tam orta məktəbin nəzdindəki ünvan 3ə təhsil almış və 2005-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir. İddiaçı 07 yanvar 2024-cü il tarixdə “Kia” markalı “КЗ” modelli ** MP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almış və hazırda da həmin avtomobili idarə etməkdədir. Lakin idarə etdiyi həmin avtomobili yaşadığı ünvanın yaxınlığında (100 metr ərazini əhatə edən məsafədə) park etməsi üçün parklanma talonunun əldə edilməsi məqsədi ilə iki dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etsə də, adıçəkilən qurum tərəfindən parklanma talonlarının verilməsindən əsaslı səbəb göstərilmədən, formal şəkildə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməklə 23 fevral 2024-cü il və 12 mart 2024-cü il tarixli cavablarla imtina edilmişdir. “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli Qərarının 2.1-ci bəndində qeyd olunmuşdur ki, Bakı şəhərinin inzibati ərazisində pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi (hazırki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Qeyd edilən Qərarda “yaşayan şəxslər” anlayışından istifadə olunmuş və həmin Qərarda heç bir bənddə “qeydiyyatda olan şəxslər” anlayışı öz əksini tapmamışdır ki, bu da iddiaçının haqlı olaraq narazılığına və hüquqlarının pozulmasını zənn etməsinə səbəb olmuşdur. Belə ki, İddiaçı yuxarıda da qeyd olunduğu kimi artıq 32 (otuz iki) ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi ünvan 4 ünvanda yolboyu parklanma ərazisi təşkil olunmuşdur. Təəssüf ki, məcburi köçkünlük həyatı yaşaması səbəbindən Bakı şəhərində qeydiyyata alınması və yaşadığı hazırkı mənzilin isə hamıya məlum olan səbəblər üzərindən özəlləşdirilməsi mümkün olmamışdır. Bununla belə, bu xüsusatlar İddiaçı artıq 32 (otuz iki) ildir ki, qeyd edilən ünvanda yaşaması həqiqətini dəyişdirmir. Sözsüz ki, müzəffər ali baş komandan, ölkə prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Laçın şəhərinə köçürülmələr aparılan zaman İddiaçı da öz doğma yurduna qayıdacaqdır. Lakin, hazırkı vəziyyətdə İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmaqla hazırda ünvan 2 ünvanda yaşayır və bununla əlaqədar təsbit olunmuş hüquq və vəzifələrinin realizə olunması labüddür. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanında Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına, inter alia, göstəriş verilib ki, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasınadək və ya yeni mənzillərdə müvəqqəti məskunlaşmasınadək, 1992-ci ildən 1998-ci ilədək məskunlaşdıqları dövlət evlərindən, mənzillərdən, torpaqlardan və başqa sahələrdən, mənsubluğundan asılı olmadan, çıxarılmasına icazə verilməsin. Göründüyü kimi İddiaçı yaşadıqları mənzili tərk etmək, çıxmaq, məcburi köçkünlük dövründə və sonrakı dövrdə şəxsi mənzil əldə etmək kimi imkanı olmamış və bu səbəblə də hazırda və uzun müddətdir ki, yaşadığı mənzilə qeydiyyata alınmamış və öz doğma yurdunda, yəni Laçın rayonunda qeydiyyatda qalmağa davam etmişdir. Lakin onun Laçın rayon qeydiyyatında olması 32 (otuz iki) ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yaşaması həqiqətini dəyişdirməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin 7-ci bəndində qeyd olunmuşdur ki, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlılıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin istinad etdiyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin yaşayış yeri— tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Göründüyü kimi həmin maddənin “yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil” hissəsi birbaşa İddiaçı şamil olunmalıdır ki, bu da onun hüquqlarının realizə olunması üçün əsasdır. Xülasə, göstərilənlərə əsasən qeyd edilən maddəyə şərh verilmiş anlayışların hər ikisi İddiaçı şamil olunmalı və onun Azərbaycan Respublikası Konstitusiyası və digər qanunlarla təsbit olunmuş hüquqları realizə olunmalıdır. Qeyd olunur ki, İddiaçı yaşadığı ünvan 5 ünvanından başqa heç bir ünvanda evi, mənzili və yaşayış sahəsi mövcud deyildir. İddiaçının hər gün qeyd olunan ünvana gəlməsi və orada yaşaması qeyd edilən binanın giriş hissəsində quraşdırılmış kamera qurğuları vasitəsilə də təsdiq olunur və zərurət yarandığı halda məhkəməyə təqdim olunmasında maneə yoxdur. Dəqiqləşdirilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ** MP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair alqı-satqı həyata keçirildiyindən avtomobil iddiaçının adına ** SJ *** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, “Sizin fərdi parklanma talonunun verilməsi barədə 11 sentyabr 2024-cü il tarixli müraciətinizə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin Vİİ hissəsinə əsasən, fərdi parklanma talonları yalnız parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə uyğun olaraq verilir. Qeyd edilənləri nəzərə alaraq, şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı ilə yaşayış ünvanı fərqli olduqda fərdi parklanma talonunun verilməsi müsbət həll oluna bilmir”. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixində Agentliyə müraciət edərək, ona fərdi parklanma talonunun verilməsini xahiş etmişdir. Onun müraciəti araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatda deyil. Bununla əlaqədar ona fərdi parklanma talonunun verilməsinin mümkün olmaması barədə rəsmi cavab məktubu ünvanlanmışdır. Daha sonra, İddiaçı eyni məzmunlu xahişi ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlər edərək sözügedən ünvanda qeydiyyata düşmədən ona fərdi parklanma talonunun verilməsini xahiş etmişdir. Onun həmin müraciətlərinə də fərdi parklanma talonunun verilməsinin mümkün olmaması barədə rəsmi məktublarla cavab verilmişdir. “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsinin 7-ci hissəsinin 1-ci cümləsinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Şəxs yaşayış yeri üzrə qeydiyyata alındıqda onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın 2.6-cı bəndinə uyğun olaraq təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq (həmin Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. Həmin Qaydanın 2.9-cu bəndinə görə müraciət qəbul olunduqdan sonra 2 (iki) iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini və ya X2 Sistemi vasitəsilə əldə etdiyi sənədləri və ya məlumatları elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Agentliyə (Bakı Nəqliyyat Agentliyinə) göndərir; müraciətə Agentlik (Bakı Nəqliyyat Agentliyi) tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət etmiş şəxsə verilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9572/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus “Kia” markalı “K3” modelli **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaşadığı ünvanın yaxınlığında təşkil edilmiş parklanma ərazisi üzrə park etməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən parklanma talonunun verilməsindən imtinasının qanunsuz hesab edilməsi, İddiaçı məxsus “Kia” markalı “K3” modelli **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin park etməsi məqsədilə pulsuz parklanma yerlərinin ayrılması və fərdi talonun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9572/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qanunverici müvafiq qanunda birbaşa fərdi parklanma talonlarını məhz yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə verilməsi ilə şərtləşdirmiş, müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Nazirlər Kabineti də qeyd edilən Qanuna uyğun olaraq sözügedən Qərarı qəbul etmişdir. Lakin, məhkəmə özünün qəbul etdiyi Qərarın 20-ci bəndində iddiaçının yaşadığı ünvanda qeydiyyatsız yaşamasını vurğulasa da, Qanunun imperativ tələbinə zidd olaraq iddiaçıya həmin ünvanın yaxınlığında yerləşən parklanma yerlərində avtomobilini saxlamaq məqsədi ilə parklanma talonunun verilməsi öhdəliyini Agentliyin üzərinə qoyulması barədə məhkəmə qərarı çıxarır və bu zaman əsassız olaraq “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanına istinad edir. Qeyd etmək istərdik ki, hakimin sözügedən iş üzrə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanına istinad etməsi hüquqi nonsensdir. Belə ki, iş materiallarından da göründüyü kimi qeyd edilən məhkəmə işində iddiaçının məskunlaşdığı yerdən çıxarılmasından ümumiyyətlə söhbət getmir. Qeyd edilən məhkəmə işinin predmeti iddiaçının kiminsə tərəfindən qeydiyyatsız yaşadığı evdən çıxarılması deyil, ona fərdi parklanma talonunun verilməsi olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9572/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən iddiaçı mülkiyyətində olan və idarə etdiyi “Kia” markalı “K3” modelli, ** SJ *** dövlət qeydiyyat nömrəli avtomobili yaşadığı ünvanın yaxınlığında park etməsi üçün parklanma talonunun əldə edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin iddiaçının şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı ilə yaşayış ünvanı fərqli olduğundan imtina edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın 2.1-ci bəndində qeyd edilən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçilərinə aid edilməlidir. Belə ki, İddiaçı Laçın rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 39 A, mənzil 30 ünvanına köçmüş və həmin tarixdən bugünə kimi həmin mənzildə qeydiyyatsız yaşayır. Cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, qanunverici müvafiq qanunda birbaşa fərdi parklanma talonlarını məhz yaşayış yeri üzrə qeydiyyata olan şəxslərə verilməsi ilə şərtləşdirmiş, müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Nazirlər Kabineti də qeyd edilən Qanuna uyğun olaraq sözügedən Qərarı qəbul etmişdir. Lakin, məhkəmə özünün qəbul etdiyi Qərarın 20-ci bəndində iddiaçının yaşadığı ünvanda qeydiyyatsız yaşamasını vurğulasa da, Qanunun imperativ tələbinə zidd olaraq iddiaçıya həmin ünvanın yaxınlığında yerləşən parklanma yerlərində avtomobilini saxlamaq məqsədi ilə parklanma talonunun verilməsi öhdəliyini Agentliyin üzərinə qoyulması barədə məhkəmə qərarı çıxarmışdır. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv üçün əsas deyildir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin Vİİ hissəsinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsi istifadəçilərinə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın: 2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. 2.2. Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. 2.6. Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq (bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. 2.9. Müraciət qəbul olunduqdan sonra 2 (iki) iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini və ya X2 Sistemi vasitəsilə əldə etdiyi sənədləri və ya məlumatları elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərir. Müraciətə Bakı Nəqliyyat Agentliyi tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət etmiş şəxsə verilir. Fərdi parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəyə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında olan mövqeyini və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ünvan 8 ünvanında daimi qeydiyyatdadır və Bakı şəhəri, Binəqədi rayonu, Ə.ünvan 10 ünvanda məcburi köçkün kimi qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi barədə məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı ünvan 11 ünvanında qeydiyyatdadır. Eyni zamanda, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu sektorunun 23 noyabr 2022-ci il tarixli arayışına əsasən müəyyən edilir ki, İddiaçı ünvan 9 ünvanında yaşayır. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən iddiaçı, 1988-ci il təvəllüdlü İddiaçı 1992-ci ilin may ayında, yəni, 3 (üç) yaşı olarkən Laçın rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi ünvan 2 ünvana köçmüş və həmin tarixdən bugünə kimi, artıq 32 (otuz iki) ildir ki, qeyd edilən ünvanda atasının vəfat etməsindən sonra anası Sona Abdullayeva ilə birlikdə yaşamaqdadır. Lakin məcburi köçkün olaraq həmin mənzildə məskunlaşdığından həmin ünvana qeydiyyata düşə bilmir və daimi əsaslarla həmin ünvanda yaşayır. Onun Laçın rayonu qeydiyyatında olması 32 (otuz iki) ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yaşaması həqiqətini dəyişdirmir. Belə olan halda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində göstərilən anlayışlardan məhz “Şəxsin yaşayış yeri” anlayışı İddiaçı vəziyyətini ehtiva edir. Bunun əksini iddia etmək ən azından bərabərlik prinsipinin pozulmasına gətirib çıxarar. Belə ki, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən, Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (“Karson və digərləri Birləşmiş Krallığa qarşı” iş üzrə Böyük Palatanın 16 mart 2010-cu il tarixli Qərarı, §61). Avropa Məhkəməsi, həmçinin, bu qənaətə gəlmişdir ki, Konvensiyanın müddəaları dövlətlərə qanunvericilik tədbirləri vasitəsilə müəyyən kateqoriya şəxslərə münasibətdə digər kateqoriyalara nisbətən fərqli davranış nümayiş etdirən dövlət siyasəti sxemlərini tətbiq etməyə mane olmur, bu şərtlə ki, qanunvericilikdə göstərilmiş şəxslər kateqoriyasına və ya qrupuna aid olan hüquqların realizəsinə olan müdaxilə Konvensiyanın tələbləri nöqteyi-nəzərindən əsaslı olsun (“Zdanoka Latviyaya qarşı iş” üzrə Böyük Palatanın 16 mart 2006-cı il tarixli Qərarı, §112). Bərabərlik prinsipinin məzmununa dair qeyd edilməlidir ki, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yuxarıda qeyd olunan ünvanda yerləşən mənzildə məcburi köçkün olaraq məskunlaşmışdır və həmin ünvanda daimi əsaslarla yaşamaqdadır, baxmayaraq ki, Laçın rayonunda qeydiyyatdadır. Belə olan halda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin Vİİ hissəsinə isitnad etməklə “məcburi köçkün” statusunda olmaqla məskunlaşmış iddiaçı ilə bu statusa sahib olmayan şəxslərin eyniləşdirilib, onlara qarşı eyni yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə görə: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9572/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar