Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-881/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Suraxanı rayon xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirаkı ilə İddiaçı Prezident təqaüdünün əvvəlki dövrlərə görə də ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1954/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, şəhid olmuş oğlu X3 görə Prezident təqaüdünün “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi 01.01.2007-ci il tarixdən 31.05.2018-ci il tarixədək ödənilməyən hissəsinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi vəzifəsinin cаvаbdеhə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, hər bir hüquq, status onu təsdiqləyən rəsmi sənədlərlə yaranır. Məhkəmə şəhid ailələri üçün müəyyən olunmuş Prezident təqaüdünün ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanın qüvvəyə mindiyi 2007-ci ildən ödənilməli olduğu qənaətinə gəlmişdir. Lakin iş materiallarına əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini yerinə yetirərkən həlak olması faktı 31.05.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə təsdiqlənmiş, 15.10.2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bak şəhəri Suraxanı rayon idarəsi tərəfindən şəhid statusu ilə bağlı arayış verilmiş, iddiaçının şəhid ailəsi üzvü kimi statusu ölüm faktı barədə məhkəmə qətnaməsinin çıxarıldığı andan yaranmış və həmin andan şəhid ailəsi üzvü kimi təqaüd ödənilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddəsi). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6129/2018 nömrəli iş üzrə 30.05.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 574/2018 nömrəli iş üzrə 02.03.2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı ərizəsi təmin olunmuş, 1974-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilmişdir. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən verilmiş 15.10.2018-ci il tarixli 421 nömrəli arayışa əsasən, 1974-cü il təvəllüdlü X4 hərbi hissənin tərkibində hərbi xidmət keçərkən (döyüş tapşırığını və ya döyüş təminatı yerinə yetirərkən həlak olmuş) şəhid olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” AR Qanununun 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşəixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Prezidentinin 19.12.2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 300 manat məbləğdə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. AR Nazirlər Kabinetinin 29.01.2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”na əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir (7-ci bənd). Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü müraciət müddətindən asılı olmayaraq onu almaq hüququ yarandığı gündən təyin olunur (8-ci bənd). Sadalanan normaların təhlilindən görünür ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məhz həmin təqaüdü almaq hüququnun yarandığı vaxtdan ödənilməlidir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçıya 11.01.2019-cu il tarixdən Prezident təqaüdü təyin edilmiş və 31.05.2018-ci il tarixindən yaranmış fərq məbləği ödənilmişdir. Bununla da, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 8-ci bəndinin tələbi yerinə yetirilmiş, iddiaçıya şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü onu almaq hüququnun yarandığı, yəni Bakı Apelyasiya Məhkəməsinin 30.05.2018-ci il tarixli qətnaməsinin qəbul edildiyi gündən təyin olunmuşdur. Belə ki, AR Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1). Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3). Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əvvəlki müddət üçün də Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalı, şikayət təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1954/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Suraxanı rayon xidmət nümayəndəliyinə qarşı şəhid olmuş oğlu X3 görə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”nün 01.01.2007-ci il tarixdən 31.05.2018ci il tarixədək ödənilməyən hissəsinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi vəzifəsinin cаvаbdеhə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Həmid Həmidov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-881/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-881/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver