Məhkəmə qərarları › İş №2-1(103)-881/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-881/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-881/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı mənzillərdə edilmiş dəyişikliklərin əvvəlki vəziyyətinə qaytarılması və s. tələblərinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)- 12096/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 1b saylı binanın 48 və 52 saylı mənzillərindəki özbaşına edilmiş dəyişikliklərin, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə protokol tərtib edilməsini təmin edən hərəkətlərin icrasının cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 1b saylı binanın 48 və 52 saylı mənzillərdəki özbaşına edilmiş dəyişikliklər, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə inzibati protokollar tərtib edilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmin tarixli məhkəmə iclasında ona İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım məktubu təqdim edilərək, cavabdeh olaraq Binəqədi rayon İcra Hakimiyyətinin əsl cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyi ilə əvəz edilməsi, həmçinin iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciətin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsinin zəruri olması izah olunmuşdur. Yəni, məhkəmənin qənaətinə görə iddiada göstərilmiş tələb əsl cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə yönəlməli idi. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bildirir ki, bu qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi isə bu şikayəti təmin etməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını dəyişdirmədən qüvvədən saxlamışdır. Qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 461 saylı, xx.xx.2022-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435 s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov 1 B ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına qəbul edilmiş və hal-hazırda həmin Birliyin balansındadır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi də, 2-1(103)- 2660/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadla iddiasını mümkünsüz sayaraq tələbin əsl cavabdeh olan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə yönəldilməli olmasını bildirmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin bu qərardadından Ali Məhkəməyə kassasiya şikayəti verməyib. Həm birinci instansiya məhkəməsinin, həm də, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd etdiyi qərardadlarına uyğun olaraq, xx.xx.2022-ci il tarixli ərizə ilə əsl cavabdeh olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etməklə, 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki özbaşına edilmiş dəyişikliklərin, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılmasının, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsinin və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə protokollar tərtib edilməsinin təmin edilməsini xahiş etmişdir. Onun bu müraciətinə isə xx.xx.2022-ci il tarixli imtina məktubu ilə cavab verilmişdir. Məhkəmə qərardadlarında səlahiyyətli inzibati orqan olaraq əsl cavabdeh kimi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin olmasının qeyd edilməsinə baxmayaraq, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi, yəni əsl cavabdeh imtina məktubunda müraciəti üzrə inzibati tədbirlərin görülməsinin birliyin səlahiyyətləri xaricində olduğunu bəhanə gətirərək və tələbi üzrə yerinə yetirilməli olan bütün öhdəliklərin icrası, o cümlədən mülkiyyətçilərə qarşı protokol tərtib edən inzibati orqan olmadıqlarından mümkün olmamışdır. Bu artıq o deməkdir ki, cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi özünün səlahiyyətli inzibati orqan olmasını məhkəmənin mövqeyinə zidd olaraq inkar edir. Bu artıq məhkəmə tərəfindən qoyulmuş öhdəliyin icrasından imtina deməkdir. Halbuki, istər birinci instansiya məhkəməsinin, istərsə də, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadlarında qeyd edilir ki, iş üzrə əsl cavabdeh, yəni 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki özbaşına edilmiş dəyişikliklər, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə inzibati protokollar tərtib edilməsi vəzifəsini daşıyan cavabdeh inzibati orqan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyidir. Məhkəmə qərardadlarında belə açıq qeydlər olmasına baxmayaraq, cavabdeh inzibati orqanın müraciəti üzrə öhdəliklərinin icrasından imtina etməsi artıq onun inzibati məhkəməyə müraciət etməsi üçün əsasdır. O, cavabdeh inzibati orqan olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə inzibati aktın qəbul edilməsi, öhdəliklərinin icrası haqqında xahişi ilə müraciət etmiş, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi isə onun hüquqlarını və qanunla qorunan maraqlarını pozaraq (real təhlükə vəziyyətinin hələ də, qalması) məhkəmə qərarları ilə səlahiyyətləri daxilində olması müəyyən edilmiş öhdəliklərinin icrasından imtina etmişdir. Odur ki, onun hazırki iddiası mümkündür. İddianın mümkünsüz sayılması həm də, məhkəmə qərarlarının preyudusiallığı prinsipinə zidd olardı. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-12096/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək birinci instansiya məhkəməsinə baxılması üçün qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının tələbləri aşağıdakılardan ibarətdir: 1. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki özbaşına inşa edilmiş dəyişikliklərin, yəni təyinatı dəyişdirilmiş otaqların ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması; 2. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması; 3. Asılı balkonlarda qapalı (şüşəbənd) şəraitində icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi; 4. Sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə protokollar tərtib edilməsini təmin edən hərəkətlərin icrasının cavabdehə həvalə edilməsi. Birinci instansiya məhkəməsi iddiaçının 1-ci və 3-cü tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11637/2021 saylkı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər X3 və X6 qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti və qeyriləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “Mənzildə olan otaqların yerinin layihəyə uyğu bərpa edilməsi, qanunsuz çəkilmiş qaz xəttlərinin və quraşdırılmış istilik sisteminin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən binada baş verə biləcək yanğın və partlayış təhlükəsinin qarşısının alınması üçün həmin binada yerləşən 48 və 52 saylı mənzillərdə rəsmi icazə olmadan yeri özbaşına dəyişdirilmiş mətbəx və digər otağın, əlavə çəkilmiş daxili və xarici qaz xəttlərinin, qapalı məkanda qanunsuz olaraq quraşdırılmış kombilərin ləğv edilərək, sakinlərin öz vəsaiti hesabına layihədə nəzərdə tutulduğu kimi əvvəlki təhlükəsiz vəziyyətinin bərpa edilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini 2(001)-866/2021 saylı 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 1B, 48 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsinin cavabdeh X2 üzərinə qoyulması, cavabdeh X5 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 1B, 52 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi cavabdeh X5 üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatınn dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər X1 və X4 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11637/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mülki məhkəmə icraatında iddiaçının tələbinin təmin edilməyən hissələri, yəni hazırda inzibati məhkəmə icraatında irəli sürülmüş, yuxarıda göstərilmiş 1-ci və 3-cü iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, “Mətbəxin yerinin dəyişməsi ilə bağlı əas problem, təhlükə və iddiaçının mənafeyini pozan hal məhz öbaşına qaz xəttinin çəkilməsidir. İstilik sistemi dedikdə isə yalnız kombi tipli avadanlığın özü başa düşülmür. Cavabdehlərin mənzillərində olan kombi tipli avadanlıqların da fəaliyyəti hazırda özbaşına çəkilmiş qaz xətti hesabına təmin edilir. Bununla belə, özbaşına çəkilmiş qaz xəttinin ləğv edilməsi kombi tipli avadanlığın istismarını da, qeyri-mümkün edəcəkdir. Qaz xəttləri istisna olmaqla, kombi tipli avadanlığın olması, habelə mətbəxin yerinin dəyişməsi iddiaçının hər hansı qanunla qorunan hüququnu pozmur. Bu səbəbdən məhkəmə bu tələbləri əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Layihəyə uyğun qaz xətlərinin bərpa edilməsi isə kombi tipli avadanlığın fəaliyyətinin təmin edilməsi üçün layihəyə uyğun qaz xəttinin çəkilməsi zərurətini yaratmış olacaqdır ki, bu halda da, cavabdehlər həmin kombi tipli avadanlıqların istismarı üçün nəzərdə tutulmuş qaydalara riayət etmək məcburiyyətində qalacaqlar” Həmçinin, qeyd olunmuşdur ki, “İddiaçının hazırki iddia tələblərinin təmin edilməyən hissəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun subyektini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Bundan başqa kollegiya qeyd edir ki, cavabdehlərin mənzilində mətbəxin yerinin dəyişdirilməsinin iddiaçının hüquqlarının pozulması arasında səbəbli-əlaqə mövcud deyil. Belə ki, cavabdehlərin mənzilində mətbəxin yerinin dəyişdirilməsi nəticəsində iddiaçının hər-hansı hüququnun pozulması onun tərəfindən sübuta yetirilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüquqlarının pozulması müəyyən edilmədiyindən, onun qeyd olunan tələblə məhz cavabdehlərə qarşı məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüququ olmamışdır. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur.” Beləliklə işin hallarından göründüyü kimi, iddiaçının hazırki inzibati məhkəmə icraatında irəli sürülmüş 1-ci və 3-cü tələblərinə artıq mülki məhkəmə icraatında hüquqi qiymət verilərək, onun belə bir tələb irəli sürməsinə subyektiv hüququnun olması istisna edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İşin hallarından görünür ki, iddiaçı ilə mənzilin mülkiyyətçiləri arasında su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun quraşdırılması ilə bağlı mübahisə vardır və sözgedən mübahisə inzibati məhkəmə icraatının (ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salan mübahisə olmayıb) predmeti olmayıb, mülki məhkəmə icraatında araşdırılaraq hüquqi qiymət verilməli olan iddia tələbidir. İddiaçının 2-ci və 4-cü tələblərinə münasibətdə qeyd edilməlidir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması tələbi ilə bağlı iddiaçı həmin mənzilin mülkiyyəçilərinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaqla müvafiq hüquqi marağına nail ola bilər. İddia tələbinin “sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə protokollar tərtib edilməsini təmin edən hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci bəndinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Hazırki iş üzrə cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında qərar qəbul etmək səlahiyyəti mövcud deyildir. Birinci instansiya məhkəməsi eləcə də qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi, hazırki iş üzrə cavabdehliyi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin daşımalı olması ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6151/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyaının 2-1(103)-2660/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadlarına istinad etsə də, sözügedən məhkəmə aktlarında iddianın mümkün sayılmamasının əsası kimi, yalnız müvafiq mənzillərin yerləşdiyi yaşayış binasının həmin inzibati iş üzrə cavabdeh qismində qoyulmuş Binəqədi rayon İcra Hakimiyyətinin balansında deyil, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına istinad edilməklə, iddianın binanın balansında olduğu aidiyyəti inzibati orqana qarşı irəli sürülməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-12096/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar