Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-882/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) «dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-2435/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-2435/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin xx.xx.2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2009cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və islamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. Bu şəbədən də 2014-cü ildən etibarən TN-yi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsədə, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisənin akkreditasiyası aparılmamışdır. İddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış xx.xx.2014-cü il tarixli, 003200 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının 2009-cu ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. BİU-nun fəaliyyəti qanunsuz olduğundan İddiaçı adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəf məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf və üçüncü şəxsin nümayəndəsi şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, apelyasiya şikayətinin təmin edilmədən, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iddiaçı tərəfin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən müəyyən olunur ki, İddiaçı 2009-cu ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq orada 5 (beş) il təhsil alandan sonra 2014-cü ildə Universiteti bitirmişdir. Bu barədə BİU tərəfindən “Dinşünaslıq ixtisası üzrə bakalavr pilləsi” bitirməyi barədə xx xxxx 2014-cü il tarixli 003200 №-li diplom verilmişdir. İddiaçı diplom blankının verilməsi üçün Təhsil Nazirliyinə müraciət müraciət etmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia ilə bağlı etirazında bildirmişdir ki, İddiaçı sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli 143 nömrəli fərmanına və Təhsil Nazirinin xx xxxxxx 2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2009-cu il tarixli 1018 saylı əmri ilə BİU-nun fəaliyyətinə (bakalavr pilləsində Dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Lakin iddiaçının adına BİU tərəfindən yazılmış xx xxxx 2014-cü il tarixli 003200 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının 2008-ci ildə ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Halbuki, qüvvədən düşmüş 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”unun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. İPM-in 33-cü, 47.2-ci, 68.2-ci və 73-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci və 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Təhsil Nazirinin xx xxxxxx 2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş“Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında Təlimat”ın 1.2-ci və 1.4-cü bəndlərinə istinad olunaraq İddiaçı iddiasının heç bir hüquqi əsası olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Bakı İslam Universitetində təhsil aldığı 2009-2014-cü illərdə həmin təhsil müəssisəsinin fəaliyyəti qanunsuz olmamışdır. Bu qənaət ondan irəli gəlir ki, həmin təhsil müəssisəsi iddiaçının təhsilə başladığı 2007-ci ildə artıq müvafiq qaydada qeydiyyatdan keçmiş qurum kimi fəaliyyət göstərirdi və bu qeydiyyat ləğv olunmamışdır. Eləcə də həmin dövrdə, yəni 2009-cu ilədək ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün qanunvericiliklə xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmurdu. Qanunvericilikdə 2009-cu ildə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən müvafiq lisenziya verildiyindən, lisenziyanın olmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti qanunsuz qiymətləndirilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikasının Təhsil Qanununun (bu Qanun xx xxxx 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür) 5-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsil Nazirliyi verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ali və orta ixtisas müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən, Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərə (bundan sonra ərizəçilər) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Həmin Qaydaların 1.3-cü bəndinə görə Ərizəçilər yalnız Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Göründüyü kimi, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə də Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 143 nömrəli Fərmanına əsasən və Təhsil Nazirliyinin xx.xx.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində “Dinşünaslıq” ixtisası, magistr pilləsi üzrə “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. Halbuki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 16.4-cü maddəsinə görə, təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə isə, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlardan belə aydın olur ki, Bakı İslam Universiteti tərəfindən 2014-cü ilədək məzunlara verilmiş diplomlar dövlət nümunəli sənədlər olmamışdır. Belə ki, həmin dövrədək Bakı İslam Universitetinin fəaliyyəti qanuni olmadığından Təhsil Nazirliyi tərəfindən Universitetə dövlət nümunəli diplom blankları verilməmişdir. İş materiallarından müəyyən olunur ki, yalnız, 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Digər tərəfdən işdən müəyyən olunur ki, iddiaçı 1998-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmuşdur. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 21-ci maddəsinə ğörə ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan cox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna səbəb iddiaçının 1998-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunması və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassıdır. Bu səbəbdən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-2435/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) «dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-882/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-882/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver