Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-882/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “verilməmiş müavinətin hesablanaraq verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6928/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 05.10.2020-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 25.02.2012-ci il tarixdən verilməmiş müavinətin hesablanaraq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 25.02.2015-ci il tarixdə «müharibə veteranı» vəsiqəsi verilmişdir. Ona 25.02.2015-ci il tarixədək «müharibə veteranı» adının verilməsinin gecikdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin günahı üzündən olmuşdur. Əgər həmin Nazirlik vaxtında «müharibə veteranı» adını vermiş olsaydı vaxtında verilməli olan müavinəti ala bilərdi. Ona görə də həmin «müharibə veteranı» vəsiqəsi əsasında 25.02.2015-ci il tarixdən ona müavinət verilmişdir Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı '‘DOST” Mərkəzinə ərizə ilə müraciət edərək, 25.02.2015-ci il tarixdən əvvəlki 3 il üzrə ona verilməmiş müavinətin verilməsini xahiş etmiş, lakin həmin ərizəyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış və imtina cavabı verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının göstərilən əsaslarla müraciətinə imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6928/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı iddia tələbi təmin edilmiş, iddiаçı İddiaçı 25 fevral 2012-ci ildən 25 fevral 2015-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 11.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6928/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 25 fevral 2015-ci il tarixində veteran vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında Fondun şöbəsi vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 25 fevral 2015-ci il tarixindən ona sosial müavinət təyin etmiş, İddiaçı əvvəlki illər üzrə müavinətin ödənilməsi üçün ƏƏSMN tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə ərizə ilə müraciət etmiş, ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı isə cavab məktubu ilə müavinətin ödənilməsindən imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1- ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir ” Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Qeyd olunan sosial müavinətin təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Sosial müavinət almaq hüququ veteran vəsiqəsini aldığı tarixdən yarandığı üçün vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, 25.02.2015-ci il tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir” müddəasında da tapır. Yəni, güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. Şəxsin döyüşlərdə iştirak etməsi nəticəsində veteran statusu alması mübahisə predmeti deyildir, lakin şəxsin “Veteranlar haqqında" Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması) onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Sosial müavinətin təyin olunması üçün hüquqi əsas isə “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində tələb olunduğu kimi veteran vəsiqsəsinin təqdim olunmasıdır. Ona görə də bu qəbildən olan işlərdə veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Oxşar mövqe müharibə əlillinə təqaüdün ödənilməsiylə bağlı Ali Məhkəmənin 2-1(102)-575/2018 saylı Qərarında və digər Qərarlarında qeyd olunmuşdur. Həmin Qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: “Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin Təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, 09.03.2016-cı il tarixdən yaranmışdır.” Ali Məhkəmənin bu Qərarından da aydın görünür ki, müharibə əlili statusunun verildiyi an döyüşlərdə iştirak anı deyil, əlilliyin müəyyən olunduğu andır və həmin andan da təqaüdü almağa hüquq yaranmış hesab olunur. Nəzərə alsaq ki, müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) an müəyyən olunur, eyni yanaşma müharibə veteranları üçün də tətbiq olunmalıdır. Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, müharibə veteranlarının da xüsusi statusu qanunvericilikdə onlar üçün müəyyən edilmiş istənilən hüquq, o cümlədən, sosial ödənişləri almağa hüquq müharibə əlillərində olduğu kimi onların xüsusi statusunun rəsmiləşdirildiyi anda-vəsiqənin verildiyi anda yaranmış olur. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6928/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı apellyasiya baxışının predmetini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həddində onun qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş materiallarında olan: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V seriyalı 056447 nömrəli vəsiqəsinə əsasən iddiaçı müharibə veteranı üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir, həmin vəsiqə 25 fevral 2015-ci ildə verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 24 sentyabr 2020-ci il tarixli, **********0 nömrəli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə 01.04.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. İddiaçı müharibə veteranı üçün nəzərdə tutulan təqaüd qanunauyğun olaraq təyin edilmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat müəyyən olunmuşdur. 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. - 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. - 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: - 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. - 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunvericiliyin sadalanan normalarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. İşin sadalanan hallarından aydın olur ki, iddiaçıya 25.02.2015-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən də ona sosial müavinət təyin olunmaqla ödənilməyə başlanılmışdır. Lakin işdən müəyyən olunur ki, iddiaçının müvafiq müavinət almaq hüququ daha əvvəldən yaranmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin Azərbaycan Respublikasının müdafiəsi zamanı gedən döyüşlərdə iştirakına görə verildiyini nəzərə alınaraq, ona həmin döyüşlərdə iştirakına görə verilməli olan müavinət – ona 25 fevral 2015-ci il tarixdə verildiyi veteran vəsiqəsindən əvvəlki üç il üçün, yəni, 25 fevral 2012-ci il tarixdən ödənilməli olduğu öz təsdiqini tapmış olur. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində 25.02.2012-ci il tarixdən verilməmiş müavinətin hesablanaraq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini qeyd etsə də , iddia ərizəsinin mətnindən, iş materiallarından və iddiaçının iradə ifadəsindən göründüyü kimi iddiaçı 25.02.2012-ci il tarixdən 3 illik müddətə verilməmiş müavinətin ödənilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6928/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-6928/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-882/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-882/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver