Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-882/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “qərarın ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2, vəkili X1 Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6497/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********432000 saylı (mənfəət vergisi, vergi dövrü: 2020-ci il) vergilərin hesablanması barədə qərarın və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) qeyri-neft sektorunda çips, frenç frayz və digər qida məhsullarının Azərbaycan Respublikasında istehsalı ilə məşğul olan yerli istehsal müəssisəsidir. Hazırda “Çipsim” adlı brend ilə istehlak bazarında əcnəbi mənşəli digər beynəlxalq səviyyədə tanınmış məhsullarla çox böyük uğurla rəqabət aparır. Həmçinin xarici bazardan asılılığı azaltmaq və Ölkə iqtisadiyyatında strateji istiqamət olan aqrar sahədə də payı olması üçün kartof və digər ana xammalların məhz Azərbaycanda əkilib-becərilməsi işini də təşkil etmişdir. Cəmiyyət fəaliyyətə başladığı müddətdən etibarən daima vergi hesabatlarını vaxtlı-vaxtında vermişdir. Bu pandemiya ərəfəsində olan əlavə çətinliklər dönəmində cavabdehin kameral qaydada hesabladığı əlavə vergi və faizlər cəmiyyətin fəaliyyətinin dayanmasına, işlərin ləngiməsinə və bir çox işçilərin işsiz qalmasına şərait yaradır. Belə ki, 2020-ci il üçün olan mənfəət vergisi bəyannaməsi tərəflərindən vaxtında təqdim edilmiş və 2020-ci il üçün 46.494.83 manat mənfəət vergisi ödənilmişdir. Buna baxmayaraq xx.xx.2022 tarixli **********432000 saylı Qərarla 111.019.51 manat 2020-ci il üzrə Mənfəət vergisi üzrə təkrar əlavə hesablama aparılmışdır. Kameral qaydada hesablanmış. əlavə vergi məbləği və hesablara qoyulmuş sərəncamlar istehsalçı olaraq fəaliyyətlərinin dayanmasına, işlərin ləngiməsinə və bir çox işçilərin işsiz qalmasına şərait yaradır. Bundan əlavə 2021-ci il dövr ərzində şirkət zərərlə işləmişdir. xx.xx.2021 tarixli **********599900 saylı kameral məktubda 425636.99 manat, xx.xx.2021 tarixli **********008200 saylı kameral məktubda isə 139409.16 manat sənədlə təsdiqini tapmayan xərc müəyyən edilib. Halbuki bütün sənədlər: e-qaimə nömrələri, YGB nömrələri, alış aktları və ÖMV bəyannamələrdə təqdim edilmiş beynəlxalq daşımalar və icarə xərcləri öz əksini tapmışdır. Dəfələrlə sənədlər və bəyannamə dəqiqləşmələr təqdim olunmasına baxmayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əlavə olaraq MV 2020 üzrə 111019.51 manat, 2-ci və 3-cü rüblər hər rüb üçün 27754.88 manat, cərimə olaraq 46069.64 manat hesablama aparılmışdır. Hazırda hesablamanın MV-yə aid olmasına baxmayaraq ŞHV –də ödənilməli ƏDV borcu kimi göstərilir. Bu rəqəmləri şəxsi vərəqədə görmək olar. Bundan əlavə isə bu günə qədər əsassız şəkildə aparılımış Mənfəət vergi borcu üçün 46522.19 manat cərimə faizi hesablanmışdır. Araşdırma dövrü ərzində dəfələrlə müraciətləri olmuş, sənədlər təqdim edilmişdir. Buna baxmayaraq hər kameral məktubunda fərqli sənədlər istənilib. Rəsmi təqdim olunmuş qaimə faktura əsasında yoxlamalar dəfələrlə aparılmışdır. Lakin buna baxmayaraq xərclər vergi orqanı tərəfindən nəzərə alınmır. Bütün xərclər hesabatlarda bəyannamələrdə öz əksini tapmışdır. Sonuncu kameral məktubunda qeyd olunduğu kimi beynəlxalq daşıma xərci 136 727.33 manat 4-cü rüb üçün ÖMV hesabatında təqdim olunub. Vergilər İdarəsi tərəfindən MV 2020 və MV 2021-ci il üçün əsas və faiz məbləği olaraq ümumilikdə 212,596.51 AZN hesablama aparılmışdır. Hesablanmış vəsaitdən 185,339.94 AZN bank və depozit hesablarına sərancam olaraq göndərilmişdir. Bu günə kimi bank və depozit hesablarında ümumilikdə 114,320.94 AZN tutulmuşdur. Hal-hazırda bank hesablarında dondurulmuş sərancam məbləği 71,019.00 AZN aktiv olaraq qalmaqdadır. Əlavə olaraq bu günə kimi şəxsi hesablarındakı hesablama, azalma və ödənişləri baxdıqda 14,571.28 AZN vəsaitin necə yarandığı hələdə məlum deyil. Bundan əlavə 2021-ci ildə iddiaçının fəaliyyəti yuxarıda da qeyd etdiyi kimi müəyyən səbəblərdən dayanmış, cavabdeh isə bu nüansı diqqətə almadan 2020-ci il üçün qanunsuz əlavə vergi hesablaması aparmışdır. Nəticə etibarı ilə iddiaçının bank hesablarına blok qoyulub və qanunsuz, əsassız silinmələr edilmiş və bu silinmələr davam edir. Həmçinin cavabdehə dəfələrlə yazılı müraciətləri olmasına baxmayaraq vergi uçotu qanunsuz olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində davam etdirilir. Halbuki bu il üçün dəyişiklik edilməsi öhdəliyini cavabdeh üzərinə götürmüşdür. Cavabdehin təqdim etdiyi apellyasiya şikayətinə etirazda qeyd olunur ki, aparılmış araşdırma zamanı İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixdə təqdim etdiyi 2020-ci il dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi üzrə 425636,99 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Eyni zamanda 2020-ci il əlavə dəyər vergisi bəyannamələri və mənfəət vergisi bəyannaməsi arasında 129460,56 manat dövriyyə fərqi müəyyən edilmişdir. Eyni zamanda, 2020-ci il ərzində əldə edilmiş eqaimələr üzrə 4429528,08 manat, beynəlxalq daşımalar üzrə 156676,16 manat, yük gömrük bəyannamələri üzrə (faktiki) 1229824,08 manat, alış aktlar üzrə 132782,78 manat xərcləri, ilin əvvəlinə ehtiyatların cəmi 0,0 manat və ilin sonuna qalan ehtiyatların cəmi 1654296,09 manat olmuşdur. Nəticə olaraq 2020-ci il üzrə vergi ödəyicisinin xərcə sala biləcəyi məbləğ 4294515,01 manat olmasına baxmayaraq 4720152,0 manat xərc bəyan edilmişdir. Nəticədə xx.xx.2021-ci il tarixli mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 425636,99 manat sənədlərlə təsdiqini tapmayan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********599900 nömrəli və xx.xx.2021-ci il tarixli **********008200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və məktublarda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsində xərclər üzrə 425636,99 manat azaldılmaqla və gəlirlər üzrə 129460,56 manat artırılmaqla 111019,51 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********432000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Hazırkı halda vergi ödəyicisi tərəfindən 425636,99 manat xərci təsdiq edəcək sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6497/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Həmid Ağalarov) ilə İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək şikayətinin dəlili kimi göstərmişdir ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir, belə ki xx.xx.2021-ci il tarixli kameral məktubda 425636.99 manat, xx.xx.2021-ci l tarixli kameral məktubda isə 139409.16 manat sənədlərlə təsdiqini tapmayan xərc müəyyən edilib. Halbuki bütün sənədlər e-qaimə nömrələri,YGB nömrələri, alış AKT-ları və ÖMV bəyənnamələrdə təqdim edilmiş beynəlxalq daşımalar və icarə xərcləri öz əksini tapıb, dəfələrlə dəqiqləşmələr və sənədlər təqdim olunub. Hazırda hesablamanın MV-ə aid olmasına baxmayaraq ŞHV-də ödənilməli ƏDV kimi görünür. Bundan əlavə əsassız hesablanmış mənfəət vergi borcu üçün həm də 46522.19 manat cərimə faizi hesablanmışdır. Məhkəmə prosesi zamanı bu sənədlər kağız daşıyıcıda, eyni zamanda elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə bu sənədlərin heç birini araşdırmamış və hüquqi qiymət verməmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Əliyeva və iddiaçının nümayəndəsi və vəkili Q.Ağayev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq və təqdim edilən etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6497/2022 saylı qərarının qüvvədə saxlanmasını xahiş etdi. Sübutların tədqiqi: Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********432000 saylı qərarın surətindən görünür ki, 2020-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış mənfəət vergisi məbləği 111.019,51 manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyini təsdiq edərək göstərir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********432000 saylı qərarına münasibətdə qeyd edir ki, qərar maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, vergi orqanı tərəfindən yoxlama aparılması zamanı vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisinin mənfəət vergisinin hesablanması üçün ilk olaraq onun mənfəəti müəyyən edilməlidir. Mənfəət isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, mənfəət vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər dəqiq müəyyən edilməlidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır, çünki onlara əsasən əldə etdiyi gəlirlər və onların əldə edilməsi ilə bağlı çəkdiyi xərclər hesablanmalıdır. Gəlirlərlə xərclər arasında fərq müsbət olduqda, alınmış məbləğ vergi ödəyicisinin mənfəətini təşkil edir ki, ondan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanmalıdır. İşin hallarına görə, cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı 2020-ci il üzrə əlavə dəyər vergisi bəyannamələri və mənfəət vergisi bəyannaməsi arasında 129460,56 manat dövriyyə fərqi müəyyən edilməsi, eyni zamanda, 425636,99 manat sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən edilməsi olmuşdur. Nəticədə 111.019,51 ((129.460,56+425.636,99)x20%) manat əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş e-qaimələr ümumilikdə 816.516,00 manat olmaqla 2020-ci il ərzində əldə edilmiş e-qaimələr üzrə hesablanmış 4.429.528,08 manat məbləğə daxil olmaqla vergi orqanı tərəfindən nəzərə alınmışdır. Beləliklə, məhkəmə rayon məhkəməsinin mövqeyini təsdiq edərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinin təmin edilməməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6497/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6497/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-882/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-882/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver