Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-883/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 19 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hisə İşin halları: İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. 11 may 1970-ci il tarixli əmək kitabçasından müəyyən olunur ki, o, 1982-ci ildən 2000-ci ilədək hakim vəzifəsində işləmiş, 2000-ci ilin sentyabr ayında səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. İddiaçıya məxsus 951068 saylı pensiya işindən görünür ki, ona DSMFnin Yasamal rayon (şəhər) şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 3/340 saylı 19.06. 2008-ci il tarixli qərarı ilə İİ qrup əlilliyinə görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği 1318.34 manat müəyyən edilmişdir. Komissiyanın 12/4807 saylı 26.04.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı 01.05.2016-cı il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmiş və pensiya məbləği 1938.56 manat müəyyən edilmişdir. Müayinə aktlarından çıxarışlardan görünür ki, İddiaçı 2012-ci il tarixədək əlillik dərəcəsi İİ qrup, 2012-ci il tarixdən sonra isə İİİ qrup kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8/1769 saylı 6.12.2014-cü il tarixli arayışından görünür ki, 01.12.2013-cü il tarixdən rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı 1242.00 manat, 01.01.2014-cü il tarixdən 1449.00 manat təşkil edir. Eyni zamanda onlara hakimlik stajının 5 illinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə 08.10.2010-cu il tarixli 1092-İİİD saylı Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. Hakim məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. İddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, iddiaçıya 01.05.2016-cı il tarixdən təyin edilmiş əmək pensiyasının aylıq məbləği 1938,56 manat olsa da, sonradan həmin məbləğ yenidən hesablanaraq 2783,36 manata qədər artırılmışdır. İddiaçı onun əmək pensiyasının hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin ödənilməsi, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15%-i deyil, 25%-i həcmində vergidən azad pul təminatının ödənilməsi, Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10%-i həcmində pul təminatının nəzərə alınmaqla yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. Bundan sonra iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i həcmində vergidən azad pul təminatının, Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10%-i həcmində pul təminatının nəzərə alınması və pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, Azərbaycan Respublikası DSMF-nun Xüsusi Şənlərlə Fəyinat İdarəsindən yaşa görə sabiq hakim əmənik pensiyası alır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə edilmiş və 01.09.2019-cu il tarixdən qüvvəyə minmiş 12 iyul 2019-cu il tarixli Qanunda göstərilir ki, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşı əlavə ödənilir: Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində (2475 manat) müəyyən edilir; hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı ödənilər. Ali Məhkəmənin sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin aylıq vəzifə maaşı həcmində 2475 manat müəyyən edildiyinə görə rayon məhkəmə sədrinin aylıq vəzifə maaşı onun 70 faizi olmaqla 1732 manat müəyən edilmişdir. Bundan əvvəl isə 1596 manat olmuşdur. DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən 2019-cu ilin oktyabr ayına dair iddiaçının əmək pensiyası hesablanarkən rayon məhkəmə sədrlərinin aylıq vəzifə maaşının 1732 manat olması nəzərə alınmış, lakin hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşının əlavə ödənilməsi və hakimlərə səlahiyyətlərini yerinə yetirilməsi ilə bağlı ödənilən 25 faiz pul təminatının yeni artırılmış 10 faizi nəzərə alınmamışdır. Bundan əlavə əmək pensiyası hesablanarkən 1982-1987-ci illərdə Lerik rayon məhkəməsinin hakimi vəzifəsində işlədiyinə görə “Dövlət qulluqçularının vəzifə maaşlarının yerli əmsalların müəyyən edilməsi haqqında” Qanuna əsasən Lerik rayon məhkəməsinin hakiminə ödənilən vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsi də nəzərə almalı olduğu halda nəzərə alınmamışdır. Eyni zamanda onu da qeyd edir ki, 12 iyul 2019-cu il tarixli dəyişiklik edilənə qədər rayon məhkəmə sədrlərinin vəzifə maaşı 1596 manat olarkən əmək pensiyası 2813 manat hesablanmalı olduğu halda, düzgün olmayaraq 2586 manat hesablanmaqla əmək pensiyası 2018-ci ilin may ayının 1-dən hər ay 227 manat, 01 sentyabr 2019-cu il tarixdən isə hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilməsi, hakimlərə vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı ödənilən 25 faiz pul təminatının 10 faizi və Dövlət qulluqçularının vəzifə maaşlarının yerli əmsalların müəyyən edilməsi haqqında Qanuna əsasən Lerik rayon məhkəməsinin hakiminə ödənilən vəzilə maaşının 10 faizi nəzərə alınmadan 3192 manat hesablanmalı olduğu halda 2783 manat hesablanmaqla hər ay 409 manat az ödənilmişdir. Onun pensiya işi DSMF-nun Yasamal şöbəsindən cavabdeh Xüsusi Şənlərlə Təyinat İdarəsinə göndərilmiş və həmin idarədə də onun pensiyası DSMF-nun Yasamal şöbəsi tərəfindən hesablanan kimi səhv hesablanmışdır. Hətta məhkəmə qərarı əsasında ona ödənilən borc əsassız olaraq tam ödənilmədən dayandırılmışdır. Qanunun tələbinə görə hakimlərə əmək pensiyası hesablanarkən hakimlərin əmək haqqına sonrakı bütün artımlar nəzərə alınmalıdır. Qanunda hər hansı artımın, o cümlədən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşı əlavəsinin nəzərə alınmaması qeyd edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı Niyazi Bəşir oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının və Lerik Rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyasının az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbini əsassız hesab edirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən “əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtləri müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölüm ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bildirirlər ki, iddiaçı işlədiyi dövrdə iddia tələbində göstərdiyi hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavəni və Lerik Rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatını almamışdır. Belə olan halda ödənilməmiş vəsaitin pensiya hesablanarkən nəzərə alınması ümumilikdə əmək pensiyasının “itirilmiş gəlirlərin kompensasiyası” prinsipinə ziddir. Eyni zamanda həmin qanununun 1.0.8-ci maddəsində göstərilir ki, fərdi hesabın sığorta hissəsi- əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı işlədiyi dövrdə sözügedən məbləğləri almadığı üçün müvafiq olaraq, həmin məbləğlər məcburi dövlət sosial sığorta haqqına da cəlb edilməmişdir. İddia tələbinin hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsi ilə bağlı hissəsinə gəldikdə qeyd edirlər ki, həmin pul təminatının yenidən hesablanması üçün iddiaçının cavabdeh orqana müraciəti olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq yaranacaq pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: “Əmək Pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsində göstərilir ki, Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqından sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin 1 hissəsində göstərilir ki, orta əmək haqqı işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin maddənin 4cü hissəsində göstərilir ki, orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsi nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Hakimlərin məzuniyyət haqqının hesablanması Qaydası”nın 3-cü maddəsinə əsasən orta əmək haqqı hesablanarkən digər ödənişlərlə bərabər vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində əlavə və dəniz səviyyəsindən 1200 metrdən yüksək yerlərdə əmsallar üzrə əlavə ödənişlər də nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Hakimlərin məzuniyyət haqqının hesablanması Qaydası”nın yuxarıda qeyd olunan maddələrinin mənasına görə “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsində əmək haqqının orta aylıq məbləği müddəası hakimlərin işlədikləri dövrdə aldıqları vəzifə maaşı və ona əlavələri özündə ehtiva edir. Əmək haqqından sonrakı artımlar müddəası isə hakim vəzifəsindən çıxdıqdan sonrakı artımları nəzərdə tutur. Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda işçilərin əməyinin stilmullaşdırılması tədbirləri haqqında 26 sentyabr 2006-cı il tarixli fərmanı və bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə İsə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 106-cı maddəsinə əlavə və dəyişikliklər edilməsi haqqında 27 iyun 2019-cu il tarixli Qanununa əsasən sonradan verildiyinə görə ona verilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişdir. Qanunun müddəasından da göründüyü kimi, "aldıqları əmək haqqı” dedikdə, həmin əmək haqqının həqiqətən alması və bu faktın təsdiqi kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın təqdim edilməsi başa düşülməlidir. Məhkəmə qərarənda iddiaçının almadığı maddi vəsaitlərin pensiya hesablanması zamanı nəzərə alınmamasını qeyd etmiş, məhz bu səbəbdən əmək pensiyasının yenidən hesablanması zamanı hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin və Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsinin nəzərə alınması hissəsində iddia tələbini əsassız hesab etmişdir. Buna baxmayaraq səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının iddiaçı tərəfindən hakim işlədiyi dövr ərzində alıb-almaması məsələsini araşdırmamışdır. Həmin vəsait iddiaçı tərəfindən hakim səlahiyyətlərini icra etdiyi zaman alınmamışdır. Bundan əlavə iddiaçının hakim işlədiyi dövrdə hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə xərclərin ödənilməsi üçün əlavə təminat nəzərdə tutulmamışdır. İddaçının təqdim etdiyi 11.05.1970-ci il tarixli əmək kitabçasına əsasən 02.09.2000-ci il tarixində “səlahiyyət müddətinin qurtarması ilə əlaqədar” hakim səlahiyyətlərinə xitam verilmişdir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vergidən azad olunan aylıq pul təminatının verilməsi ilə bağlı müddəa "Məhkəmələr və hakimlər haqqında” Qanuna 08.10.2010-cu il tarixdə daxil edilmiş və Ali Məhkəmənin hakimləri üçün vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiya məhkəmələrinin hakimləri üçün vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimləri üçün isə vəzifə maaşının 15 faizi miqdarında müəyyən edilmişdir. 12 iyul 2019-cu il tarixində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişiklilərə əsasən həmin aylıq pul təminatı bütün instansiyadan olan hakimlər üçün vəzifə maaşının 25 faizi nəzərə alınmaqla hesablanmağa başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdə sosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlər nəzərə alınır. Nəticə etibarilə, iddiaçı hakim işlədiyi dövrdə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vergidən azad olunan aylıq pul təminatını almadığından iddia həmin hissədə də əsassız sayılmalı və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçı X5 iddia ərizəsini və öz apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək öz apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməyən hiussəsində ləğv edilərək iddiasının tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərinə isə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i həcmində vergidən azad pul təminatının, Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10%-i həcmində pul təminatının nəzərə alınması və pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya pensiya hesablanan zaman «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin müddəalarının tətbiq olunmadığına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticə ilə qismən, yəni iddianın rədd edildiyi hissədə razılaşır, iddianın təmin edildiyi hissədə isə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan cavabdeh inzibati orqanın təqdim etdiyi iddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, iddiaçıya 01.05.2016-cı il tarixdən ömürlük əmək pensiyası təyin edilmiş, pensiyasının aylıq məbləği 1938,56 manat hesablanmış, sonradan həmin məbləğ yenidən hesablanaraq 2783,36 manata qədər artırılmışdır. Hazırda iddiaçı hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% -i həcmində vergidən azad pul təminatının, Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10%-i həcmində pul təminatının nəzərə alınması, pensiyasının az hesablanması ilə bağlı yaranmış fərqin ona ödənilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən “əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtləri müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölüm ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.8-ci maddəsinə müvafiq olaraq fərdi hesabın sığorta hissəsinin - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının “bir aylıq vəzifə maaşı həcmində əlavənin nəzərə alınması” barədə tələbinə münasibətdə qeyd olunmalıdır ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsində nəzərdə tutulan “hakimlərin aylıq vəzifə maaşlarına bir aylıq vəzifə maaşı həcmində əlavənin ödənilməsi” barədə müddəa həmin Qanuna 8 may 2007-ci il tarixdə əlavə edilmişdir. Həmçinin iddiaçının ikinci tələbi ilə bağlı nəzərə alnmalıdır ki, sözügedən Qanunun 106-cı maddəsinin 3-cü hissəsinə 12 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərin vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir” məzmunda dəyişiklik edilmişdir. Hazırki işdə iddiaçı 1987-ci ildən 2000-ci ilə qədər hakim işlədiyi üçün həmin dövrdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə yuxarıda göstərilən tarixlərdə- 2007 və 2019-cu illərdə edilmiş əlavə və dəyişikliklə müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində əlavəni və vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatını almamışdır. Eyni zamanda iddiaçının 1982-1987-ci illərdə Lerik rayon Məhkəməsinin hakimi vəzifəsində işlədiyi üçün “Dövlət qulluqçularının vəzifə maaşlarının yerli əmsalların müəyyən edilməsi haqqında” Qanuna istinad etməklə tələb etdiyi vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsinin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə tələbinə münasibətdə aparılan araşdırma zamanı müəyyən olunmuşdu ki, həmin pul təminatının verilməsi bu barədə qəbul edilmiş 31 may 2002-ci il tarixli Qanunda nəzərdə tutulmuşdu. Belə ki, “Dövlət qulluqçularının vəzifə maaşlarının yerli əmsalların müəyyən edilməsi haqqında” 31 may 2002-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının təbii-iqlim şəraiti nəzərə alınmaqla dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsallar müəyyən edilir; 4-cü maddəsinə əsasən dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların tətbiqi dövlət qulluqçusunun qulluq keçdiyi müvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir. İş üzrə birinci instansiya məhkəməsi bir tərəfdən iddiaçının işlədiyi dövr ərzində bir aylıq vəzifə maaşı həcmində əlavəni və Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatını almadığını, buna müvafiq olaraq həmin məbləğlər üzrə məcburi dövlət sosial sığorta haqqının tutulmadığını nəzərə alaraq pensiyanın yenidən hesablanması zamanı yaranacaq pul fərqinin ödənilməsi ilə bağlı iddia tələblərinin əsassız olub təmin edilmədiyi, digər tərəfdən isə iddiaçıya vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının verilməsi ilə bağlı həmin pul təminatının nəzərə alınaraq pensiyasının yenidən hesablanması barədə ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, yuxarıda da qeyd olunduğunu kimi, iddiaçının hər üç tələbinin qanuni əsasları onun 2000-ci ilədək hakim işlədiyi dövrdən sonra qəbul edilmiş Qanunlarda müəyyən edilmişdir. Belə olan halda onun tələblərindən bir qisminin rədd, bir qisminin isə təmin olunması mümkün deyil. Məhkəmə kollegiyası bu mövqeyini həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqını ödəmiş olsun. Göründüyü kimi, Qanunda şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdə sosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlərin nəzərə alınması məcburi şərt kimi nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qismən, iddiaçının iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi əsassız olduğu üçün rədd edilməli, qalan iddia tələblərinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyi üçün həmin hissələrdə qərar dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilməməlidir. Bir daha nəzərə alınması vacibdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4cü maddəsində göstərilən “əmək pensiyası yaşına çatmış sabiq hakimlərə əmək pensiyasına əlavələrin təyin edilməsi” müddəası həmin hakimlərə pensiya təyin olunmamışdan əvvəl hakim işlədikləri dövrdə aldıqları və ondan sosial sığorta haqqı ödədikləri əlavələri nəzərdə tutur ki, hazırki işdə də iddiaçı hakim işlədiyi dövrdə sözügedən əlavələri almamış və onlardan sosial sığorta haqqları tutulmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qərarı qismən, iddiaçının iddia tələbinin təmin edildiyi- səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25%-i həcmində vergidən azad pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq yaranacaq pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməli və həmin hissədə tələb rədd edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qərarı qismən, iddiaçının iddia tələbinin təmin edildiyi- səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25%-i həcmində vergidən azad pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq yaranacaq pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-883/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-883/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver