Məhkəmə qərarları › İş №2-1(103)-884/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-884/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-884/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi və vəkili Əhmədov Cavid Nazim oğlunun iştirakı ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində Əli-Bayramlı şəhərində anadan olmuş, Şirvan şəhəri, Upramxor qəsəbəsi ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4328/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 28.04.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “ona hüququnun yarandığı, yəni 15 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 avqust 1961-ci ildə doğulmuşdur. 4 sentyabr 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 4 may 1980-ci il tarixdən 7 may 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 21 iyun 1982-ci il tarixdən “Şirvanneft” NQİ-nin Neftin kompleks hazırlanması sexində 2-ci dərəcəli təmirçi-çilingər peşəsinə, 1 fevral 1996-cı il tarixdən isə "xxxx" Müştərək Müəssisəsində NKVS-nə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. 1 dekabr 2000-ci il tarixdən "xxxx" Əməliyyat Şirkətində Neftin kompleks hazırlanması və nəqli sexinə 6-cı dərəcəli təmirçiçilingər vəzifəsinə işə qəbul edilmişdir. Sonrakı illərdə qeyd edilən şirkətdə neft-qaz hasilatı üzrə operator, nasos qurğusunun maşinisti, və əmtəə operatoru vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında öz əksini tapmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış 13 fevral 2020-ci il tarixli məktubda 01 yanvar 2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az təşkil etdiyi bildirilərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qeyri-mümkün hesab edilmişdir. Cavabdeh təşkilat onun güzəştli iş stajının 12 il 6 aydan az olması qənaətinə gələrək, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin yuxarıda sadalanan kimi onun 1982-ci ildən 2019-cu ilədək işlədiyi bütün vəzifələr güzəştli iş stajına daxildir. Belə olan halda, cavabdeh təşkilatın ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi tamamilə qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4328/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddianın təmin edilməsi, İddiaçı 15 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən yaranmış fərq məbləğinin müvafiq qaydada ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 28.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4328/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 13 maddəsinin “a” bəndinin iddiaçıya şamil edilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının 19 sentyabr 1978-ci il tarixli əmək kitabçasından görünür ki, o, 3 may 1984-cü il tarixdən 31 noyabr 2000-ci il tarixədək neftin kompleks hazırlanması sexində təmirçi çilingər, 2000-ci ildən sonra isə neftin kompleks hazırlanması və nəqli sexində təmirçi çilingər, neftin hazırlanması sahəsində neft-qaz hasilatı üzrə operator, nasos qurğularının maşinisti və əmtəə operatoru peşələrində işləmişdir. “X3” tərəfindən təqdim edilmiş 17 dekabr 2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarın 10-cu bölməsinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) 10.2-ci bəndində öz əksini tapmışdır. Lakin həmin bölmədəki peşələr ilə iddiaçının işləmiş olduğu peşələr üst-üstə düşmür. Həmçinin “X3” tərəfindən təqdim edilmiş arayışda iddiaçının 01.12.2000-ci ildən güzəştli peşədə işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixədək tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlanmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini tələb etdiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 15 avqust 1961-ci il tarixdə doğulmuşdur, İT-İ seriyalı, ******* nömrəli, 19.09.1978-ci il tarixində açılmış əmək kitabçasına əsasən 4 sentyabr 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1980–1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, 21 iyun 1986-cı il tarixdə əmək fəaliyyətini “Şirvanneft” NQİ-də Neftin kompleks hazırlanması sexində 2-ci dərəcəli təmirçiçilingər peşəsində davam etdirmişdir. 1 fevral 1996-cı il tarixdən 1 dekabr 2000-ci il tarixədək "xxxx" Müştərək Müəssisəsində NKVS-də 5-ci dərəcəli təmirçi-çilingər işləmiş, sonuncu tarixdən isə "xxxx" Əməliyyat Şirkətində Neftin kompleks hazırlanması və nəqli sexində 6-cı dərəcəli təmirçi-çilingər işinə qəbul olunmuşdur. O, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərin kateqoriyasına aid deyil. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “X3” tərəfindən təqdim edilmiş 17 dekabr 2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 23 yanvar 2007-ci il 12 saylı qərarın 10-cu bölməsinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) 10.2ci bəndində öz əksini tapdığı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 23 yanvar 2007-ci il 12 saylı qərarın 10-cu bölməsinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) 10.2-ci bəndində iddiaçının çalışdığı neftin kompleks hazırlanması üzrə təmirçi çilingər peşəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4328/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4328/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı, yəni 15 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar