Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-884/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədə qeyd olunmuşdur ki, məhkəmə qərarına əsasən pensiya hüququ 08 avqust 2014-cü il tarixindən yarandığından pensiya ödənişinin həmin tarixdən həyata keçirilərək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli 2-1(112)-7006/2021 nömrəli Qərarının icrası zamanı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən hesablanmalı olduğu nəzərə alınması, ərizə qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı və cavabdeh tərəfindən ayrılıqda apellyasiya şikayəti verilmişdir. İddiaçının apellyasiya şikayəti işin faktiki halları baxımından ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ərizənin təmin olunmayan hissəsində də ləğv edilərək ərizənin tam təmin olunması xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayəti işin faktiki halları baxımından cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunanlarla oxşar məzmunda olmaqla əsaslandırılmışdır və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ərizənin təmin olunan hissəsində də ləğv edilərək ərizənin tam təmin olunmaması xahiş edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı özünün apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, qarşı tərəfin apellyasiya şikayətinə etiraz etmişdir. Həmçinin, məhkəmə iclasında cavabdehin nümayəndəsi özlərinin apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, qarşı tərəfin apellyasiya şikayətinə etiraz etmişdir.. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə İddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 1424/2022 nömrəli Qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1848/2022 nömrəli Qərarı ilə Kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)- 1424/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda mübahisə qərarın icrası ilə bağlı yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən 8 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Ali X1 01.11 2022-ci il tarixli 2-1 (102)-1848/2022 qərarına əsasən "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və “Əmək pensiyaları haqqında” Azərbavcan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli müraciətə uyğun olaraq xx.xx.2018-ci il tarixindən hesablanıb. Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən ötən dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün ona ödənilməli olan 13471,91 manat pul vəsaiti hesablanıb. Həmin 13471,91 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə- hissə hər ay 280,66 manat olmaqla pensiyanızın (487,92 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, iddiaçıya 8 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.11,2022-ci il tarixli 2-1(102)-1848/2022 qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli müraciətinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən əmək pensiyasının məbləği 327,21 manata çatdırılmışdır. Hazırda isə iddiaçıya ödənilən pensiya məbləği keçmiş dövr üzrə birlikdə 823,2347 manat (pensiya məbləği 542,57 manat) təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən göndərilmiş məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7006/2021 nömrəli qərarının icrası məqsədilə İddiaçı 285,28 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 13471,68 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2023- xx.xx.2027-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 280,66 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır.Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 327,21 manata artırılıb. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədə qeyd olunmuşdur ki, məhkəmə qərarına əsasən pensiya hüququ 08 avqust 2014-cü il tarixindən yarandığından pensiya ödənişinin həmin tarixdən həyata keçirilərək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarın icrasının onun məzmununa uyğun, lazımi qaydada icra edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. X3 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X3 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020ci il tarixli qərar § 36-37). Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının beşinci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı Mülki Prosessual Məcəllənin və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi təmin olunaraq 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Lakin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli müraciətinə uyğun olaraq pensiya ödənişi xx.xx.2018-ci il tarixdən hesablanmışdır. 15.Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı: “... 45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmişdir). Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir). 46. Bununla əlaqədar məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı “R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən: ...kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərardadının “şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər” müddəası fərziyyələrə əsaslanmaqla pensiya təminatı ilə bağlı işlərin qanunvericiliyə uyğun həll edilməsinə mənfi təsir göstərə bilər... 47. Məhkəmə qeyd edilən qərarda ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq müəyyən edir ki, iddiaçı pensiya təyini ilə bağlı 2017-ci ildən məhkəmə mübahisələri aparır, yəni iddiaçının 52 yaşının tamam olduğu tarixdən pensiya təyini ilə bağlı iradəsini ifadə etdiyi aydındır, lakin hüquqi marağına uyğun səmərəli hüquqi müdafiə vasitəsi seçmədiyindən yekun çıxarılmış məhkəmə aktı hüquqlarını təmin etməmişdir. Lakin iddiaçının iradəsini ən azı 2017-ci ildən bəyan etdiyi aydın olduğundan vaxtında inzibati orqana müraciət edilməməsi iddiaçının həmin tarixdən yaranmış hüquqlarının təmin edilməsini istisna edə bilməz. ...” Yuxarıda göstərilənlərə əsasən məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının inzibati orqana ilk müraciəti xx.xx.2017-ci il tarixlidir və həmin dövrdən də məhkəmə mübahisələri davam edir və məhkəmə tərəfindən məhz həmin imtinanın qanunsuz olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə Kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənməsi qanunda nəzərdə tutulmamışdır. Belə ki, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Odur ki, məhkəmə Kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçının da apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7006/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-884/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-884/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver