Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-885/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-6552/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-6552/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir. (hakim E.Əliyev) Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 190 manat birdəfəlik ödəmənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ölkədə covid-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən işsizlərə 190 man birdəfəlik müavinət verilmişdir. İddiaçı da bir ölkə vətəndaşı kimi bu qərara əsasən rəsmi qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 saylı qərarına əsasən ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi onun məcburi köçkün kimi çörək pulu 60 manat müavinət alması göstərilmişdir. İddiaçı artıq uzun müddətdir aldığı müavinət dayandırılmışdır, kartı belə dondurulmuşdur. Cavabdeh tərəfindən hüquqları pozulduğuna görə məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə nəzərə almalıdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə iddiaçı barədə (aylıq müavinət alan kimi) məlumatın verilməsi tam şəkildə absurddur və qanuna ziddir. Belə ki, İddiaçı 2018-ci ilədək məcburi köçkün statusunda olmuşdur, lakin ailə üzvlərinin ünvan 1 ünvanında daşınmaz əmlak aldığı səbəbindən yani “yaşayış yerinin olması” səbəbindən məcburi köçkünlüklə bağlı aldığı 60 manat “çörək pulu” alması müavinətin verilməsi dövlət tərəfindən dayandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiyasına ziddir. Məhkəmə nəzərə almalıdır ki, iddiaçının yeganə müavinəti olan “60 manat çörək pulu” 2018- ci ildə dövlət tərəfindən verilməsinə xitam verilmişdir. Bu o anlama gəlir ki, İddiaçının heç bir gəlir, həmçinin müavinəti 2018-ci ildən cari günədək olmanvşdır. Bu da iddiaçinin Konstitusiyon hüquqlarını pozmuşdur. Belə ki, İddiaçı həmin qərarın 2.3-cü maddəsində əks olunan müddəalara aid deyildir. Bununlada AR-sı Nazirlər Kabinetinin təsdiq etdiyi 2.2-ci maddəsinin qüvvəsinə düşür və 190 manat birdəfəlik yardım alıcısı kimi qeydə alınmalıdır. İddiaçının 190 manat müavinəti ilə bağlı e-sosial.az portalında qeydiyyata alınmışdır, bundan sonra cavabdeh müraciətə rəsmi cavab olaraq, Nazirlər Kabinetinin 127 saylı qərarının 2.2.3-cü yarımbəndini (aylıq müavinət alanlara) əsas götürmüşdür və iddiaçının öz adma olan mobil nömrəsinə sms-lə imtina cavabı gəlmişdir. Məhkəmə iclası zamanı, İddiaçı “işsiz kimi qeydiyyata” keçmədiyi təqdirdə, hansı səbəbdən şəxsi nömrəsinə e-sosial.az portalı tərəfindən cavab imtina məktubunun gəlməsi barədə sual versədə, cavabdeh tərəf işin mahiyyətinə aid olmayan əsassız səbəbləri gətirərək qarşısına qayulmuş qoyulmuş sualdan yayınmışdır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qaydaya əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir (3.1-ci bənd). İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur(3.2-ci bənd). İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır (3.3-cü bənd). MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir(3.4-cü bənd). Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur (3.5-ci bənd). İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınması üçün “e-sosial” portalında qeydiyyatdan keçməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün işsiz kimi qeydiyyatdan keçməməsi iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsassızdır və təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-6552/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-885/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-885/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver