Məhkəmə qərarları › İş №2-1(103)-886/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-886/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-886/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8562/2021 saylı, 17.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş qanunla qorunan hüquqlarına və əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinin tələblərinə əsaslanaraq xəstəliyi ilə bağlı ona 05.02.2021-ci il tarixdən etibarən müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-5062/2021 saylı qərarının məcburetmə haqqında iddia əsasında icra olunması barədə, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsində baxılması üçün inzibati iş üzrə sənədlərinin həmin məhkəməyə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maddi imkansızlığı və ağır xəstə olmağı, əlilliyi səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. İstəyir ki, iddia tələbi üzrə inzibati işinə Şirvan İnzibati Məhkəməsində baxılsın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8562/2021 saylı, 17.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8562/2021 saylı, 17.11.2021-ci il tarixli qərardadının ləğv edilməsini, inzibati işin baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8562/2021 saylı, 17.11.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8562/2021 saylı, 17.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.4-ci maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.4-cü maddəsinə əsasən tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən müəyyən olunur ki, hazırkı iddia inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair iddialara aid olduğundan hazırki işə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Baxılan iş üzrə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi Bakı şəhərində yerləşdiyindən hazırki işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə olan halda məhkəmə haqlı olaraq ərizənin təmin olunmaması qərarına gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8562/2021 saylı, 17.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar