Məhkəmə qərarları › İş №2-1(103)-886/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-886/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-886/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrlərin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3929/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya məxsus AB seriyalı 231238 saylı xx.xx.1972-ci il tarixli attestatdan görünür ki, o, 1971-1972-ci illərdə Çaykenskaya orta məktəbinin tam kursunu bitirmişdir. Bakı Dövlət Universitetinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı 152 n/c saylı xx.xx.1973-cü il tarixli əmrlə mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 3/226 saylı xx.xx.1978-ci il tarixli əmrlə həmin fakültənin əyani şöbəsini riyaziyyatçı, riyazyiyyat müəllimi ixtisası üzrə bitirmiş və ona xx.xx.1978-ci il tarixli qeydiyyat nömrəsi 441 olan Q-İ seriyalı 026151 saylı adi diplom verilmişdir. Bu hal iş materiallarında olan diplomla da öz təsdiqini tapır (i.v.12). İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1976-xx.xx.1978-ci, xx.xx.1980-xx.xx.1990-cı, xx.xx.1990-xx.xx.1993cü illərdə müxtəlif müəssisələrdə işləmişdir. Həmçinin İT-İ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1979-cu, xx.xx.1980-xx.xx.1987-ci, xx.xx.1988-xx.xx.2004-cü, xx.xx.2004-xx.xx.2006-cı, xx.xx.2006- xx.xx.2008-ci, xx.xx.2009-xx.xx.2014-cü illərdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin olunarkən onun müəyyən dövrlərdə (xx.xx.2001-xx.xx.2001-ci və xx.xx.2004-xx.xx.2006-cı illər) işlədiyi müddət cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Buna görə də həmin dövrlər də nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 07 may 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixində tərtib edilmiş İT-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" kiçik müəssisəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Cavabdeh inzibati orqan tərəfinən iddiaçıya ünvanlanmış digər- 14 dekabr 2021-ci il tarixli məktubda isə qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünü, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı dövr nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada 25 il sığorta stajına (faktiki sığorta stajı 15 il 6 ay) və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 24117,84 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və əmək pensiyası məbləği xx.xx.2019-cu il tarixindən 254,37 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2021-ci il tarixindən 330,40 manata çatdırılmışdır. Ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. Mərkəzi Filialda aparılan araşdırmaya əsasən X5 rayon şöbəsi hal-hazırda fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin təhvil verilmədiyi üçün əmək kitabçasının surətində qeyd olunan xx.xx.1988-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsindəki dövrlər sığorta stajına əlavə edilməmişdir. Əmək kitabçasının surətində qeyd edilən xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixinədək "xxxx" kiçik müəssisəsinin faktiki və arxiv sənədləri saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan imtina məktublarından narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə işlədiyi dövr və xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə X3 Stansiyasında fəhlə kimi işə qəbul olunmuş, fasiləsiz olaraq meşə sahəsində direktor vəzifəsinə qədər müxtəlif vəzifələrdə xx.xx.2004-cü ilə qədər işləmiş və bunun hamısı əmək kitabçasında qanunauyğun şəkildə qeyd olunaraq, möhür vurulmuşdur. Həmin iş stajının 2001-2004-cü illəri baş idarə-X2 ləğv olunaraq yeni yaranmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşməsi ilə əlaqədar həmin nazirliklə bağlıdır və əmək kitabçasında qeyd olunub. xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə qədər meşə və yaşıllıq üçün ting istehsalı ilə məşğul olan "xxxx" kiçik müəssisəsində işləmiş və əmək kitabçasında qeyd olunmuşdur. Digər sənədlərlə yanaşı 1972-73-cü illərin əmək stajını təsdiq edən arayış - əmək kitabçasından çıxarış məhv edilib. Bir saylı DOST mərkəzi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə həmin arxiv sənədini də təqdim edərək pensiyasının yenidən hesablanması üçün müraciət etsə də, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ona məktubla bildirilmişdir ki, xx.xx.2004-xx.xx.2006-cı illər üzrə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Daha sonra sentyabrın əvvəllərində telefonuna gələn mesajda bildirilmişdir ki, xx.xx.1990-xx.xx.2004-cü illər üzrə sığorta stajı yoxlama ilə öz təsdiqini tapmayıb və ona görə də ona 25 illik sığorta stajı hesablanmışdır. Onun xx.xx.1990-cı ilə dair əmək kitabçasında qeyd yoxdur. Əmək kitabçasında 2004-cü ildə idarənin ləğv olunması ilə əlaqədar işdən çıxmağına Nazirliyin möhürü vurulmuş, müəssisənin kadr idarəsindən qeydiyyatlar aparıldıqdan sonra Nazirliyin kadr idarəsinə təhvil verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hazırda fəaliyyət göstərir, nazirliyin kadr idarəsindən və Nazirliyin Meşələrin İnkişafı Departamentindən aydınlaşdırmaq mümkündür. O, işlədiyi dövrlərdə həmişə müəyyən sənədləri saxlamışdır. Həmin yazışmalarda onun həm Giləzi meşəçiliyinin müdiri, həm baş meşəçi, həm direktor vəzifəsində işlədiyi aydın sübut edilə bilər. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı 28 il 09 ay 17 gündür: ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlər. Mübahisəli sosial sığorta stajı 01 il 11 ay 29 gündür: ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün faktiki və arxiv sənədlərin təhvil verildiyi ünvan məlum olmadığından həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Bu dövr sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Həmin maddənin tələblərinə uyğun olaraq, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan əmək fəaliyyəti dövrü xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil müddəti ilə üst-üstə düşdüyü üçün qeyd olunan əmək fəaliyyəti dövrlərini sığorta stajına əlavə etməklə yaşa görə əmək pensiyasının məbləğinin yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Əlavə olaraq, AR Milli Arxiv İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən 235,43 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə pensiya təyinatı həyata keçirilən zaman xx.xx.2006-cı il tarixədək 28 il 09 ay 17 gün sosial sığorta stajına və xx.xx.2006-cı il tarixdən əmək pensiyası hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 24117,84 manat (2021-ci il tarixi üçün indeksləşdirilmiş) pensiya kapitalına əsasən pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 273,50 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 377,07 manata çatdırılmışdır. Həmin qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, ötən dövr üzrə (xx.xx.2019-cu il tarixdən) hesablanmış əmək pensiyasının fərq məbləği cari pensiyasının üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3929/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsində və xx.xx.2004-xx.xx.2006- cı il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə öz qərarında iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işləməsi faktının qarşılıqlı yoxlama aparılması mümkün olmadığı halda həmin dövrü sosial sığorta kimi nəzərə almışdır. Belə ki, arxiv sənədləri təhvil verilmədiyindən işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, "Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 N-li qərarı ilə təsdiq olunan Əsasnamə var və bu günə qədər də qüvvədədir. Həmin əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı müəssisələr tərəfindən verilən sənəd əsasında müəyyən olunur. Əmək fəaliyyəti barədə sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin əsasnamənin 3-cü bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. 3-cü bənddə göstərilir ki, əmək stajını təsdiq edən sənəd əmək kitabçasıdır. 16-cı bənddə bildirilir ki, iş stajı barədə sənədlər olmadıqda və onları müxtəlif səbəblərdən, o cümlədən də milli münaqişə zəmini ilə əlaqədar əldə etmək mümkün olmadıqda sistemdə birgə işdən tanıyan ən azı iki nəfərin ifadəsinə əsasən müəyyən etmək olar. 17-ci bənddə iş stajı barədə sənəd olmadıqda stajın müəyyən edilməsi qaydası verilir. Beləliklə, bu Əsasnaməyə görə onun əmək kitabçaslnda 1972-73cü illərdə keçmiş Ermınistan SSR-in Krasnoselo Rayonunun Əmirxeyir sovxozunda 1 il iş stajı qeydə alınmamışdır. Həmin sənədin əsli milli münaqişə zəminində Ermənistanda qalmış, surəti indiki Bakı Dövlət Universitetində olmuş, həmin Universitetin verdiyi arayışa görə uzun vaxt keçdiyindən həmin arxiv sənədi məhv edilmişdir. Həmin əmək kitabçasını şübhə altına almağa heç bir əsas yoxdur. Əmək kitabçasının açıldığı xx.xx.1978xx.xx.1979-cu il tarixi ümumiyyətlə nəzərə alınmayıb ki, bu da 1 il 14 gün təşkil edir. xx.xx.1980 - xx.xx.1988-ci il-iş dövrü 8 il 6 ay 21 gün təşkil edir. Əmək kitabçasındakı xx.xx.1988 - xx.xx.2004-aralığı da yuxarıda bildirdiyi kimi, səhv olaraq 2 hissəyə bölünərək (xx.xx.1988 - xx.xx.2001, xx.xx.2001- xx.xx.2004) 5 aya yaxın stajı itirilibdir. Burada əmək kitabçasında xx.xx.1994-cü ildə təyin edildiyi Baş meşəçi vəzifəsindən azad olunaraq direktor müavini təyin olunmağını işdən azad olunmuş kimi qəbul ediblər. xx.xx.1988 xx.xx.2004 arası fasiləsiz əmək stajı: -15 il 10 ay 18 gün təşkil edir. Beləliklə xx.xx.2004cü ilə qədər əmək kitabçası və tələbəlik zamanı ümumi staj = 4 il 11 ay (1973-1978, tələbəlik) + 1 il 14 gün (1978-1979, Kəlbəcər rayonum təyinatla) + 8 il 6 ay 21 gün (1980- 1988, kənddə müəllim) + 15 il 10 ay 1$ gün(meşə təsərrüfatı) = 30 il 4 ay 23 gün. Milli münaqişəyə görə xx.xx.1988- xx.xx.1988 arası yaranmış məcburi boşdayanma 4 ay 18 təşkil edir ki, bu da qanunvericiliklərə əsasən fasiləsiz iş stajına daxil edilməlidir. Beləliklə, yekun olaraq onların qeyd etdiyi xx.xx.2004-cü il tarixə qədər olan əmək stajı 30 il 9 ay 11 gün (30 il 4 ay 23 gün + 4 ay 18 gün) təşkil edir. Ən əsas kimi qeyd etdikləri mübahisəli sosial sığorta stajı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı ilə kimi olan dövrü əhatə edir, bu isə 01 il 3 ay 19 gün təşkil edir. İstinad edilən "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1 maddəsində qeyd edilir ki, Əmək pensiyası - "aldıqları əmək haqları və digər gəlirlərin, ...." vətəndaşlara aylıq pul ödənişidir. İlkin məhkəməyə təqdim etdiyi sənədlərdə bildirdiyi kimi, bir daha təkrarən bildirir ki, "xxxx" kiçik müəssisəsi həmin vaxt meşə, yaşıllıq və meyvə tingləri yetişdirməklə məşğul olub. Burada qazanc əldə etmək üçün həmin tinglərin böyüyüb satışa hazır olması üçün ən az 2- 3 il vaxt lazımdır. Müəssisə ləğv olunanda dövrüyyədəki materiallar da işçilərə natura şəklində əmək haqqı əvəzi ödənilib, digər tərəfdən də müxtəlif dövlət təşkilatlarına və dövlət tədbirlərində, həmçinin vətəndaşlara əvəzsiz olaraq verilib və həmin tinglər ölkə ərazisində əkilib, bu da ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunduğundan, bu da cox cüzi də olsa natura şəklində dövlətə vəsait ödənilməsi deməkdir. Yuxarıda qeyd edilmiş əsasnaməyə uyğun olaraq 1972-1973-cü il 01 il olmaqla və "xxxx" kiçik müəssisəsindəki 1 il 3 ay 19 gün də ümumi iş stajına daxil edilməlidir. Bu halda yekun staj tam 33 il (30 il 8 ay 11 gün +01 il + 01 il 3 ay 19 gün) təşkil etməlidir, əslində isə tələbəlik dövrü Maarif Nazirliyinin əmrindən də göründüyü kimi, xx.xx.1978-ə qədər davam etməlidir ki, bu da 33 ildən də artıq edir və yuvarlaq olaraq 33 il götürülməlidir. Beləliklə, Əmək Kitabçası üzrə iş stajını belə qruplaşdırmaq olar: Mübahisə doğurmayanlar - xx.xx.1973-xx.xx.1078(tələbəlik dövrü)- 4 il 11 ay; xx.xx.1978-xx.xx.1979 il- lil 14 gün Kəlbəcər rayonunda müəllim; xx.xx.1980 - xx.xx.1988 il - 8 il 6 ay 21 gün Ermənistan SSR-də müəllim işlədiyi dövr; xx.xx.1988-xx.xx.2004-cü il- 15 il 10 ay 18 gün olmaqla, cəmi 30 il 4 ay 23 gün. Müzakirə oluna bilənlər- 1972-1973-cü il, təhsildən əvvəl Ermənistan SSR-də sovxozda fəhlə işlədiyi dövr - 1 il; xx.xx.1988-xx.xx.1988, qaçqınlıq dövrü - 3 ay 18 gün olmaqla, cəmi 1 il 3 ay 18 gün. Mübahisə doğuran - xx.xx.2004 - xx.xx.2006-cı il, "xxxx" kiçik müəssisəsində işlədiyi dövr -1 il 3 ay 19 gün. 1972-73-cü illərin təsdiqi üçün qanunvericiliyə əsasən 2 və daha çox şəxsi dəvət etmək mümkündür, qaçqınlıq dövrü məcburi işburaxma hesab edildiyindən, fasiləsiz iş stajına daxil etmək olar, mübahisə doğuran "xxxx" kiçik müəssisəsində işlədiyi dövr də qanunvericiliyə tam uyğun olduğundan məhkəmə ümumi iş stajına daxil edilməsi haqqında qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktublarının iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə işlədiyi dövr və xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən X5 rayon şöbəsinin hal-hazırda fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin təhvil verilmədiyi üçün əmək kitabçasında qeyd olunan xx.xx.1988-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsindəki dövrlərin sığorta stajına əlavə edilməməsi, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" kiçik müəssisəsinin faktiki və arxiv sənədləri saxlanıldığı ünvanın məlum olmaması səbəbindən həmin dövrlərin sığorta stajına əlavə edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1955-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə ona xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyin olunmuşdur. İddiaçıya aid pensiya işinin materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının sığorta stajı 29 il 9 ay 29 gün (xx.xx.1973- xx.xx.1978, xx.xx.1978-xx.xx.1979, xx.xx.1980-xx.xx.1988, xx.xx.1988-xx.xx.2001, xx.xx.2001-xx.xx.2004) hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2001- xx.xx.2001-ci il tarixlərdə Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsində və xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı hazırda həmin dövrlər də nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını istəyir. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, "xxxx" kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından iddiaçının həmin müəssisədə işlədiyi müddət staj kimi nəzərə alına bilməz. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının müraciət etdiyi zaman qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə işlədiyi "xxxx" kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. İşə birinci instansiya qaydasında baxılarkən işin mübahisəli məqamı ilə bağlı sorğular verilmiş və iddiaçının iş stajına daxil edilməsini tələb etdiyi dövrlərdə işlədiyi müəssisə barəsində araşdırma aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1993-cü il tarixdə 23 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı sözügedən müəssisənin mövcudluğu və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının işlədiyi "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Bundan başqa məhkəmə kollegiyası iddianın digər dövrlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının əmək kitabçasında (səhifə 48-51) onun xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 18.07.201-ci il 08/4 №-li əmrinə əsasən yeni yaradılmış Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsinə direktor müavini təyin edilməsinə əsasən işdən azad edilməsi qeyd edilsə də, həmin qeyd cavabdeh inzibati orqan tərəfindən düzgün olmayaraq vəzifəyə keçirilmə kimi deyil, işdən azad edilmə kimi qəbul edilmiş və xx.xx.2001-xx.xx.2001-ci il dövrü nəzərə alınmamışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin dövr də sığorta stajına daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hеsаb еdir ki, İddiaçı xx.xx.2001xx.xx.2001-ci il tarixlərdə Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsində və xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün onun sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin “iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın müəyyən edilməməsi” barədə dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və B Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3929/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3929/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar