Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-886/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13133/2024 saylı qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəs. Camal Hacalıyev küçəsində yerləşən 131 saylı fərdi yaşayış evinə qeydiyyata alınmasının cavabdeh Xətai rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Camal Hacalıyev küçəsində yerləşən 131 saylı fərdi yaşayış evi iddiaçı tərəfindən 1998-ci ildə tikilmişdir. Həmin evdə İddiaçı1, arvadı İddiaçı4, övladları İddiaçı3 və X1 ilə birlikdə yaşayırlar. Həmin fərdi yaşayış evinə dair iddiaçıya ərazi üzrə 66 saylı MKİS tərəfindən hesab vərəqəsi və cizgilər verilmiş, kommunal-təchizat xidmətləri tərəfindən (Azərişıq, Azərsu, Azəriqaz, BTRİB və s.) müqavilələr bağlanmışdır. İddiaçının evin tikintisi ilə bağlı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə hər hansı mübahisəsi yoxdur. İddiaçı və ailə üzvlərinin mülkiyyətində dövlət qeydiyyatına alınmış əmlak olmadığı üçün yaşayış yerləri üzrə qeydiyyatda olmamışdırlar. Belə ki, bundan öncə iddiaçı və ailə üzvləri qohumlarının evində qeydiyyatda olmuşlar, lakin bir neçə il öncə həmin mənzil söküldüyü üçün hazırda qeydiyyatları formal xarakter daşıyır. İddiaçı, dəfələrlə yaşayış yeri üzrə Xətai Rayon Polis İdarəsinə müraciət etsə də, həmin orqan tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyət hüququnun təsdiq edən sənədlər təqdim edilmədiyi üçün qeydiyyata alınmasından imtina edilmişdir. Son imtina xx.xx.2024cü il tarixdə verilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edirik, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı1 müraciətinə cavab olaraq Xətai rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Nəzərinizə çatdırırıq ki, Sizin qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyiniz halda məhkəməyə müraciət etmək huququnuz var”. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13133/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Camal Hacalıyev küçəsində yerləşən 131 saylı fərdi yaşayış evi İddiaçı1 tərəfindən 1998-ci ildə tikilmiş və iddiaçılar bir ailə olaraq həmin vaxtdan orada yaşayırlar. Həmin fərdi yaşayış evinə dair iddiaçıya ərazi üzrə 66 saylı MKİS tərəfindən hesab vərəqəsi və cizgilər verilmiş, kommunal-təchizat xidmətləri tərəfindən (Azərişıq, Azərsu, Azəriqaz, BTRİB və s.) müqavilələr bağlanmışdır. Evin tikintisi ilə bağlı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə hər hansı mübahisə yoxdur. İddiaçılar mülkiyyətdə dövlət qeydiyyatına alınmış əmlak olmadığı üçün yaşayış yerləri üzrə qeydiyyatda olmamışlar. Belə ki, bundan öncə iddiaçılar qohumlarının evində qeydiyyatda olmuş, lakin bir neçə il öncə həmin mənzil söküldüyü üçün hazırda qeydiyyatları formal xarakter daşıyır. İddiaçı dəfələrlə yaşayış yeri üzrə Xətai Rayon Polis İdarəsinə müraciət etsə də, həmin orqan tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyət hüququnun təsdiq edən sənədlər təqdim edilmədiyi üçün qeydiyyata alınmasından imtina edilmişdir. Son imtina xx.xx.2024-cii il tarixdə verilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Birinci instansiyası məhkəməsinin qərarı hərtərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər iddiaçılar isə İddiaçı1 dedikləri ilə razılaşdıqlarını bildirdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamış, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmiş (İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə məcmu halında araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıların qeydiyyata alınmalarını tələb etdikləri ev özbaşına tikilidir, həmin evə və ya yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların verdiyi izahatlardan da aydın olur ki, qeydiyyata alınmaqlarını tələb etdikləri ev özbaşına tikilidir, həmin evə və onun altında yerləşən torpaq sahəsinə dair hər hansı bir sənədləri yoxdur. Nə inzibati icraat zamanı nə də ki, məhkəmə araşdırmaları zamanı iddiaçıların daimi yaşamaq məqsədilə qanuni əsaslarla qeydiyyata alınmaq istədikləri yaşayış evinə köçüb yaşamalarına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilməmişdir. İddiaçıların yaşayış sahəsinə faktiki sahiblik etmələri, kommunal xidmətlərdən istifadə ilə bağlı müvafiq sənədlərə malik olmaları ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilənlər iddiaçıların yaşayış sahəsinə mülkiyyət sənədlərinə malik olmaları mənasını kəsb etmir. Həmin sənədlər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində sadalanan sənədlərin tələb edilməməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13133/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13133/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-886/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-886/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver