Məhkəmə qərarları › İş №2-1(103)-887/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-887/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-887/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), x6 və x4 ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi x3 iştirakı ilə İddiaçı çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3657/2020 nömrəli iş üzrə 12 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 06.09.2019-cu il tarixli **********93 nömrəli imtinasının əsassız hesab edilməsini, Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 12 kv.m, köməkçi sahəsi 11,7 kv.m, ümumi sahəsi 23,7 kv.m. olan 70-ci mənzili üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnu dövlət qeydiyyatının aparılması və bu barədə onun adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.12.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, ərizədə qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin (x7) adına qeydiyyata alındığı müəyyən edilmişdir. Lakin Y.Mirzəyevanın adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə məhkəmə qərarı təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.05.2004-cü il tarixli qərarına asasən müvafiq mənzil üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. İşdə olan, cavabdehin 06.09.2019-cu il tarixli **********93 nömrəli imtina məktubuna görə, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxin adına hüqqi qeydiyyata alınmışdır. Mənzil üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26.05.2004-cü il tarixli qərarının daxil olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 19.03.1996-cı il tarixli 173/3 nömrəli “Boşalmış mənzilin x1 mənzilinə birləşdirilməklə mənzil növbəsindən çıxarılması barədə” sərəncamı ilə Xətai prospekti 5 nömrəli evin sahəsi 36 kv.m. olan 2 otaqlı boşalmış 70 nömrəli mənzili həmin həyətdə yaşayan x2 yaşadığı sahəsi 42,5 kv.m. olan 2 otaqlı 69a nömrəli mənzilinə birləşdirilmiş və mənzilin ümumi sahəsi 78,5 kv.m. sayılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 20.02.2013-cü il tarixli 86 nömrəli “Vətəndaş İddiaçı müvəqqəti yaşayış sahəsinin verilməsi haqqında” sərəncamı ilə Nərimanov RİH-in Mənzil Məsələləri üzrə x5 prospektindəki 5 nömrəli evin sıxlaşdırılmış 70-ci mənzilinə dair 18.02.2013-cü il tarixli aktı təsdiq edilmiş, Xətai prospektindəki 5 nömrəli yaşayış evinin 1 otaqlı, yaşayış sahəsi 12 kv.m. olan sıxlaşdırılmış 70-ci mənzili müvəqqəti yaşayış sahəsi kimi Nərimanov RMKTB-nin nəzdindəki 37 nömrəli MKİS-də dalandar vəzifəsində çalışan İddiaçı istifadəsinə verilmişdir. Nərimanov RİH başçısının 24.10.2013-cü il tarixli 492 nömrəli “Xətai prospektindəki 5 nömrəli evin 70-ci mənzilinin vətəndaş İddiaçı daimi istifadəsinə verilməsi barədə” sərəncamı ilə Xətai prospektindəki 5 nömrəli evin yaşayış sahəsi 12 kv.m, ümumi sahəsi 23,7 kv.m. olan, sıxlaşdırılmış 1 otaqlı 70-ci mənzili daimi olaraq vətəndaş İddiaçı istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Bu baxımdan, Azərbaycan Respublikasında mənzillərin özəlləşdirilməsi məsələləri 26.01.1993-cü il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanunu ilə tənzimlənmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Eyni Qanunun 8-ci maddəsinə görə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı on beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşadıqları mənzilləri şəxsi mülkiyyətinə keçirmək hüququnun realizə olunması üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanunu ilə zaman məhdudiyyəti nəzərdə tutulmamışdı. Lakin Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsi ilə artıq bu hüququn həyata keçirilməsi üçün müddət müəyyən edilmişdir. AR Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normanın təhlili göstərir ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı 01.10.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Bu mənada, AR Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə istinadən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və hazırda da saxlanmış sayılardı ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən 01.10.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslanardı. Lakin işdən görünür ki, iddiaçı belə bir əsaslara malik deyil. Onun bu mötəbərliyə malik sənədlər kimi istinad etdiyi Nərimanov RİH başçısının 2013-cü il tarixli sərəncamları isə 01.10.2009-cu il tarixdən sonraya aid olduğundan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanunu anlamında mənzilin özəlləşdirilməsinə əsas təşkil etmir. AR Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə görə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. AR Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” x8 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Onun bu məqsədlə təqdim etdiyi Nərimanov RİH başçısının 2013-cü il tarixli sərəncamları isə belə bir sübutemə əhəmiyyətinə malik deyil. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət vermədən, iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin, dövlət mənzil fondunun mənzilinin özəlləşdirilərək, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qərar ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3657/2020 nömrəli iş üzrə 12 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı cavabdehin 06.09.2019-cu il tarixli **********93 nömrəli imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 12 kv.m, köməkçi sahəsi 11,7 kv.m, ümumi sahəsi 23,7 kv.m. olan 70-ci mənzili üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnu dövlət qeydiyyatının aparılması və bu barədə onun adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar