Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-887/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2- 1(112)-3153/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən qəbul olunmuş 01/01 saylı 08.01.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən ona ünvanlanmış 17.01.2020-ci il tarixli məktubla əlaqədar 24.01.2020-ci il tarixdə oraya yaxınlaşmış və ona bildirmişlər ki, Bakı şəhər Yasamal Bələdiyyəsi tərəfindən qəbul olunmuş 01/01 saylı, 08.01.2020-ci il tarixli qərara əsasən yaşadığı mənzilə dair əmlak vergisi ödəmədiyi üçün ona qarşı maliyyə sanksiyasının tətbiqinə dair qərar verilmişdir. Həmin qərara əsasən ona 2018, 2019 və 2020-ci illər üzrə cəmi 96,49 manat əsas vergi borcu, 23,48 manat faiz borcu və 100 manat maliyyə sanksiyası olmaqla cəmi 235,36 manat məbləğində borc hesablanmışdır. Həmin qərarda ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onun vergini könüllü ödəmək istəmədiyi qeyd olunmuşdur. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-3153/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 12.1-ci maddələrinin tələblərinə əsasən vergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Hazırkı işin hallarından göründüyü kimi iddiaçıya hesablanmış vergi məbləğləri qeyd olunan normaların tələblərinə zidd olaraq cavabdeh Bələdiyyənin vergi xidməti orqanı tərəfindən deyil, Yasamal Bələdiyyəsinin sədrinin, müavinin və üzvləri tərəfindən hesablanmışdır. Bundan əlavə, müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin vergilərin və ödənişlərin alınması ilə bağlı qaydalar “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən mübahisə predmeti olan vergilərin və ödənişlərin iddiaçıdan tələb olunması ilə bağlı qeyd edilən normalarda göstərilən qaydalara riayət edilib edilməməsi halları araşdırılmamış və belə halların olub-olmaması müəyyən edilməmişdir. Eyni zamanda, həmin Əsasnamənin 5.6-cı bəndinin tələbindən göründüyü kimi bələdiyyə ödənilməmiş vergilərin və ödənişlərin alınması ilə bağlı yalnız bələdiyyənin qərarı əsasında məhkəməyə müraciət edə bilər. Hazırkı iş üzrə isə cavabdeh qeyd edilən normanın tələbinə zidd olaraq, birbaşa vergilərin və ödənişlərin alınması ilə bağlı məcburi icra tədbirlərinin görülməsi üçün Yasamal rayon icra və probasiya şöbəsinə müraciət edilməsinə dair qanunsuz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-3153/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, ümumi sahəsi 103.1 kv.metr olan ünvan 2 ünvanında yerləşən 20 saylı mənzil Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin MA seriyalı ******* saylı Çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhər Yasamal Bələdiyyəsinin “Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün “İnzibati icraat haqqında” Qanunun 2,7,81.1,81.5, 82.1, 82.2, 83 və 87-ci maddələrinə əsasən İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə” 08.01.2020-ci il tarixli 01/01 saylı qərarına əsasən iddiaçıya 32,16 manat əmlak, 64,33 manat ötən dövrlər (2017, 2018, 2019) üçün vergi, 23,48 manat faiz və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası, cəmi 235,36 manat vergi borcu hesablanmaqla qərar icra olunması üçün Bakı şəhər Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş **********9694 saylı tədiyyə bildirişindən görünür ki, İddiaçı 2021-ci il üçün Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 32.16 manat əmlak vergisi, ötən dövrlər üçün 96,48 manat vergi borcu, 27.53 manat faiz, 100 manat maliyyə sanksiyası hesablanmışdır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fıziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fıziki və hüquqi şəxslərdir (5.1, 5.2). Yerli vergilərə aşağıdakılar aiddir: fıziki şəxslərdən torpaq vergisi; fıziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi (8.0). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Həmin Məcəllənin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə 0,4 manat tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə). Həmin Məcəllənin 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir, həmçinin 208.6-cı maddəyə əsasən fıziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla, mülkiyyətində olan daşınmaz əmlakla bağlı yerli vergilər (bələdiyyə vergiləri) qanunla müəyyən olunmuş müddətdə ödənilmədiyi üçün cavabdeh tərəfindən qeyd olunan qərar qəbul edilməklə, icra olunması üçün müvafiq İcra və probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan ödənilməsi tələb olunan borcun əsassız olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: “İnzibati icraat haqqında” qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Qeyd olunan normalardan da göründüyü kimi inzibati orqan tərəfindən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktın icra olunması üçün birbaşa icra və probasiya qurumuna göndərilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-3153/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-887/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-887/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver