Məhkəmə qərarları › İş №2-1(103)-887/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-887/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-887/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5428/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3 saylı binanın və 159 saylı orta məktəbin yaxınlığında yerləşən və qanunsuz fəaliyyət göstərən meyvə-tərəvəz köşkünün götürülməsinin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Birliyinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh olan Nəsimi rayon İcra Hakimiyyəti (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3 saylı binanın və 159 saylı məktəbin yaxınlığında qeyri-qanuni olaraq meyvə-tərəvəz köşkü fəaliyyət göstərir. Bu köşkdə antisanitariya hökm sürür, qanunsuz fəaliyyət göstərilir. Bu köşkə elektrik xətti iddiaçının yaşadığı binadan çəkilmişdir və binada yerləşən şəbəkə yalnız binada olan 69 mənzilə hesablanaraq quraşdırılmışdır. Həmin köşkə elektrik xəttinin binadan çəkilməsi əlavə yüklənməyə səbəb olur. Bu köşkün fəaliyyət göstərməsi ətraf mühitə, dövlətin maraqlarına ziyan vurur.O, köşkdə antisanitar vəziyyətin olması ilə bağlı Respublika Gigiyena və Epidemilogiya Mərkəzinə müraciət etmiş, ərizəsinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə baxılmışdır və xx.xx.2021-ci il tarixdə verilmiş cavabda keçirilən baxış zamanı köşkdə meyvə-tərəvəz məhsullarının vergi uçotuna alınmadan qanunsuz olaraq satışının həyata keçirildiyinin müəyyən edilməsi və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olmadığıüçün sözügedən obyektdə plandankənar yoxlamanın aparılmasının mümkün olmadığı qeyd edilmişdir. İddiaçı köşkün götürülməsi ilə bağlı tədbir görülməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, tədbir görülməsi səlahiyyətinin Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə aid olduğu üçün Birliyə göndərilmiş, lakin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən bu barədə heç bir tədbir görülməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5428/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərdiyi dəlillərin araşdırılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi , 3 saylı binanın 159 saylı məktəbin yaxınlığında qeyri-qanuni olaraq meyvə-tərəvəz köşkündə fəaliyyət göstərilir/Bu köşdə antisanitariya hökm sürür, qanunsuz fəaliyyət göstərilir . Həmçinin bu köşkə elektrik xətti onun binadan çəkilmişdir və binada yerləşən şəbəkə yalnız binada olan 69 mənzilə hesablanaraq quraşdırılmışdır . Həmin köşkə elektrik xəttinin binadan çəkilməsi əlavə yüklənməyə səbəb olur. Bu köşkün fəaliyyət göstərməsi ətraf mühitə , dövlətin maraqlarına ziyan vurur. O, köşdə antisanitar vəziyyətin olması ilə bağlı Respublika Gigiyena və Epidemilogiya xMərkəzinə müraciət etmişdir, ərizəyə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə baxılmışdır və ona xx.xx.2021-ci il tarixdə verilmiş cavabda keçirilən baxış zamanı köşkdə meyvə-tərəvəz məhsullarının vergi uçotuna alınmadan qanunsuz olaraq satışının həyata keçirildiyinin müəyyən edilməsi və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin olmadığı üçün sözügedən obyektdə plandankənar yoxlamanın aparılmasının mümkün olmadığı qeyd edilmişdir. O, köşkün götürülməsi ilə bağlı tədbir görülməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir, tədbir görülməsi səlahiyyətinin Nəsimi rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinə aid olduğu üçün Birliyə göndərilmişdir, lakin Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən bu barədə heç bir tədbir görülməmişdir. Ərizə ilə Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə köşkün götürülməsi barədə müraciət etmişdir, məsələ mübahisəli olduğundan məhkəməyə müraciət edilməsi barədə cavab verilmişdir. Lakin məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, qanunun normaları düzgün tətbiq edilməmişdir və nəticədə düzgün olmayan qərar çıxarılmışdır. Məhkəmə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün sübyektiv hüququmun olmaması qənaətinə gəlməklə qərardad qəbul etmişdir. Bu tamamilə əsassızdır, belə ki, qeyri-qanuni olaraq meyvə-tərəvəz köşkündə fəaliyyət göstərilir bu köşdə antisanitariya hökm sürür, qanunsuz fəaliyyətlə məşğulduralr. Onun yaşadığı binaya bitişik olmasa da həmin ərazidə yaşayan sakin kimi onun iddia qaldırmaq üçün subyektiv hüququ vardır, həmin köşkdə qanunsuz fəaliyyət göstərilməsi, antisanitariya yaradılması ətraf mühitə və köşkün yerləşdiyi ərazidə yaşayan imsanların sağlamlığına təhlükədir. "Sanitariya-epidemioloji salamatlıq haqqında” AR Qanunun 2. maddəsinə əsasən Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların vasitəsilə təmin olunur: əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlət, regional və yerli proqramların yerinə yetirilməsi; dövlət orqanları və ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməsini; "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinə əsasən, "Yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin və qurğularının, su təchizatı və kanalizasiya sistemlərinin, hidrotexniki qurğuların, nəqliyyat və rabitə vasitələrinin, texnoloji proseslərin və avadanlıqların, başqa obyektlərin layihələşdirilməsində ətraf mühitin keyfiyyət normativləri nəzərə alınmalı, tullantıların zərərsizləşdirilməsi və istifadəsi, tullantısız və ay tullantılı texnologiyalar və istehsalatlar, ətraf mühitin' çirklənməsinin qarşısını alan səmərəli tədbirlər nəzərə alınmalıdır”Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin İ, İİ və İİİ bəndlərinə əsasən, "Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır”, "Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır”, "Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz”. Həmçinin köşkdə fəaliyyət göstərən şəxslər vergi uçotuna alınmadan qanunsuz fəaliyyət göstərirlər. Qeyd edir ki, köşkün qoyulduğu ərazi bina sakinlərinin istirahəti üçün nəzərdə tutulmuş ərazidir və belə olan halda insanların asudə vaxtlarının keçirilməsi həmin ərazidə mümkün deyildir . Bütün bu və digər hallar iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmağımı sübuta yetirir . İnzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində mənim hüquqlarımın və qanunla qorunan maraqlarımın pozulduğu aşkar görünür.AR İPM-nin 12.1. maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 5428/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz” İddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə sübuta yetməmişdir. Belə ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən köşkün götürülməsini xahiş etsə də, həmin koşkün yerləşdirilməsinin iddiaçının hansı hüquqlarını pozduğu müəyyən olunmur. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər və birinci instansiya məhkəməsinin yerli baxış zamanı çəkilmiş fotoçəkillərdən məlum olur ki, iddiaçının yaşadığı mənzilin yerləşdiyi evlə mübahisələndirdiyi köşk arasında kifayət qədər məsafə olmaqla, iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud deyildir. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunverici iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçının hüquqi marağının mövcud olması müəyyən edilmir. İddiaçı iddia ərizəsində həmin köşkə verilən elektrik enerjisinin yaşadığı binada əlavə yüklənməyə səbəb olmasına istinad etsə də, bu halı əsaslandırmamış, elektrik enerjisi ilə təmin olunma zamanı hansı problemlərin yarandığı, bununla bağlı "xxxx" ASC-yə müraciət etməsi, yaranmış problemin aradan qaldırılmasının mümkünsüzlüyü barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən, əgər iddiaçının hazırkı tələbinə marağı məhz bu əsasla yaranmışdırsa, onda elektrik enerjisinin təmini ilə bağlı yaranmış mübahisə üzrə tələb hazırkı cavabdeh inzibati orqana yönələ bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı hazırkı iddiaya hüquqi marağını köşkün yerləşdiyi ərazinin abadlaşdırılması üçün ağaclar əkməklə tədbirlər görmək istəməsi, lakin həmin köşkün bu hala mane olması ilə izah etmişdir. Məhkəmə Kollegiyası iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3 saylı binanın yaxınlığındakı əraziləri abadlaşdırmaq vəzifəsi olmasını müəyyən etmədiyini qeyd etməklə yanaşı, köşkün həmin ərazidə ağaclar əkilməsinə maneə yaratması dəlilinin də təsdiqini tapmadığını nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5428/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar