Məhkəmə qərarları › İş №2-1(103)-887/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-887/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-887/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə. Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(81)-2602/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2602/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmuş ¼ hissəsinə görə 186450 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-779/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2602/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 182/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-779/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2602/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra 18 mart 2022-ci il tarixli məktubla icra olunması üçün Bakı şəhəri Cavabdehnə göndərilmiş, sonuncu tərəfindən məhkəmə qərarı icra olunaraq bu barədə məhkəməni 23 sentyabr 2022-ci il tarixli məktubla məlumatlandırmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə “ödənilməli olan pul məbləğinin indeksasiyası” barədə ərizə ilə müraciət edərək 2019-cu ildə Bakı şəhəri Yasamal rayonu ərazisində aparılmış abadlaşdırma işləri ilə əlaqədar sökülmüş mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə ödənilmiş kompensasiya məbləğinin dəyərdən düşməsi ilə əlaqədar bu məbləğin indeksasiyasının həyata keçirilməsi və əlavə olaraq ona 41951.25 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə dilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra 186450 manat kompensasiya ödənilməsi ilə bağlı məhkəmə qərarı cavabdeh tərəfindən icra edilərək alıcı orqan olan Cavabdeh ilə 07 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış və 02 noyabr 2022-ci il tarixli qəbz ilə kompensasiya məbləği ona ödənilmişdir. Alıcı orqan Cavabdeh onun razılığı olmadan evini sökməsi, bu zaman kompensasiya məbləğinin ödənilməməsi, alıcı orqanın təqsirli davranışı ucbatından üç il müddətində məhkəmə mübahisəsinin davam etməsi və nəhayət ki, 3 ildən sonra məhkəmənin qərarı icra edilərək kompensasiya məbləğinin verilməsi ödənilmiş məbləğin inflyasiyaya uğramasına səbəb olmuşdur. Belə ki, Dövlət Statistika Komitəsinin 02/2-344 saylı 05 oktyabr 2022-ci il tarixli arayışa görə inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2019-cu ildə 102,6; 2021-ci ildə 106,7; 2022-ci ilin yanvar-avqust aylarında isə 113,2 olmuşdur: Kompensasiya məbləğinin qəsdən gecikdirilməsi ona 2019-cu il üzrə 4847.70 manat (186450 × 2,6 faiz : 100 = 4847,7), 2020-ci il üzrə 1242,15 manat (186450 × 6,7 faiz :100 = 12492,15), 2022-ci il üzrə 24611,40 manat (186450 × 13.2 faiz : 100 = 24611,50), ümumilikdə isə 41951,25 manat ziyan dəymişdir. İnflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə Cavabdehnə rəsmi müraciətinə, alğı-satqı müqaviləsi əsasında kompensasiya məbləğinin ödənilməsi və dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlərin nəzərdə tutulmaması bəhanə edilərək zərərin əvəzinin ödənilməsindən imtina edilmişdir. Kompensasiya ödənilmədən və razılığı olmadan evinin sökülməsinə görə ötən üç il müddətində əmlakından lazımi qaydada istifadə edə bilməmiş, yeni ev ala biləmiş, bu müddət ərzində əmlak və istehlak malları bazarında xidmət sahəsində, ümumiyyətlə bütün qiymətlərin artması ona maddi zərər vurulmasına səbəb olmuşdur. Hesab edir ki, alıcı orqan Cavabdeh təqsiri ucbatından ona məxsus əmlak sökülmüş, kompensasiya və maddi yardım vaxtında və tam ödənilməmiş, bu müddət ərzində pulun dəyərinin düşməsi nəticəsində ona maddi zərər dəymişdir. Cavabdeh tərəfindən iddiaçının ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək ərizənin təmin edilməməsi xahiş edilmişdir Etiraza əsasən, 07 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə 186450 (yüz səksən altı min dörd yüz əlli) manat kompensasiyanı İddiaçı ödəmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış yekun məhkəmə aktı ilə Cavabdeh üzərinə qoyulmuş öhdəlik yerinə yetirilmişdir. Ərizəçinin tələbinin əsası kimi ərizədə qeyd edilib ki, alıcı orqanın təqsirli davranışı üzündən üç il müddətində məhkəmə mübahisəsinin davam etməsi ucbatından mübahisə predmeti olan evə görə ödənilmiş kompensasiya məbləği dəyərdən düşmüşdür. Bildirirlər ki, qəbul edilmiş məhkəmə aktından yuxarı instansiya məhkəmələrinə şikayət vermək Cavabdeh mövcud qanunvericiliyə əsasən müdafiə olunmaq hüququdur ki, bu hüquqdan Cavabdeh tərəfindən istifadə olunaraq məhkəmə qərarları yuxarı instansiya məhkəmələrində mübahisələndirilmişdir. Bu səbəbdən,məhkəmə mübahisələrinin uzun müddət davam etməsi üçün Cavabdeh təqsirli bilinə bilməz. Qeyd olunanlarara əsasən, hesab edirik ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2602/2019 saylı qərardadı ilə iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2602/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının icrası ilə bağlı ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsi qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmə qərarının icrası ilə əlaqdar iddiaçıya ödənilməli olan 186450 manat pul kompensasiyası məbləği indeksasiya edilərək 11746,35 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilmiş və ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ərizənin rədd hissəsində ləğv edilməsini və ərizənin tam məbləğdə təmin olunmasını, cavabdeh isə apellyasiya şikayəti verərək qərardadın ərizənin təmin olunmuş hissədə də ləğv olunaraq ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamışdır. Cavabdehin apellyasiya şikayəti iddiaçının ərizəsinə qarşı etiraz ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və cavabdehin nümayəndəsini idinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi, hazırki ərizənin mahiyyəti qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ödənilməli olan pul məbləğinin cavabdeh tərəfindən mübahisə yarandığı dövrdə, yəni 2019-cu ildə ödənilməli olmasına baxmayaraq vaxtında ödənilməməsinə görə indeksasiya edilməsi ilə bağlıdır. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici mübahisənin yarandığı dövrdən deyil, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutduğundan, hazırki ərizə qismən təmin edilərək, mübahisəyə ödənilməli olan pul məbləğinin məhkəmə qərarının icraya yönəldiyi vaxtdan icra olunduğu vaxtadək olan müddət üçün indeksasiya edilməsi həddində qiymət verilməlidir. 17 iyun 1992-ci il tarixdə qəbul olunmuş və 1992-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu-məhz həmin sahəni, yəni, vətəndaşların pul gəlirləri və əmanətləri ilə bağlı ictimai münasibətlərin tənzimlənməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə görə vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Məhkəmə Kollegiyası cavabdehin şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, göründüyü kimi, qanunverici pul gəlirlərinin indeksləşdirilməsini əldə edilmiş statistik məlumatlar əsasında hesablanmasını müəyyən etmişdir. Qanunun qeyd olunan normasının müəyyən etdiyi qaydadan göründüyü kimi, indeksləşdirilmənin əsasını məhz istehlak qiymətlərinin indeksi təşkil edir. İPM-in 1.2-ci maddəsinə istinadən Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyasını həyata keçirə bilər. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı pul məbləğinin indeksasiyası istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla iddiaçının qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Hazırkı iş materialları ilə (məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən əlavə edilmiş məlumatlara əsasən) müəyyən olunur ki, istehlak qiymətləri indeksi məhkəmə qərarının icra olunması barədə cavabdeh tərəfindən məhkəməyə məlumat verildiyi 2022-ci ilin sentyabr ayında məhkəmə qərarının icraya yönəldiyi 2022-ci ilin mart ayına nəsbətən 106.3 faiz təşkil etmiş, yəni, qiymətlərin faizi 6.3 faiz artmışdır. Göründüyü kimi, məhkəmə qərarının icrası zaman inflasiya nəticəsində istehlak qiymətlərinin artması səlahiyyətli qurum tərəfindən verilmiş məlumat nəticəsində təsdiq olunur. Belə olan təqdirdə, iddiaçıya zərər dəyməsi, həmçinin üzləşdiyi zərərin əvəzi olaraq ona ödənilməli olan pul məbləği indeksasiya oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, qərarının vaxtında icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirildiyindən, onun ərizəsi qismən təmin edilməklə ona ödənilmiş olan 186450 manat məbləğində kompensasiya, pul məbləği, istehlak qiymətləri indeksi (106.3 faiz) nəzərə alınmaqla indeksləşdirilərək 11746,35 manat (186450×6.3/100) məbləğində pul məbləği də, əlavə olaraq cavabdeh tərəfindən icra olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 2-1(81)-2602/2019 nömrəli qərardadı dəyişdirilmədən (mübahisələndirilən hissədə) saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar