Məhkəmə qərarları › İş №2-1(103)-887/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-887/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-887/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Viktoriya-F" firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Əmlak Məsələləri Dövlət Xidməti 3-cü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « torpaq sahəsinə çıxarışın verilməsi» ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3958/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 3-52/2-6849/2023 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı sərəncamından görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində İddiaçı firmasına iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün 0,08 ha torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmişdir.

2. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.1999-cu il tarixli 10589 nömrəli inşaat pasportuna əsasən İddiaçı firmasına Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılmışdır.

3. Dövlət Neft Şirkətinin (Socar) İddiaçı firmasına ünvanladığı xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00749 nömrəli məktubundan görünür ki, müraciətdə göstərilmiş UTM WGS 84 koordinat sistemində - X -410360.7685, 410405.2743, 410407.9346, 410363.4288, Y-4476882.0543, 4476875.4035, 4476893.2059, 4476899.8566 kordinatlarda olan 810 kv.m torpaq sahəsinin daxilindən SOCAR-a məxsus qaz boru kəmərləri keçmir.

4. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 02-16-N-29/589 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1019 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində "Viktoriya-F" firmasının iş mərkəzi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin yaxınlığından keçən elektrik verilişi xətti "xxxx" ASC-yə məxsus deyildir.

5. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli **********30 nömrəli məktubunda qeyd edilmişdir ki, “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamı ilə İddiaçı firmasına torpaq sahəsi ayrılan zaman həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yer quruluşu sənədlərinə uyğun yerdə (naturada) sahənin hüdudlarının müəyyən edilməsini təsdiq edən sənəd və torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqlarını təsdiq edən dövlət aktı təqdim edilmiş sənədlər toplusuna əlavə olunmamışdır. Buradan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bır hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Məlumat üçün qeyd edək ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin daxilindən qaz xəttinin keçdiyi aşkar edilmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəmüvafiqdir.”

6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq 26 may 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı sərəncamı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində İddiaçı firmasına iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin cizgi-çertyojunun təsdiq edilməsi barədə sənəd aşkar olunmamışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, xx.xx.2022-ci il tarixli müayinə aktından sonra torpaq sahəsində heç bir dəyişiklik edilməmişdir.

8. xx.xx.2022-ci il tarixli müayinə aktından mübahisəli torpaq sahəsinin 2 tərəfi daş hasar, 2 tərəfi şərti olması, şimal hissəsindən 6 KVt YGEX-i və torpaq sahəsinin daxilindən d=300mm qaz borusu keçir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "Viktoriya-F" firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamı ilə "Viktoriya-F" firmasına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi yazılı formada ərizə ilə müraciət edilmişdir. Ərizədə qeyd edilmişdir ki,“Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 oktyabr 1998-ci il tarixli 1019 saylı Sərəncamı ilə "Viktoriya-F" firmasına Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Mövcud sərəncamda göstərilən bütün şərtlərə tam olaraq əməl edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1999-cu il tarixli onlara ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamına Sabunçu qəsəbəsi E.Mehdiyev (keçmiş Proletar) küçəsində nəzərdə tutulan iş mərkəzinin eskiz layihəsinə baxıb onu razılaşdırır”, həmçinin Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Normalaşdırmaya və tikintilərə nəzarət şöbəsinin xx.xx.1998- ci il rəyində göstərilmişdir ki, "Viktoriya-F" firmasının rəhbərliyinə tikintini başlamazdan əvvəl idarəyə məlumat verilməsi tapşırılmışdır. Habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş “Sənaye müəssisələri, kommunal, hidrotexniki və digər qurğuların tikintisi üçün torpaq sahəsi seçilməsinə və ayrılmasına verilən xx.xx.1998-ci il tarixli rəyə əsasən qeyd olunan torpaq sahəsi sanitar-gigiyenik nöqteyi-nəzərdən iş mərkəzinin tikintisi üçün yararlı hesab edilmişdir. Bundan əlavə, X3 Su Cəmiyyətinin xx.xx.1998-ci il tarixli sənədinə əsasən "Viktoriya-F" firması üçün Sabunçu rayonu Elşən Mehdiyev küçəsində tikiləcək iş mərkəzinin su təchizatının həyata keçirilməsi üçün nəzərdə tutulan bütün şərtlər razılaşdırılmışdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2022-ci il tarixli "Viktoriya-F" firmasına ünvanlanmış məktubunda qeyd edilir ki, “Sizin "Viktoriya- F" firmasına ayrılan 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsinə münasibət bildirilməsi barədə məktuba Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) müvafiq qaydada baxılmışdır. Müəyyən edilmişdir ki, UTMWGS84 koordinat sistemində - X- 410360.7685, 410405.2743, 410407.9346, 410363.4288, Y-4476882.0543, 4476875.4035, 4476893.2059, 4476899.8566 koordinatlarında olan 810 kv.m torpaq sahəsinin daxilində SOCAR-a məxsus qaz-boru kəməri keçmir. Eləcə də, "xxxx"ASCnin xx.xx.2022-ci il tarixli ona ünvanlanmış məktubunda göstərilmişdir ki, “Sizin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətlə əlaqədar yerində baxış keçirilmişdir. Bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin 1019 saylı, 23 oktyabr 1998- ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində "Viktoriya-F" firmasının iş mərkəzi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin yaxınlığından keçən elektrik verilişi xətti "xxxx" ASC-yə məxsus deyil”. "Viktoriya-F" firmasına ayrılmış Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsi və ona daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi barədə ərizə ilə müraciət etsə də cavabdeh onun ərizəsinə biganə yanaşaraq cavablandırmamışdır. Bu hal iddiaçının hüquqlarını pozur, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə ciddi maneələr yaradır. Başqa cür yolla, yəni məhkəmədənkənar qaydada qanunla nəzərdə tutulmuş formada "Viktoriya-F" firmasına ayrılmış torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın alınması qeyri-mümkündür.

11. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisinin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi müəyyən olunmur. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim edilən yerləşmə cizgisindən dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Məlumat üçün qeyd edək ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin daxilindən qaz xəttinin keçdiyi aşkar edilmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3958/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı sərəncamı ilə) 0,08 ha torpaq sahəsi iddiaçıya ayrılmış, həmin Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində yerləşən 0,08 hadan ibarət torpaq sahəsinin cizgisi və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixli 10589 nömrəli inşaat pasportuna tərtib edilmişdir. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasından imtina edilmişdir. Sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3958/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

17. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

d) Proses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki, Torpaq Məcəlləsinin tələblərinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Qanunvericilik normalarına görə fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır.

20. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün əsasdır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 51-ci maddəsinin altıncı hissəsinə və «Torpaq icarəsi haqqında» Qanunun 4-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanın: 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir.

25. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

31. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamı ilə "Viktoriya-F" firmasına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin e-2-1(112)-3958/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

32. İşin faktiki hallarına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı sərəncamından görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində İddiaçı firmasına iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün 0,08 ha torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmişdir.

33. Məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq olunan torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə sərəncam verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olduğundan iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamı ilə "Viktoriya-F" firmasına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi tələbi təmin edilməməlidir.

34. Belə ki, məhkəmə Kollegiyası qeyd edir kİ, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı firmasına iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün 0,08 ha torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmişdir.

35. Yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1019 saylı Sərəncamından müəyyən olunur ki, qeyd olunan sərəncam yalnız inşa olunacaq iş mərkəzinin layihələşdirilməsi və tikintisi məqsədilə firmaya ayrılmışdır.

36. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin ikinci hissəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə verildiyi subyektlərin siyahısı müəyyən olunmuşdur.

37. Məcəllədən göründüyü kimi, dövlət mülkiyyətində olanda torpaq sahələrinin daimi istifadə hüququ ilə kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatlara verilməsi qanunvericiliyə əsasən yolverilməzdir. Bu baxımdan qeyd olunur ki, birinci instansiya Məhkəməsi tərəfindən iddia tələbinin əsasını təşkil edən sərəncamın mahiyyəti və mövcud mübahisə ilə bağlı tətbiq edilməli olan qanunvericilik normaları ətraflı araşdırılmadan iddia təmin olunmuşdur.

38. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.

39. Belə ki, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir.

40. Tətbiq olunan Torpaq Məcəlləsinin tələblərinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün əsasdır. Dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. (51, 55, 66-cı maddələr)

41. Qanunvericilik normalarına görə fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır.

42. Lakin iddiaçı Viktoriya-F" firması Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlamamışdır.

43. Göründüyü kimi, qanunvericiliyə əsasən iddiaçının iddianın predmeti olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması qeyri-mümkündür və hazırkı halda Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış müvafiq müqavilə əsasında iddiaçının torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarının qeydiyyata alınması mümkündür.

44. İddiaçının hazırki tələbi dövlətə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsinə yalnız icarə əsasında verildiyindən və bununla bağlı səlahiyyətlər Xidmətə məxsus olduğundan iddia rədd olunmalıdır.

45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1980/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2-1(102)- 329/2025 saylı, xx.xx.2025-ci il tarixli 2-1(102)-955/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarlarında da məhkəmə oxşar mövqedən çıxış etmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3958/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3958/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar