Məhkəmə qərarları › İş №2-1(103)-888/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-888/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-888/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə qarşı torpağın alğı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11387/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə qarşı ünvan 1 ünvanında yerləşən 33 il ailəsi ilə birgə yaşadığı və 22 il qeydiyyatda olduğu 250 kv.m evinin uzun müddət sahiblik etdiyi və istifadəsində olmuş 15 sot torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1987-ci ildən etibarən mərhum əri ilə birlikdə ünvan 1 ünvanında yaşamış, 1998-ci ildən məhkəmə qətnaməsinə əsasən həmin ünvanda qeydiyyata alınmışlar. Evin yerləşdiyi 15 sot torpaq sahəsini özəlləşdirmək istəyir. Torpağı qanuna uyğun olaraq Bələdiyədən alqı-satqı müqaviləsinə əsasən almaq qərarına gələrək məhkəməyə müraciət də etmiş, lakin iddiası mümkün sayılmamışdır. Torpağı bələdiyyədən hərracla almamalıdır. İddiaçı Mülki Məcəllənin 178.5-civə 178.6-cı maddələrinə müvafiq olaraq torpaqdan 10 və 30 ildən çox etirazsız olaraq istifadə etdiyinə görə torpağa mülkiyyət hüququ tanınmalıdır. Qanunla torpaq özəlləşdirildikdən sonra vergiləri ödəyə bilər. Lakin onlar evə qeydiyyata düşən gündən torpaq vergisi verirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11387/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, iddiaçı məhkəmədən istifadə etdiyi torpaq sahəsinin ona verilməsi barədə müqavilə bağlanması üçün cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, guya alqı-satqı müqaviləsinin bağlamasını istəmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəməyə gəlməkdikləri təqdirdə işə onların iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, Axərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ailəsi ilə birlikdə yaşadığı, ünvan 1 ünvanında tikdiyi evin yerləşdiyi və uzun müddət sahiblik etdiyi və istifadəsində olan 15 sot torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı əvvəllər də bir neçə dəfə eyni məzmunlu iddia ərizələri ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il və 27.07.2021-ci il tarixli qərardadları ilə onun iddia tələbi mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin 26.08.2021-ci il və 21.10.2021-ci il tarixli qərardadları ilə birinci instansiya məhkəməsinin həmin qərardadları dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Konkret halda da məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04.11.2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticədir. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası baxımından, inzibati icraat qaydasında qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar, o cümlədən iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Lakin konkret halda, iddiaçının tələbinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə o halda qərar qəbul edilə bilər ki, həmin torpaq saəhsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəy alınsın. «Bakı şəhərində mühəndis-kommunikasiya təminatlı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 30.12.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alınmışdır ki:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Göründüyü kimi, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları tərəfindən 01.01.2017-ci il tarixindən rəy verilmsəi dayandırıldığı təqdirdə, konkret halda, cavabdeh M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsi, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.5-ci maddəsində nəzərdə tutulan qaydada, iddiaçının tələbi üzrə mübahisəli ünvanda yerləşən 15 sot torpaq sahəsini ona alqı-satqı yolu ilə vermək səlahiyyətinə malik deyil. İddiaçı isə konkret halda, qanunvericiliyin qeyd olunan tətələrinə zidd olaraq, cavabdeh bələdiyyənin qanunvericiliklə müəyyən edilən səlahiyyətlərinə müdaxilə edərək, yaşadığı evin yerləşdiyi torpaq saəhsinin onun qanuni istifadəsində olmasını təsdiq edən torpaqayırma qərarı mövcud olmadan, özbaşına tutduğu 15 sot torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh bələdiyyənin üzərinə qoyulmasını tələb edir. Halbuki, ən azından “Torpaq icarəsi haqqında” Qanun 10-cu maddəsinin tələbindən görünür ki, bələdiyyələr, bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini sərbəst həyata keçirirlər. Göründüyü kimi, torpaq sahəsinin mülkiyyətə verilməsi vəzifəsinin kollegial orqan kimi bələdiyyəyə həvalə edilməsi, onun diskresion səlahiyyətlərinə birbaşa müdaxilədir. Ümumiyyətlə, torpaq üzərinə mülkiyyət hüququnun tanınması və müvafiq alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı məsələlər mülki münasibətlərdən irəli gələn məsələ olmaqla, inzibati məhkəmə icraatının iddia növlərinə uyğun gəlmir. Bütün yuxarıda qeyd olunanlar İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, iddiaçının hazırkı iddia tələbinin əsaslandırılmış iddia kimi qəbul edilməsini mümkünsüz edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin, həmin qərardadla razılaşmayaraq, istifadə etdiyi mübahisəli torpaq sahəsinin ona verilməsi barədə müqavilə bağlanması üçün cavabdehin üzərinə öhdəlik qoyulmasını tələb edən dəlillərini əsasız sayır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-11387/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11387/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Cahangir Yusifov

Hakimlər Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar