Məhkəmə qərarları › İş №2-1(103)-888/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-888/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-888/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9275/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4489/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən 15 saylı evin 179 saylı mənzilinə istifadə hüquqlarının tanınması və İddiaçı ilə həmin mənzilə icarə müqaviləsinin bağlanılması qət edilmişdir. Sözügedən qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2017-ci il tarixli, 2(006)-4489/2017 №-li məktubla icra edilməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 171 saylı xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, vətəndaş İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, uzun müddət yaşadığı Nəsimi rayonu H.B.Əliyev küçəsi 15 №-li evin 1 otaqlı yaşayış sahəsi 16,7 kv.m olan 179 №-li mənzilinə hüquqlarının tanınması və onunla mənzil icarə müqaviləsi bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayonu H.B.Əliyev küçəsi 15 №-li evin 179 №-li mənzilinin keçmiş icarədarı X3muş və o, 1991-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Qətnaməyə əsasən: 1. Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 №-li evin 1 otaqlı yaşayış sahəsi 16,7 kv.m olan 179 №-li mənzilinin icarə müqaviləsi İddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi, 2. 51 saylı MKİS-də vətəndaş İddiaçı adına 1 nəfər ailə tərkibi ilə (özü) şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 597 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən 0619 nömrəli şəxsi maliyyə haqq-hesabı xx.xx.2017-ci ildə açılmışdır. İddiaçı həqiqətən 2-ci mkr., H.B.Əliyev küçəsi, 15 nömrəli 5 mərtəbəli evin 5-ci mərtəbəsində 16,7 kv.m sahəsi olan 1 otaqlı 179 nömrəli mənzilində yaşayır. Daimi qeydiyyatda olanlar: İddiaçı - özü (xx.xx.1951), qeydiyyata alındığı vaxt xx.xx.2018-ci il. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 232 saylı xx.xx.2017-ci il tarixli arayışına əsasən X8 (1948-ci il) həqiqətən 2-ci mkr., H.B.Əliyev küçəsi, 15 nömrəli evin 179 nömrəli mənzilində xx.xx.1986-cı ildən tək qeydiyyatda olub, xx.xx.1991-ci ildən qeydiyyatdan çıxıb. AZE seriyalı 04812329 nömrəli, xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı yuxarıda adı çəkilən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasına istinad edərək həmin mənzilə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması barədə cavabdeh inzbati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********84 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 saylı evin, 179 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, ərizənizə əlavə etdiyiniz qeyd olunan mənzilə dair Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 171 saylı sərəncamı xx.xx.2017-ci il tarixdə verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin, yaşayış sahəsi 16,7 kv.metr olan 1 otaqlı 179 saylı mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(006)-4489/2017 saylı qətnaməsinin icra edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 171 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin, yaşayış sahəsi 16,7 kv.metr olan 1 otaqlı 179 saylı mənzilinin icarə (kirayə) müqaviləsi İddiaçı adına bağlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin 179 saylı mənzilində 1991-ci ildən yaşayır və həmin mənzilə sahiblik həyata keçirir. Göstərilən mənzildə yaşamaqla bütün kommunal xərclərini ödəyir, vaxtlı-vaxtında həmin mənzildə təmir işlərini öz vəsaiti hesabına aparmışdır. Yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinə cavabdeh orqan tərəfindən imtina olunmuşdur. Bununla da mənzilə dair sahiblik və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Qanunvericilik aktlarının müddəalarının işin faktiki hallarına tətbiq edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, dövlət yaşayış fonduna aid 15 saylı evin 179 saylı mənzilinə dair iddiaçı ilə Nəsimi Rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi 2017-ci ildə bağlansa da, mənzil münasibətləri xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Belə ki, o, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Belə olan halda Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin 179 saylı mənzilinə mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdehin imtinası qanuna zidd sayılmalı və onun mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 saylı evin, 179 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçının əlavə etdiyi qeyd olunan mənzilə dair Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 171 saylı sərəncamı xx.xx.2017-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********84 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki sahəsinin ölçüsü 32,6 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9275/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə ancaq Mənzil Məcəlləsinin 146.1,146.4-cii maddələrinə və «Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında» Qanuna istinad etmiş, həmin qanunların maddi normalarını düzgün tətbiq etməməklə maddi hüquq normalarını pozmuşdur. Məhkəmənin istinad etdiyi Mənzil Məcəlləsinin 146.2-ci maddələrinin bu mübahisəyə aidiyyatı yoxdur. Mənzil Məcəlləsinin 146.3-cü maddəsinin tələbinə görə yaşayış sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada və hallarda həyata keçirilə bilər. «Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında» xx.xx.1993-cü il tarixli qanunu tətbiq edərkən həmin qanunun 1-ci, 4-cü, 5-ci maddələrinə əsassız istinad etmişdir. Çünki həmin maddi normada qeyd edilən qanunun necə tətbiq edilməsini təfsirini verir, mübahisəni mahiyyəi üzrə həll etmir. Qanunun hansı sənədlər əsasında özəlləşdirilməsinin əsasını isə Qanunun 8-ci maddəsində göstərilən sənədlər təşkil edir. Məhkəmə Qanunun 8-ci maddəsinə istinad edir və iddiaçı tərəfindən qanunun hansı tələbinin pozulduğunu qeyd etmir. Həmin Qanunun 8-ci maddəsində mənzilin özəlləşdirilməsi üçün məhkəmənin qətnaməsində də qeyd edildiyi kimi mənzildə yaşayan 18 yaşı tamam olmuş, həmçinin həmin mənzildə hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilin kommunal məişət vəziyyəti barədə mənzil-istismar təşkilatının arayışı, mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam tələb edilir, digər sənədlər tələb edilə bilməz. Göründüyü kimi, tərəfindən qanunun tələblərinə tam riayət edilmiş və məhkəmə qətnaməsinə əsasən onunla mənzilə icarə müqaviləsi bağlamaq barədə Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam verilmiş və onun əsasında kirayə müqaviləsi bağlamışdır. Məhkəmə eyni zamanda belə qənaətə gəlmişdir ki, mənzilə dair ona İcra Hakimiyyəti tərəfindən 2017-ci ildə kirayə müqaviləsi bağlanmasına dair sərəncam verildiyinə görə həmin sərəncam Mənzil Fondunun Özəlləşdirilməsi barədə qanuna ziddir və onun mənzili özəlləşdirmək hüququ yaranmışdır. Məhkəmə nəzərə almamışdır ki, Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə onun 1991-ci ildən həmin mənzildə yaşamağı faktı faktiki olaraq müəyyən edilmişdir, əks halda onun mənzilə istifadə hüququ tanınmazdı. Mənzilə istifadə hüququnun məhkəmə qətnaməsi ilə tanınması artıq həmin şəxsin mənzilin sahibi olması deməkdir. Məhkəmə bundan başqa «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə istinad edərək həmin maddədə nəzərdə tutulmuş əsaslardan birinin onun tərəfindən məhkəməyə təqdim edilməməsini əsas gətirərək ona verilmiş imtinanın əsaslı olduğunu qeyd etmiş, lakin qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş hansı əsasın məhkəməyə təqdim edilməməsini göstərməmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili X12 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin, yaşayış sahəsi 16,7 kv.metr olan 1 otaqlı 179 saylı mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, qeyd olunan mənzilə dair Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 171 saylı sərəncamının xx.xx.2017-ci il tarixdə verilməsi” əsası ilə imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin məhkəməyə təqdim edilməməsinə, cavabdehin imtinasının qanuni və əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12.2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İşin hallarından müəyyən olur ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev, 15 saylı, evin 179 saylı mənzili Bakı şəhər X9 İcraiyyə Komitəsinin 071676 saylı xx.xx.1986-cı il tarixli orderinə əsasən X4 istifadəsinə verilmiş, onun adına 0620 nömrəli mənzilin şəxsi hesab vərəqəsi açılmış, xx.xx.1986-cı ildə qeydiyyata düşmüş, xx.xx.1991-ci ildə qeydiyyatdan çıxmışdır. Sözügedən mənzil hazırda Nəsimi rayon MKTB-nin balansındadır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixdə qəbul etdiyi 2(006)-4489/2017 nömrəli qətnaməsi ilə iddiaçının mübahisəli mənzilə istifadə hüquqları tanınmış, iddiaçı ilə mənzil icarə müqaviləsinin bağlanılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 171 nömrəli sərəncamı ilə iddiaçının həmin mənzilə kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi və onun adına şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. Bundan sonra iddiaçı sözügedən ünvana xx.xx.2018-ci il tarixdə yaşayış yeri üzrə pasport qeydiyyatına alınmışdır. Hazırda iddiaçı adı çəkilən mənzilə dair xüsusi mülkiyyət hüququnun qeydiyyatını arzulayır. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 6/706 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 nömrəli evin 179 nömrəli mənzilinə dair Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 171 nömrəli, 23 iyun 2017-ci il tarixli sərəncamının verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 071676 nömrəli orderinə əsasən X7 Bakı şəhəri, H.B.Əliyev küçəsi, 15 nömrəli evin 1 otaqlı, 16,70 kv.m sahəsi olan 179 nömrəli mənzili verilmişdir. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 646 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev, 15 saylı yaşayış binası Nəsimi rayon MKTB-nin balansındadır. Qeyd olunan bina 1964-cü ildə tikilmiş, 12 girişdən, 180 mənzildən ibarətdir. 51 saylı MKİS-də əldə olan sənədlərdən (forma B) göründüyü kimi qeyd olunan evin 179 saylı mənzilinə 30 sentyabr 1986-cı ildə X8 qeydiyyata düşmüş və 10 oktyabr 1991-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Hal-hazırda H.B.Əliyev, 15 saylı evin 179 saylı mənzilində vətəndaş İddiaçı yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 082-25697- 1222 saylıxx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bildirişdə adı qeyd olunan şəxsin qeydiyyata alınması barədə əsas olan sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli Q 36-001-15 nömrəli Qərarına əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün İddiaçı cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “mənzilə yaşayış hüququnun tanınması və icrə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə 2(006)-4489/2017 saylı mülki iş Nəsimi rayon Məhkəməsindən tələb edilmişdir. 2(006)-4489/2017 saylı mülki işin materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, 51 saylı MKİS tərəfindən X4 adına açılmış 0620 nömrəli şəxsi hesab vərəqəsinə əsasən 2-ci mkr., H.B.Əliyev küçəsi, ev 15, 179 nömrəli mənzilin sahəsi 16,7 kv.m, köməkçi sahəsi 28,5 kv.m-dir. Mənzildə X8- özü (1948) xx.xx.1986-cı ildə qeydiyyata alınıb, xx.xx.1991-ci ildə qeydiyyatdan çıxmışdır. Həmin mülki işin materiallarından müəyyən olundu ki, iddiaçı tərəfindən sözügedən mənzilə dair kommunal xidmət haqlarının ödənilməsi və onun həmin ünvanda 2017-ci il tarixdən (məhkəmə qətnamıəsindən) əvvəl yaşamasını təsdiq edən hər hansı sübut mülki işdə mövcud olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən 1991-ci ildən İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 15 saylı evin 179 nömrəli mənzili üzrə kommunal xərclərin ödənilməsini təsdiq edən sənədlər, o cümlədən qeydiyyat jurnalı, kirayə xərclərinin ödənilməsini təsdiq edən qəbzlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar sahəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar sahəsindən məhkəməyə daxil olmuş 196 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2017-ci il, xx.xx.2018-ci illər üçün 11.56 manat, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci illər üzrə 36 manat məbləğində kirayə xərci ödənilmiş, o, həmin mənzildə 1991-ci ildən qeydiyyatsız yaşamışdır. Qeyd edilməlidir ki, 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının hazırki tələbinin təmin olunması üçün sözügedən mənzilin keçmiş sahibi X8 ilə (orderdə adı olan şəxs) ümumi təsərrüfat aparmasını təsdiq edən subutları təqdim etməsi zəruridir. Lakin hazırki işdə tələb olunan sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Yəni, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları – 1991-ci ildən, yəni xx.xx.2009-cu il tarixədək sözügedən mənzildə yaşayıb, orderdə adı olan şəxslə birlikdə təsərrüfat aparmasını, həmin mənzilə dair kommunal xidmətlərin dəyərini və xərcləri ödəməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmayıb, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-400/2023 saylı xx.xx.2023cü il tarixli qərar) Beləliklə, qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9275/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar