Məhkəmə qərarları › İş №2-1(103)-888/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-888/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-888/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10269/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2015-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, xx.xx.2021-ci il tarixdən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması, eyni əsaslarla xx.xx.2023-cü il tarixindən əlavənin hesablanması və ötən dövr üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən üç il əvvələ, yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, xx.xx.2021-ci il tarixindən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavəni hesablanması, eyni əsaslarla xx.xx.2023-cü il tarixindən əlavələrin hesablanması və ötən dövr üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 10 may 2024-cü il tarixli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. İddiaçı xx xxxxxxx 1958-ci ildə Neftçala rayonunda anadan olmuşdur. İddiaçı 26 aprel 1979-30 iyun 1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 13 iyul 1979-cu il tarixində Surqutborukəmərtikinti Trestinin 27 nömrəli ixtisaslaşmış İdarəsində betonçu peşəsinə işə qəbul edilmişdir. 20 noyabr 1982-ci ildə təmirçi-çilingər keçirilmiş, 21 aprel 1985-ci ildə işdən çıxmışdır. 08 iyul 1985-ci ildə Kalinin “Məktəbli” X5 metalplasmas sexinə toxuyucu vəzifəsinə işə qəbul edilmişdir. 14 avqust 1985-ci ildə işdən çıxmışdır. 16 sentyabr 1985-ci ildə Tındanəqliyyattikinti trestində sərnişin vaqonu bələdçisi şagirdi vəzifəsinə işə qəbul edilmişdir. 04 oktyabr 1985-ci ildə sərnişin qatarı bələdçisi keçirilmiş, 18 dekabr 1985-ci ildə işdən çıxmışdır. 19 mart 1986-cı il tarixində Azərbaycan Dəmir Yollarının X6 Vaqon Deposunda refrijerator seksiyası mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 15 oktyabr 1987-ci il tarixində refrijerator qatarı rəisi keçirilmiş, 08 avqust 1988-ci il tarixində refrijerator seksiyası mexaniki keçirilmişdir. 04 sentyabr 1990-cı il tarixində refrijerator seksiyası rəisi keçirilmiş, 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. 19 fevral 2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 19 fevral 2018-ci il tarixində X8 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 25 sentyabr 2018-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. 15 oktyabr 2018-ci ildə Azərbaycan Dəmir Yolları Ekspress MMC-nin X8 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 24 iyul 2019-cu ildə Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə təyin edilmişdir. 16 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çoxu güzəştli olan iş stajı vardır. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi bu qanunun qüvvəyə mindiyi tarixədək, 01 yanvar 2006-cı ilə qədər ən azı 25 il ümumi, bu stajın ən azı 12 il 6 aylıq hissəsini ağır və ya zərərli işlərdə çalışmış ölkə vətəndaşlarının pensiya hüququnu təmin etmək üçün əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsini nəzərdə tutur. 01 yanvar 2006-cı ilə qədər iddiaçı ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən nəzərdə tutulan yaş və staj tələblərinə əsasən iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında pensiya təyin edilməsi üçün tələb olunan 57 yaş, 25 illik ümumi iş stajı və həmin stajın azı 12 il 6 aylıq hissəsi güzəştli iş stajı olduqda, ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Topladığı güzəştli iş stajı, qeyd edilən 2 Saylı Siyahıda XXVİİİ. Nəqliyyat bölməsində 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil edir. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh iddiaçının refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-10269/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmiş və əmək pensiyasının təyin edilməsi öhdəliyi Mərkəzi Filiala həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı cavabdeh orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən verilmiş imtinada vətəndaşın güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 45 il 8 ay 7 gün (xx.xx.2006-cı il tarixədək 27 il 10 ay 7 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 10 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 52536,38 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. iddiaçı Q.X2 təqdim etdiyi "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli arayışında xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X8, "xxxx" MMC X8, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 14 gün (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat məbləğində hesablanmışdır. İddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkəmə əmək kitabçası və işəgötürən tərəfindən təqdim edilən məktuba əsasən iddiaçının işlədiyi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin sənədlərə əsasən iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə 19 il 09 ay 12 gün güzəştli iş stajı mövcud olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktuba əsasən iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddiaçıya ödəniləcək pensiya ona xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməlidir. Məhkəmə qərarına görə İddiaçı 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli nömrəli qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyi) müəyyən etməmişdir. Buna görə də, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur, 57 yaşı xx.xx.2015-ci ildə tamam olmuşdur. İş materiallarında olan Ş №009514 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Sumqayıt Politexnik Texnikimuna daxil olmuş və xx.xx.1977-ci ildə Soyuducular, kompressor maşınları və qurğuları ixtisası üzrə tam kursu bitirmiş və ona “texnik-mexanik” ixtisası verilmişdir. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin Sizə dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X8, "xxxx" MMC X8, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 10 ay 14 gün (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində (X6 Vaqon Deposunda refrijerator seksiyaların mexaniki xx.xx.1986-xx.xx.1987, X6 Vaqon Deposunda refrijerator seksiyaların mexaniki xx.xx.1988-xx.xx.1990, X6 Vaqon Deposunda refrijerator seksiyaların rəhbər mexaniki xx.xx.1991-xx.xx.2018, X8 refrijerator seksiyaların rəhbər mexaniki xx.xx.2018-xx.xx.2018, Azərbaycan Dəmir Yolları Ekspress MMC-nin X8 refrijerator seksiyasının rəhbər mexaniki xx.xx.2018-xx.xx.2019, Azərbaycan Dəmir Yolları Ekspress MMC-nin X8 refrijerator seksiyaların rəhbər mexaniki xx.xx.2019xx.xx.2023) işləmişdir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının təqdim etdiyi "xxxx" QSCnin xx.xx.2024-cü il tarixli arayışında xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X8. "xxxx" MMC X8 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 14 gün) təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında qeydlərdə hər hansı müdaxilə və qeyri-müəyyənlik yoxdur. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçası və digər sənədlərdən görünür ki, təhsil və hərbi xidmət dövrü daxil olmaqla iddiaçının ümumi iş stajı xx.xx.2006-cı ilədək 25 ildən artıqdır (xx.xx.1974-xx.xx.1977 (təhsil), xx.xx.1977-xx.xx.1979, xx.xx.1979-xx.xx.1981, xx.xx.1981-xx.xx.1985, xx.xx.1985-xx.xx.1985, xx.xx.1985-xx.xx.1985, xx.xx.1986xx.xx.2006 - cəmi 30 il 03 ay 29 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" QSC-də xx.xx.1986-xx.xx.1987, xx.xx.1988-xx.xx.1990, xx.xx.1991-xx.xx.2018-ci il tarixləri arasında olan dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki vəzifəslərində işləmişdir (xx.xx.2006-cı ilədək cəmi 18 il 07 ay 26 gün). Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXVİİİ. Nəqliyyat, 23001000- 23598 – refrijerator qatarların (seksiyaların) mexanikləri. Həmin sahə və peşənin qeyd olunan siyahıya uyğunluğu işəgötürənin arayışı ilə də təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 18 il 07 ay 26 gün). Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından (xx.xx.2015-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubundan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Bu səbəbdən iddiaçıya pensiya ödənişi xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10269/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar