Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-889/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7596/2021 saylı, 13.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC-nin çoxmərtəbəli yaşayış binasının 105.206.9 kv.m sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə keçirilməsi barədə 01.11.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışın (yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinə həmin binada mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr, o cümlədən mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrin, sanitar-texniki və digər avadanlıq olan hissənin mülkiyyətə keçirilməsi hissəsində) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 27 aprel 2012-ci ildə onunla "xxxx" MMC arasında ünvan 1 ünvanda yerləşən yaşayış binasında El bloku, 14-cü mərtəbə, ümumi sahəsi 152,14 kv.m. olan 31 №li ünvanındakı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Bağlanılmış alqı-satqı müqaviləsinə əsasən, müqavilənin predmeti olan mənzil dəyəri 168.000 manat, ümumi satış sahəsi isə 152,4 kv.m. olmaqla 3 otaqdan ibarətdir. "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən yaşayış binasında El bloku, 14-cü mərtəbə, ümumi sahəsi 152,14 kv.m. olan 31 №li mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş, 20 sentyabr 2016-cı il tarixdə 626 saylı maliyyə arayışı verilmişdir. 15 dekabr 2016-cı il tarixdən isə O, həmin mənzilə köçüb yaşamağa başlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 01.11.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışla "xxxx" MMC çox mərtəbəli yaşayış binasının 105.206,9 kv.m sahəsini öz mülkiyyətinə keçirmişdir. İddiaçı ilə "xxxx" MMC arasında 12 mart 2019-cu il tarixdə bağlanılmış ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndində qeyd olunmuşdur ki, satıcı "xxxx" MMC, tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev küçəsi, 129, 133 ünvanında yerləşən "A3" tikilisi, 14-cü mərtəbə, ümumi sahəsi 148,6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzili alıcı İddiaçı mülkiyyətinə verir. Qalan hissə mülkiyyətçinin öz mülkiyyətində qalır. "xxxx" MMC tərəfindən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan, binada 1-dən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən, mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitartexniki və digər avadanlıq olan qaraj adlandırılan hissə də özəlləşdirilmiş və mülkiyyətinə keçirilmişdir. Hazırda məlum olmuşdur ki, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin mühəndis qurğuları olan zirzəmi hissəsində qaraj kimi istifadə olunan ərazi satışa çıxarılmışdır və bu haqda elanlar da yerləşdirilmişdir. Məhkəmənin 18.08.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7596/2021 saylı, 13.10.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7596/2021 saylı, 13.10.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çoxmənzilli bina "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, MMC həmin binanın tərkib hissələrini özgəninkiləşdirdikcə, həmin hissəyə mütənasib olan binanın ümumi əmlakına ümumi mülkiyyətdəki payını da özgəninkiləşdirmiş olur. Bu hal iddiaçıya da aiddir. Belə ki, O, çoxmənzilli binanın "xxxx" MMC-nin mülkiyyətində olan bir hissəsini satın almaqla MMC-nin satdığı tərkib hissəyə mütənasib ümumi əmlaka ümumi mülkiyyət hüququndakı payı da əldə etmişdir. "xxxx" MMC mühəndis qurğuları olan zirzəmiləri, binanın yerləşdiyi torpaq sahəsini öz mülkiyyətinə daxil etməklə sahə mülkiyyətçilərinin hüquqlarını pozmuşdur. "xxxx" MMC mühəndis qurğuları olan zirzəmiləri, birdən çox mənzilə xidmət edən ümumi otaqları qaraj kimi istifadə etməklə özəlləşdirmiş və hal hazırda həmin sahələri kənar şəxslərə satışını davam etdirir. Dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıqlar həmin qaraj adlanan sahədə yerləşir. "xxxx" MMC ilə müqavilə bağlayıb mənzil aldığımız vaxt təqdim edilmiş reklam xarakterli bukletlərdə binanın ikimərtəbəli qarajı, mərkəzləşdirilmiş istilik sistemi, xarici istehsallı liftlər və s. həvəsləndirici işlərin görülməsi kimi məlumatlar verilmişdir. Həmin vaxt hesab edilmişdir ki, qarajlar da sakinlərin qanunvericiliyin tələblərinə uyğun olmaqla onların ümumi mülkiyyətinə və istifadəsinə veriləcəkdir. Ümumiyyətlə, iddia tələbəmiz özəlləşdirilmiş ümumi mülkiyyətdən pay almaq yox, yalnız yuxarıda qeyd olunan ərazilərin qanunsuz özəlləşdirilməsindən ibarətdir. Hesab edirik ki, həmin ərazilər sakinlərin ümumi istifadəsində qalmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7596/2021 saylı, 13.10.2021-ci il tarixli qərardadının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7596/2021 saylı, 13.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə əsasən müəyyən olunur ki, iddiaçı hazırda cavabdeh tərəfindən üçüncü şəxsə verilmiş çıxarışı mübahisələndirir, hansı ki, bununla əsas məqsədi çoxmənzilli binanın ümumi mülkiyyətində olan hissələrinə üçüncü şəxsin sərəncam vermək hüququnun məhdudlaşdırılmasından ibarətdir. İddiaçı bu zaman yaşayış binasında mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələrin, o cümlədən mühəndis qurğuları olan zirzəmilərin, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtüklərinin, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissənin yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinin ümumi mülkiyyətində olmasına, lakin üçüncü şəxsə verilmiş çıxarışla həmin sahələrin üçüncü şəxsin mülkiyyətinə verilməsinə istinad edir. İş materiallarına əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 1,25247 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olmuş, Bakı şəhər İcra Hakimiyyətinin 13.05.2009-cu il tarixli 169 saylı sərəncamı ilə "xxxx" MMC-yə həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icazə verilmiş, üçüncü şəxs tərəfindən həmin ünvanda 11.03.2008 - 06.06.2013-cü illərdə 5 ədəd 7 girişli 20 mərtəbəli bina inşa edilmiş, 04.04.2018-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin tikinti obyektinin istismarına icazə verilmişdir. Bundan sonra “Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202 və Şəfaət Mehdiyev 129, 133 ünvanında yerləşən həmin çoxmərtəbəli yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüququ 02.10.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 01.11.2018-ci ildə isə baş vermiş dəyişikliklər əsasında yenidən qeydiyyat aparılaraq RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 12.03.2019-cu ildə AN-İ №0732130 nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev 129, 133 ünvanında yerləşən A3 tikilisi, 14-cü mərtəbə, ümumi sahəsi 148.6 kv.metr olan 3 otaqlı 31 nömrəli mənzili alıcı X1, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ 11.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iddiaçıya izah etmişdir ki, onun müvafiq tələblə məhkəməyə müraciət etməyə hüquqi marağı və ya müvafiq hüquqi müdafiəyə ehtiyacı o vaxt yarana bilər ki, üçüncü şəxs Mənzil Məcəlləsinin 36.4-cü maddəsində göstərilən hərəkətləri etsin və ya iddiaçıya binanın ümumi mülkiyyətində olan əmlakdan istifadəsinə maneələr yaratsın. Bu zaman isə iddiaçı hazırkı iddia tələbi ilə deyil, yaranmış mübahisəyə uyğun düzgün hüquqi müdafiə vasitəsini müəyyən etməklə onunla üçüncü şəxs arasında yaranmış mübahisənin həlli məqsədilə aidiyyəti mülki məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab etmişdir ki, hazırkı halda qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağı müəyyən edilmədiyindən iddia mümkün sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən çoxmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahənin yeni mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: 36.4.1. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 36.4.2. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Qeyd olunan normaların məzmununa əsasən müəyyən olunur ki, çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir və çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Göründüyü kimi, iş materiallarına əsasən iddiaçının yaranmış vəziyyətdə qaldırılmış iddiaya münasibətdə hüquqi marağı müəyyən edilmədiyindən iddia mümkün sayıla bilməz. Ona görə də, məhkəmə haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7596/2021 saylı, 13.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-889/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-889/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver