Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-889/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında "xxxx" MMC (VÖEN **********) barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7446/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “İnternet Vergi İdarəsi portalında elektron qaimə- faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı, həmçinin ƏDV sub- uçot hesablarından vəsait köçürülən zaman "xxxx" MMC barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürülən zaman elektron altsistemdə "xxxx" MMC (VÖEN **********) barəsində "bu vergi ödəyicisi əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir!” yazısı əks olunur. Qeyd olunan xüsusatla bağlı müvafiq dəqiqləşdirmələrin aparılması məqsədilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubla iddiaçı tərəfindən müraciət olunmuş, sonuncu müraciətə cavab olaraq göndərilmiş xx.xx.2021 -ci il tarixli **********137500 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV subuçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur”. Bu məktubdan sonra elə təəssürat oyanmışdır ki, iddiaçı müəssisə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd olunan məsələnin aydınlaşdırılması üçün "xxxx" MMC-nin (VÖEN **********) riskli vergi ödəyisici siyahısına daxil ediliib-edilməməsi barədə məlumatın təqdim edilməsi, eləcə də "xxxx" MMC riskli vergi ödəyisici siyahısına daxil edilmişdirsə müvafiq qərarın təqdim edilməsi, belə bir qərar olmadığı təqdirdə isə başqa vergi ödəyicisi ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) elektron altsistemdə "xxxx" MMC barəsində yazılan “bu vergi ödəyicisi əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir!” məzmunlu xəbərdarlıq mesajının silinməsi barədə xx.xx.2022ci il tarixli məktubla Dövlət Vergi Xidmətinə və eləcə də Lokal gəlirlər Baş İdarəsinə müraciət olunmuşdur. Müraciətə cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli **********650100 nömrəli məktubda qanunvericiliyin normaları ümumi qaydada sadalanmaqla iddiaçının müraciətində qeyd olunan suallara heç bir cavab verilməmiş, eləcə də elektron altsistemdə (elektron qaiməfaktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) "xxxx" MMC barəsində yazılan “bu vergi ödəyicisi əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir!” yazısının silinməsi ilə bağlı iddiaçının xahişi icra edilməmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında "xxxx" MMC (VÖEN **********) barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” şəklində dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının fəaliyyəti “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə cavabdeh tərəfindən araşdırılmış, aparılan təhlillər nəticəsində müəssisənin riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuş və xx.xx.2020-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarix aralığında müəssisənin ƏDV sub-uçot hesabından fiziki şəxs X3 (VÖEN: **********) ƏDV sub-uçot hesabına 10,8 min manat, "xxxx" MMC-yə (VÖEN: **********) 55,9 min manat, "xxxx" MMC-yə (VÖEN: **********) isə 28,9 min manat olmaqla, cəmi 95,6 min manat vəsait köçürülmüş, vergi ödəyicisinin əldə etdiyi elektron qaimə-fakturalarda “kabelin xəndəkdə və boruda quraşdırılması, aqlay, qum, çınqıl” və sairə qeyd olunmuşdur. Fiziki şəxs X5, "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Müəssisənin təqdim etdiyi elektron qaimə-fakturalarda “yerinə yetirilmiş işlər” qeyd olunmuşdur. Həmçinin vergi ödəyicisinin idxalı müəyyən edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində "xxxx" MMC (VÖEN: **********) tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında əməliyyatlar aparılmışdır. Odur ki, istintaq zərurəti ilə əlaqədar olaraq, qeyd edilən əməliyyatlara dair müvafiq sənədlərin (o cümlədən müqavilələrin) surətləri ilə birlikdə şahid qismində dindirilməsi üçün həmin əməliyyatda iştirak edən əməkdaşın, müqaviləni imzalayan şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinə dəvət edilmişdir. Həmçinin, vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə- faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajı avtomatik qaydada əks olunur. 1 yanvar 2020-ci il tarixdən etibarən Vergi Məcəlləsinə “riskli vergi ödəyicisi" anlayışı daxil edilib. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar sayılır. Vergi Məcəllənin 13.2.82-ci bəndinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri müvafiq risk meyarları əsasında təhlil edilir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7446/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında "xxxx" MMC (VÖEN **********) barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsi qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7446/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “cavabdeh tərəfindən İnternet vergi portalında elektron qaimə faktura sistemi vasitəsi ilə aparılan əməliyyatlar zamanı, həmçinin ƏDV sub uçot hesablarından vəsait köçürülməsi zamanı iddiaçı barədə “bu vergi ödəyicisi əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir “ qeyd etsədə belə yazısının əsası ola bilən müvafiq qərarın mövcud olmasını sübut etməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların” Meyarlarının: - 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1-ci bəndinə əsasən aşağıda qeyd olunan meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1.bu Meyarların 3- cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5 vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6.bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin: - 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. - 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1-ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1-ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1 -ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Hazırkı iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında barəsində əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatları aparan şəxs ehtimal olunur” yazısının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan aparılan təhlillər nəticəsində iddiaçının riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunduğu və bu səbəbdən xx.xx.2020-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edildiyini qeyd etsə də, belə yazısının əsası ola bilən müvafiq qərarın mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7446/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7446/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-889/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-889/2023
01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver