Məhkəmə qərarları › İş №2-1(103)-89/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-89/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-89/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3234/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 15.05.2019-cu il tarixli səyyar vergi yoxlaması aktını ləğv etməklə, obyektiv, hərtərəfli yoxlamanı təmin etmək öhdəliyinin cavabdehə həvalə edilməsini, həmçinin bu məsələ ilə bağlı təhqiqat-istintaq tədbirlərinin görülməsinin məhkəmə çəkişməsi qurtarana kimi dayandırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci il tarixində Bakı şəhər İH-nin göstərişi əsasında Bakıxanov qəsəbəsində küçə ticarətinin yığışdırılması və küçə ticarəti ilə məşğul olanların İddiaçı firmasının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi-1 ünvanda yerləşən ərazisinə yerləşdirilməsi səbəbindən, uzun müddət həmin ərazidən yararlana bilməmişlər. Həmin ərazidə “qaçqınlar bazarı” yaradılmış və ağır maddi şəraitdə olan məcburi köçkünlərə və qaçqınlara Dövlətimiz tərəfindən daima yardım olunmuş, həmçinin tərəflərindən imkanları daxilində qaçqınlara yardımçı olmuşlar və hazırda da olurlar. Yardım isə ondan ibarətdir ki, icarə predmeti olan qeyri-yaşayış sahələri real bazar qiymətindən aşağı qiymətə icarəyə verilir. Məlum ünvanda yerləşən qeyri-yaşayış sahələrinin obyektləri uzun müddət icarə predmeti olmamış və firma üçün maliyyə itkilərinə yol açdığına görə, həmçinin boş qalmasın deyə məcburiyyət qarşısında, eyni zamanda iki tərəfli razılıq əsasında məlum obyektlər ucuz qiymətə icarəyə verilmişdir. Fəaliyyəti dövründə nümunəvi vergi ödəyicisi olmuşlar, hesabatların təqdim edilməsində və dövlət büdcəsinə yaranan vergi borclarının ödənilməsində heç vaxt gecikdirmələrə yol verilməmişdir. Tərəflərindən ərazidə fəaliyyət göstərən icarəçilərə vergi qanunvericiliyinə əməl edilməsi, vergilərin vaxtında büdcəyə ödənilməsi sahəsində lazımi köməklik göstərilir və onlara hesabatların təqdim edilməsində yardımçı olur. Real şəraiti və obyektin vəziyyətini nəzərə alaraq icarə obyektlərinin bazar qiymətindən aşağı qiymətə icarəyə verilməsinin mümkün olub-olmamasına aydınlıq gətirmək üçün tərəflərindən hələ 2015-ci ildə 20.11.2015-ci il tarixli **********999400 nömrəli məktubla, cavabdeh şəxsin hüquqi varisi olmuş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə müraciət etdilər. Müraciəti cavab olaraq **********895900 nömrəli 08.12.2015-ci il tarixli məktubla bildirdilər ki, “müraciətdə qeyd olunanlar yoxlama predmetinə aid olduğu üçün aparılan səyyar vergi yoxlaması zamanı cavablandırılacaqdır”. Həmin dövrdə firmalarında keçirilmiş yoxlamanın nəticəsinə dair tərtib olunmuş 15.07.2016-cı il tarixli **********978333 nömrəli aktda icarə qiymətlərinin düzgün müəyyən olunub-olunmamasına dair heç bir irad tutulmamışdır. Həmçinin məlum ünvanın yaxınlığında yol kənarı çox saylı obyektlərin inşa edilməsi də onların firmasına mənfi təsir göstərmişdir. Belə ki, mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin bir neçəsi yol kənarında yerləşir, əsas hissəsi isə ümumi istifadədə olan yoldan (insanların intensiv gediş-gəlişindən uzaq) içəri istiqamətdə yerləşdiyindən, icarə üçün nəzərdə tutulan obyektlərinə təlabət azalmış və uzun müddət istifadəsiz qalmışdır. 28.12.2018-ci il tarixli **********150447 nömrəli səyyar vergi yoxlamasının nəticəsinə dair akt qəbul olunandan sonra müəyyən olunmuşdur ki, 66378 manat məbləğində əlavə vergi ödəməlidirlər. Ona görə də onlar bunu düzgün hesab etməyərək cavabdehə müraciət etmiş və yenidən düzgün hesablanmasını xahiş etmişdir. Bundan sonra yeni müfəttiş təyin olunmuş, səyyar vergi yoxlaması keçirilmiş və nəticəsinə dair 15.05.2019-cu il tarixli **********50447 nörməli akt tərtib olunmuş və yeni məbləğ 49312 manat civarında müəyyənləşmişdir. Hazırda dəfələrlə rəsmi qaydada elektron və yazılı şəkildə cavabdehə müraciət etsələr də bütün müraciətləri cavabsız və nəticəsiz qalmaqdadır və bu səbəbdən, həmçinin İPM-nin prinsiplərinə uyğun olaraq, aidiyyəti üzrə 2 saylı Bakı İİM-nə müraciət etmək məcburiyyətində qalmışdır. AR Vergi Məcəlləsinin 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: AR İPM-nin 7.1-ci maddəsinə əsasən, Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28.06.2019-cu il tarixli **********185942 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, vergi orqanı tərəfindən hüquqi şəxs İddiaçı firmasında (VÖEN: **********) 23.04.2018-ci il tarixli **********148213 nömrəli qərara əsasən 01.10.2016- cı il tarixdən 28.02.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri 14.05.2019-cu il tarixli **********150447 nömrəli aktla rəsmiləşdirilmişdir. Akt tanış olması və bir nüsxəsini qəbul etməsi üçün vergi ödəyicisinin rəhbəri X2 təqdim edilmişdir. Yaqub Hüseynov tərəfindən akt imzalanmaqdan imtina olunmuş, lakin bir nüsxəsinin qəbul edilməsi barədə 14.05.2019-cu il tarixdə qeyd apararaq imzalamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Vergi Məcəlləsinin 14-cü və 44-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətlərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə vergi orqanının 18.05.2018-ci il tarixli **********151051 “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı çıxarılmış, yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Vergi orqanının 18.05.2018-ci il tarixli **********151051 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində 18.05.2018-ci il tarixdə vergi ödəyicisinin iştirakı ilə ekspertiza keçirilmişdir. Ekspertizanın keçirilməsi 18.05.2018-ci il tarixli “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə” Protokolla rəsmiləşdirilmiş, vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsi qəbul olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən 27.06.2018ci il tarixli eskpert rəyi vergi orqanına təqdim edildikdən sonra rəy tanış olması və bir nüsxəsini qəbul etməsi üçün vergi ödəyicisinin rəhbəri X2 təqdim edilmişdir. Yaqub Hüseynov 27.06.2019-cu il tarixdə ekspert rəyi ilə tanış olmuş və bir nüsxəsini qəbul etməsi barədə qeyd apararaq rəyi imzalamışdır. Yoxlamanın nəticəsi olaraq tərtib olunmuş 14.05.2019-cu il tarixli **********150447 saylı “Səyyar vergi yoxlaması” Aktı ilə vergi ödəyicisinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 16834,95 manat verginin azaldılmasına görə 8417,0 manat maliyyə sanksiyası, mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli məbləğinə nisbətən 16040,29 manat verginin azaldılmasına görə 8020,14 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Yoxlama ilə ümumilikdə 32875,29 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 16437,66 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən 28.06.2019-cu il tarixli **********185942 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 32875,29 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 16437,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən səyyar vergi yoxlaması aktına münasibətdə bildirmək istəyirik ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Əlavə olaraq qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İstinad edilən qərarda inzibati aktın hüquqi nəticələr yaratması ilə bağlı qeyd edilmişdir ki, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Buna uyğun olaraq qeyd edək ki, Vergi Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanı tərəfindən qərar qəbul edildiyi təqdirdə vergi ödəyicisinin vergilərin ödənilməsi barədə öhdəliyi mövcud olur ki, məhz bu cür qərarın hüquqi nəticələr yaratdığı müəyyən edilir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsinin tələblərinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd ounanlara əsasən İddiaçı firmasının iddia tələbinə dair işə inzibati icraat qaydasında baxılmasının mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2- 1(82)3234/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 28.06.2019-cu il tarixli **********185942 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2- 1(103)-415/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-22092020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2-1(103)-415/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vergi orqanının təqdim etdiyi iddia ərizəsinə etirazında göstərdiyi dəlillərə hər hansı münasibət bildirmədən iddianın təmin edilməsinin əsası kimi səyyar vergi yoxlamasının 01.10.2016-cı ildə başlanıldığını, 28.02.2018-ci il tarixdə başa çatdığını, yoxlamanın 1 ildən artıq müddətdə davam etdiyini, yoxlamanın uzadılmasının əsaslandırılmadığını göstərmişdir. Eyni zamanda yoxlama zamanı rəy vermiş ekspertin xüsusi bilik və təcrübəsin müvafiq sənədlərlə təsdiq edilməmiş, bu səbəbdən həmin rəy sübutetmə vasitəsi kimi istifadə edilməməlidir. İlk öncə qeyd edilməlidir ki, vergi orqanının 23.04.2018-ci il tarixli **********148213 nömrəli qərarına əsasən təyin edilmiş növbəti səyyar vergi yoxlaması 08.05.2019-cu il tarixdə başlanılmış, 14.05.2019-cu il tarixdə başa çatmışdır. Lakin məhkəmə isə qərarında səyyar vergi yoxlamasının 01.16.2016-cı ildə başlanıldığını 28.02.2018-ci il tarixdə başa çatdığını qeyd etmişdir. Yoxlama zamanı rəy vermiş ekspertin xüsusi bilik və təcrübəsinin müvafiq sənədlərlə təsdiq edilməməsi barədə məhkəmənin əsassız fikri ilə əlaqədar isə bildirmişdir ki, nə səyyar vergi yoxlaması zamanı, nə də iddia ərizəsində, nə də məhkəmə iclasları zamanı qeyd edilən hal mübahisələndirilməmiş, ekspertin xüsusi bilik və təcrübəsi barədə hər hansı sual olmamış, ümumiyyətlə vergi orqanından bu barədə hər hansı sənəd tələb edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sırf bazar qiymətinə icarəyə verilməməsi problem yaradır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, 2003-cü ildən fəaliyyət göstərirlər, həmin obyektləri qaçqınlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə icarəyə verirlər. Paltar satışı mağazasını 2400 manata icarəyə versələr, heç kim oranı icarəyə götürməz. Həmçinin obyektlərin boş qalması da onlara sərf etmir. Real bazar qiymətindən az da olsa aşağı qiymətə icarəyə verirlər. Həmin küçədə bu cür qeyri-yaşayış sahələri çox olduğu üçün rəqabət yaranır. 3-cü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. **********150447 saylı, 15.05.2019-cu il tarixli səyyar vergi yoxlması aktından görünür ki, İddiaçı firmasında 2016-cı il-2017-ci il üzrə əmlak vergisi, 2016-cı il-2017-ci il mənfəət vergisi, 2017-ci il torpaq vergisi, oktyabr 2016-fevral 2018-ci il aksiz vergisi, oktyabr 2016fevral 2018-ci il mədən vergisi, 4-cü rüb 2016-4-cü rüb 2017-ci il sadələdirilmiş vergi, 2016-cı il-2017-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, oktyabr 2016fevral 2018-ci il əlavə dəyər vergisi üzrə səyyar vergisi üzrə yoxlama keçirilmişdir. Yoxlama 08.05.2018-ci ildən başlamış 15.05.2019-cu il tarixdə başa çatdırılmışdır. **********150447 saylı, 28.12.2018-ci il tarixli səyyar vergi yoxlması aktından görünür ki, İddiaçı firmasında 2016-cı il 2017-ci il muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi, 2016-ci il-2017-ci il üzrə əmlak vergisi, 2016-cı il-2017-ci il mənfəət vergisi, 2017-ci il torpaq vergisi, oktyabr 2016-fevral 2018-ci il əlavə dəyər vergisi, oktyabr 2016-fevral 2018ci il aksiz vergisi, oktyabr 2016-fevral 2018-ci il mədən vergisi, 4-cü rüb 2016-4-cü rüb 2017-ci il sadələdirilmiş vergi, 4-cü rüb 2016-4-cü rüb 2017-ci il ödəmə mənbəyində tutulan vergi üzrə səyyar vergisi üzrə yoxlama keçirilmişdir. Yoxlama 08.05.2018-ci ildən başlamış 25.12.2018-ci il tarixdə başa çatdırılmışdır. **********978333 saylı, 15.07.2016-cı il tarixli səyyar vergi yoxlması aktından görünür ki, İddiaçı firmasında 2014-cü il əmlak vergisi, 2015-ci il torpaq vergisi, 2014-cü il yol vergisi, noyabr 2014-sentyabr 2015-ci il mədən verigisi, 4-cü rüb 2014-3-cü rüb 2015-ci il ödəmə mənbəyində tutulan vergi, 2014-cü il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2014-cü il mənfəət vergisi, oktyabr 2014-avqust 2015-ci il əlavə dəyər vergisi və noyabr 2014-sentyabr 2015-ci il aksiz vergisi üzrə səyyar vergisi üzrə yoxlama keçirilmişdir. Yoxlama 04.11.2015-ci ildən başlamış 12.07.2016-cı il tarixdə başa çatdırılmışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. İşin müəyyən olunan hallarına görə səyyar vergi yoxlaması 01.10.2016-cı il tarixdə başlanılmış 28.02.2018-ci il tarixdə mübahisələndirilən qərar qəbul olunmuşdur. Göründüyü kimi yoxlamanın başlaması ilə yekunlaşması arasında olan müddət bir ildən artıq olmuşdur. Qanunvericiliyin ifadə tərzinə və mənasına görə səyyar vergi yoxlaması yalnız iş günlərində və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməli olsa da, ümumilikdə 30 təqvim günü, müstəsna hallarda isə 90 təqvim günündən artıq davam etməməlidir. Cavabdeh vergi orqanı tərəfindən yoxlama müddətlərinin uzadılması ilə bağlı müstəsna halın nədən ibarət olması tutarlı sübutlarla əsaslandırılmamışdır. İş materiallarındanda görünür ki, İddiaçı firması tərəfindən hələ 2015-ci il tarixdə icarə obyektlərinin bazar qiymətindən aşağı qiymətə icarəyə verilməsinin mümkün olubolmamasına aydınlıq gətirmək üçün vergi orqanına müraciət etmiş və vergi orqanı tərəfindən icarə qiyməti ilə bağlı heç bir irad tutulmamışdır. Daha sonra iddiaçı tərəfindən icarə üçün nəzərdə tutulan obyektlərə tələbatın azalmasına və uzun müddət istifadəsiz dayanması barədə məlumat verməsinə baxmayaraq cavabdeh inzibati orqan tərəfindən yoxlama keçirilmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin iddiaçıya əlavə vergi borcunun hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin 18.05.2018-ci il tarixli **********151051 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində 18.05.2018-ci il tarixdə ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən 27.06.2018-ci il tarixli eskpert rəyi vergi orqanına təqdim edilmişdir. Ekspertin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən ekspert rəyi sübut kimi istifadə oluna bilməz. Cavabdehin ekspert qismində cəlb etdiyi şəxsin xüsusi biliyi və peşə ixtisası müvafiq sənədlə təsdiq edilməməklə yanaşı, həmin mütəxəssisin iş üzrə verdiyi rəyində əksini tapmış qiymətlərin hansı müyarlala hesablanması və real orta bazar qiymətini əks etdirməsi də iş üzrə müəyyən edilmir. Odur ki, qeyd olunan rəydən vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsində sübutetmə vasitəsi kimi istifadə edilməsini də məhkəmə əsaslı saymır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı əldə etdiyi qiymətləndirmə rəyinə istinad edərək həmin rəydə qeyd edilmiş illər üzrə qeyri-yaşayış obyektlərinin icarə haqqı qiymətləri ilə cavabdeh orqan tərəfindən əsas götürülmüş ekspert rəyində əks olunmuş icarə haqqı qiymətləri arasında kəskin fərqlərin olduğunun müəyyən edildiyini qeyd etsə də, həmin fərqlərin nədən ibarət olduğunu, hansı səbəbdən (və ya səbəblərdən) məhz həmin rəydəki məlumatların mötəbərliyinə üstünlük verdiyini qərarında göstərməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Bundan başqa, cavabdeh apellyasiya şikayətində mənfəət vergisi və əlavə dəyər vergisi üzrə vergilərin hesablanmasına dair dəlillərini göstərsə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmamış, onlara hər hansı münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında iş üzrə sübutetmə yükünün cavabdeh inzibati orqana aid olduğuna əsaslanırsa, onun təqdim etdiyi sübutları da tədqiq etməli, onları işdə olan digər sübutlarla birlikdə qiymətləndirməlidir. Hazırkı işdə bu, baş verməmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Yeni apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2021-ci il qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “X3” MMC tərəfindən məhkəməyə daxil olmuş 08 sentyabr 2021-ci il tarixli 101/LBC nömrəli qiymətləndirmə rəyində bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin 01.10.2016-cı il tarixdən 28.02.2018-ci il tarixədək olan dövr ərzində bazar qiymətlərinə uyğun olaraq icarə haqları 2016-cı ildə (oktyabr, noyabr, dekabr) bir ay üçün 8400 (səkkiz min dörd yüz) AZN, 2017-ci ildə bir ay üçün 8600 (səkkiz min altı yüz) AZN, 2018-ci ildə (yanvar, fevral, mart) bir ay üçün 9200 (doqquz min iki yüz) AZN təşkil edir. 01.10.2016-cı il tarixdən 28.02.2018-ci il tarixədək olan dövr üzrə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin əksəriyyətinin icarə haqları yaxınlıqda yerləşən eyni vəziyyətdə (ölçüləri və təmiri eyni) olan qeyri-yaşayış sahələrinin icarə haqlarından nəzərə çarpacaq qədər fərqlənir. Buna səbəb qiymətləndirilən qeyri-yaşayış sahələrinin əksəriyyətinin texniki xüsusiyyəti, ticarət əlverişliyi cəhətdən küçə boyu eyni vəziyyətdə olan qeyri-yaşayış sahələrindən əhəmiyyətli dərəcədə fərqlənməsidir ki, bu da nəticədə qiymətləndirilən qeyri-yaşayış sahələrinin icarə haqlarının aşağı olmasına gətirib çıxarır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən təqdim edilmiş 076/21 nömrəli, 07.09.2021-ci il tarixli ekspert rəyinə dair mülahizədə bildirilmişdir ki, cavabdeh Bakı şəhəri X4 üzrə Baş İdarəsi aşağıda qeyd edilənlərə əsasən “X3” MMC-nin 07.09.2021-ci il tarixli 076/21 nömrəli ekspert rəyi ilə razılaşmır. İlk növbədə məhkəmə tərəfindən ekspertiza təyin edilərkən ekspert qarşısında qoyulan sualla (01.10.2016-cı il tarixdən 28.02.2018-ci il tarixədək olan dövr üzrə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin icarə haqları yaxınlıqda yerləşən eyni vəziyyətdə (eyni ölçülü, eyni təmirli) olan qeyri-yaşayış sahələrinin icarə haqlarından fərqlənirmi? Fərqlənirsə, fərq nədən ibarətdir?) əlaqədar bildiririk ki, eskpert rəyində səyyar vergi yoxlamasının əhatə edildiyi dövr ərzində (01.10.2016-28.02.2018) hesablanmalı olan ƏDV və mənfəət vergisi ilə bağlı hər hansı araşdırma aparılması, araşdırma zamanı hansı tədqiqat metodlarından istifadə edilməsi ilə bağlı heç bir məlumat öz əksini tapmamışdır. Halbuki, icarə haqqının müəyyən edilməsi ilə əlaqədar keçirilən ekspertizalarda bir qayda olaraq ekspertlər daşınmaz əmlakın qiymətini müəyyənləşdirmək məqsədilə onların yerləşdiyi yerin qonşuluğunda yerləşən eyni xüsusiyyətli başqa obyektlərə baxış keçirirlər. Belə ki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suala cavab verilməyərək həmin ünvanda yerləşən qeyri-yaşayış sahələrinin icarə haqlarının yaxınlıqda yerləşən eyni vəziyyətdə (eyni ölçülü, eyni təmirli) olan qeyri-yaşayış sahələrinin icarə haqları ilə müqayisəsi aparılmamış, icarə haqlarının məbləğləri fərqlənirsə fərqin nədən ibarət olduğu müəyyən edilməmişdir. Bundan əlavə, hesabatda bildirilmişdir ki, “ünvanda yerləşən qeyri-yaşayış sahələrinin əksəriyyətinin icarə haqları yaxınlıqda yerləşən eyni vəziyyətdə olan (ölçüləri və təmiri eyni) olan qeyri-yaşayış sahələrinin icarə haqlarından nəzərə çarpacaq qədər fərqlənir. Buna səbəb qiymətləndirilən qeyri-yaşayış sahələrinin əksəriyyətinin texniki xüsusiyyəti, ticarət əlverişliyi cəhətdən küçə boyu eyni vəziyyətdə olan qeyri-yaşayış sahələrindən əhəmiyyətli dərəcədə fərqlənməsidir ki, bu da nəticədə qiymətləndirilən qeyri-yaşayış sahələrinin icarə haqlarının aşağı olmasına gətirib çıxarır”. Ekspert heç bir araşdırma aparmadan ehtimallar əsasında rəy tərtib etmişdir. Həmçinin ekspert rəyində “uyğun satışların müqayisə üsulu”ndan istifadə edildiyi bildirilərək bu metoda əsasən qiymətləndirilən obyektin yerləşdiyi ərazinin əmlak bazarında uyğun obyektlərin satışı ilə bağlı məlumatlar toplandığı, məlumatların diqqətlə araşdırıldığı və alınmış nəticələr əsasında müxtəlif variantlarda nəzərdən keçirildiyi, alınmış nəticələrə müəyyən düzəlişlər edildiyi və edilmiş düzəlişlərdən sonra bazar dəyərinin müəyyən edildiyi qeyd edilmişdir. Rəydə xüsusilə vurğulansa da əmlak bazarında uyğun obyektlərin satışı ilə bağlı məlumatlar toplanmamışdır. Beləliklə, qeyd edilənlər bir daha sübut edir ki, ekspert qarşısında qoyulmuş məsələlər üzrə hər hansı araşdırma və tədqiqat aparılmamış, qoyulmuş suallara cavab verilməmiş və nəticədə formal rəy tərtib olunmuşdur. Bundan əlavə səyyar vergi yoxlamasının gedişində təyin edilmiş AR Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 27.06.2018-ci il tarixli ekspert rəyi ilə hazırkı ekspert rəyinin müqayisəli təhlili zamanı müəyyən olunur ki, STL-K firmasına məxsus Ticarət mərkəzində fəaliyyət göstərən təsərrüfat subyektlərinin icarə haqları sırasında “Bilyard klub”-un icarə haqqı 2000 manat, “X3” MMC-nin 07.09.2021-ci ii tarixli 076/21 nömrəli ekspert rəyində isə 1000 manat, “Mərasim evi”-nin icarə haqqı ilkin rəydə 1200 digərində 1000 manat, “paltar mağazası”nın icarə haqqı ilkin rəydə 2450, sonrakında 1250 manat olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının 27 iyun 2018-ci rəyindəki qiymətlər “X3” MMC-nin 07.09.2021-ci il nömrəli ekspert rəyində qeyd edilən qiymətlər ilə müqayisəli şəkildə araşdırılmış eyni ünvanda olan qeyri-yaşayış sahəsinin icarə bazar qiymətinin müəyyən reklam mənbələri məlumatları, digər müvafiq məlumatlara əsaslanaraq hazırlanmış sonuncu rəydə göstərilən qiymətlər daha aşağı olmuşdur. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən, “Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğlə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır”. Qeyd edilənlərə əsasən səyyar vergi yoxlamasının gedişində təyin edilmiş AR Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 27.06.2018-ci il tarixli ekspert rəyi götürülməklə hesablama aparılmışdır. Qeyd edilənlərə əsasən, “X3” MMC-nin 07.09.2021-ci il tarixli 076/21 nömrəli ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməsi xahiş edilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən qeyri-yaşayış obyektlərinin real bazar qiymətindən aşağı qiymətə icarəyə verilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən 28.06.2019-cu il tarixli **********185942 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 32.875,29 manat əlavə vergi məbləği hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 16.437,66 manat maliyyə sanksiyası tətbiq edilməsi qanunsuz olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bildirmişdir ki, həmin obyektləri qaçqınlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə icarəyə verirlər. Paltar satışı mağazasını 2400 manata icarəyə versələr, heç kim oranı icarəyə götürməz. Həmçinin obyektlərin boş qalması da onlara sərf etmir. Real bazar qiymətindən az da olsa aşağı qiymətə icarəyə verirlər. Həmin küçədə bu cür qeyri-yaşayış sahələri çox olduğu üçün rəqabət yaranır. “X3” MMC-nin 08 sentyabr 2021-ci il tarixli 101/LBC nömrəli qiymətləndirmə rəyində də bildirilmişdir ki, 01.10.2016-cı il tarixdən 28.02.2018-ci il tarixədək olan dövr üzrə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin əksəriyyətinin icarə haqları yaxınlıqda yerləşən eyni vəziyyətdə (ölçüləri və təmiri eyni) olan qeyri-yaşayış sahələrinin icarə haqlarından nəzərə çarpacaq qədər fərqlənir. Buna səbəb qiymətləndirilən qeyriyaşayış sahələrinin əksəriyyətinin texniki xüsusiyyəti, ticarət əlverişliyi cəhətdən küçə boyu eyni vəziyyətdə olan qeyri-yaşayış sahələrindən əhəmiyyətli dərəcədə fərqlənməsidir ki, bu da nəticədə qiymətləndirilən qeyri-yaşayış sahələrinin icarə haqlarının aşağı olmasına gətirib çıxarır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin iddiaçıya əlavə vergi borcunun hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, 28.06.2019-cu il tarixli **********185942 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 3234/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar