Məhkəmə qərarları › İş №2-1(103)-89/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-89/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-89/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin tərtib edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3525/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1269 nömrəli sərəncamı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 400 kv.m hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1269 nömrəli sərəncamı ilə iddiaçının mərhum əri X3 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi və bu barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində də heç bir məlumat olmadığı səbəbindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, sözügüdən torpaq istifadəsindədir və həmin torpaq sahəsi ayrılarkən plan-cizginin tərtibi və müvafiq sənədlərin saxlanılması inzibati orqanının vəzifəsidir. Bundan əlavə sənədlər Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Dövlət Arxivinin Bakı filialından tələb edilməli idi. Lakin inzibati orqan bu öhdəliyini yerinə yetirməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3525/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 400 kv.m torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3525/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1269 nömrəli sərəncamı ilə X3 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m. torpaq sahəsi ayrılmışdır. - Vİ-ЖГ seriyalı, 333812 nömrəli, 16 yanvar 1993-cü il tarixli X4 ilə İddiaçı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X4 ilə İddiaçı nikahları 16 yanvar 1993-cü ildə Gədəbəy rayonunda bağlanmışdır - X3 aid AZ-İİ seriyalı, 153440 nömrəli, 10 fevral 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2021-ci ildə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 319 nömrəli, 01 may 2021-ci il tarixli məktubunun surətinə əsasən bildirilmişdir ki, vəfat etmiş X1 (xx.xx.1954-cü il təvəllüdlü, FİN- 4EY0R15) miras qalmış Bakı şəhəri, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində 400,00 kv.m. torpaq sahəsinə dair vərəsə İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhumun adına çıxarış verilməsinə etiraz etmirlər. - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış M-209-091 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətinə əsasən bildirilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi və bu barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir. - Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-07646-2022 saylı məktubu ilə Suraxanı RİH Başçısının xx.xx.2000-ci il tarixli 1269 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - “X7 və Ekspertiza Mərkəzi” MMC-dən alınmış 06 nömrəli, 08 fevral 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sual iddiaçının iştirakı ilə yerində məktuba əlavə edilmiş sənədlərə əsasən araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və ərazinin yerquruluşu məlumatlarına əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, təqdim olunan torpaq sahəsi 400 kv.metr olmaqla Dövlət mülkiyyətinə aiddir, yaşayış məntəqələrinin torpağıdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1269 nömrəli sərəncamına əsasən X2 istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 400 kv.metr torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, yaşayış məntəqəsinin torpaqlarına aiddir, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş Azərbaycan SSR-nin xx.xx.1971-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin (hazırkı inzibati mübahisə yarandığı vaxt qüvvədə olmuşdur) 28-ci maddəsinə görə, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. Qeyd olunan maddənin 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. Həmin maddənin 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının mərhum əri X3 Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1269 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı onun vərəsəsi olaraq faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Lakin cavabdeh ərizəsini təmin etməkdən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi və bu barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir. Cavabdehin imtinası ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı məhkəməyə göndərilmiş “X7 və Ekspertiza Mərkəzi” MMC-dən mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1269 nömrəli sərəncamına əsasən X2 istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 400 kv.metr torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, yaşayış məntəqəsinin torpaqlarına aiddir, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3525/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3525/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar