Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-89/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissəsi: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2nə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-54/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölçüsü olan 10756D saylı torpaq sahəsinə görə 150.000 (yüz əlli min) manat məbləğində maddi ziyanın cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh2ndən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 cavabdehlər sıyahısından çıxarılmaqla Bakı şəhər İcra Hakimiyyətindən 150.000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-337/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı yenidən məhkəməyə ərizə təqdim edərək, 19 fevral 2004-cü il tarixli JN10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölçüsü olan 10756D saylı torpaq sahəsinə görə 132.000 (yüz otuz iki min) manat məbləğində kompensasiya məbləğinin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh2ndən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 saylı, 16 sentyabr 2019cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X2 arasında 30 yanvar 2004-cü il tarixdə 14 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4Ə-1/8 saylı müqaviləyə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Həmin torpaq sahəsi hasara alınmışdır. Lakin 2012-ci ildə iddiaçıya məlumat gəlib ki, mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparılır. Həmin yerə gələndə özünü Bakı şəhəri, Cavabdeh2 əməkdaşları kimi təqdim edən şəxslər bu ərazidə məktəb və bağça tikintisinin həyata keçiriləcəyini bildirmişlər. İddiaçı onlara bu torpaq sahəsinin onun mülkiyyətində olduğunu, razılığı olmadan burada tikinti işlərinin aparılmasının qanunsuz olduğunu bildirmiş, lakin buna məhəl qoyulmamışdır. Bundan sonra Bakı şəhəri Cavabdeh2nə müraciət etmiş, orada həmin əraziyə yaxın yerdə alternativ torpaq sahəsi veriləcəyini bildirsələr də, bugünkü günə kimi həmin torpaq sahəsini verməyiblər. İddiaçının mülkiyyətində olan torpaq sahəsində isə artıq məktəb və bağça kompleksi tikilib və istifadəyə verilib. Bildirmək istəyir ki, Bakı şəhər İcra Hakimiyyətinin 24 iyun 2011-ci il tarixli, 283 saylı sərəncamı ilə Cavabdeh2nə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsində onun razılığı olmadan və bazar dəyərinə uyğun kompensasiya verilmədən Bakı şəhəri Cavabdeh2 tərəfindən məktəb və bağça kompleksi inşa edilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin üzərində 329 nömrəli orta məktəb fəaliyyət göstərir. İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölçüsü olan 10756D saylı torpaq sahəsinə görə 150.000 (yüz əlli min) manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı 27 sentyabr 2017-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və 26 sentyabr 2017ci il tarixdə digər cavabdeh Bakı şəhəri Cavabdeh2nə müraciət etsə də, cavab verilməmişdir. Azərbaycan Respublikasında əmlak bazarının araşdırılmasını həyata keçirən, yaydığı və yaxud sorğu əsasında təqdim etdiyi informasiyalar müxtəlif dövlət və özəl qurumlar üçün əsasverici, etibarlı mənbə kimi istifadə olunan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş 25 sentyabr 2017-ci il tarixli 219/009-17/A-02 saylı “torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə” Arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən (329 nömrəli məktəbin yeri) torpaq sahəsinin 1 sotunun bazar dəyəri 25 sentyabr 2017-ci il tarixə 22.000 (iyirmi iki min)-25.000 (iyirmi beş min) manat təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilərək, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinə görə 60.000 (altmış min) manat kompensasiya cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətindən və Cavabdeh2ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi onun cavabdehlər tərəfindən mülkiyyət hüququnun pozulduğu faktını qəbul etmiş, lakin ödəniləcək kompensasiyanın məbləğini heç bir əsas olmadan 60.000 (altmış min) manat müəyyən etmişdir. Məhkəmə bu mövqeyini məhkəmənin icraatında olmuş hazırki işlə analoji olan 2-1(81)-1523/2016 saylı işə baxan zaman Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məktuba əsasən torpaq sahəsinin 1 kv.m üçün 100 manat olduğu müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə bu mövqeyini məhkəmənin icraatında olmuş hazırki işlə analoji olan 2- 1(81)-1523/2016 saylı işə baxan zaman Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məktuba əsasən torpaq sahəsinin 1 kv.m üçün 100 manat olduğu müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmənin bu mövqeyi tamamilə əsassız və qanunsuzdur. Belə ki, hazırki iş üzrə də həmin ərazidə torpaq sahəsinin 1 kv.m-nin qiymətinin müəyyən edilməsi barədə sorğu göndərilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 19 avqust 2019-cu il tarixli məktubda göstərilmişdir ki, qeyd olunan ərazidə torpaq sahələri ilə əlaqədar, habelə həmin əraziyə yaxın olan yelərdə dövlət büdcəsi hesabına kompensasiya ödənişi ilə bağlı obyektlərin söküntüsünün həyata keçirilməsi ilə barədə xidmətdə hər-hansı bir məlumatın olmadığı göstərilmişdir. Göründüyü kimi hazırki iş üzrə Maliyyə Nazirliyinin həmin torpaq sahəsinin qiyməti ilə bağlı məlumatı yoxdur. Bu işə analoji olan başqa bir iş üzrə Maliyyə Nazirliyinin verdiyi məktubu isə mötəbər sübut kimi qəbul etmək olmaz. Bundan əlavə, torpağın qiyməti hazırki iş üzrə tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2016-cı il tarixdə verdiyi məktuba əsasən deyil, əmtəəşünaslıq eksperti və mütəxəssislərinin rəyləri ilə müəyyən edilməlidir. Belə ki, hazırki işə baxılarkən tərəflərindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı "X5 və Hüquq Şirkəti" MMC-yə və "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinə müraciət edilmişdir. "X5 və Hüquq şirkəti" MMC-nin verdiyi 05 sentyabr 2019-cu il tarixli, 45 saylı ekspert rəyindən görünür ki, JN- 10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində (329 nömrəli məktəbin yanı) yerləşən İddiaçı mülkiyyətində olan 6 sot torpaq sahəsinin hazırki orta bazar dəyəri 120.000 (yüz iyirmi min) manat təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş dəlil və sübutlar hərtərəfli araşdırılmadan, iddiaçının əsassız tələbi təmin olunmuşdur. İşdə olan JN-10756D kod 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə koordinat göstəriciləri olmaması səbəbindən sözügedən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 283 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı ilə Cavabdeh2 daimi istifadəsinə verilmiş (ayrıc aktında göstərilmiş) 11280 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə instansiyalarının iş üzrə qəbul etdikləri qərarlar: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-22/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2- 1(103)-4/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-259/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(103)-4/2023 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərin nümayəndələrinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. İddiaçının vəkili Nümayəndə isə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron ərizə yerləşdirərək, eyni tarixdə Bakı Kommersiya Məhkəməsində məhkəmə iclası olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxışının onun iştirakı olmadan keçirilib, qiymətləndirmə ekspertizasının keçirilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarı Cavabdeh2nə qarşı təmin olunduğu hissədə ləğv edilməli, iddia Cavabdeh2nə münasibətdə mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşin faktiki halları ilə müəyyən edilir ki, JN-10756D KOD 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 30 yanvar 2004-cü il tarixli 4Ə-1/8 saylı müqaviləsi ilə satılmış 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün xx.xx.2004-cü il tarixdə İddiaçı mülkiyyətinə verilmişdir. Həmçinin, torpaq sahəsinin yerləşdiyi yerin sxemi tərtib edilərək, DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 283 saylı sərəncamı ilə Cavabdeh2nə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh2nə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində bağça və məktəb binası tikilidiyindən ona torpaq sahəsinin hər sotuna görə 25000 manat kompensasiya ödənilməsini xahiş etmiş, cavabdehlər hərəkətsizlik göstərərək iddiaçının müraciətinə cavab verməmişlər. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Cavabdeh2 hərəkəti (hərəkətsizliyi) iddiaçının hansı hüquqlarının pozulması, cavabdehin hərəkətlərinin onun hansı maraqlarına toxunması müəyyən edilmir. İşin hallarından müəyyən edildiyi kimi, hazırkı halda Bakı şəhəri Cavabdeh2 tərəfindən iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hər hansı inzibati akt qəbul edilməmiş, yalnız Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının icrası həyata keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncama əsasən iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən iddia tələbi Bakı şəhəri Cavabdeh2nə qarşı hissədə mümkün sayılmamalıdır. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətləri qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarı Cavabdeh2nə qarşı təmin olunduğu hissədə ləğv edilməli, iddia Cavabdeh2nə münasibətdə mümkün sayılmamalıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Nəticə hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətləri qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarı Cavabdeh2nə qarşı təmin olunduğu hissədə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2nə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası Cavabdeh2nə münasibətdə mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-89/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-89/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver