Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-890/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qarşı “2010-cu il üzrə istifadə etmədiyi bir aylıq müalicə pulu üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən hissəsinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qarşı “2010-cu il üçün istifadə etmədiyi bir aylıq müalicə-pulu üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən hissəsinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2408/2020 saylı 02 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 29.09.1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14495/h saylı 03.12.2018-ci il tarixli əmrindən görünür ki, onun “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə əsasən (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 03 dekabr 2018-ci il tarixədək İddiaçı qulluq müddəti təqvimi hesablama ilə 34 il 03 ay 14 gün, güzəştli hesablama ilə 42 il 11 ay 00 gün təşkil edir. İddiaçı ona müavinətin ödənilməyən hissəsinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 17/7-6740 saylı 08 may 2019-cu il tarixli məktubda qeyd edilmişdi ki, 14 saylı Məntəqə tipli X1-rejim şöbəsinin böyük inspektoru (əməliyyat müvəkkili) vəzifəsində işləyərkən ona Penitensiar Xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üzrə Komissiyanın 22.12.2010-cu il tarixli 7 saylı protokolu ilə 1 aylıq əməkhaqqı məbləğində müavinətin verilməsi qərara alınmışdır. Cari ilin büdcə xərclərinin müvafiq xərc maddəsində yalnız ştatda olan əməkdaşların müalicəsi üçün verilən müavinət məbləği nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 17074 saylı 27 noyabr 2019-cu il tarixli məktubda qeyd edilmişdi ki, kirayə pulunun ödənilməsi həmin əməkdaşın kirayə qaldığı ünvanda müvəqqəti qeydiyyatı və kirayə verən şəxslə aralarında bağlanmış müqavilə (notaril qaydada təsdiq edilmiş) əsasında həyata keçirilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən “ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir”. “Ədliyyə orqanları işilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydlarının 2.1 bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir”. Bu səbəbdən 2006-2016-cı illərdə iddiaçının müraciəti olmadığından birdəfəlik müavinəti almamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “2010-cu il üçün istifadə etmədiyi bir aylıq müalicə pulu üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən hissəsinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci il tarixdən 2018-ci sentyabr ayına qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 1995-1998-ci illərdə Xüsusi rejimli cəzaçəkmə müəssisəsində baş əməliyyat müvəkkili, 1998-2002-ci illərdə Xüsusi rejimli cəza çəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin rəisi, 2002-2007-ci illərdə 15 saylı CÇM-də Əməliyyat şöbəsinin rəisi, 2017-2018-ci illərdə 6 saylı CÇM-də Əməliyyat şöbəsinin rəisi, 2018-ci ildə 2 saylı CÇM-də Əməliyyat şöbəsinin rəisi və 12 saylı CÇM-də rejim-nəzarət şöbəsinin rəisi vəzifələrində işləmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq 2006-cı ildən başlayaraq ədliyyə orqanlarının əməkdaşlarına müalicə olunmaları üçün iki aylıq əmək haqqı qədər müavinət ödənilmişdir. İşlədiyi müddətdə qeyd olunan müavinət ona ödənilməmişdir. Yalnız bir dəfə 1 aylıq əmək haqqı məbləğində müavinət verilmişdir. Bununla bağlı cavabdeh inzbati orqana müraciətlər etsə də, onun tələbi təmin edilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2408/2020 saylı 02 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2408/2020 saylı 02 noyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. İddiaçı 25.11.1995-ci il tarixdən 03.12.2018-ci il tarixə kimi Penitensiar xidmətdə qulluqda olmuş və qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçıya qulluq etdiyi 2010, 2017 və 2018-ci illərdə müalicə olunmaq ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə isə müraciət etmədiyinə görə müavinət verilməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinin ikinci abzasda ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi qeyd edilmişdir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə nazirinin 7-T saylı 28 aprel 2008-ci il tarixli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən müavinət komissiyaların qərarına əsasən verilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən bir təqvim ili ərzində işçiyə müalicə olunması üçün müavinət bir dəfə verilir. Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaq ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üzrə Penitensiar xidmətin Komissiyasının 7 saylı 22.12.2010-cu il tarixli iclas protokoluna əsasən müraciətlərin çoxluğu və Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaq ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üçün ayrılmış vəsaitdən ilin sonuna az olduğunu nəzərə alaraq müraciətləri komissiyaya çıxarılmış əməkdaşlara xəstəlikləri, yaşları, qulluq müddətləri və iş yerlərini nəzərə alınmaqla 1 (bir) və ya 2 (iki) aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət verilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı 16.02.2010-cu il tarixdən 02.04.2010-cu il tarixədək sərəncamda olmuş, 02.04.2010-cu il tarixdə 26.04.2010-cu il tarixədək 13 saylı X1 şöbəsinin inspektoru (əməliyyat müvəkkili), 26.04.2010-cu il tarixdən 04.06.2016-ci il tarixədək 14 saylı MTCM-nin Əməliyyat-rejim şöbəsinin böyük inspektoru (əməliyyat müvəkkili) işləmiş, 2018-ci ildə qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 4-cü bəndlərinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaq ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üzrə Penitensiar xidmətin Komissiyasının 22.12.2010-cu il tarixli 7 saylı iclas protokoluna 2010-cu ilin qəbul etdiyi qərar əsasında verildiyi müavinətlə bağlı iddia ərizəsi ilə 2020-ci ilin yanvar ayında məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş 1 illik iddia müddətini buraxmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 03 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qarşı tələbi “onun 2010-cu il üzrə istifadə etmədiyi bir aylıq müalicə pulu üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən hissəsinin hesablanaraq ödənilməsi” ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət,Ö yerli. Regional qurumları. Tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyəti müstəqil struktur qurumudur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, qanunvericiliyin tələblərində ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki iş üzrə iddiaçıya bu hal tətbiq edilməmiş, belə ki, ona 2010-cu ildə bir aylıq əmək haqqı məbləğində müavinət verilmişdir. Bu fakt cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 17/7-6740 saylı 08 may 2019-cu il tarixli məktubda da öz təsdiqini tapmışdır. Həmin məktubun məzmununda qeyd olunmuşdu ki, 14 saylı Məntəqə tipli X1-rejim şöbəsinin böyük inspektoru (əməliyyat müvəkkili) vəzifəsində işləyərkən İddiaçı Penitensiar Xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üzrə Komissiyanın 22.12.2010-cu il tarixli 7 saylı protokolu ilə 1 aylıq əməkhaqqı məbləğində müavinətin verilməsi qərara alınmışdır. Cari ilin büdcə xərclərinin müvafiq xərc maddəsində yalnız ştatda olan əməkdaşların müalicəsi üçün verilən müavinət məbləği nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia ilə qanunla haqqı çatan- 2010-cu il üzrə bir aylıq əmək haqqı müqabilində olan müavinəti cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur və buna görə də onun əsaslı iddiası birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi” barədə dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 2010-cu il üzrə 1 aylıq əmək haqqı müqabilində müavinət iddiaçıya ədliyyə orqanı işçisi kimi verilməli olan və mülkiyyəti olan pul vəsaitidir ki, həmin vəsaiti də o, istənilən vaxt mülkiyyətçi olaraq tələb etməkdə haqlıdır və mülkiyyətçinin bu hüququ ilə bağlı hər hansı qanunvericilikdə iddia müddəti müəyyənləşdirilməmişdir. Digər tərəfdən, iş üzrə iddiaçının müvafiq tələblə cavabdeh inzibati orqana etdiyi müraciəti ilə bağlı ona sonuncu dəfə 27 noyabr 2019-cu il tarixdə cavab məktubunun verildiyini nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən inzibati prosessual qanunvericilikdə müəyyən edilmiş iddia müddətini də ötürməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya 2010-cu il üzrə müalicə üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməyən- bir aylıq əmək haqqı məbləğində hissəsinin hesablanıb ödənilməsinin cavabdehə həvalə edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2408/2020 saylı 02 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2408/2020 saylı 02 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-890/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-890/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver