Məhkəmə qərarları › İş №2-1(103)-890/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-890/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-890/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4107 saylı 11.12.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3266/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı 002107 saylı 28 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, 28.10.2020-ci il tarixdə saat 14:40-da Operativ vergi nəzarəti zamanı İddiaçı MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev 101 ünvanında yerləşən ünvan 4üştəri tərəfindən 1 ədəd “maska (tibb)” alınmış və 0.40 manat ödəniş edilmişdi. Ödənilmiş məbləğ müqabilində NKA çeki təqdim edilməmiş, araşdırma zamanı ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyi müəyyən olunmuşdu. Yayındırılmış məbləğ saat 14:48- də NKA-ya bərpa edilmiş, nəticə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələbləri pozulmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Akt vergi ödəyicisinin nümayəndəsi (rəhbəri) tərəfindən imzalanmamışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4107 saylı 11.12.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi, 21.12.2020-ci il tarixədək 3000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Hazırda İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi **********4107 saylı 11.12.2020-ci il tarixli qərarının ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC hüquqi şəxs kimi dövlət qeydiyyatına alındıqdan sonra, əsas fəaliyyəti tibb sahəsində xidmətlərin göstərilməsi və pərakəndə dərman satışı olmuş, fəaliyyət göstərdiyi müddətdə vergi mükəlləfiyətlərini və digər borclarını vaxtı-vaxtında yerinə yetirmişdir. Vergi orqanının 2 nəfər əməkdaşı 28.10.2020-ci ildə MMC-yə məxsus obyektə gələrək, obyektdən kənarda olan 1 nəfər şəxsin 1 ədəd maska aldığını bildirmiş, bununla bağlı yoxlama aparıldığını demişlər. Satıcı yaxın müddətdə heç kimə maska satılmadığını bildirsə də, vergi əməkdaşı özbaşına kassa aparatına müdaxilə edərək, 0.40 manatı əlavə etmişdir. Bununla bağlı iddiaçı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və yuxarı vergi orqanına müraciət edilmiş, mübahisəyə vergi orqanında baxılsa da, yekunda “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasna görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4107 saylı 11.12.2020-ci il tarixli qərar əsasında MMC-ni 3.000 manat vergi məsuliyyətinə cəlb etmişdir. İddiaçı hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuz olmaqla ləğv edilməli və MMC-nin sahibkarlıq fəaliyyətinə müdaxiləyə yol verilməməlidir. Vergi orqanı qanunvericiliyin tələblərinə ümumiyyətlə əməl etməmiş, sadalanan hallar barədə hər hansı sübutunu MMC-nin səlahiyyətli şəxslərinə təqdim etməmişlər. Cavabdehin tərtib etdiyi 28.10.2020-ci il tarixli yoxlama aktı da qüsurludur. Belə ki, həmin aktda alış-veriş etmiş şəxsin adı və soyadı göstərilməmiş, onlar sadəcə olaraq mücərrəd “müştəri” adı ilə sözügedən aktlarda qeyd olunmuşdur ki, bu da həmin aktın mötəbərliyini şübhə altına almağa əsas verir. Cavabdehin tərtib etdiyi 28.10.2020-ci il tarixdə iddiaçıya məxsus obyektdə alınması qeyd olunan 1 ədəd maskaya görə müştəriyə qəbz verilmədiyi göstərilmiş, lakin həmin müştərinin şəxsiyyəti müəyyən edilməmiş, aktın tərtibində yalnız 2 nəfər vergi ödəycisi iştirak etmiş, aktın tərtibində MMC-nin səlahiyyətli şəxsinin iştirakı təmin edilməmiş və bir surəti MMC-yə təqdim edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Bakı şəhəri LGBİ-nin 26.10.2020-ci il tarixli **********0167 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən 26.10.2020-ci il tarixdən 09.11.2020-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev 101 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus Bakı Klinikasında “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri)” üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. 28.10.2020-ci il tarixdə müştəri tərəfindən alınmış “tibbi maska”ya görə ödənilmiş 0,40 manat məbləğin NKA-a vurulmadığı və müştəriyə çek verilmədiyi aşkar edilmiş və nəticəsi 28.10.2020-ci il tarixli DVX № 002107 nömrəli “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib olunmuş akt müəssisənin rəhbəri X6 tərəfindən heç bir üzrlü səbəb göstərmədən tanış olmaqdan və imza etməkdən imtina edilmişdir. Yuxarıda qeyd edilən 28.10.2020-ci il tarixli akt əsasında Baş İdarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.12.2020-ci il tarixli **********4107 nömrəli qərar (bundan sonra "Qərar") ilə vergi ödəyicisi "İdeal Tibb Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə 3.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən hala ikinci dəfə yol verildiyi üçün 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində qeyd edilir ki, vergi orqanının əməkdaşları qanunvericiliyin tələblərini pozaraq, yoxlamanın keçirilməsi ilə bağlı hər hansı sübutu müəssisənin səlahiyyətli şəxsinə təqdim etməmişdir. Bununla bağlı bildirilmişdir ki, 26.10.2020-ci il tarixli **********0167 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar ilə vergi ödəyicisinin rəhbəri X7 tanış edilib və sonuncu tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3266/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4107 saylı 11.12.2020-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na istinad edilməklə qanunvericiliyin müddəaları düzgün tətbiq edilməmişdir. Belə qərara istinad edilməsi absurddur. Qeyd edilən adda qaydalar mövcud deyildir. Eyni zamanda həyata keçirilən nəzarət tədbirinin hesab-fakturalarının tətbiqi ilə heç bir əlaqəsi yoxdur. Qərarda nağd pul hesablaşmalarının anlayışına dair qeyd edilən əsaslandırmalar düzgün tətbiq edilməmişdir. Qərar qəbul edilərkən yanlış maddi hüquq norması tətbiq edilmişdir. Məhkəmə qərarında qanunvericiliyin müddəaları düzgün tətbiq dilməmiş, sadəcə qanunvericiliyin müddəaları sadalanmış, işin faktiki halları araşdırılmamışdır. Məhkəmə operativ vergi nəzarəti zamanı nəzarət-kassa aparatına vurulmuş çekin mövcudluğunu, onun nəzarət-kassa aparatına bərpa edilməsi və həyata keçirilən operativ nəzarəti tədbiri ilə çekin bərpa edilmə tarixlərində müvafiq uyğunluqların olmasını nəzərə almamış, aidiyyəti olmayan müddəalara istinad etməklə iddianı təmin etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən 11.12.2020-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə 18.12.2020-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4107 saylı 11.12.2020-ci il tarixli qərarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********0167 saylı 26 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev 101 ünvanında yerləşən xəstəxana fəaliyyət növü ilə məşğul olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə 26.10.2020-ci il tarixdən 09.11.2020-ci il tarixədək (09.11.2020 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə 26.10.2020-ci il tarixdə KY201522116 nömrə ilə qeydə alınmış, növbədənkənar olmaqla, onun keçirilməsinin əsası kimi “vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasların olması; VM-nin 50.2.4-cü maddəsi” göstərilmişdir. İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) haqqında 26.10.2020-ci il tarixli **********0184 saylı qərarı ilə Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara dəyişiklik edilərək, kiçik vergi xidməti müşaviri X4 yoxlamaya təyin olunması qərara alınmışdır. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı 002107 saylı 28 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, 28.10.2020-ci il tarixdə saat 14:40-da Operativ vergi nəzarəti zamanı İddiaçı MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev 101 ünvanında yerləşən ünvan 4üştəri tərəfindən 1 ədəd “maska (tibb)” alınmış və 0.40 manat ödəniş edilmişdi. Ödənilmiş məbləğ müqabilində NKA çeki təqdim edilməmiş, araşdırma zamanı ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyi müəyyən olunmuşdu. Yayındırılmış məbləğ saat 14:48-də NKA-ya bərpa edilmiş, nəticə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələbləri pozulmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Akt vergi ödəyicisinin nümayəndəsi (rəhbəri) tərəfindən imzalanmamışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4107 saylı 11.12.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi, 21.12.2020-ci il tarixədək 3000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1399 saylı 05.11.2020-ci il tarixli qərarı ilə İddiaçı MMCnin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi, 15.11.2020-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş Bakı şəhəri LGBİ-nin Operativ vergi nəzarəti idarəsinin 3-cü operativ nəzarət şöbəsinin müfəttişi X14 ifadəsində bildirmişdir ki, klinikanın daxilində yerləşən apteki müşahidə edən zaman məlum olmuşdur ki, alıcı tərəfindən kassaya pul ödənilmiş və tibbi maska alınmışdır. Lakin, satıcı tərəfindən kassa çeki təqdim olunmamışdır. Tərəflərindən kassaya baxış keçirilərək, ümumi çeki çap etdikdə müəyyən olunmuşdur ki, satılmış tibbi maskanın dəyəri kassaya daxil edilməmişdir. Şahid qismində dindirilmiş MMC-də əczaçı vəzifəsində işləyən X3 ifadəsində bildirmişdir ki, o, 3-4 ildir ki, klinikada əczaçı vəzifəsində işləyir. Həmin vaxt o, aptekdə olmamış, çıxmışdır. Geri qayıtdıqda isə bir xanım yaxınlaşaraq, tibbi maskanın aldığını, lakin kassa çekinin vurulmadığını bildirmişdir. Halbuki, ondan başqa aptekdə əczaçı olmamış və o, həmin müddətdə klinikanın kafesində olmuşdur. Günorta 3-4 radələrində aptekdə satışlar olub və kassaya da daxil edilmişdir. Özünü alıcı kimi təqdim edən xanımın iddia etdiyi tibbi maskanın qiyməti 0,20 manatdır və həmin maskadan bütün apteklərdə satılır. Nəzərə alınmalıdır ki, aptekdə hər bir preparatın və malın satışına görə mütləq qaydada NKA çeki təqdim olunur. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinin əsasında duran halın sübuta yetirilmədiyinə, yəni çek verilməyən tibbi maska “alıcı”sının şəxsi məlumatları vergi orqanının tərtib etdiyi aktda göstərilmədiyinə görə onun şahid qismində dəvət olunmasının qeyri-mümkünlüyünə, şəxs barəsinə məlumatın olmamasının isə əczaçının ifadəsinin əsasını gücləndirdiyinə və tibbi maska alınması ilə bağlı müştərinin daxil olmasının təsdiq olunmadığına istinad edərək 11.12.2020-ci il tarixli qərarın ləğv edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Vergi Məcəlləsinin 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Belə olan halda qeyd olunmalıdır ki, həmin Məcəllənin 47-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər dəvət edilir. Müşahidəçilər iki nəfərdən az olmayaraq dəvət edilir. Müşahidəçilər qismində yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər dəvət edilə bilər. Müşahidəçi kimi vergi orqanlarının vəzifəli şəxslərinin iştirak etməsinə yol verilmir. Müşahidəçilər onların iştirakı ilə keçirilən hərəkətlərin faktını, məzmununu və nəticələrini protokolda təsdiq etməyə borcludur. Müşahidəçilərin həyata keçirilən hərəkətlərə dair öz qeydlərini protokola daxil etmək hüququ vardır. Zərurət olduqda, müşahidəçilər həmin hərəkətlərə dair öz izahatlarını da verə bilər. Eyni şəxs vergi orqanları tərəfindən eyni vergi ödəyicisi üzrə vergi ili ərzində bir dəfədən artıq müşahidəçi kimi dəvət oluna bilməz. Hazırki işdə iddiaçı barəsində tərtib olunmuş 28.10.2020-ci il tarixli aktdan yoxlamanın yalnız dövlət vergi müfəttişləri X14 və X4 iştirakı ilə keçirildiyi, yəni heç bir müşahidəçinin cəlb olunmadığı müəyyən olunur. Həmin akta əsasən iddiaçıya məxsus klinikada müştəri tərəfindən 1 ədəd “maska (tibb)”nın alınması ilə bağlı 0.40 manat ödəniş edildiyi, lakin bunun müqabilində NKA çekinin təqdim edilmədiyi, ödənilmiş məbləğin NKAya mədaxil edilmədiyi, yayındırılmış məbləğin yoxlayıcılar tərəfindən sonradan NKA-ya bərpa edildiyi göstərilsə də, bütün bu faktların aşkarlandığı vergi müfəttişlərindən başqa şəxs- müşahidəçinin iştirakı ilə təsdiqlənməmişdir. Sözügedən aktda birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, maskanı alan müştəri barədə məlumatlar öz əksini tapmadığı üçün sonuncunun şahid qismində məhkəməyə dəvət olunması mümkünsüz olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş əczaçı X1 ifadəsinə görə isə həmin vaxt (yoxlama aparılan zaman) o, aptekdə olmamış, aptekdə ondan başqa əczaçı da olmamış, aptekdə yalnız günorta 3-4 radələrində satışlar olmuşdur ki, həmin satışlar da kassaya daxil edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələblərinin pozulduğuna istinad olunmuşdur. Belə ki, VM-nin 16.1.9-cu maddəsinə və adı çəkilən Qaydaların 8.3.16-cı bəndinə görə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək NKA istifadəçisinin (vergi ödəyicisinin) vəzifəsi kimi müəyyən olunmuşdur. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin sadalanan maddi hüquq normalarının tələbinə görə müvafiq vəzifəsinin qüvvəyə minməsi üçün ən əsas hal- nağd pul hesablaşmasının aparılması baş verməlidir. Hazırki işdə vergi orqanı tərtib etdiyi aktda 28.10.2020-ci il tarixdə saat 14:40-da Operativ vergi nəzarəti zamanı İddiaçı MMC-nin ünvan 4üştəri tərəfindən 1 ədəd “maska (tibb)” alınıb, 0.40 manat ödəniş edildiyinə baxmayaraq ödənilmiş məbləğ müqabilində NKA çekinin müştəriyə təqdim edilmədiyini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyini göstərsə də, həmin akt onun tərtibində yalnız iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, vergi orqanının hazırki iş üzrə keçirdiyi yoxlama operativ vergi yoxlaması olduğu halda həmin yoxlama gələcəkdə belə mübahisələrə yol açılmasının qarşısını almaq məqsədilə vergi orqanının əməkdaşları tərəfindən videoçəkilişlə də aparıla bilərdi, lakin göründüyü kimi, həmin vasitədən istifadə olunmasında vergi orqanının təşəbbüsü olmamışdır. Beləliklə, vergi ödəyicisinin alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməsini şərtləndirən hal- nağd pul hesablaşmasının aparıldığını inzibati aktı qəbul edən inzibati orqan sübuta yetirə bilmir. X5 Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Oxşar müddəalar Azərbaycan Respublikası Vergi Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3266/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3266/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar