Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-890/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10251/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası “V.M.Kokov X5 Universiteti" tərəfindən adına verilmiş 100705 saylı, xx.xx.2019-cu il tarixli bakalavr diplomunun Azərbaycan Respubikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-2019-cu illər ərzində Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisə “V.M.Kokov X5 Universiteti”ndə istilik energetikası və istilik texnikası ixtisası üzrə 5 il ərzində ali təhsil almışdır. Rusiya Federasiyasının Dövlət İmtahan Komissiyasının qərarına əsasən, istilik energetikası və istilik texnikası ixtisası üzrə ali təhsil alması haqqında ona 100705 saylı, xx.xx.2019-cu il tarixli bakalavr diplomu təqdim edilmişdir. Həmçinin diploma əlavədən görünür ki, o, ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. O, diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınaraq nostrifikasiya şəhadətnaməsinin verilməsi üçün aidiyyatı üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Lakin Təhsildə X2 ərizəsinə imtina məktubu ilə cavab vermişdir. İmtina məktubunda göstərilmişdir ki, onun ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir, belə ki, onun təhsil aldığı müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Eyni zamanda digər imtina əsası olaraq isə, onun tədris dilini bilməsinin qənaətbəxş olmadığı göstərilmişdir. Lakin Mülki Prossesual Məcəllənin 63-cü maddəsinə əsasən, ekspert xüsusi biliyə malik olan şəxs hesab olunur ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspertləri tərəfindən şəxsin istilik texnikası ixtisasını mənimsəyib-mənimsəməməsinin yoxlanılması düzgün deyil və bu ekspert rəyi hesab oluna bilməz. Cavabdeh iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq onun ali təhsil almağı haqqında olan diplom üzrə ixtisası tanımamışdır. Bu isə onun gələcəkdə normal karyera qurmağına və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq, xalqına töhfələr verməyinə ciddi maneə törədir. Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Bütün bu qeyd olunanlardan belə məlum olur ki, onun ali təhsil haqqında diplomu tam olaraq qanuni əsaslarla əldə edildiyindən ölkədə tanınmalı və rəsmiləşdirilməlidir. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2014/2015-ci tədris ili üzrə - 3 gün, 2016/2017-ci tədris ili üzrə -1 gün, 2017/2018-ci tədris ili üzrə - 2 gün, 2018/2019-cu tədris ili üzrə - getməyib) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması, habelə tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun olaraq tanınır. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Qeyd olunan işin hallarından isə müəyyən olunur ki, iddiaçının təhsil aldığı ölkə ərazisində olduğu müddət qanunvericilikdə göstərilən təhsilin normativ müddətindən azdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə dəfələrlə (2-1(102)-43/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-377/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-682/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarlar) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir. Əlavə olaraq, kvalifikasiyaların tanınması prosedurunun tərkib hissəsi olan müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10251/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı təhsil aldığı ölkə ərazisində tələb olunan müddətdən az qalsa belə, tədris yükünü bu müddət ərzində tam mənimsəyə bilmişdir. Həmçinin, iddiaçı cavabdeh orqan tərəfindən onun təhsil aldığı dili bilmə səviyyəsinin yoxlanılmasından sonra da özünü təkmilləşdirmiş, dil biliklərini artırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Həmçinin, iddiaçının distant təhsil aldığını, lakin universitet tərəfindən verilmiş sorğular cavablandırılmadığı üçün bununla bağlı sübut təqdim edilə bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kolelgiyasının sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili yazılı ərizə ilə müraciət edərək, iclasın təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə sübut əlavə etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, İddiaçı təhsil forması əyani, müddəti 4 il, tədris dili rus dili olmaqla “V.M.Kokov X5 Universiteti"nin “istilik energetikası və istilik texnikası” fakultəsində 2015-2019-cu illər ərzində təhsil almış və ona “V.M.Kokov X5 Universiteti" tərəfindən 100705 ******* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplomun ölkə ərazisində tanınması və ekvivalentliyi barədə şəhadətnamə verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, ekspert qrupu tərəfindən araşdırma zamanı İddiaçı təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş 40 həftədən az müddətdə, yəni 1-ci tədris ilində 3 gün, 2-ci tədris ilində 1 gün, 3-cü tədris ilində 2 gün, 4-cü tədris ilində 0 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olması, həmçinin aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı nəticəsinə gəlinərək müraciətinin təmin edilməsindən imtina edilmişdir Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. - 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Apellyasiya şikayətinin dəlillərinə münasibət:. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inzibati orqanı imtina qərarında iki hala istinad edilmişdir. 1) iddiaçının təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş müddətdən az təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olması, 2) aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması. Məhkəmə kollegiyası imtina əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma üzrə ümumi tələblər sırasında ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin yoxlanılması artıq nəzərdə tutulmadığından məhkəmə kollegiyası imtinanın 1-ci əsasını yoxlayır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutları nəzərdən keçirir: - Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi “V.M.Kokov X5 Universiteti” tərəfindən İddiaçı verilmiş 100705 07257555 nömrəli, xx.xx.2019-cu il tarixli bakalavr diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bakalavr proqramınını əyani təhsil formasında mənimsəmə müddəti 4 il olmaqla İddiaçı 13.03.01. “istilik energetikası və istilik texnikası” ixtisası üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir. Təhsil proqramı “V.M.Kokov X5 Universiteti”ndə mənimsənilib. Diplom xx.xx.2019-cu ildə Kabardin-Balkar Respublikası Maarifçilik, Elm və Gənclərin işləri üzrə Nazirliyi tərəfindən apostil edilmişdir. - Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, NA 00004655 №-li qərarın surətindən görünür, ərizəçi ali təhsil pilləsinin dövlət standartı ilə müəyyən edilmiş tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. “Avropa regionunda ali təhsil sahəsində ixtisasın tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisasların ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalentlik hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtsas üzrə təhsilin müddətinə uyğun gəlmir. Belə ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Göründüyü kimi ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Bundan əlavə ərizəçinin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyan”ın İİİ.1.2 maddəsinə əsasən müraciətə baxılması zamanı tərəflər ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil-sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarıxli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinın müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında musbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafıq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun deyildir. Qeyd olunanlara əsasən ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmaması qərar alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 33/3130 №-li məktubdan görünür ki, İddiaçı 2015- 2019-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmışdır: xx.xx.2015 çıxış Rusiya – xx.xx.2015 giriş Ukrayna; xx.xx.2015 çıxış Rusiya – xx.xx.2015 giriş Rusiya; xx.xx.2016 çıxış Rusiya – xx.xx.2016 giriş Rusiya; xx.xx.2017 çıxış Rusiya – xx.xx.2017 giriş Rusiya; xx.xx.2017 çıxış Rusiya – xx.xx.2017 giriş Rusiya; xx.xx.2019 çıxış Rusiya – xx.xx.2019 giriş Rusiya; xx.xx.2019 çıxış Gürcüstan – xx.xx.2019 giriş Gürcüstan. Həmçinin, apellyasiya baxışı zamanı işin obyektiv araşdırılması məqsədilə, İddiaçı distant təhsil alıb-almaması barədə ətraflı məlumatın, əgər distant təhsil almışdırsa bununla bağlı əmrlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisə “V.M.Kokov X5 Universiteti”nə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı ümumi qaydada qiyabi təhsil formasında “İstilik energetikası və istilik mühəndisliyi” ixtisası üzrə təhsil alıb, distant təhsil almayıb. Məhkəmə tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş normalar əsasında yenidən inzibati icraat aparılması ilə bağlı cavabdeh orqana verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının tədris aldığı təhsil proqramı üzrə təhsil yükünün ümumi həcmi 240 təhsil kreditindən, o cümlədən təhsilverənlə birgə fəaliyyət çərçivəsində 1809 (min səkkiz yüz doqquz) akademik saatdan ibarət olmuşdur. V.M. Kokov adına X5 Universiteti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, İddiaçı X3 “İstilik energetikası və texnikası” ixtisası üzrə təhsil almış, ikinci tədris ilində V.M. Kokov adına X5 Universitetinin eyni ixtisasına köçürülmüşdür. Sözügedən sənədlərə əsasən ərizəçinin təhsilalma müddətinin 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019-cu tədris illərini əhatə etməsi, təhsilalma formasının isə qiyabi olması müəyyən edilir. İddiaçı təhsil aldığı ölkədə olması müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: İ tədris ili üzrə- 3 gün, İİ tədris ili üzrə -1 gün, İİİ tədris ili üzrə - 2 gün, İV tədris ili üzrə -getməyib. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaydaların 4.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair ümumi tələblərə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən İddiaçı təqdim olunan kvalifikasiyanın Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” na əsasən tanınması mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə araşdırma zamanı da iddiaçının hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (İ tədris ili üzrə- 3 gün, İİ tədris ili üzrə -1 gün, İİİ tədris ili üzrə - 2 gün getmiş, İV tədris ili üzrə -getməyib) tələbinin ödənilmədiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10251/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10251/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-890/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-890/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver