Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-890/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddətin iddiaçını əmək stajına əlavə edilməklə, əmək stajının yenidən hesablanaraq, ona 63 yaş 06 aydan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin xx.xx.2024-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10919/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddətin iddiaçını əmək stajına əlavə edilməklə, əmək stajının yenidən hesablanaraq, ona 63 yaş 06 aydan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin xx.xx.2024-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə pensiya təyin olunması ilə bağlı etdiyi müraciətinə xx.xx.2024-cü il tarixli cavabla cavabdehin hesablamasına görə əmək kitabçasındakı iş stajı cəmi 14 il 10 ay 22 gün təşkil etmişdir. Lakin işlədiyi xx.xx.1993-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək iş stajı cavabdeh tərəfindən nəzərə alınmamışdır. Səbəb olaraq əmək kitabçasında həmin dövrün doldurulma qaydasının pozulması, işə daxil olma qeydində əmrin tarixi və nömrəsinin qeyd olunmaması göstərilmişdir. Bu səbəbdən də müraciətinə verilmiş cavabla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Əmək kitabçasında aparılmış qeydlərə əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət qədər staja malikdir. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-233203/2024 saylı iddia tələbinə yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- N-127328/2024 nömrəli məktubunda müraciətin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisas/ təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma qeydində əmrin tarixi və nömrəsi qeyd olunmayıb) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ümumilikdə sığorta stajı 14 il 10 ay 22 gün təşkil edir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-569/2024 saylı qərarının 60-63-cü bəndlərində qeyd edilir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi, əmək kitabçası o halda mötəbər hesab olunur ki, onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar mövcud olmasın. Qeyd olunan Qərarın təhlilindən də aydın olur ki, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu geydləri aparmağa əsas verən əmək mügaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək iş stajının qəbul edilməsi istisna edilir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Beləliklə, mötəbərliyi qəbul edilməyən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ümumi müddətdən çıxıldıqda qanunla tələb edilən 25 illik sığorta stajı tamamlanmır. Buradan aydın olur ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 saylı qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10919/2024 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddətin onun əmək stajına əlavə edilməklə, əmək stajının yenidən hesablanaraq, ona 63 yaş 06 aydan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin xx.xx.2024-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10919/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma qeydində əmrin tarixi və nömrəsi qeyd olunmayıb) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ümumilikdə sığorta stajı 14 il 10 ay 22 gün təşkil edir. Həmçinin bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mötəbərliyi qəbul edilməyən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ümumi müddətdən çıxıldıqda qanunla tələb edilən 25 illik sığorta stajı tamamlanmır. Buradan aydın olur ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini, birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - xx.xx.1978-ci il tarixdə doldurulmuş əmək kitabçasında (notarial qaydada təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, iddiaçının əmək stajı aşağıdakı kimi olmuşdur: Zəngilan orta məktəbində (iş satjı: 09 il, 11 ay, 22 gün) xx.xx.1978-ci il tarixdə kitabxanaçı vəzifəsinə qəbul edilmişdir; xx.xx.1988-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. X2 Müəssisəsində (iş satjı: 04 il, 04 ay, 07 gün) xx.xx.1988-ci il tarixdə kargüzar vəzifəsinə qəbul edilmişdir; xx.xx.1993-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. “Yanar Dağ” Kombinatında (iş satjı: 05 ay, 05 gün) xx.xx.1993-cü il tarixdə toxucu vəzifəsinə qəbul edilmişdir; xx.xx.1993-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 1 №-li Toxuculuq Fabrikində (iş satjı: 01 ay, 19 gün) xx.xx.1993-cü il tarixdə toxucu vəzifəsinə qəbul edilmişdir; xx.xx.1993-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Mingəçevir Əhaliyə Xidmət İdarəsinə (iş satjı: 12 il, 01 ay, 10 gün) xx.xx.1993-cü il tarixdə arxiv müdiri vəzifəsinə qəbul edilmişdir; xx.xx.2005-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Respublikası “Azəravtonəqliyyat” X8 X3 tərəfindən verilmiş 47 №li xx.xx.1997-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X2 Müəssisəsi “Azəravtonəqliyyat” Dövlət Konsernin əmrinə əsasən xx.xx.1997-ci il tarixdən Yevlax İANB-nın tərkibinə verilmişdir. Yevlax X3 xx.xx.1995-ci il tarixdə D-762 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli, № 3-34/2-712/01-3/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Mingəçevir Əhaliyə Xidmət İdarəsinə (X2 Müəssisəsi) dair məlumat mövcud deyildir. Mingəçevir şəhər X4 04 may 1998-ci il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Sözügedən müəssisənin “Mingəçevir Əhaliyə Xidmət idarəsi” olması ilə bağlı reyestrdə məlumat tapılmadı. Qeyd olunanlarla yanaşı bildirilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və onun tabeliyində olan təşkilatların, saxlanma müddəti göstərilməklə, sənədlərinin siyahısı”na uyğun olaraq, saxlanma müddəti başa çatdığından, Mingəçevir şəhər X1 dair müvafiq sənədlər məhv edilmişdir. - Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, № 3-21-3/2-14471/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində Mingəçevir Əhaliyə Xidmət İdarəsinə (X2 müəssisəsi) dair hər hansı bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21-2-2-14/2-8391/2024 saylı cavab məktubunda göstərilmişdir ki, dövlət reyestrində Mingəçevir Əhaliyə Xidmət İdarəsi (Mingəçeviı X4) adlı kommersiya qurumu aşkar edilməmişdir. - Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, № 5-3/2-913/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Mingəçevir Əhaliyə Xidmət İdarəsinin (X2 Müəssisəsi) uçota alınması ilə bağlı X7 şəhər filialına, Mingəçevir Statistika İdarəsinə müraciətlər edilmiş, lakin sənədlər aşkar olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu, Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə müvafiq olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə görə, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 31.1-ci maddəsinə müvafiq olaraq, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə müvafiq olaraq, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: ... Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ... İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə müvafiq olaraq, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.3-cü maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən, inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; azı 25 il sığorta stajı olduqda. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 06 ay müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının xx.xx.2024-cü il tarixində, yəni 63 yaşı 06 ayında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçı yaşa əmək pensiyasının təyin olunması üçün ikinci şərtə (azı 25 il sığorta stajı olduqda) əməl olunduğuna istinad edir. Cavabdeh inzibati orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1993- cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma qeydində əmrin tarixi və nömrəsi qeyd olunmayıb) sözügedən dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. Halbuki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin yanaşması ilə razılaşır, eyni zamanda apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmişdir. Konkret mübahisəyə münasibətdə iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı bir dəlilə istinad olunduğu müəyyən edilməmişdir. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: ... İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Həmin Qaydaların 4.1-ci bəndinə görə, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Birinci instansiyası məhkəməsi xx.xx.1993-xx.xx.2005-ci illərə münasibətdə haqlı olaraq belə qənaətə gəlmişdir ki, yuxarıda sadalanan normalara əsasən əmək kitabçasında işçinin işə daxil olması barədə əmrlərdən qeydlər aparılarkən işəgötürən tərəfindən bu qeydlərlə bağlı qeydlərin aparılması ilə bağlı cavabdeh inzibati orqanın qeyd etdiyi imtinanın əsası kimi mütləq göstərici mövcud deyildir. Odur ki, iddiaçının mübahisələndirilən həmin dövrdə müəssisədə (Mingəçevir Əhaliyə Xidmət İdarəsində) işlədiyini təsdiq edən əmək kitabçasındakı qeydlərə dair əmək kitabçasının doldurulması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı pozuntu müəyyən olunmadığından həmin dövr iddiaçıya pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajına daxil edilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10919/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10919/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-890/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-890/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver