Məhkəmə qərarları › İş №2-1(103)-891/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-891/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-891/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7790/2021 saylı, 04.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşı tamam olduğu 05.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. (İPM 33.1). İş materiallaına İddiaçı (iddia ərizəsinə və ona əlavə edilmiş iddiaçının şəxsiyyət vəsiqəsinə, əmək kitabçasına, hərbi biletinin surətinə və s.) əsasən müəyyən olunan faktiki hallar aşağıdakılardan ibarətdir. İddiaçı X. xx.xx.1956-cı ildə doğulmuş və aşağıdakı işlərdə çalışmışdır : -21.05.1973-01.02.1974.“Azərkəndtəsərrüfatıtexnika" İdarəsində elektrik qaynaqçısı ( 8 ay 10 gün) ; -29.11.1974-03.12.1976. Sovet Ordu sıralarında hərbi xidmət (2 il 4gün); -27.02.1977-25.12.1979 sürücü ( 2 il 9 ay 28 gün); -18.10.1979-25.11.1987-sürücü (8 il 1 ay 7 gün); -25.11.1987-16.09.1988 sürücü (1 il 10ay 21gün); -25.10.1988-05.12.1997 "xxxx" №-li Füzuli avtokolonunda sürücü (9 il 1 ay 10 gün), -01.08.2002-03.01.2005 "xxxx" ASC-də sürücü ( 2 il 5 ay 2gün) Beləliklə də əmək kitabçasına əsasən iddiaçının 25 il 4 ay 23 gün ümumi iş stajı mövcuddur. Lakin cavabdeh tərəfindən iddiaçının 05.06.2021-ci il tarixində 65 yaşı tamam olması ilə əlaqədar yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizəsi təmin olunmasından imtina olunaraq, ona ünvanlanmış 07.06.2021-ci il tarixli **********8 №-li imtina məktubunda buna əsas kimi göstərilmişdir ki, tələb olunan iş stajını və fərdi hesabında pensiya kapitalı mövcud deyil. Həmçinin Fondun 10 saylı regional ərazi filialının 18.05.2021-ci il tarixli xidməti məruzəsinə əsasən X5nin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün sözügedən illər sığorta stajına əlavə edilməmişdir. İddiaçı hesab edir ki, əmək kitabçasında olan məlumatlara əsasən işlədiyi iş yerlərin dövlət müəssisələri olmuş, qüvvədə olan Qaydalarda 01.01.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Odur ki, cavabdeh ona pensiya təyin edilməsindən imtina etməklə pensiya hüququ pozulmuşdur ...” İddia ərizəsinə etirazında da cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 16 il 10 ay iş stajı vardır. İddia edilən 25.10.1988-ci il tarixindən 05.12.1997-ci il tarixədək (09 il 1 ay 10 gün) iddiaçının "xxxx" №-li X5”ndə işlədiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7790/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 05.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, qərarda gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntulara yol verilmiş, əhəmiyyətli sübutlar araşdırılmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasına, hərbi xidmət dövrü nəzərə alınmaqla, ümumilikdə 16 il 10 ay iş stajı vardır. Cavabdeh tərəfindən mübahisələndirilən 25.10.1988-ci il tarixindən 05.12.1997-ci il tarixədək 16 il 10 ay iddiaçının «Füzuli Avtonəqliyyət Dəstəsində işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanmasına aid heç bir məlumat aşkar edilməmişdir. İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Milli Arxiv idarəsi X9 və Beyləqan filialılarına ünvanlanmış sorğulara gələn cavab məktublarında qeyd edilmişdir ki, 25.10.1988-ci il tarixindən 05.12.1997-ci il tarixədək «X5»nin arxiv sənədləri mühafizə üçün AR X9 və Beyləqan filiallarına təhvil verilməmişdir. İddiaçıya yaşa görə pensiya təyin olunması üçün Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin hər iki şərti (65 yaş və 25 il staj) ödənilməlidi…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Quluzadə iddiaçının 25.10.1988-ci il tarixindən 05.12.1997-ci il tarixədək "xxxx" №-li X4» işlədiyi dövrə dair əmrlər kitabının və əmək haqqı cədvəllərinə məlumatlar aşkar edilmədinə gör iddiaçıya əmək pensiyası təyin edilməsi mümkünsüz olduğunu bildirərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, Füzuli işğal olunarkən, avtomobil dəstəsinin Beyləqan rayonuna Daşburun qəsəbəsinə köçürüldüyünü və orada fəaliyyət göstərdiyini bildirmiş və həmin vaxt Dəstədə şöbə rəisi vəzifəsində çalışan X10 adında şəxsin şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının təklif etdiyi, X10, şahid qismində məhkəmədə dindirilmiş və məhkəməyə verdiyi şahid ifadəsində göstərmişdir ki,1986-cı ildən 2002-ci ilə qədər "xxxx" №-li X5»ndə istismar şöbəsinin müdiri vəzifəsində işləmişdir. İddiaçı 1988-ci ildən tanıyır. O, həmin Dəstədə “Kamaz” sürücüsü kimi işləmiş, 1993-cü ildə avqustun 23-də erməni birləşmələri tərəfindən işğal olunarkən Dəstə Beyləqan rayonu Daşburun qəsəbəsinə köçürüldükdə, iddiaçı 1997-ci ilə kimi həmin Dəstədə qalıb işləmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, əmək kitabçasının qeydlərinə əsasən iddiaçının 25 ildən çox sığorta stajı müəyyən olunsa da, cavabdeh tərəfindən həmin stajının, 25.10.1988 - 05.12.1997-ci illər üzrə (9 il 1 ay 10 gün) "xxxx" №-li X5»ndə sürücü kimi, işlədiyi dövrü sığorta stajı kimi qəbul edilmir o əsasla ki, həmin dövr üzrə iş stajını təsdiq edən arxiv materialları, o cümlədən, əmrlər kitabı, əmək haqqı cədvəlləri saxlanılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin dövrün iddiaçının sığorta stajı kimi qəbul edilməsindən imtina olunması tamamilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir Bundan başqa, iddiaçının X4 işlədiyi vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi nəzərədə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, 26.09.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: -əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); -iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir(b.3). Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, birincisi iddiaçının 25 may 1973-cü ildə açılmış əmək kitabçasında, onun 25.10.1988-05.12.1997-ci illərdə "xxxx" №-li X5»ndə sürücü kimi işlədiyi barədə, tamlığı pozulmamış, qaralama və digər pozuntularla müşahidə edilməyən qeyd mövcuddur ki, həmin dövrün də 01.01.1992-ci il tarixinə kimi olan hissəsi SSRİ dövrünə təsadüf edir. Belə olan halda da “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinin tələbinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt (yəni məcburi dövlət sosial sığorta haqları ödənilməsi) nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İkincisi, həmin stajın bütövlükdə həqiqiliyi onunla da təsdiq olunur ki, işə əlavə olunmuş notarial qaydada təsdiq olunmuş, "xxxx" №-li X1 1997-ci il üçün Əmrlər kitabından çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, kitabın 25-ci vərəqində 3-cü paraqrafda aşağıdakı məzmunda əmr yazılmışdır: - “ Füzuli ANM-nə məxsus olan avtonəqliyyat vasitələrinin satılması ilə əlaqədar olaraq yəni, Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 07-3/2271 saylı 12 avqust 1997-ci il tarixli məktubuna əsasən aşağıda göstərilən avtomaşınlar öz sürücülərinə satılsın. ...İddiaçı “KAMAZ-5511” markalı, 76-84 AQO...” Eyni zamanda, həmin kitabın 42-ci vərəqində isə aşağıdakı məzmunda 100 N-li əmr yazılmışdır: - “Daşburun qəsəbəsi. 05.12.1997-ci il Füzuli ANM-nə məxsus olan avtonəqliyyat vasitələrinin satılması ilə əlaqədar olaraq yəni Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 07-3/2271 saylı 12 avqust 1997-ci il tarixli məktubuna əsasən avtomaşınlar öz sürücülərinə satıldığı üçün həmin sürücülər işdən azad edilmişdir. ... İddiaçı “KAMAZ-5511” markalı, 76-84 AQO...” (Dövlət Əmlak Komitəsinin 07-3/2271 saylı 12 avqust 1997-ci il tarixli razılıq məktubu da işə əlavə olunmuşdur). Hazırkı mərhələdə şahid qismində dindirilmiş X8 qeyd olunan ifadəsindən də göründüyü kimi, o, iddiaçının 1988-1997-ci illərdə "xxxx" №-li X6 işlədiyini və 1993-cü ildə avqustun 23-də erməni birləşmələri tərəfindən Füzuli işğal olunarkən, həmin Dəstənin tərkibində Beyləqan rayonunun Daşburun qəsəbəsinə köçürüldükdən sonra da 1997-ci ilə kimi işlədiyini təsdiqləmişdir. Beləliklə də tədqiq olunan sübutlarla iddiaçının 25.10.1988 - 05.12.1997 tarixlərində "xxxx" №-li X6 işləməsi faktı sübuta yetirilir. Onun həmin dövrdə məcburi dövlət sosial sığorta haqları ödəməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsinin tələbi baxımından, pensiya məqsədləri üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi 1 yanvar 2002-ci il tarixinədək nəzərə alınırdı. 01.01.2006-cı il tarixinədək həmin dövrə münasibətdə isə qeyd edilməlidir ki, 1 aprel 2018-ci il tarixindən qüvvəyə minmiş, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının 25.10.1988 - 05.12.1997 tarixlərində "xxxx" №-li X6 çalışdığı dövrün sığorta stajı kimi nəzərə alınmaması qanunsuz olmuşdur. Cavabdehin imtinasında iddiaçının fərdi hesabında müvafiq pensiya kapitalının olmadığını mübahisələndirməsinə gəldikdə isə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının 25 il sığorta stajına malik olması sübuta yetirildiyi halda, artıq onun fərdi hesabında müvafiq pensiya kapitalının zəruriliyi tələb olunmur. Beləliklə də, sübuta yetrilir ki, cavabdeh tərəfindən iddiaçının sığorta stajının 25 ildən az olması əsası ilə ona yaşa görə pensiya təyin olunmasından imtina olunması əsassız olmaqla onun qanunla qorunan hüquqların pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi işdə olan sübutlara maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən bütün faktiki halları aydınlaşdırılmadığını, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini və ciddi prosessual pozuntulara yol verilməklə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7790/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7790/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar