Məhkəmə qərarları › İş №2-1(103)-891/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-891/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-891/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10384/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-28/1 nömrəli 03 aprel 2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, İddiaçıin 29 fevral 2024-cü il tarixli vəsatətini təmin edərək İddiaçıə qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslabdırılmışdır ki, iddiaçı Əfqanıstan vətəndaşıdır, xx.xx.2001ci ildə Əfqanıstanın Kabil şəhərində doğulmuşdur. O, etnik puştundur və İslamın sünni inancına sadiqdir. O, evlidir və onun atası və bacıları (iki qardaş və iki bacı) kimi digər ailə üzvləri ilə birlikdə hazırda Əfqanıstanda yaşayan iki oğlu var. O, 12 il Sorbi rayonundakı “Arçeşeye Sorubi” orta məktəbində təhsil aldığını, 2017-ci ildə orta məktəbi bitirdiyini, elə həmin il Kabildəki “X7” kollecinin mühasibatlıq fakültəsinə qəbul olduğunu bildirib və 2019-cu ildə kolleci bitirib. Ərizəçi 2022-ci ildə 6 ay Əfqanıstanda “X6” təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsində işlədiyini və 1 il ərzində poliomielit peyvəndinin nəticələrinə nəzarət etdiyini qeyd etmişdir. İddiaçı onun musiqiçi və müğənni olduğunu iddia edib ki, bu da Taliban qaydalarına ziddir. Bu, onu 2023-cü ildə qeyri-qanuni yollarla İrana qaçmağa məcbur edib. Daha sonra İrandan Türkiyəyə gedib, lakin yenidən İrana deportasiya edilib. Üç aydan sonra o, xx.xx.2023-cü il tarixdə başqa bir əfqan həmyerlisi ilə Azərbaycan (Naxçıvan) sərhədini qanunsuz keçib. Lakin onlar Naxçıvanda sərhədi qanunsuz keçdikləri üçün tutularaq saxlanılıblar. İki gündən sonra onlar Bakıda Dövlət Sərhəd Xidmətinə təhvil veriliblər. O, Bakıdakı İstintaq Təcridxanasında müvəqqəti saxlanma təcridxanasında saxlanılmışdır. O, İrandan Əfqanıstana deportasiya olunmaq riskindən yaxa qurtarmaq üçün Azərbaycana köçdüyünü bildirmişdir. O, Taliban və maliyyə problemlərinə görə vətənini tərk edib. 05 oktyabr 2023-cü ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***- **** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçi ilə müsahibə aparıb. Ərizəçi bildirib ki, o, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətində olduğundan ölkəsində azad şəkildə hərəkət edə bilmir, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmədiyi, Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. Ərizəçi Azərbaycan Hökumətinə sığınacaq üçün ərizə vermiş və 29 fevral 2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətində qeydiyyata alınmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı mənfi qərar Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş və ərizəçi xx.xx.2024cü il tarixdə Bakı İstintaq Təcridxanasına göndərilmişdir. 03 aprel 2024-ci ildə DMX İQ-28/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edilmişdir. DMX qərarını onunla əsaslandırmışdır ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-28/1 nömrəli qərar qəbul edilmişdir. Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. İddia ərizəsinə etiraz edilir və hesab edilir ki, onun heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ölkəyə qanunsuz yolla İrandan daxil olmuş, buradan isə Türkiyəyə keçmək istəyərkən polis əməkdaşları tərəfindən tutulmuşdur. O, sərhəd zonasını qanunsuz keçməsinin səbəbi kimi pasportunun olmamasını və Əfqanıstanda yeni pasport almağın baha başa gəldiyini göstərmişdir. Göründüyü kimi, şəxsin Əfqanıstanı tərk etmə səbəbi yalnız iqtisadi vəziyyətlə, maddi imkansızlıqla bağlı olmuş, ölkəsində heç bir təqibə məzuz qalmamışdır. Yüksək həyat şəraiti axtarışında olan İddiaçıin bu arzusuna qanunsuz yollarla çatmaq istəyi başa tutmamış və o, sonuncu çıxış yolun qaçqın statusunun alınmasında görmüşdür.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10384/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edın xüsusatlar barədə müfəssəl izahatlar vermişdir. Taliban hərəkatı ilə əlaqədar olaraq, dövlət orqanları öz vətəndaşlarıı effektiv müdafiə edə bilmir. Eyni zamanda BMT QAK-ın Əfqanıstandan qaçan insanların beynəlxalq müdafiə ehtiyyaclarına dair Rəhbər qeydi- 2023-cü ilin fevralında dərc edilmiş Yenilənmə İ deyir: “De-facto hakimiyyət orqanları tərəfindən geniş yayılmış insan hüquqları pozuntuları ilə bğlı mövcud məlumat fonunda, BMT QAK hesab etmir ki, de-fakto hakimiyyət riski altında olan əfqanları, alə üzvlərinin və cəmiyyətin digər üzvlərinin o cümlədən təqibin ictimai formalarını təmin etmək niyyətindədir və buna qadirdir”. Odur ki, iddiaçının təqib və yersiz sıxıntı qorxusu olmadan ağlabatan şəkildə yaşaya biləcəyi Əfqanısatının hər hansı bir hissəsinə qayıtmaq imkanı yoxdur. Həmçinin, iddiaçı qeyri-rəsmi qurumlar tərəfindən də təqib edilir. Lakin, Əfqanıstanın rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış və öz qərarını cavabdehlə eyni məzmunda əsaslandırmışdır.

7. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ 13.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

14. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

16. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

17. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı, İddiaçı Əfqanıstan vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, ona qaçqın statusunun verilməsini tələb edir.

18. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin isə 03 aprel 2024-ci ildə DMX İQ-28/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarına əsasən Əfqanıstan vətəndaşı İddiaçıə qaçqın statusu verilməsindən imtina edilmişdir.

19. İş materiallarından görünür ki, İddiaçı 29 fevral 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmiş, onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 32-2024 saylı şəxsi iş açılmış, onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı məhz iqtisadi səbəblərə görə Əfqanıstanı tərk etdiyini, öz qohumlarının məskunlaşdığı Almaniya və ya Belçikaya getmək istədiyini etiraf etmişdir. Bu isə onun qaçqın deyil, yüksək həyat şəraiti axtarışında olan iqtisadi miqrant olduğunu göstərir. Digər tərəfdən ərizəçi musiqi ilə məşğul olmasını qeyd etməsinə baxmayaraq ölkəsini tərk etməsinə zəmin yaradan əsas səbəbin musiqinin Taliban hakimiyyəti tərəfindən qadağan edilməsi deyil, məhz maddi imkansızlıq olduğunu qeyd etmişdir. Ərizəçidən nəyə görə pasport alaraq qanuni yolla ölkəsini tərk etməməsi barədə soruşulduqda o, Əfqanıstanda pasport almağın çox baha olduğunu bildirmişdir. Həmçinin ərizəçidən Əfqanıstanda hər hansı bir təhdidlə üzləşməsi barədə soruşulduqda o, belə bir halın baş vermədiyini, sadəcə iqtisadi vəziyyətə görə Əfqanıstana qayıtmaq istəmədiyini qeyd etmişdir.

20. Göründüyü kimi, İddiaçıinin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o Əfqanıstanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi Əfqanıstanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.

21. Belə ki, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

22. Lakin, iddiaçı Əfqanıstan Respublikasında hər hansı təşkilat tərəfindən təqibə məruz qalması ilə bağlı hər hansı bir əsaslı dəlillərini məhkəməyə təqdim etməmişdir. Belə ki, təqibə məruz qalması ilə bağlı onun Əfqanıstan Respublikasının polis və ya digər qurumlarına müraciətləri, yalnız onun özündə ola bilər.

23. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi hallar qaçqın statusunun verilməsi üçün əsas təşkil etmədiyindən cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.

24. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Miqarsiya Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsində göstərilən !qaçqın! anlayışının tələblərinə cavab verməyən, həmçinin aparılmış müsahibənin nəticəsinə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməyən şəxslərə qaçqın statusunun verilməsindən imtina edilir.

25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10384/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10384/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar