Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-892/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı vəkili X1, üçüncü şəxs X2 iştirakı ilə cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1164/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.1993-cü il tarixli 1687 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 54 nömrəli qərarı əsasında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Lökbatan qəsəbəsi 6-cı massiv ərazisində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu günlərdə iddiaçıya məlum olmuşdur ki, Qaradağ RİH başçısının xx.xx.1993-cü il tarixli 1687 nömrəli sərəncamı ilə Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 54 nömrəli qərarı etibarsız hesab edilmişdir və həmin torpaq sahəsi üçüncü şəxsin adına rəsmiləşdirilmişdir. Həmin sərəncamın əsası kimi iddiaçının və arvadının bu barədə ərizə verməsi göstərilmişdir. Halbuki nə iddiaçı, nə də iddiaçının arvadı bu torpaq sahəsinə dair sərəncamın etibarsız edilməsi barədə ərizə verməmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, çıxarışda göstərilən torpaqla N.İsayevin istifadəsində olan torpaq eyni torpaq sahəsi deyildir. Cavabdeh isə məhkəmədə iddiaçıya yalnız bir dəfə Qaradağ rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 54 nömrəli qərarı ilə torpaq ayrılmasını, başqa bir torpaq sahəsinin ayrılmadığını göstərmişdir. İddiaçının ləğv edilməsini tələb etdiyi həmin sərəncamın qanunauyğun olmasını o hal da təsdiq edir ki, üçüncü şəxsin ləğv edilməsi tələb olunan sərəncam əsasında N.İsayevin 1993-cü ildən həmin torpaq sahəsindən istifadə etməsinə, yaşayış evi inşa edərək orada yaşamasına baxmayaraq, bu halla bağlı iddiaçı cavabdehə müraciət etməmiş, eyni zamanda üçüncü şəxsə qarşı torpaqla bağlı iddia qaldırmamışdır. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, xx.xx.1993-cü il tarixli sərəncamın qəbul olunmasının əsası kimi guya onun və həyat yoldaşının həmin torpaq sahəsindən imtina etməyi barədə imzaladığı ərizə olmuşdur. Qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi bu sərəncamın qəbul olunmasına əsas olmuş sənədlərin arxivdə saxlanmadığını əsas gətirərək, onların ərizəsinin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmiş, lakin inzibati işin məhkəmə baxışı zamanı cavabdeh tərəfindən mübahisə edilən inzibati aktın qəbul edilməsinə əsas olmuş ərizələr məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin, bu qərarın qəbul olunması “İnzibati icraat haqqında” AR Qanununun bir çox normalarının pozulması ilə həyata keçirilmişdir. Həmin Qanunun 62-ci maddəsinə görə, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Qanunun bu normasına görə cavabdeh orqan həmin sərəncamın qəbul ediməsi barədə onlara məlumat verməli idi. Eyni zamanda, qanunvericiliyin tələbinə görə əgər həqiqətən belə bir sərəncam qəbul olunmuşdursa, onda onlara verilmiş sərəncam ləğv edildikdən sonra həmin sərəncamın əsli alınmalı və aktlaşdırılmalı idi. Həmin sərəncamın əslinin onlarda olması bir daha sübut edir ki, cavabdeh orqan hər bir halda qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İşin hallarından sübut olunur ki, həmin torpaq sahəsi cavabdehin sərəncamı əsasında onların istifadəsinə verilmiş və faktiki olaraq həmin vaxtdan bu günə kimi istifadələrində olmuşdur. Eyni zamanda, bu torpaq sahəsinə dair hüquqları dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarış verilmişdir. AR Torpaq Məcəlləsinin 80-ci maddəsinə görə, əgər torpaq sahəsinə dair hüquqlar dövlət qeydiyyatına alınmışdırsa, onda həmin hüquqların qorunmasına dövlət zəmanət verir. O da qanunvericiliyin verdiyi bu hüquqdan istifadə edərək, həmin torpaq sahəsini adına rəsmiləşdirmiş və bundan sonra da başqa şəxslərə satmışdır. Ona görə də hesab edir ki, iddiası əsaslı və ədalətlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçının vəkili bildirmişdir ki, iddiaçı ilə üçüncü şəxsin torpaq sahələri ayrıdır, bir-birindən təxminən bir km məsafədədirlər. Üçüncü şəxs isə izahatında göstərmişdir ki, mübahisəli sərəncamla ona ayrılmış torpaq sahəsində 1994-cü ildə fərdi yaşayış evi inşa edərək, o vaxtdan hazıradək orada yaşayır. İddiaçı ilə onun torpaq sahələri ayrıdır, bir-birindən təxminən bir km aralıdadırlar, iddiaçının torpaq sahəsi 2000-ci ildən sonra ayrılan torpaq sahələrindən olmaqla, təpənin yamacında yerləşir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 54/128 nömrəli qərarı əsasında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Lökbatan qəsəbəsi 6-cı massiv ərazisində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Qaradağ RİH başçısının xx.xx.1993-cü il tarixli 1687 nömrəli sərəncamı ilə Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 54 nömrəli qərarı, iddiaçının və həyat yoldaşının şəxsi ərizəsi əsasında, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Lökbatan qəsəbəsi 6-cı massiv ərazisində 600 kv.m. torpaq sahəsinin ayrılması hissədə etibarsız hesab edilmiş, həmin torpaq sahəsi üçüncü şəxsə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX ******* nömrəli çıxarışa görə, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivində 600 kv.m. torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin üçüncü şəxsə ünvanlanmış xx.xx.2017-ci il tarixli **********90 nömrəli məktubu ilə Qaradağ RİH-in xx.xx.1993-cü il tarixli 1687 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş torpaq sahəsinin yerləşmə vəziyyətilə bağlı tərtib olunmuş akt və həmin akt əsasında hazırlanmış torpaq sahəsinin yerləşmə cizgisi ona təqdim edilmişdir. Cavabdehin üçüncü şəxsə ünvanladığı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2017-ci il tarixli **********95 nömrəli Bildirişdə göstərilmişdir ki, təqdim edilmiş 1687 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamda istinad edilmiş keçmiş Qaradağ rayon XDS İK-nin 54 nömrəli xx.xx.1991-ci il tarixli qərarı əsasında iddiaçının adına Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinə xx.xx.2013-cü il tarixdə dövlət reyestrindən çıxarış verilmiş və xx.xx.2014-cü il tarixdə özgəninkiləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli sərəncamı formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin sərəncamın (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, sərəncam qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, sərəncamın icrası mümkündür və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə müəyyən olunur ki, həmin aktda qəbul edildiyi dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl olunmuşdur. Belə ki, 1991-ci ildə qəbul edilmiş Azəbaycan Respublikası Torpaq Məcəlləsinin: 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir; 27-ci maddəsinə görə, mülkiyyətdə, sahiblikdə, istifadədə və icarədə olan torpaqlar bu Məcəllədə göstərilən hallarda mülkiyyətçilərin, sahibkarların, istifadəçilərin və icarəçilərin razılığı əsasında onları verən müvafiq orqanlar tərəfindən geri alına bilər. Vətəndaşların xüsusi mülkiyyət hüququnda olan torpaqlarda mülkiyyətçi üzürlü səbəb olmadan bu Məcəllənin 32-ci maddəsinin 4, 6, 7-ci bəndlərində nəzərdə tutulmuş hərəkətləri etdikdə və kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən üzürlü səbəb olmadan bir il ərzində istifadə etmədikdə onun torpaq sahəsi müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarları ilə torpağın haqqı ödənilmədən geri alınır; 32-ci maddəsinə əsasən, torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri aşağıdakı hallarda xitam verir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin verildiyi müddət qurtardıqda; müəssisənin, idarənin, təşkilatın, kəndli (fermer) təsərrüfatının fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; xidməti torpaq payının verilməsi ilə əlaqədar olan əmək münasibətlərinə, qanunda göstərilmiş hallardan başqa, xitam verildikdə; icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; respublika qanunvericiliyi və torpaq icarəsi (Müqavilələri ilə müəyyən edilmiş torpaq vergisi və ya icarə haqqı üzürlü səbəb olmadan 2 il dalbadal ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyrikənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda; tikinti və qurğu üzərində mülkiyyət hüququ və ya əməli idarəçilik hüququ başqasına keçdikdə; sahibkar və ya istifadəçi öldükdə. Azərbaycan Respublikasının qanunvericiliyində torpağa mülkiyyət, sahiblik və torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Sadalanan normaların mübahisəyə tətbiqi göstərir ki, Qaradağ RİH başçısının xx.xx.1993-cü il tarixli 1687 nömrəli sərəncamı Torpaq Məcəlləsinin 32-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğundur. Belə ki, torpaq sahəsi iddiaçının və onun arvadının razılığı ilə üçünçü şəxsə verilmişdir. Bu mənada məhkəmə kollegiyası iddianın və apellyasiya şikayətinin iddiaçının belə bir razılığının olmaması barədə əsas arqumentini qəbul etmir. İşin faktiki hallarının təhlilindən irəli gələn nəticəyə görə, 1993-cü ildə qəbul edilmiş sərəncamı 2018-ci ildə mübahisələndirən iddiaçının belə bir hüquqi marağı ümumiyyətlə olmamış, üçüncü şəxs ona qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində 2013-cü il verilmiş çıxarışın etibarsız sayılması tələbinə dair iddia qaldırdıqdan sonra bu zərurət doğmuşdur. İddiaçı hazırkı iddianın 2018-ci ildə qaldırılmasını üçüncü şəxsin ona qarşı qaldırdığı iddiaya Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılarkən ilk dəfə xx.xx.1993-cü il tarixli sərəncam barədə məlumatlı olması ilə izah edir ki, bu da ağlabatan və inandırıcı deyil. Çünki, üçüncü şəxs xx.xx.1993-cü il tarixli sərəncamla ona ayrılmış torpaqda 1994-cü ildə fərdi yaşayış evi tikdiyini, hazıradək orada yaşadığını bildirir, onun ən geci 2004-cü ildən elektrik enerjisi (**********50000) və 2012-ci ildən təbii qaz abunəsi (**********00000) olması iş materilları ilə təsdiq olunur. İddiaçı isə üçüncü şəxsin mübahisəli torpaq sahəsində ev tikib, 20 ildən çox orada yaşamasını təkzib etmir, əksinə, bununla razılaşaraq, Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsin hazırda istifadəsində olmaqla, yaşadığı torpaq sahəsinin ayrı torpaq sahələri olmasını və bir-birindən aralı yerləşmələrini qəbul edir. İddiaçının irəli sürdüyü ən əsas dəlil odur ki, onun özəlləşdirib, satdığı torpaq sahəsi məhz xx.xx.1991-ci il tarixli qərarla ona ayrılmış torpaq sahəsidir ki, bu fakt da iş materialları ilə təkzib olunur. Belə ki, üçüncü şəxsə Qaradağ RİH-in xx.xx.1993-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsin ev tikdiyi torpaq sahəsinin və Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin, yəni hər üç torpaq sahəsinin eyni (bir) torpaq sahəsi olması cavabdehin üçüncü şəxsə ünvanlandığı xx.xx.2017-ci il tarixli **********90 nömrəli məktubu və həmin məktuba əlavə olunan Torpaq sahəsinin yerləşmə cizgisi və Mərzçəkmə planının tərtib olunması barədə aktla, həmçinin, xx.xx.2017-ci il tarixli **********95 nömrəli Bildirişi ilə tam sübuta yetirilir. Odur ki,iddiaçının özəlləşdirib satdığı torpaq sahəsi Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə ona ayrılan və Qaradağ RİH-in xx.xx.1993-cü il tarixli sərəncamı ilə etibarsız sayılan torpaq sahəsi ilə eyni olmayıb, faktiki olaraq başqa ərazidə yerləşir. Bu da o deməkdir ki, iddiaçı etibarsız hesab edilən qərara istinadən torpaq sahəsinin həmin qərarla ona ayrılmış torpaq sahəsi olmadığını bilirdi yaxud bilməli idi. Əks halda onun üçüncü şəxsin eyni torpaqda ev tikib, yaşamasını görməsi və buna etiraz etməsi labüd idi. Bu səbəbdən, iddiaçının mülahizələri səmimilik baxımından tənqidi münasibət formalaşdırır. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli sərəncamla ayrılmış və hazırda üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin faktiki olaraq həmin vaxtdan bu günə kimi iddiaçının istifadəsində olması məhkəmə kollegiyasının apardığı tədqiqatla təkzib olunur. Şikayətdə istinad edilən “İnzibati icraat haqqında” Qanunun müddəaları isə, adıçəkilən Qanun 2011-ci ildən qüvvəyə mindiyindən, hazırkı mübahisəyə tətbiq oluna bilməz. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının və onun həyat yoldaşının mübahisə predmetinə çevrilmiş torpaq sahəsindən imtina etdikləri barədə və cavabdehin xx xxxxxx 1993-cü il tarixli sərəncamında, məhz bu ərizələrə istinadən torpaq sahəsinin üçüncü şəxsə verilməsi barədə olan məsələ araşdırılmamış, belə ki, adıçəkilən ərizələrin həqiqətən mövcud olmaları araşdırılmamış, yəni, onlar işdə yoxdur, iddiaçı isə yuxarıda artıq göstərildiyi kimi, belə ərizələrin yazılmadığını iddia edir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçıya və üçüncü şəxsə verilmiş torpaq sahələri əgər fərqli yerlərdə yerləşirsə, o zaman iddiaçının mübahisələndirdiyi cavabdehin xx xxxxxx 1993-cü il tarixli, 1687 saylı sərəncamının iddiaçının hansı hüquqlarına toxunulması və ümumiyyətlə iddiaçının həmin sərəncamın nədən mübahisələndirilməsi məsələsi araşdırılmamışdır. Digər tərəfdən iddiaçının cavabdehin mübahisələndirdiyi xx xxxxxx 1993-cü il tarixli, 1687 saylı sərəncamından konkret şəkildə nə zaman məlumat alması da aydınlaşdırılmamış, halbuki həmin məsələnin iddianın İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkünlüyü baxımından da son dərəcə böyük əhəmiyyəti vardır. Bununla yanaşı cavabdehin sözügedən sərəncamı ilə verilmiş torpaq sahəsinin həqiqətən kimin istifadəsində olması da tam, dəqiq və hərtərəfli araşdırılmalıdır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı qeyd edir ki, cavabdeh torpaq sahəsindən imtina barədə ərizələrin onda olmadığını bildirir və bunu sənədlərin 3 ildən çox saxlanılmaması ilə izah edir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olundu ki, iddiaçının özəlləşdirib satdığı torpaq sahəsi Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə ona ayrılan və Qaradağ RİH-in xx.xx.1993-cü il tarixli sərəncamı ilə etibarsız sayılan torpaq sahəsi ilə eyni olmayıb, faktiki olaraq başqa ərazidə yerləşir. Odur ki, işin bu cür halında razılıq ərizələrinin işdə və ya ümumiyyətlə olub-olmaması faktı hüquqi əhəmiyyət kəsb etmir. İddiaçının cavabdehin xx.xx.1993-cü il tarixli sərəncamını mübahisələndirmək hüququ formal da olsa olmuşdur. Belə ki, faktiki olaraq torpaq sahələri fərqli olsa da, sərəncam onun barəsində hüquqi nəticələr doğurmuşdur. Baxmayaraq ki, iddiaçı artıq bundan sonra başqa ərazidə yerləşən torpaq sahəsini mübahisəli sərəncamla etibarsız sayılan qərara istinadən özəlləşdirmişdir, o, hər bir halda hazırkı iddia ilə bağlı subyektiv hüquqa malik olmuşdur. Çünki, iddiaya məhz mahiyyəti üzrə qiymət verilərkən məlum olur ki, qərar-sərəncam eyni olsa da, torpaqlar başqadır. İPM-in 38.1-ci maddəsinə əsasən iddianın qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində qaldırılmaması əsası ilə mümkün sayılmaması üçün isə Məhkəmənin sözügedən prosessual müddətin başlanğıc və bitmə tarixlərini dəqiq müəyyən etməsi və bu halları şübhəyə yer buraxmayacaq qaydada sübuta yetirməsi tələb olunur ki, hazırkı işdə bu nəticə hasil olmur. Cavabdehin sözügedən sərəncamı ilə verilmiş torpaq sahəsi hazırda üçüncü şəxsin istifadəsindədir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM- 14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli sərəncamı qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına uyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), qərar mövcud dövrün inzibati praktikasına uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Yekunda, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1164/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-892/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-892/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver