Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-892/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı (xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4412/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Buluqxan oğlu 04.05.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 53 yaşının tamam olduğu 10 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o İddiaçı xx.xx.1963-cü ildə anadan olmuş. 01.03.1981-ci ildə hərbi xidmətə getmiş, iki il hərbi xidmətdə olduqdan sonra tərxis edilmişdir. 1984-cü ilin yanvar ayında Bakı şəhəri 86 nömrəli peşə məktəbinin qaynaqçı peşəsinə qəbul olunmuş və 1984-cü ilin avqust ayında peşə məktəbini bitirərək, qaynaqçı peşəsinə yiyələnmişdir. 20.08.1984-cü ildə Bakı Elektroterm Elmi İstehsalat Birliyinin nəzdindəki zavodda əl qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş 09.04.1998-ci il tarixinə kimi həmin zavodda əl qaynaqçısı vəzifəsində işləmişdir. 17.04.2000-ci il tarixində X5 Poladəritmə zavodunda mexaniki təmir sexində qaynaqçı vəzifəsinə qəbul edilmiş, 15.10.2001-ci ildə əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. 01.04.2002-ci il tarixdə yenidən X5 şirkətinə mexaniklər sahəsinə qaynaqçı vəzifəsinə qəbul edilmişdir. Hal-hazıra kimi həmin zavodda işləyir. O, iki illik hərbi xidmət illəri, 8 ay peşə təhsili almağı da daxil 17.08.2003-cü il tarixinə kimi 20 il ümumi əmək stajı və 17 il isə xüsusi sığorta stajı qazanmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 1 №-li siyahının aşağıdakı əlavəsində onun işlədiyi istehsal sahələri, daşıdığı vəzifələr öz əksini tapmışdır. 1030100a—1753a təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları 1030200a — 1753a təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 saylı Siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd edir ki, onun güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi əmək stajı 17 avqust 2003-cü il tarixdə tamam olduğuna görə 10 fevral 2016-cı il tarixində 53 yaşı tamam olduqda güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. O, 17.02.2020-ci il tarixli ərizə ilə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 53 yaşının tamam olduğu 10 fevral 2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsinə qərar verilməsini xahiş etmişdir. Ərizəsi 19 fevral 2020-ci il tarixində İdarənin vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir. Lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ərizəsinin təmin edilib edilməməsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Cavabdehin bu hərəkəti AR Konstitusiyasında və dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş sosial təminat hüququnun pozulmasına səbəb olduğu üçün hesab edir ki, cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. 20.08.2020-ci il tarixdə cavabdeh məhkəməyə vəsatət təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4412/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 28.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4412/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarənin ona göndərildiyini iddia etdiyi 04.03.2020-ci il tarixli, **********2 nömrəli məktubun ona göndərilməsini və çatdırılmasını təsdiq edən poçt və ya digər çatdırılma vasitəsinin sənədlərini məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsi də qərardad qəbul edərkən məktubun ona çatdırılması məsələsini araşdırmamış və buna qiymət verməmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Əhmədov Cavid Nazim oğlu apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “iddiaçı ona əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və daha sonra müvafiq sənədlərin əsillərinin təqdim olunması zəruriliyi bildirilməklə, ona cavabdeh tərəfindən məktub ünvanlanmışdır. Hazırkı iddia qaldırılanadək, iddiaçı əlavə olaraq hər hansı sənədi cavabdehə təqdim etməmiş, cavabdeh də iddiaçıya heç bir məktub, qərar göndərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmədiyindən, eləcə də bu məsələ ilə bağlı cavabdeh tərəfindən tam hərəkətsizlik nümayiş olunmadığından, hazırda tərəflər arasında inzibati mübahisə mövcud olmur.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materialları ilə iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi müəyyən edilsə də, cavabdeh tərəfindən iddiaçıya cavab məktubunun ünvanlanması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, cavabdeh işin birinci instansiya icraatı zamanı məhkəməyə təqdim etdiyi vəsatətində İdarənin 4 mart 2020-ci il tarixli məktubunda ərizəçiyə (iddiaçıya) ona pensiya təyin edilməsi üçün sənədlərin əsilləri tam şəkildə İdarəyə təqdim edildikdən sonra müvafiq müraciətə baxıla biləcəyinin qeyd edildiyi, iddiaçının pensiya təyinatı üçün zəruri olan sənədləri tam şəkildə təqdim etmək əvəzinə, birbaşa məhkəmədə iddia qaldırdığını, İdarənin iddiaçıya pensiya təyin etməkdən imtina etmədiyini, zəruri sənədləri tələb etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qeyd edilən məktubu almadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı hazırkı iş üzrə iddiaçıya cavabdeh inzibati orqanın 04 mart 2020-ci il tarixli, **********2 №-li məktubunun çatdırılıb-çatdırılmadığı müəyyən edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizəyə qoşma kimi arayışların surətlərinin əlavə olunması qeyd edilsə də, nə işin birinci instansiya, nə də apellyasiya icraatı zamanı qeyd edilən arayışlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-4412/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4412/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 53 yaşının tamam olduğu 10 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-892/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-892/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver