Məhkəmə qərarları › İş №2-1(103)-892/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-892/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-892/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, onların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “övladlarına şəhid və özlərinə şəhid ailəsi statusunun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair idiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12192/2021 saylı 24 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin X1 ailəsinə şəhid vəsiqəsinin verilməsi istiqamətindəki qanunsuz müdaxiləsinin dayandırılması və X1 şəhid və ailəsinin isə şəhid ailəsi hesab edilməsi üçün müvafiq arayış verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12192/2021 saylı 24 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arayışın verilməsi və s. tələbinə dair 2-1(112)-12192/2021 saylı inzibati işinin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, İddiaçı2 faktiki olaraq Bakı şəhərində yaşayır. Bu fakt apellyasiya şikayətinə əlavə olunmuş müvafiq orqanın verdiyi arayışla da təsdiq olunur. Apellyasiya şkayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 09.02.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Apellyasiya baxışı zamanı iddiaçılar İddiaçı2, İddiaçı1, onların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Hazırki işdən görünür ki, iddiaçıların cavabdeh inzibati orqana qarşı tələbi onların övladları X2 şəhid statusunun, ailəsinə isə şəhid ailəsi statusu ilə bağlı arayışın verilməsi barədədir. Yəni, iddiaçıların tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 365-VİQD saylı 9 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə “Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur” cümləsi əlavə edilmişdir. Həmin Qanunun keçid müddəalarında qeyd edilmişdir ki, bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. Hazırki işdə olan Bakı İnzibati Məhkəməsinə elektron qaydada verilmiş iddia ərizəsinə vurulmuş daxilolma ştampından görünür ki, iddia ərizəsi məhkəməyə 10 noyabr 2021-ci il tarixdə, yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi tarixdən (01.10.2021-ci il) sonra daxil olmuşdur. Belə olan halda qanunvericiliyin “mübahisələndirmə haqqında” iddia növü üzrə müəyyən etdiyi qayda, yəni səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı yönəlmiş iddiaya iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılması qaydası hazırki iş üzrə iddiaçıların verdiyi “məcburetmə haqqında” iddianın 01.10.2021-ci il tarixdən sonra verildiyi nəzərə alınaraq onun ərazi aidiyyətinin müəyyənləşdirilməsi zamanı tətbiq olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri—tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yerini müəyyən edən sənəddir. İş üzrə iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinə əsasən onların yaşayış yeri kimi ünvan 3 ünvanı qeyd olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq hazırki işə iddiaçıların yaşayış yeri üzrə olan İnzibati Məhkəmə tərəfindən baxılması qənaətinə gəlmişdir. Apellyasiya şikayətində göstərilmiş “İddiaçı2 faktiki olaraq Bakı şəhərində yaşaması və bu faktın apellyasiya şikayətinə əlavə olunmuş müvafiq arayışla da təsdiq olunması, buna görə də işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalı olması” barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Hazırki işdə isə apelyant İddiaçı2 uzun müddətdir ki, yaşadığını göstərdiyi Bakı şəhərində yerləşən ünvana gəldikdən sonra ora qeydiyyata düşməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçının göstərdiyi arqumentlər onun iddiasına yaşayış yeri (qeydiyyat) üzrə olan məhkəmə tərəfindən baxılmaması üçün əsas vermir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 4 saylı 2019-cu il 14 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Ağstafa şəhəri Gəncə-İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçıların tələbinə baxılması üçün inzibati işin Gəncə İnzibati Məhkəməsinə göndərilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəmənin e-2-1(112)-12192/2021 saylı 24 noyabr 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 9, 80, 81, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12192/2021 saylı 24 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar