Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-892/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə , İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs İmanov İlkin Vəkil oğlu cəlb olunmaqla) “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 1-dən xx.xx.1981-ci il təvəllüdlü İmanov İlkin Vəkil oğlunun qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qərarı ilə ünvan 1 ünvanında 300 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində ev tikilmişdir. Həmin evin qaz, su, işıq pulları və sair tərəfindən ödənilir. Lakin iddiaçının xəbəri və məlumatı olmadan xx.xx.1981-ci il təvəllüdlü İmanov İlkin Vəkil oğlu onun icazəsi olmadan iddiaçının evinə qeydiyyata alınmışdır. Evinə qeydiyyata düşən İmanov İlkin Vəkil oğlu iddiaçının ev üzərində olan hüquqlarını məhdudlaşdırır. 10 may 2023-cü il tarixdə Binəqədi Rayon Polis idarəsinə ərizə ilə müraciət edərək İmanov İlkin Vəkil oğlunun iddiaçıya məxsus Binəqədi rayonu , Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi , korpus 8, məzil 52-dən qeydiyyatdan çıxarılması barədə rəsmi müraciət edilsə də, aradan 35 gün keçməsinə baxmayaraq müraciətə cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2262/1 nömrəli qərarının surətindən görünür ki, iddiaçıya Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır. Yəni həmin torpaq sahəsi evin tikitisi üçün nəzərdə tutlan torpaq sahəsidir. Mübahisənin predmeti olan ev daşınmaz əmlkın dövlət reystrində qeydiiyata alınmasa da , faktiki olaraq mövcuddur və iddiaçının mülkiyyətindədir. Hal-hazırda həmin evdən sitifadə edilir. Ev iddiaçının mülkiyyətində olmasa da , onun həmin tikilidən öz mülahizəsi ilə istənilən hərəkətləri etmək imkanı məhdudlaşdırılmır. İş materiallarından da aydın görünür ki , cavabdeh həmin tikilinin alınmasında iştirak etməmiş, iddiaçının ailə üzvü olmamaqla cavabdeh iddiaçının evin sənədlərinin rəsmişləşdirilməsində, dövlət qeydiyyatına alınmasında iddiaçının hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Qanunvericiliyi də mülkiyyətin toxunulmamazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstiusion prinsip və müddələrını inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirilir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırkı tələblə bağlı əvvəlcə həmin quruma müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. -Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2262/1 nömrəli qərarının surətindən görünür ki, iddiaçıya Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 300 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır. -Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İmanov İlkin Vəkil oğlu ünvan 3 ünvanında qeydiyyatdadır. Lakin vətəndaşla əlaqə saxlanılmış və o, hal hazırda xaricdə olduğunu bidirmişdir. -Məhkəmə informasiya sisteminin İmanov İlkin Vəkil oğlunun sərhədkeçmə məlumatları bölməsindən əldə edilmiş xx.xx.2023-cü il tarixli məlumatlardan görünür ki, üçüncü şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ölkədən çıxış etmişdir (Doha, Qətər istiqaməti). -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İmanov İlkin Vəkil oğlu xx.xx.2014-cü il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, ünvan 1-nin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 1-dən xx.xx.1981-ci il təvəllüdlü İmanov İlkin Vəkil oğlunun qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etsədə, tələbi təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçıların tələbi yaşayış yeri üzrə qeydiyyata alınma ilə bağlı olduğundan, hazırkı iş üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun normaları tətbiq olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun : 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Göründüyü kimi, qeydiyyatdan çıxarılma əsasları yaşayış sahəsinin mülkiyyətçisinin müstəsna hüququ olaraq ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkət edə bilmə, mülkiyyətini bu əmlaka hüququ olmayan şəxslərdən qoruma imkanını nəzərdə tutur İddiaçıda məhz Bakı şəhəri, ünvan 1-nin mülkiyyətçisi olduğunu əsas götürərək üçüncü şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb edir. Lakin yuxarda qeyd edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, ünvan 1-nin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qeyd edilən halı nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı həmin evin mülkiyyətçisi olmadığına görə üçüncü şəxsin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün qanunla tələb olunan şərtlər ödənilmir. İddiaçı apelyasiya şikayətində göstərilən ünvanın mülkiyyətçisi olduğunu əsaslandırmağa çalışsada bununla bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququ yuxarda qeyd edilən qaydada qeydiyyata alınmalıdır. Bundan sonra həmin daşınmaz əmlak üzərində sərəncam vermək hüququ yaranır. Lakin qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilə bilməz. Beləliklə, qeyd edilənləri nəzərə alan Kollegiya qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-892/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-892/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver