Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-893/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 762/2019 nömrəli iş üzrə 01 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Rusiya Federasiyası X6nu “hüquqşünaslıq” ixtisası üzrə bitirməsinə dair 19.07.2012-ci il tarixdə verilmiş KB 56704 nömrəli (qeydiyyat nömrəsi 1815) diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının sənədləri araşdırılarkən məlum olmuşdur ki, təqdim etdiyi diplomun “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Rusiya Federasiyası X4 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olmuşdur. Qısa müddət ərzində diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən bildirmək olar ki, İddiaçı Rusiya Federasiyası X4 «Hüquq» ixtisası üzrə qiyabi formada təhsil alması bildirilsə də, o qeyd olunan müddət ərzində dərslərdə və imtahanlarda iştirak etməmiş, təhsilalanın özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, imtahanları verməsi, sonda diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olması qeyri-mümkündür. Göründüyü kimi, ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. Rusiya Federasiyasının Ali peşəkar təhsilin qeyri-dövlət təhsil müəssisəsi “X6”nun 19.07.2012-ci il tarixli KB 56704 nömrəli diplomunda göstərilmişdir ki, iddiaçıya Dövlət attestasiya komissiyasının 06.07.2012-ci il tarixli qərarına əsasən hüquqşünaslıq ixtisası üzrə hüquqşünas dərəcəsi verilmişdir. İddiaçı cavabdehə müraciət edərək, diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdeh 10.10.2014-cü il tarixli Q-3935/03-24 nömrəli məktubla iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 12.03.2013-cü il tarixli ərizəsinə baxılmış, X6 tərəfindən adına verilmiş 19.07.2012-ci il tarixli KB 56704 saylı ali təhsil haqqında sənəddə tədrisin müddəti 2006-2012-ci illər qeyd olunmaqla hüquqşünaslıq ixtisası üzrə qiyabi formada təhsil aldığı bildirilmişdir. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, X4 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (əyani 5 il, qiyabi 1 il artıq) iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Qısa müddət ərzində 54 fənni mənimsəmək (o cümlədən 920 auditoriya saatı, 6 kurs işi yazmaq, təcrübə keçmək (tədris-tanışlıq 2 həftə, istehsalat 4 həftə, diplomqabağı 6 həftə), 2 dövlət imtahanı vermək və diplom işi yazıb (15 həftə) müdafiə etmək qeyri-mümkündür. Qeyd olunanlara əsasən iddiaçının adına X6 tərəfindən verilmiş 19.07.2012-ci il tarixli KB 56704 saylı diplomun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. “Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturuna qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi, Rusiya Federasiyasının qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. “Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndini və Nazirliyin Ekspert Qrupunun 15.09.2014-cü il tarixli rəyini rəhbər tutaraq, X6 tərəfindən verilmiş 19.07.2012-ci il tarixli KB 56704 nömrəli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 12.11.2018-ci il tarixli Q-471/04-ANİ nömrəli cavab məktubundan müəyyən olunur ki, iddiaçının 30.03.2013-cü il tarixli elektron müraciəti üzrə onun ali təhsil ixtisasının mövcud qanunvericiliyə uyğun olaraq tanınması və ekvivalentliyin müəyyən olunması mümkün olmamışdır. Bu qərar barədə həmin şəxsə elektron ərizə vasitəsilə müvafiq məlumat verilmiş və 10.10.2014-cü il tarixli Q-3935/03-24 saylı məktub (surəti əlavə olunur) onun elektron ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. Sərhədkeçmə məlumatına əsasən iddiaçı 2011-ci ildə 1 gün (02.06.2011, saat 10:55-11:36), 2012-ci ildə 11 gün (16.06.2012-27.06.2012) Rusiya Federasiyasında olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın (bundan sonra - Qaydalar): 1.1-ci bəndinə əsasən, bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 13.05.2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş»in (bundan sonra - Saziş) 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Sazişin 6-cı maddəsinə görə, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Sazişin 7-ci maddəsinə əsasən, beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu 05.10.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın: 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya həm hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, təqdim etdiyi diploma əlavəyə görə təhsilin müddəti əyani formada 5 il olan, bu baxımdan 6 il qiyabi təhsil alması tələb olunmasına baxmayaraq, təhsil aldığını irəli sürdüyü müddət ərzində 2011-ci ildə 1 gün, 2012-ci ildə 11 gün Rusiya Federasiyasında olan iddiaçının mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından haqlı olaraq imtina etmişdir. Belə ki, Sazişin 6 və 7-ci maddələrindən göründüyü kimi, həmin ikitərəfli beynəlxalq müqavilədə Rusiya Federasiyasının yalnız əyani təhsil üzrə bakalavr və ya mütəxəssis diplomlarının tanınmasından bəhs olunur. İddiaçının isə güman olunan təhsili qiyabi olmuşdur ki, bu da hər bir halda cavabdehin Qaydaların 1.6-cı bəndinə müvafiq qaydada ekspertiza keçirmək səlahiyyətinə malik olduğunu göstərir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası, həmçinin, birinci instansiya məhkəməsinin qərarında iddianın təmin olunmasının əsaslarından biri kimi qeyd etdiyi iddiaçının diplomuna Rusiya Federasiyasında Apostille şəhadətnaməsinin əlavə olunması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, Apostille yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Apelyasiya instansiyası məhkəməsi iddiaçının diplomunun tanınmasından imtina edərkən ekspert rəyinə istinad etmişdir. Həmin ekspert rəyində iddiaçı tərəfindən qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinə yetiriliməsi qeyri-mümkün olduğunu qeyd edilmişdir və bu baxımdan “Qaydaları”nın 3.7-ci bəndinə əsasən diplom üzrə ixtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir. Kollegiya ilk növbədə bununla bağlı olaraq kassasiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğu aydın deyildir. Odur ki, yeni apelyasiya baxışı zamanı iddiaçının təhsil aldığı müddət ərzində Rusiya Federasiyasının ərazisində olduğu müddətin yetərliliyinə iddiaçının qiyabi formada təhsil alması, semestr müddətləri və s. konkret meyarlar nəzərə alınmaqla əsaslandırılmış qiymət verilməlidir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinin icrası ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na əsasən: ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5- 2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir (5.5-ci bənd); tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər (8.7.4); əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir (8.7.5); təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir (8.7.6); hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq) (8.7.7); ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və digərləri daxildir (8.7.8). Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmişdir ki, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir. Lakin iddiaçı 2011-ci ildə cəmi 41 dəqiqə, 2012-ci ildə isə 11 gün Rusiya Federasiyasında olmaqla, qiyabi təhsilin müddəti ilə bağlı tələb onun tərəfindən yerinə yetirilməmiş olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-762/2019 nömrəli iş üzrə 01 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Rusiya Federasiyası X6nu “hüquqşünaslıq” ixtisası üzrə bitirməsinə dair 19.07.2012-ci il tarixdə verilmiş KB 56704 nömrəli (qeydiyyat nömrəsi 1815) diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-893/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-893/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver