Məhkəmə qərarları › İş №2-1(103)-893/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-893/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-893/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və X3 ibarət tərkibdə, iddiaçının, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9358/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1965ci il təvəllüdlü İddiaçı pensiya hüququnun yarandığı yəni, 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...05 mart 1987-ci il tarixdən 23 may 2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddia ərizəsinə əlavə etdiyi əmək kitabçalarının kserosurətlərindən də müəyyən olunur ki, o, 05 mart 1977-ci il tarixdən 12 fevral 2009-cu il tarixədək fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun işlədiyi peşə kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aiddir. Xüsusi Şərtlərlə Təyinat üzrə İdarəsinə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinin həlli ilə əlaqədar müraciət etmiş, lakin imtina olunmuşdur. Belə ki, ona təqdim olunmuş 06 aprel 2023 cü il 3-17-112-H-73461/2023 qeydiyyat nömrəli məktubda göstərilir ki, onun tərəfindən təqdim edilmiş sənədlərə əsasən xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də dolaqçı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda istinad olunan peşəyə uyğun olmadığı üçün onun güzəştli iş stajı yoxdur...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının işlədiyi vəzifə sözügedən arayışlarda istinad edlən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahı üzrə nəzərdə tutulan vəzifəyə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda, İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan iş stajına dair məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC -nin 26 may 2022-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə İddiaçı ödənişsiz məzuniyyətdə olduğundan həmin müddətin iş stajına daxil edilməsi mümkün olmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9358/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı pensiya hüququ yarandığı yəni, 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: «...işin hazırki mərhələsində cavabdeh orqan tərəfindən İddiaçı güzəştli iş stajının olub-olmaması mübahisələndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində (12) məftil və trosdolayanlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ərzində "xxxx" ASC-də dolaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi vəzifə sözügedən arayışlarda istinad edlən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahı üzrə nəzərdə tutulan vəzifəyə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Belə ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 -ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı həmin maddəsinin 20-ci bəndinə görə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli is arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi L.Şükürlü apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı və onun vəkili isə 1990-cı ildən "xxxx" ASC-də dolaqçı işində çalışdığını bildirərək, birinci instanstya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçının 14 mart 2023-cü il tarixdə daxil olmuş müraciətinə onun tələb olunan pensiya kapitalı və mövcud olmadığı və xx.xx.2000-xx.xx.2009-cu illərdə ödənişsiz məzunəyətdə olduğu işlədiyi dolaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”Siyahısında nəzərdə nəzərdə tutulan vəzifəyə uyğun olmadığı əsas gətirilərək və onun müraciətinin təmin olunmasından imtina etmişdir. “Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 2023-cü ildə qüvvədə olan (29.iyun 2022-ci il tarixdən) redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin konkret halda, apellyasiya şikayətinin qeyd edilən dəlillərindən göründüyü kimi, hazırkı apellyasiya mərhələsində iddiaçının 25 il ümumi sığorta stajına və ona 58 yaşından güzəştli pensiya yaşın a malik olması mübahisələndirilmir (İşdə olan xx.xx.2015ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1965-ci il tarixdə doğulmuşdur.) Cavabdeh apellyasiya şikayətində yalnız mübahisələndirir ki, ddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə (arayışlarda) əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.2009cu il tarixədək olan dövr ərzində "xxxx" ASC-də dolaqçı vəzifəsində işlədiyi peşə Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahı üzrə nəzərdə tutulan peşəyə aid olmadığından onun güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Həmin “Qayda”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İş materiaları tədqiq olunduqda, iddiaçının qanunvericiliyə uyğun olaraq tələb olunan güzəştli pensiya hüququ verən sataja malik olduğu öz təsdiqini tapır. Belə ki, iddiaçının işdə olan PT-İ ******* №-li xx.xx.1989-cu il tarixli əmək kitabçasının surətinə əsasən onun çalışdığı əmək şəraiti xüsusilə zərərli və ağır şəraitdə güzəştli peniya hüququ verən işlər aşağıdakılardan ibarətdir: xx.xx.1989 -xx.xx.1990: “BakıAzərielektrikmaşınqayırma” ixtisaslaşdırılmış zavodunda ikinci kateriqoriyalı plastik tökmə ustası - 9 ay 4 gün ; xx.xx.1990 - xx.xx.1990 : “Azərelektromaş” EİB-də (indiki "xxxx" ASC) (xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti direktorunun 06 saylı sərəncamına əsasən “Azərelektromaş” EİB-nin baş müəssisəsi olan Bemz "xxxx" ASC-yə çevilmişdir) 2 saylı emalatxanadaa sarğıçı şagirdi – 2 ay 29 gün ; xx.xx.1990 - xx.xx.1994: həmin müəssisədə 1-ci kateqoriyalı sarğıçı – 4 il 7 gün; xx.xx.1994 - xx.xx.1995: həmin müəssisədə elektrik maşını elementlərinin ikinci katerqoriya sarğıçısı - 4 ay 19 gün ; xx.xx.1995 - xx.xx.2009: həmin sexdə elektrik maşınlarının elementlərinin dolaqçısı kimi üçüncü dərəcəli fəhlə - 13 il 8 ay 12 gün (xx.xx.1995-ci ildən xx.xx.2000-ci il tarixə qədər – 5 il 10 ay 8 gün). "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 125/04 №-li izahlı arayışında bildirilir ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin 2 saylı sexində dolaqçı vəzifəsində işləmişdir. Zavod tam gücü iləişləmədiyinə görə o, xx.xx.2000-cı ildən xx.xx.2009-cu ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. Eyni zamanda, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 125/025 №-li və 125/026 №-li arxiv arayışında bildirilir ki, 1990-cı ilin iyun ayından 1995-ci ilin dekabr ayına kimi 3101068,33 manat əmək haqqı və 1996-cı ilin yanvar ayından 2000-ci ilin dekabr ayına 7854375,10 manat əmək haqqı ödənilmişdir. Arayışlarda göstərilən məbləğdən Sosial Sığorta Fonduna ödənişlərin həyata keçirilmişdir. Yeni Bemz” ASC-nin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 59-18/09 №-li izahlı arayışında isə qeyd olunur ki, - “... xx.xx.1965-ci il təvəllüdlü İddiaçı "Azərelektromaş" İB - də indiki "xxxx" ASC-də: “xx.xx.1990 - ci ildən - xx.xx.1990 - cı ilədək 2 saylı dolama, sarıma, izolyasiya sexində dolaqçı şagirdi və xx.xx.1990 -ci ildən - xx.xx.2009 - cu ilədək dolaqçı peşəsində işləmiş, onun əmək kitabçası üzrə "xxxx" ASC - də güzəştli iş stajı dolaqçı şagirdi kimi - 03 ay 29 gün və dolaqçı kimi - 19 il 02 ay 08 gün təşkil edir. Gücü 100 kvt - dan yuxarı olan elektrik mühərriklərinin dolanması, sarınması və izolə edilməsi texnoloji prosesinə əsasən dolaqçı xüsusi texnoloji qaydalarla izolyasiya materiallarını konstruktor sənədlərinə uyğun kəsir, izolyasiya materiallarını və dolaq naqillərini stator nüvəsi işçliyinin yuvalarına yerləşdirir, sarğı qruplarının alın hissələrini fazalar arası izolə edir və dolağın alın hissəsini şüşə lifli iplə bandaj edir. Bu işlərin yerinə yetirilməsində şüşə iplikli izolyasiyalı mis məftil DOİST 7016-63, K- 19 markalı TU OFR 504-010 polikasidnomda hazırlanmış İsepi TÜ 6-503,016- 61 markalı sintetik elektroizolə edici lent, steklolakotkan LSK DOİST 10156-60, mikalenta РЕК - TT; SP 44- BB DOİST 4268-65, şüşəli lent LESB DOİST 5937-64 və mexaniki qayçı və stol material və avadanlıqlardan istifadə edilir. Onun işlədiyi dolaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin-güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin xx.xx.2007-ci il tarixli 12 № li qərarında “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığının təmiri, maddə 12, sətir 32. kod 2160000a-15034 ilə nəzərdə tutulmuşdur.” Digər tərəfdən birinci instansiya məhkəmənin müvafiq sorğusu əsasında DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim olnmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-170463/2023 №-li cavab məktubunda bildirilmişdir ki: - "xxxx" ASC-nin iş qovluğunda 2000-ci ilə dair hesabat məlumatları aşkar edilmədiyindən sözügedən il üçün sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın təqdim edilməsi Filial tərəfindən mümkün olmamışdır. Fondun Arxiv və Sosial ödəniş işlərinin çeşidlənməsi üzrə Mərkəzi Filialından əldə edilmiş sığortaedən "xxxx" ASC-nin (SUN:**********7; VÖEN:**********) iş qovluğu məlumatları əsasında sığortaedən tərəfindən 2001-2005-ci illər, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlar əsasında 2006-2009-cu illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. 2001-2006-cı illər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə təqdim edilmiş “Məlumat”dan müəyyən olunur ki, Bakı Şəhəri 100 №-li Təmir Tikinti İdarəsi tərəfindən 2001-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 180,00 manat; 2002-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 1880,00 manat; 2003-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 4400,00 manat; 2004-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 5397,00 manat; 2005-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 5000,00 manat; 2006-cı il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 4000,00 manat, 2007-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 6300,00 manat, 2008-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 1600,00 manat, 2009-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 196,34 manat təşkil etmişdir.” Beləliklə də "xxxx" ASC-nin tədqiq olunan arayışlarından göründüyü kimi, iddiaçının işlədiyi dolaqçı peşəsi xüsusiyyətlərindən göründüyü kimi, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri üzrə (a) “fəhlələr” bölməsində nəzərədə tutulan “məftil və trosdolayanlar” (kod: 2160000a-15034) peşəsinə uyğundur. İddiaçının qeyd olunan peşə üzrə təkcə, xx.xx.1990-cı il tarixdən dolaqçı kimi işlədiyi tarixdən ödənişsiz məzuniyyətə çıxdığı qeyd edilən xx.xx.2000-ci il tarixə kimi əmək haqqı aldığı dövr üzrə 10 il 5 ay 15 gün (4 il 7 gün+5 il 10 ay 8 gün ) təşkil edir. Beləliklə də, onun azı 10 il güzəştli pensiya hüququ verən sataja malik olduğu sübuta yetirilir. Onun 25 il ümumi staja malik olması ilə ümumiyyətlə, cavabdeh tərəfindən mübahisələndirilmir. Hər bir halda, onun tədqiq olunan PT-İ ******* №-li xx.xx.1989-cu il tarixli əmək kitabçası üzrə xx.xx.1989-ödənişsiz məzuniyyətə çıxdığı xx.xx.2000-ci ilə qədər 11 il 6 ay 21 gün , bundan əlavə işə əlavə olunmuş ******* nömrəli xx.xx.2022-ci il tarixli digər əmək kitabçası və onun sığortaolunan kimi fərdi hesabının məlumatlarına əsasən, ən azından 2006-cı ildən 2023 qədər olan dövr üzrə sığorta haqları ödənilmiş 17 ildən də çox stajı mövcud olur ki, belə olan halda da onun 25 ildən də çox (11 il 6 ay+17 il) ümumi staj toplanır. “Əmək pensiyaları haqqında Qanunun yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsi isə nəzərdə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Beləliklə də cavabdeh orqan tərəfindən azı 25 il ümumi stajı olan iddiaçının azı 10 il Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12-ci “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri üzrə (a) “fəhlələr”” bölməsində “məftil və trosdolayanlar” kodunda (2160000a-15034) nəzərdə tutulan məftil (naqil) dolaqçısı peşəsində çalışdığı halda, ona “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsinin qüvvədə olan redaksiyası əsasında, 58 yaşından (xx.xx.1923) güzəştli yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması, onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən araşdırma aparılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9358/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9358/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar